Son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edən islahatlar aparılır, ədalət mühakiməsinə çatımlılıq, vətəndaşların məhkəmələrə müraciət imkanları asanlaşdırılır, məhkəmə infrastrukturunun yüksək statusuna uyğun müasirləşdirilməsi və “elektron məhkəmə” informasiya sisteminin tətbiqi üzrə ardıcıl tədbirlər görülür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılan islahatlar beynəlxalq qurumlar tərəfindən təqdir olunur. Bu yaxınlarda məhkəmə sistemindəki nailiyyətlərinə görə ölkəmiz Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatçısı olub. Dünya Bankı ölkəmizdə ədliyyə sahəsində həyata keçirdiyi layihəni ən uğurlu layihə kimi qiymətləndirərək müasir məhkəmə infrastrukturunun yaradılması və vətəndaşlara keyfiyyətli xidmətlərin göstərilməsi sahəsində innovasiyalara görə nominasiyaların qalibi elan edib.
Eyni zamanda, Azərbaycanın müsbət təcrübəsinə maraq artır, təkcə ötən bir ayda Moskva Şəhər Məhkəməsi sədrinin rəhbərlik etdiyi geniş nümayəndə heyəti Azərbaycanda səfərdə olaraq məhkəmə sahəsindəki nailiyyətlərlə tanış olub, habelə mütəxəssislərimiz Moldovaya dəvət edilərək müsbət təcrübəmizi həmkarlarına aşılayıblar.
Noyabrın 24-də Dünya Bankının təşəbbüsü ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin yeni müasir binasında ədliyyə sahəsində birgə həyata keçirilən layihələrin icrası, xüsusilə dövlətimizin başçısının 2014-cü il 13 fevral tarixli Sərəncamına əsasən “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə görülən işlərə və əldə olunmuş nəticələrə dair geniş təqdimat keçirilib.
Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Şahin Mustafayev, Nazirlər Kabinetinin və qeyd olunan nazirliklərin məsul rəhbər şəxsləri, Dünya Bankının ölkə üzrə meneceri Naveed Naqvi və Ofisin nümayəndələri iştirak ediblər.
Təqdimat zamanı birgə fəaliyyət çərçivəsində 30-dək yeni məhkəmə binasının layihələndirildiyi, paytaxtda və bölgələrdə 12 məhkəmə üçün qabaqcıl İKT ilə təchiz olunmuş müasir binaların və komplekslərin tikilərək istifadəyə verildiyi, daha 5 məhkəmə üçün belə binaların inşasının aparıldığı bildirilib, bir çox məhkəmə kompleks və binalarının, o cümlədən Nərimanov Rayon Məhkəməsinin yeni binasının açılışında dövlətimizin başçısının şəxsən iştirak etdiyi vurğulanıb.
Eyni zamanda, “elektron məhkəmə” informasiya sistemi barədə müfəssəl məlumat verilib, sistemə əyani şəkildə daxil olmaqla onun imkanları nümayiş etdirilib, o cümlədən ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində, işlərə daha operativ və keyfiyyətli baxılmasında, vaxta və xərclərə qənaət edilməsində, vətəndaşlara daha əlverişli və rahat şəraitin yaradılmasında rolu və əhəmiyyəti qeyd olunub.
Bildirilib ki, məhkəmə sisteminin vahid internet portalı zənginləşdirilib, burada elektron “şəxsi kabinet” yaradılıb ki, bununla da fiziki və hüquqi şəxslər, həmçinin vəkillər “ASAN İmza” ilə kabinetə daxil olaraq iştirak etdikləri məhkəmə prosesləri ilə bağlı hərtərəfli məlumat almaq, elektron qaydada iddia ərizələri vermək imkanı əldə ediblər. Eyni zamanda, məhkəmə rüsumlarının elektron qaydada ödənilməsi, proseslərinin audio-video qeydə alınması, elektron sənəd dövriyyəsi təmin olunub və elektron icranın tətbiqinə başlanılıb. İlin sonunadək elektron məhkəmə sistemi ilə ölkə məhkəmələrinin 60 faizinin əhatə edilməsi nəzərdə tutulur.
Dünya Bankının ölkə üzrə meneceri layihə çərçivəsində işlərin keyfiyyətlə aparıldığını söyləyərək Bankın Azərbaycan Hökuməti ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayıb.
Tədbir iştirakçıları, həmçinin Nərimanov Rayon Məhkəməsinin yeni binasının timsalında məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən işlərin nəticələri ilə əyani tanış olaraq, məhkəmələrdə elektron hökumət prinsiplərinin yüksək səviyyədə tətbiqindən, xüsusilə elektron məhkəmə sisteminin yaradılmasından məmnunluqlarını bildiriblər. Hər iki tərəf bu sahədə işlərin davam etdirilməsinin əhəmiyyətini qeyd edib.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.