Keçən ilin nəticələri dinamik inkişafdan xəbər verir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 14-də 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş Nazirlər Kabinetinin iclasında çıxış edərkən demişdir ki, son iki ildə dünyada maliyyə böhranı olmasına baxmayaraq Azərbaycan dinamik inkişaf edir.
Bu, onun göstəricidir ki, təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən 15 il bundan əvvəl qoyulan sosial-iqtisadi inkişaf proqramı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla yerinə yetirilir. Fərəhli cəhət orasıdır ki, iqtisadiyyatımız ildən-ilə inkişaf etdikcə, ölkənin gəlirləri artdıqca insanların maddi rifah halının yaxşılaşdırılması, onların sosial problemlərinin həll olunması istiqamətində də möhtəşəm işlər görülür. Bunu son yeddi ilin sosial-iqtisadi mənzərəsi daha aydın göstərir.
Dövlətimizin başçısı Azərbaycanı hərtərəfli inkişaf etmiş sivil bir ölkə kimi görmək istəyir. Buna görə də təkcə ölkənin paytaxtının deyil, bütün regionların dinamik inkişafına ciddi fikir verir. Azərbaycan müasirləşir, dünya standartları səviyyəsində inkişaf edən güclü bir dövlətə çevrilir. Bunu statistik rəqəmlərdən də aydın görmək olar. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi inkişafımızın güzgüsü rolunu oynayır. Burada ölkə üzrə hər ay, hər rüb və hər il görülən işlərə aydınlıq gətirilir.
2010-cu ildə ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilə nisbətən 5 faiz artaraq 41,6 milyard manata çatmışdır. İstehsal sahələrinin ümumi daxili məhsulda xüsusi çəkisi əvvəlki ildəki 62,4 faizdən 65,5 faizədək artmış, xidmət sahələrinin payı isə müvafiq olaraq 29,7 faizdən 27,4 faizədək azalmışdır. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,1 faizini təşkil etmişdir.
Yola saldığımız ildə iqtisadiyyatın neft sektorunun 1,8 faizlik artımı fonunda qeyri-neft sektorunda əlavə dəyərin 7,9 faizlik artımı müşahidə olunmuşdur. Bu dövrdə sənayenin qeyri-neft sahələrində əlavə dəyər 5,9 faiz, tikinti kompleksində 20,3 faiz, xidmət sahələrində isə 7,2 faiz artmışdır.
2010-cu il ərzində sənayedə 21,9 milyard manatlıq, yaxud ümumi daxili məhsulun 52,6 faizi qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 2,2 milyard manatlıq (müvafiq olaraq 5,4 faiz), tikintidə 3,1 milyard manatlıq (7,5 faiz), nəqliyyat və anbar təsərrüfatında 2,5 milyard manatlıq (6 faiz), informasiya və rabitə xidmətlərində 788,4 milyon manatlıq (1,9 faiz), topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri üzrə xidmətlərdə 2,7 milyard manatlıq (6,6 faiz), mehmanxana və iaşə xidmətləri sahəsində 434,5 milyon manatlıq (1 faiz), sosial və digər xidmətlər sahəsində isə 4,9 milyard manatlıq (11,9 faiz) əlavə dəyər yaradılmışdır.
Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 3,7 faiz artaraq 4653,3 manat və ya 5797,8 ABŞ dolları təşkil etmişdir.
2010-cu ildə ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2009-cu ildəkinə nisbətən 9 faiz artaraq 13,7 milyard manat olmuşdur. Dövriyyənin 14,7 faizi hüquqi şəxslərin, 45,4 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 39,9 faizi yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin hesabına formalaşmışdır. Ticarət şəbəkələrindən əhaliyə 8,8 milyard manatlıq ərzaq, 4,9 milyard manatlıq qeyri-ərzaq malları satılmış, 2009-cu illə müqayisədə onların satışı müvafiq olaraq 7,5 və 13,8 faiz artmışdır. İl ərzində əhaliyə 4,7 milyard manatlıq və ya 10,8 faiz çox pullu xidmətlər göstərilmişdir. Xidmətlərin 77,9 faizi hüquqi, 22,1 faizi fiziki şəxslərin payına düşmüş və onların tərəfindən əhaliyə 7,6 və 23,6 faiz çox pullu xidmət göstərilmişdir.
Ötən ilin on bir ayı ərzində Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 145 ölkəsindəki tərəfdaşları ilə 25,1 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsinin 19,4 milyard dollarını və ya 77,3 faizini Azərbaycandan ixrac olunmuş mallar, 5,7 milyard dollarını (22,7 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmişdir. 2009-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 34,9 faiz, o cümlədən ixrac 47,4 faiz, idxal 4,8 faiz artmışdır. Hesabat dövründə ixracın idxalı 3,4 dəfə üstələməsi nəticəsində 13,7 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır.
Xarici ticarət əməliyyatlarının dörddə üç hissəsi İtaliya, Fransa, İsrail, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Ukrayna, Türkiyə, Çin, Xorvatiya, İndoneziya, Malayziya və Almaniya ilə aparılmışdır.
Ölkə iqtisadiyyatının başqa sahələri ilə yanaşı, tikinti kompleksi də dinamik inkişaf edir. 2010-cu il ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 9,7 milyard manat və ya əvvəlki ildəkindən müqayisəli qiymətlərlə 21,2 faiz çox vəsait yönəldilmiş və onun 6,4 milyard manatı tikinti-quraşdırma işlərində istifadə edilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin dörddə üç hissəsi daxili mənbələr hesabına təmin edilmişdir. Sərf edilmiş sərmayələrin 48,6 faizi məhsul istehsalı, 51,4 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunmuşdur.
2010-cu ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bir sıra yeni obyektlər işə salınmış, yeni iş yerləri açılmışdır. Oğuz-Qəbələ-Bakı su kəməri, Naxçıvan şəhərində avtomobil zavodu, supaylayıcı qurğu, "Gəmiqaya" daş məhsulları sənaye kompleksi və Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzi, Ordubad beton zavodu, Ordubad - Biləv Su Elektrik Stansiyası, 87 kilometrlik Naxçıvan-Sədərək avtomobil yolu istismara verilmişdir.
Bundan əlavə, Lənkəran rayonunda konserv zavodu, çay və dondurma fabrikləri, Zaqatala rayonunda süd və tütün emalı zavodları, Abşeron rayonunda duz zavodu, Cəlilabad rayonunda Göytəpə su anbarı, şərab istehsalı sexi, Müalicə-Diaqnostika Mərkəzi və şahmat məktəbi, Biləsuvar rayonunda konserv zavodu və Regional Ana və Uşaq Mərkəzi, Ağstafa rayonunda mineral su istehsalı sexi, Salyan rayonunda soyuducu anbar kompleksi, Qəbələ rayonunda "Gilan" Piano fabriki, meyvə-tərəvəz saxlamaq üçün soyuducu anbarlar, avtovağzal binası, "Qafqaz Resort" və "Qafqaz Riverside" mehmanxanaları və "Fitnes" Sağlamlıq Mərkəzi, Gəncə şəhərində "Ramada Plaza" mehmanxanası, Bakı şəhərində Qranit-mərmər zavodu, Səngəçalda taxıl elevatoru, "Dalğa Plaza" iş, "Park Bulvar" ticarət, istirahət və sərgi mərkəzləri, Müşfiqabadda idman mərkəzi, Balakən rayonunda "Qubek" mehmanxanası, Balakən, Ağdaş, Göyçay rayonlarında Olimpiya İdman kompleksləri, Füzuli rayonunda Horadiz Olimpiya İdman Kompleksi, tibb mərkəzi və Muğam evi, Mingəçevir şəhərində Kür Olimpiya Tədris-İdman Mərkəzi və şahmat məktəbi, ölkənin müxtəlif bölgələrində ümumi sahəsi 1,8 milyon kvadratmetr olan yeni yaşayış evləri, 17273 şagird yerlik ümumtəhsil məktəbləri, 886 çarpayılıq xəstəxana, növbədə 685 nəfəri qəbul edən ambulatoriya-poliklinika, 1270 yerlik məktəbəqədər uşaq müəssisələri, 1055 yerlik klub və digər obyektlər istifadəyə verilmişdir.
Əsas kapitala yönəldilmiş sərmayənin 50,8 faizini müəssisə və təşkilatların vəsaitləri, 32,8 faizini büdcə vəsaiti, 4,2 faizini əhalinin xüsusi vəsaiti və 12,2 faizini digər vəsaitlər təşkil etmişdir.

{nl}


Telman ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında