Azərbaycanın iqtisadi potensialının formalaşmasında neft-qaz amili mühüm rol oynayır

Uzun illər Azərbaycan təbii sərvətlərindən tam yararlana   bilməyib. Ancaq müstəqillik əldə edildikdən sonra xalqımız öz taleyinin, təbii sərvətlərinin sahibi olub. Bununla da, təbii sərvətlər ölkəmizin inkişafına, xalqın rifah halının yaxşılaşmasına yönəldilib.

Müstəqillik illərində təbii sərvətlərimizin, o cümlədən neft və qazın hasil edilməsilə bağlı bir sıra mühüm hadisələr baş verib. Belə ki, 1994-cü ildən etibarən Azərbaycanın neft sənayesinə böyük sərmayə qoyulmağa başlanılıb, “Əsrin müqaviləsi” imzalanıb. Bu müqavilə Bakı-Tbilisi-Ceyhan kəmərinin neftlə doldurulmasında əsas rol oynayıb. Bundan sonra Azərbaycanda çox zəngin “Şahdəniz” qaz yatağı aşkar edilib. Yeri gəlmişkən, mütəxəssislərin bildirdiyinə görə, həmin yatağın qaz ehtiyatlarının həcmi 1,2 trilyon kubmetrdir. “Şahdəniz” dünya miqyasında ən böyük qaz yataqlarından biridir və hazırda “Cənub” qaz dəhlizinin resurs bazasının əsasını təşkil edir.

Beləliklə, artıq Azərbaycan müasir dövrdə neft və qazı hasil və ixrac edən ölkəyə çevrilib. Respublikamız dünya bazarlarına çıxış əldə etmək üçün neft-qaz kəmərlərinin tikintisini həyata keçirib. Bu məqsədlə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilib. Bundan bir neçə il əvvəl isə Xəzəri Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. Beləliklə, Azərbaycanın təbii resurslarının dünya bazarlarına çıxarılması üçün kifayət qədər böyük şəbəkə yaradılıb.

Bu gün “Cənub” qaz dəhlizi kimi meqa layihə ilə bağlı  ciddi iş gedir. Bu layihənin əsası Türkiyədə, İstanbul şəhərində qoyulub. Belə ki, 2012-ci ildə TANAP layihəsi haqqında müqavilə imzalanıb.  Bu layihə “Cənub” qaz dəhlizinin özəyidir. Məhz bundan sonra bütün digər istiqamətlər üzrə işlərə başlanılıb.

Hazırda “Cənub” qaz dəhlizi layihəsi uğurla icra edilir.  Xatırladaq ki, sözügedın layihə 4 hissədən ibarətdir. Birinci hissə “Şahdəniz” qaz yatağının işlənilməsi, ikinci hissə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz qaz boru kəmərinin, üçüncü və ən əsas hissə isə TANAP qaz kəmərinin tikintisidir. Nəhayət, dördüncüsü TAP – Trans-Adriatik kəmərinin çəkilişidir.   Bütün bu dörd önəmli layihə “Cənub” qaz dəhlizini təşkil edir.

Yuxarıda qeyd edilənlər həm də onu göstərir ki, Azərbaycan qədim neft diyarı, neftin vətənidir. Dünyada sənaye üsulu ilə ilk dəfə neftin 1846-cı ildə məhz Bakıda çıxarılması, bundan bir əsr sonra - XX əsrin ortalarında isə yenə də dünyada ilk dəfə olaraq dənizdən neftin Xəzərin Azərbaycan sektorunda hasil edilməsi də bunun parlaq ifadəsidir.

Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyev söylədiyi nitqində də bu məsələni xüsusi vurğulayıb: “Azərbaycan neftin vətənidir, Azərbaycanda bunu hər kəs bilir. İndi dünya ictimaiyyəti də bunu bilir ki, dünyada sənaye üsulu ilə ilk dəfə neft 1846-cı ildə Azərbaycanda çıxarılmışdır və o vaxt Azərbaycan dünya neftinin əsas hissəsini təmin edirdi. Tarixdə ilk dəfə olaraq XX əsrin ortalarında dənizdə də neft Azərbaycan neftçiləri tərəfindən çıxarılmışdır və bu da tarixi hadisədir. Azərbaycan neftçiləri sovet dövründə Xəzərin bütün neft-qaz yataqlarının aşkar olunmasında əsas rol oynamışlar, Rusiya Federasiyasında yeni neft yataqlarının kəşfində onların rolu çox böyükdür. Təsadüfi deyil ki, “İkinci Bakı”, “Üçüncü Bakı” adlandırılan yerlər var ki, bu yerlər Azərbaycan neftçilərinin adı ilə bağlıdır. Neftçilərimiz xarici ölkələrdə də işləyirdi, oraya ezam olunmuşdular. Əlbəttə ki, bu, Azərbaycanda neft sənayesində çalışan insanların peşəkarlığını, fədakarlığını göstərir”.

Xatırladaq ki, 1971-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Azərbaycanda 1 milyard ton neftin hasilatının qeyd edildiyi təntənəli mərasim keçirilib. 1970-1980-ci illərdə ümummilli liderimizin rəhbərliyi ilə Azərbaycanın ümumi inkişafına çox böyük töhfə verilib, o cümlədən, neft-qaz sənayesinin inkişafı üçün önəmli addımlar atılıb. O vaxt neft hasilatının artırılması, yeni qurğuların işə düşməsi, dərin özüllər zavodunun məhz Azərbaycanda tikilməsi, neftayırma müəssisəsinin rekonstruksiyası və digər mühüm hadisələr respublikamızın neft potensialını böyük dərəcədə möhkəmləndirib. Həmin illərdə həyata keçirilən tədbirlər, xüsusilə dərin özüllər zavodunun işə salınması bu gün də ölkəmizin neft potensialını gücləndirir. Əgər vaxtilə bu müəssisə Azərbaycanda yox, başqa bir yerdə tikilsəydi, o zaman müstəqillik dövründə xarici tərəfdaşlarla işlərdə lənglik özünü göstərə bilərdi. 

Ulu öndər Heydər Əliyev Azərbaycandan gedəndən sonra bütün sahələrdə olduğu kimi, neft-qaz sektorunda da  tənəzzül özünü büruzə verməyə başladı və 1990-cı illərin əvvəlində artıq neft hasilatı ilə bağlı çətinliklərlə üzləşildi. Müstəqilliyimizin ilk dövründə  bu problemlər daha da dərinləşdi.

Həmin illərin  Azərbaycan üçün çox ağır keçdiyi, o zaman ölkənin idarəolunmaz vəziyyətə düşdüyü hamımızın yaxşı yadındadır. Belə ki,  respublikanı  idarə edənlər öz məsuliyyətini dərk edə bilmirdilər, səriştəsiz, bir çox hallarda savadsız kadrlar irəli çəkilirdi, ölkədə xaos, anarxiya hökm sürürdü, Bakıda və digər şəhərlərdə qanunsuz silahlı birləşmələr meydan oxuyurdu. Yenə də ümummilli lider Heydər Əliyev öz tarixi missiyasını uğurla icra etdi. Azərbaycanı böyük bəlalardan qurtardı, respublikaya sabitlik gətirdi, ölkə inkişaf yoluna qədəm qoydu, neft sənayesinin tərəqqisinə xüsusi önəm verildi. Məhz 1993-cü ildən başlayaraq,  Azərbaycan indiyə qədər inkişaf yolu ilə gedir.

Prezident İlham Əliyev yuxarıda adıçəkilən mərasimdə o illəri xatırlayaraq deyib: “Bugünkü mərasimdə Azərbaycanın tanınmış neftçiləri, veteranlar, o illəri yaxşı xatırlayan insanlar əyləşiblər. Onlar çox yaxşı bilirlər ki, Azərbaycan neft sənayesinin 1990-cı illərin əvvəlində vəziyyəti necə idi. Bu vəziyyətdən biz çıxış yolu axtarmalı, tapmalı idik və Heydər Əliyev neft strategiyası yeganə çıxış yolu idi. 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması bu sahədə dönüş yaratdı. “Əsrin kontraktı”nın imzalanması tarixi hadisədir. O vaxt Azərbaycan gənc müstəqil dövlət idi və bayaq qeyd etdiyim kimi, çox ağır çağırışlarla üz-üzə qalmışdı, iqtisadiyyat demək olar ki, tamamilə dağıdılmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi, inflyasiya min faizlərlə ölçülürdü, kütləvi işsizlik hökm sürürdü, yoxsulluq dərəcəsi artırdı. Belə bir vəziyyətdə Azərbaycana xarici sərmayəni gətirmək doğrudan da böyük müdriklik və uzaqgörənlik tələb edirdi və Heydər Əliyev neft strategiyası bax, bu çağırışlara cavab verdi. Xarici tərəfdaşlarla 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” bizim üçün bir çıxış yolu idi, bizə bir güc verdi, nəfəs verdi, investisiya gətirdi. Azərbaycan dünyada özünü tanıtdıra bilmişdir. Azərbaycana, ilk növbədə, ölkəmizin neft-qaz sektoruna böyük şirkətlər tərəfindən maraq artmışdır və bu maraq praktiki işlərə gətirib çıxarmışdır”.

Hazırda Bakıda ən müasir qazma qurğuları, platformalar inşa olunur.   “Şahdəniz-2” üçün bütün tikinti əməliyyatları uğurla həyata keçirilir,   çoxsaylı vətəndaşımız bu işlərdə fəal iştirak edir. Səngəçal neft-qaz terminalı səmərəliliyinə görə dünyada tanınır. Neft əməliyyatlarının aparılması üçün ölkəmizdəki  gəmiqayırma zavodunda istənilən növ gəmilər istehsal olunur. Onlardan biri, - bu nəhəng gəmiyə “Xankəndi” adı verilib,- bu yaxınlarda istismara buraxılıb. 

Prezident İlham Əliyev sözügedən müşavirədə neft strategiyasının nəticələrinə toxunaraq neft kapitalının insan kapitalına uğurla çevirilməsini də xatırladıb: ”Bu gün “Əsrin kontraktı”nın nəticələri, sadəcə olaraq, Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox geniş və çox böyük təsiri olub və bu gün də var. Biz “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır. Bunu hər kəs bilməlidir”.

Dövlətimizin başçısı çıxışında xarici sərmayədarların fəaliyyətinə də toxunub. Bu məsələdə, yəni xarici ölkələrin şirkətlərilə birgə əməkdaşlıqda Azərbaycanın bir nümunə olduğunu bildirib. Xüsusilə əsas strateji investor olan BP şirkəti ilə çox sağlam zəmində, qarşılıqlı dəstək, inam, maraq əsasında əməkdaşlıq qurulduğunu, bunun sayəsində həm sərmayədarların, Azərbaycana milyard dollarlarla vəsait qoyan konsorsiumların, həm də respublikamızın böyük gəlir əldə etdiyini diqqətə çatdırıb. 

Müşavirədə “Əsrin müqaviləsi”nin müddətinin uzadılması ilə bağlı yeni saziş imzalanması, Azərbaycanın maliyyə vəziyyətinin dinamik şəkildə yaxşılaşması,  bu ilin doqquz ayında valyuta ehtiyatlarımızın 4,5 milyard dollar artması, xarici borcumuzun ümumi daxili məhsulun 18 faizini təşkil etməsi, bunun isə bir çox ölkələr üçün arzuolunan, möcüzə kimi səslənən bir rəqəm olması, iqtisadi göstəricilərimizin Davos Forumu tərəfindən yüksək qiymətləndirilməsi inkişaf strategiyasının uğurla reallaşdırılmasının bariz ifadəsi kimi dəyərləndirilib.

Müşavirədə yuxarıda sadalananlarla bərabər, Azərbaycanın enerji təhlükəsizliyi məsələlərini tam şəkildə təmin etməsi, neftdən əldə olunan gəlirlərin Dövlət Neft Fondunda şəffaf şəkildə saxlanılması, həmin fondun vəsaiti hesabına bir sıra ən vacib sosial və infrastruktur layihələrinin, o cümlədən, Bakı-Tbilisi-Qars dəmir yolunun gerçəkləşdirilməsi barədə də danışılıb.

Prezident İlham Əliyev müşavirədə dediyi aşağıdakı sözlərlə Azərbaycanın uğurlu gələcəyi, eləcə də neft-qaz sənayesinin daha da inkişafı barədə əminliyini bir daha ifadə edib: “Bir milyardıncı ton neftin hasil edilməsi münasibətilə 1971-ci ildə Heydər Əliyevin sədrliyi ilə Opera və Balet Teatrında təntənəli mərasim keçirilmişdir. Bu gün müstəqil Azərbaycanda, ulu öndərin adını daşıyan bu möhtəşəm Mərkəzdə biz 2 milyardıncı ton neftin hasilatını qeyd edirik. Müstəqillik ən böyük sərvətimizdir. Ancaq müstəqillik dövründə Azərbaycan böyük zirvələrə çata bildi. Ancaq müstəqillik dövründə xalq öz təbii sərvətlərinin sahibi oldu. Hesab edirəm ki, bugünkü mərasimin ulu öndərin adını daşıyan Mərkəzdə keçirilməsi həm təbiidir, - çünki bu, bizim əsas toplantı salonumuzdur, əsas mərkəzimizdir, - həm də rəmzi xarakter daşıyır. Çünki Heydər Əliyevin həm 1970-1980-ci illərdə, həm də 1990-cı illərdə göstərdiyi xidmətlər bu gün Azərbaycan reallıqlarını təmin edir. Biz isə öz növbəmizdə bundan sonra da Azərbaycanın neft-qaz sənayesinin inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında