2010-cu ildə ölkənin sosial, iqtisadi inkişafı

{nl}

Ölkə iqtisadiyyatının sürətlə inkişafı ilə yanaşı əhalinin rifah halının daha da yaxşılaşması, dövlət tərəfindən sosial öhdəliklərin tam yerinə yetirilməsi, sahibkarlıq subyektlərinin sayının artması, infrastrukturun təkmilləşdirilməsi, yeni iş yerlərinin yaradılması sayəsində işsizliyin minimuma endirilməsi və digər amillər onu deməyə əsas verir ki, dünyada baş verən maliyyə böhranına baxmayaraq ölkəmiz sürətli inkişafını 2010-cu ildə də davam etdirmişdir.
Qlobal böhran şəraitində Azərbaycanın əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmiş və BMT-nin İnsan İnkişafına dair növbəti hesabatında 169 ölkə arasında Azərbaycanın 67-ci yer tutması və "orta insan inkişafı ölkələri" qrupunu tərk edərək "yüksək insan inkişafı ölkələri" qrupuna daxil olması buna əyani sübutdur.
Əldə olunmuş uğurları nümayiş etdirən makroiqtisadi göstəricilər ölkəmizin inkişaf sürətinə görə öncüllər sırasında olduğunu göstərir.
2010-cu il ərzində ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 1,8 milyard manat və ya 5,0 faiz artaraq 41,6 milyard manata çatmışdır. ÜDM-in hər nəfərə düşən həcmi 4653,3 manat, yaxud 5797,8 ABŞ dolları təşkil etmiş və 2009-cu ilə nisbətən 3,7 faiz artmışdır.
İlkin hesablamalara görə, ölkə rezidentləri tərəfindən il ərzində cari qiymətlərlə 59,8 milyard manatlıq, yaxud 2009-cu ildəkindən 7,9 milyard manat çox məhsul və xidmətlər istehsal olunmuşdur. Məhsul istehsalı və xidmətlərin göstərilməsinə sərf edilmiş mal və xidmətlərin dəyəri 18,2 milyard manat olmuşdur.
İqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 7,9 faizlik artımı müşahidə olunmuş, onun ÜDM-də xüsusi çəkisi isə 44,4 faiz təşkil etmişdir.
Ümumi daxili məhsulun strukturunda 65,5 faiz paya malik olan məhsul istehsalı sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 3,8 faiz artmışdır. Bu dövrdə sənayedə 21,9 milyard manatlıq, yaxud ümumi daxili məhsulun 52,6 faizi qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 2,2 milyard manatlıq (5,4 faiz), tikintidə 3,1 milyard manatlıq (7,5 faiz) əlavə dəyər yaradılmışdır. ÜDM istehsalının 27,4 faizi xidmət sahələrinin, o cümlədən 6,6 faizi topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri üzrə xidmətlərin, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatının, 1,0 faizi mehmanxana və iaşə xidmətləri sahəsinin, 1,9 faizi informasiya və rabitə xidmətlərinin, 11,9 faizi isə sosial və digər xidmət sahələrinin payına düşmüşdür.
Ölkə sənayesində təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi 2009-cu illə müqayisədə 2,6 faiz artaraq 27,4 milyard manat təşkil etmişdir. Sənayenin mədənçıxarma və emal sahələrində, o cümlədən onların əsas bölmələrində, qida, neft və kimya sənayesi məhsullarının, metallurgiya, poliqrafiya, avtomobil, elektrik, maşın və avadanlıqların və s. məhsulların istehsalında artım müşahidə olunmuşdur.
Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,4 faizini təşkil etmiş, ümumi istehsalın 93,1 faizi sənaye mallarının (əmtəələrin), 6,9 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Sənayenin qeyri-neft bölməsində məhsul istehsalı daha çox - 6,6 faiz artmış və 5,0 milyard manat olmuşdur.
Sənaye məhsulunun 75,8 faizi mədənçıxarma bölməsində, 19,1 faizi emal bölməsində, 4,5 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6 faizi isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur.
Mədənçıxarma bölməsində istehsalın həcmi 20,8 milyard manat olmaqla, ötən ilin müvafiq dövrünün səviyyəsini 1,1 faiz qabaqlamışdır.
Sahənin əsas məhsulu hesab olunan xam neft hasilatı 0,9 faiz artaraq 50,8 milyon ton, qazın ümumi hasilatı isə 11,2 faiz artaraq 26,2 milyard kubmetr təşkil etmişdir. Qiymətli metalların hasilatı davam etdirilmiş və 2010-cu il ərzində yataqlardan 1,9 ton qızıl və 1,5 ton gümüş hasil edilərək təmizlənməyə göndərilmişdir.
Mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən il ərzində 3,2 milyon ton çınqıl, qırma daş, xırda çay daşı, 1,1 milyon ton tikinti qumu, 381,1 min ton inşaat üçün əhəng daşı və s. istehsal edilmişdir.
Emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 5,3 milyard manatlıq məhsul istehsal olunmuş, sənaye xarakterli xidmətlər göstərilmişdir. Bu sahədə istehsalın həcmi 9,0 faiz artmış və qida məhsullarının istehsalı sahəsində marqarin istehsalı 30,2 faiz artaraq 20,2 min ton, pendir və kəsmik istehsalı 2,0 faiz artaraq 43,3 min ton, ət 4,0 faiz artaraq 246,6 min ton, süd 2,9 faiz artaraq 635,3 min ton, kərə yağı 0,9 faiz artaraq 20,9 min ton, duru bitki yağları 16,0 faiz artaraq 43,2 min ton olmuşdur.
Toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 63,3 milyon manatlıq məhsul, o cümlədən 15,6 min ton pambıq lifi, 3,5 min ton pambıq iplik, 1,9 min kv. metr xalça və xalça məmulatları, 2,0 milyon cüt corab məmulatları, 152,2 min ədəd kişi üçün kostyumları və s. məhsullar istehsal edilmişdir.
Neft məhsullarının istehsalında 8,8 faiz artım müşahidə olunmuşdur. Avtomobil benzininin istehsalı 1,2 faiz artaraq 1,3 milyon ton, avtomobillər üçün dizel yanacağının istehsalı 9,1 faiz artaraq 2,4 milyon ton, sürtkü yağlarının istehsalı 1,9 dəfə artaraq 86,7 min ton olmuşdur. İl ərzində 601,1 min ton ağ neft, 241,4 min ton neft bitumu istehsal edilmişdir.
Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastmas məmulatlarının istehsalı müəssisələri tərəfindən 240,9 milyon manatlıq məhsul istehsal edilmişdir. Əvvəlki illə müqayisədə kimya sənayesində xeyli canlanma müşahidə olunmuş və nəticədə məhsul istehsalı 16,2 faiz artmışdır. Rezin və plastmas məmulatları istehsalında 15,3 faiz, əczaçılıq məhsullarının istehsalında isə 5,1 faiz azalma olmuşdur. Əsas kimya məhsullarından polietilenin istehsalında 26,5 faiz, azotun istehsalında 6,0 faiz, lak-boya məmulatlarının istehsalında 44,7 faiz artım müşahidə olunmuşdur.
Tikinti materialları sənayesində 423,8 milyon manatlıq məhsul istehsal edilmiş və sahənin müəssisələri tərəfindən 1,3 milyon ton sement, 48,6 min ton tikinti gipsi, 276,7 min kub-metr tikinti kərpici, 627,4 min ton asfalt, 40,5 min kubmetr betondan yığma-tikinti konstruksiyaları, 1,1 milyon ton hörmə üçün hazır beton qarışığı istehsal edilmişdir.
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 171,4 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, istehsalın həcmi metallurgiya sənayesində 44,6 faiz artmış, hazır metal məmulatlarının istehsalı sahəsində isə 5,0 faiz azalmışdır. İl ərzində sahədə 128,6 min ton və ya 1,6 dəfə çox polad tökmə məhsulları, 36,5 min ton və ya 5,3 dəfə çox polad borular, 1,1 min ton və ya 3,4 dəfə çox məftil və kanatlar istehsal edilmişdir.
Kompyuter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahəsində məhsul istehsalının həcmi 121,7 milyon manat olmuşdur. Elektrik avadanlıqlarının istehsalında 82,8 faiz artım müşahidə olunmuş, o cümlədən güc transformatorları istehsalı 2,8 dəfə artmışdır.
Maşın və avadanlıqların istehsalı, nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahəsində məhsul istehsalının həcmi 155,6 milyon manat olmuşdur. Maşın və avadanlıqların istehsalı ötən illə müqayisədə 1,9 dəfə, avtomobil istehsalı 48,6 dəfə artmışdır. 2010-cu ildə 706 ədəd "Belarus" tipli traktor, 486 ədəd "Lifan" markalı minik avtomobili, 767 ədəd "MAZ" markalı yük avtomobili istehsal edilmişdir.
Sənayedə elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsinin xüsusi çəkisi 4,5 faizdir və il ərzində bu sahədə 1,2 milyard manatlıq məhsul istehsal olunmuş, xidmətlər göstərilmişdir. Ölkədə 17,6 milyard kVt-saat elektrik enerjisi istehsal olunmuş, onun 18,5 faizi su elektrik stansiyalarının, 81,5 faizi isə istilik elektrik stansiyalarının payına düşmüşdür.
2010-cu ilin dekabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz, il ərzində isə əvvəlki ilə nisbətən 28,2 faiz artmışdır.
2010-cu ildə mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ilə nisbətən 34,7 faiz, emal sənayesi üzrə 6,5 faiz artmış, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində istehsalçı qiymətləri indeksi 99,9 faiz təşkil etmiş, su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsalçıların qiymətləri dəyişilməmişdir.
2010-cu ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9,7 milyard manat vəsait yönəldilmiş, onun üçdə iki hissəsi və ya 6,4 milyard manatı tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Əvvəlki illə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 21,2 faiz, tikinti-quraşdırma işlərinə isə 19,8 faiz çox olmuşdur. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar inşaat işlərinə 5,8 milyard manat, qeyri-dövlət müəssisələri 3,9 milyard manat vəsait sərf etmişlər. Məhsul istehsalı obyektlərinin inşasında 4,7 milyard manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 5,0 milyard manatlıq vəsaitdən istifadə edilmişdir.
Əsas kapitala yönəldilmiş vəsaitin dörddə üç hissəsindən çoxunu daxili, 24,8 faizini isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil etmiş, daxili mənbələrdən yönəldilən vəsaitlərin 73,9 faizi dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 26,1 faizi qeyri-dövlət müəssisələrinin payına düşmüşdür.
İl ərzində əsas kapitala yönəldilmiş vəsaitin 42,5 faizi sənaye sahələrinin inkişafına, 4,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa, 2,4 faizi ticarətə, 24,6 faizi nəqliyyat və anbar təsərrüfatına, 1,5 faizi tikintiyə, 1,8 faizi informasiya və rabitəyə, 1,7 faizi yaşayışın təşkili və ictimai iaşəyə, 0,1 faizi maliyyə və sığorta fəaliyyətinə, 9,5 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlara (ondan 9,3 faizi mənzil tikintisinə), 3,7 faizi dövlət idarəetməsinə, 1,2 faizi təhsilə, 1,7 faizi səhiyyəyə, 3,4 faizi istirahət, əyləncə və incəsənətə, 0,6 faizi inzibati və yardımçı xidmətlərə, 0,2 faizi peşə, elmi və texniki fəaliyyətə, 0,5 faizi digər sahələrdə xidmətlərin göstərilməsinə sərf edilmişdir.
2010-cu ildə yönəldilmiş ümumi vəsaitin 6,8 milyard manatı qeyri-neft bölməsinin, 2,9 milyard manatı neft bölməsinin inkişafı üçün istifadə edilmişdir.
2010-cu ildə Oğuz-Qəbələ-Bakı su kəməri, Bakı şəhərində Qranit-Mərmər zavodu, Səngəçalda 100 min tonluq Taxıl Elevatoru, Naxçıvan şəhərində ildə 5 min ədəd minik avtomobili istehsal etmək gücünə malik Avtomobil və Ordubad rayonunda Beton zavodları, Ordubad Biləv Su Elektrik Stansiyası, Naxçıvan "Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi", 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək avtomobil yolu, Naxçıvan şəhərində Supaylayıcı qurğu, Lənkəran rayonunda Konserv zavodu, Çay və Dondurma fabrikləri, Zaqatala rayonunda Süd və Tütün emalı zavodları, Abşeron rayonunda Duz zavodu, Cəlilabad rayonunda Şərab istehsalı sexi və Göytəpə Su anbarı, Biləsuvar rayonunda Konserv zavodu, Ağstafa rayonunda mineral su istehsalı sexi, Salyan rayonunda Soyuducu anbar kompleksi, Qəbələ rayonunda "Gilan" Piano fabriki, meyvə-tərəvəz saxlamaq üçün 5 min tonluq soyuducu anbar, Avtovağzal binası, ölkənin müxtəlif bölgələrində 262,2 min nömrəlik avtomat telefon stansiyaları, 252,5 kilometr uzunluğunda fiber-optik magistral kabel xətti, bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1803,2 min kvadrat metr olan yeni yaşayış evləri, 886 çarpayılıq xəstəxana, 17273 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 685 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 1270 yerlik məktəbəqədər uşaq müəssisələri, 1055 yerlik klub, Ağdaş, Balakən və Göyçay rayonlarında Olimpiya İdman kompleksləri, Füzuli rayonunda Horadiz Olimpiya İdman Kompleksi, Tibb Mərkəzi və Muğam evi, Mingəçevir şəhərində "Kür" Olimpiya Tədris-İdman Mərkəzi və Şahmat məktəbi, Naxçıvan şəhərində Məhdud fiziki imkanlılar üçün Regional İnformasiya Mərkəzi, Cəlilabad rayonunda Müalicə-Diaqnostika Mərkəzi və Şahmat Məktəbi, Biləsuvar rayonunda Regional Ana və Uşaq Mərkəzi, Bakı şəhərində Müşfiqabad İdman Mərkəzi, "Dalğa Plaza" İş, "Park Bulvar" Ticarət və İstirahət, habelə Sərgi mərkəzləri, Gəncə şəhərində "Ramada Plaza" və Balakən rayonunda "Qubek" mehmanxanaları, Qəbələ rayonunda "Qafqaz Resort" və "Qafqaz Riverside" mehmanxanaları, "Fitnes" Sağlamlıq Mərkəzi istifadəyə verilmişdir.
2010-cu ildə xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2,4 milyard manat təşkil edərək, əvvəlki ilə nisbətən 40,9 faiz çox olmuş, yönəldilmiş xarici vəsaitin 94,8 faizi Böyük Britaniya, ABŞ, Çexiya, Yaponiya, Norveç, Türkiyə, Koreya və Fransa investorları tərəfindən həyata keçirilmişdir.
Regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi, "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacağa və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına əkilən hər hektar üçün 40 manat yardımın verilməsi, məhsuldarlığa təsir göstərən reproduksiyalı toxum materialının satışına görə əlavə maliyyə vəsaitinin ayrılması, habelə həftənin altıncı və bazar günləri kənd təsərrüfatı məhsullarının satışı üzrə yarmarkaların təşkil edilməsi yetişdirilən məhsulun itkisiz yığılmasına müsbət təsir etmiş və hesabat ilində taxıl, kartof və yumurta istisna olmaqla əsas kənd təsərrüfatı məhsullarının istehsalında artıma nail olunmuşdur.
2010-cu ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3,9 milyard manat təşkil edərək 2009-cu ildəkinə nisbətən 2,2 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 8,9 faiz azalmış, heyvandarlıq məhsulları üzrə isə 6,1 faiz artmışdır.
Bitkiçilik. İlkin məlumatlara görə, 2010-cu ildə qarğıdalı da daxil olmaqla 2000,9 min ton taxıl məhsulu toplanmış və 2009-cu ilə nisbətən əkin sahəsinin və məhsuldarlığın azalması nəticəsində 33,0 faiz azalmışdır.
2010-cu ildə xam pambığın istehsalı 37,3 min ton olmaqla 2009-cu illə müqayisədə 17,0 faiz, tütün istehsalı 24,3 faiz artaraq 3,2 min tona çatmışdır.
Ölkədə ötən il 8,5 min hektar sahədə emal üçün şəkər çuğundurunun əkini aparılmış və həmin sahələrdən 256,5 min ton məhsul götürülmüşdür. 2009-cu ilə nisbətən şəkər çuğundurunun istehsalı 33,6 faiz və ya 65 min ton artmışdır.
Ötən il sahələrdən 953,7 min ton kartof, 1181,1 min ton tərəvəz məhsulu toplanmış və keçən ilin müvafiq dövrünə nisbətən kartofun istehsalı 3,0 faiz azalmış, tərəvəzin istehsalı isə 0,2 faiz artmışdır. Bostan məhsulları istehsalı 5,5 faiz artaraq 433,5 min tona çatmışdır.
2010-cu ildə 729,3 min ton meyvə və giləmeyvə, 129,5 min ton üzüm istehsal edilmiş və 2009-cu illə müqayisədə meyvə istehsalı 1,5 faiz, üzüm istehsalı 0,3 faiz artmışdır.
Yaşıl çay yarpağı istehsalı 22 faiz artaraq 545 tona çatmışdır.
Keçən ilin dekabr ayında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 1,7 faiz, il ərzində 2009-cu ilə nisbətən 4,2 faiz bahalaşmış, 2010-cu ilin dekabr ayında birillik və çoxillik bitkilər üzrə qiymət indeksi əvvəlki aya nisbətən 101,8 faiz təşkil etmişdir.
2011-ci ilin məhsulu ücün təmiz herik şumu da daxil olmaqla 1017,8 min hektar və ya əvvəlki ilin müvafiq dövründəkindən 2,6 faiz çox sahədə şum qaldırılmış, 925,9 min hektarda dən və yaşıl yem üçün, o cümlədən 915,3 min hektar payızlıq taxıl səpilmişdir. Dənlik taxılın 72,2 faizi və ya 660,5 min hektarı buğda, 27,8 faizi və ya 254,7 min hektarı arpa əkini sahəsidir. Əvvəlki ilin müvafiq dövrünə nisbətən dən üçün taxılın əkin sahəsi 0,7 faiz, o cümlədən buğdanın əkin sahəsi 0,2 faiz, arpanın əkin sahəsi isə 2,2 faiz genişlənmişdir.
Heyvandarlıq. Heyvandarlıq kənd təsərrüfatının vacib sahəsidir və son illər sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülmüş müəyyən işlər və mal-qaranın baş sayının artması məhsul istehsalına öz müsbət təsirini göstərmişdir. Belə ki, ev təsərrüfatlarında aparılan müayinələr əsasında adambaşına ət istehlakı üzrə göstəricilər nəzərə alınmaqla diri çəkidə 440,0 min ton ət, 1529,2 min ton süd, 1178,6 milyon ədəd yumurta və 15,6 min ton yun istehsal edilmişdir. Ət istehsalı 2009-cu illə müqayisədə 7,1 faiz, süd istehsalı 6,7 faiz, yun istehsalı 2,4 faiz artmış, yumurta istehsalı isə 2,5 faiz azalmışdır.
Mal-qaranın baş sayı artaraq yanvar ayının 1-nə iribuynuzlu mal-qaranın sayı 2637,4 min başa, qoyun və keçilərin baş sayı 8463,1 min başa çatmış, iribuynuzlu mal-qara sürüsündə məhsuldar inək və camışların xüsusi çəkisi 48,3 faiz təşkil etmişdir.
Heyvandarlıq bölməsində iribuynuzlu mal-qara və onların məhsullarının istehsalçı qiymətləri 0,2 faiz, qoyun və keçilər, onların çiy südü və yununun 1,6 faiz, diri ev quşları və onların yumurtalarının 3,9 faiz, sair diri ferma heyvanları və heyvan məhsullarının istehsalçı qiymətləri 1,0 faiz bahalaşmışdır.
Ölkə iqtisadiyyatı üçün prioritet sahələrdən birinə çevrilmiş nəqliyyat sektoru əsas infrastrukturlardan biri olaraq dayanıqlı inkişaf edir. Əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də nəqliyyat sektoruna investisiyaların yönəldilməsi, nəqliyyatın hərəkət heyətinin yeniləşməsi, körpülərin tikilməsi, yeni avtomobil yollarının çəkilişi, yenidən qurulması və s. işləri davam etdirilmiş, transmilli layihələrin səmərəli fəaliyyəti sahənin inkişafına öz müsbət təsirini göstərmişdir.
2010-cu ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən müəssisələrə və əhaliyə 3,7 milyard manatlıq və ya ötən illə müqayisədə 4,5 faiz çox nəqliyyat xidmətləri göstərilmişdir. Xidmətlərin 70,1 faizi dəmir yolu, avtomobil və boru kəməri, 8,2 faizi dəniz, 11,2 faizi hava nəqliyyatı, qalan hissəsi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti ilə məşğul olan müəssisələr tərəfindən göstərilmişdir.
Müstəqillik illərindən ən yüksək həddə çatmaqla ötən il ərzində 196,3 milyon ton və ya 3,1 faiz çox yük daşınmışdır. Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 50,9 faizi avtomobil, 31,8 faizi boru kəməri, 11,3 faizi dəmir yolu, 6,0 faizi dəniz nəqliyyatı vasitəsilə həyata keçirilmişdir.
Ötən il özəl bölmənin nəqliyyat vasitələri ilə yük daşınması 3,6 faiz artmış, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 73,9 faiz təşkil etmişdir.
Nəqliyyatçılar 1,4 milyard nəfərə və ya 2009-cu illə müqayisədə 4,5 faiz çox sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 86,5 faizi avtomobil, 13,1 faizi metro nəqliyyatı ilə daşınmışdır.
Dəmir yolu nəqliyyatı ilə yük daşınması 2009-cu illə müqayisədə 6,6 faiz artaraq 22,2 milyon ton olmuşdur. İl ərzində orta hesabla sutkada 708 vaqon yüklənmiş, 476 vaqon boşaldılmışdır. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 34,1 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton və Cənub istiqamətləri üzrə 3,3 min ton yüklənmə işi yerinə yetirilmişdir. Dəmir yolunda yük dövriyyəsi 8,3 faiz artaraq 8,2 milyard ton-km təşkil etmişdir.
Dəniz nəqliyyatı ilə 11,7 milyon ton yük daşınmışdır. Yüklərin üçdə iki hissəsini neft yükləri, üçdə bir hissəsini isə quru yüklər təşkil etmiş və demək olar ki, bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilmişdir. İl ərzində dəniz limanlarında 10,8 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilmiş və əvvəlki illə müqayisədə 26,2 faiz artım olmuşdur. İşlənmiş yüklərin 87,8 faizini təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 22,6 faiz, idxal yüklərin həcmi 2,4 dəfə artmış, ixrac yüklərin həcmi isə 22,1 faiz azalmışdır.
Nəqliyyatda daha böyük xüsusi çəkiyə malik olmaqla ən sabit sürətlə inkişaf edən sahə avtomobil nəqliyyatıdır. İl ərzində ölkədəki mövcud avtonəqliyyat vasitələrinin sayı əvvəlki illə müqayisədə 56,7 min ədəd artaraq 982,6 min ədəd olmuş və əhalinin hər 1000 nəfərinə düşən avtomobillərin sayı 110 ədədə çatmışdır. Avtomobillərin 79,4 faizini minik avtomobilləri, 12,1 faizini yük avtomobilləri, 3,0 faizini avtobuslar, qalan hissəsini isə xüsusi təyinatlı və digər avtomobillər təşkil etmişdir. 2010-cu ildə avtomobil nəqliyyatı ilə fiziki şəxslərin - fərdi sahibkarların fəaliyyəti də nəzərə alınmaqla 99,9 milyon ton yük, 1,2 milyard sərnişin daşınmış və 2009-cu illə müqayisədə müvafiq olaraq 6,0 və 7,7 faiz artmışdır. Sərnişinlərin 96,5 faizi avtobus, 3,5 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişlər. Avtomobil nəqliyyatı ilə yük və sərnişin dövriyyəsində artım müvafiq olaraq 6,5 və 8,8 faiz təşkil etmişdir.
2010-cu ildə ölkənin avtomobil yollarında 2721 yol-nəqliyyat hadisəsi qeydə alınmışdır. Yol-nəqliyyat hadisələrinin sayı ötən illə müqayisədə 2,5 faiz azalmış, baş vermiş qəzalar nəticəsində 3796 şəxs zərər çəkmiş, onların hər dörd nəfərindən biri həlak olmuş, 75,6 faizi isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq yaralanmışdır. Yol-nəqliyyat hadisələrinin sayının azalması ilə yanaşı, həlak olanların sayı da 5 nəfər azalaraq 925 nəfər, yaralananların sayı isə 173 nəfər azalaraq 2871 nəfər olmuşdur. Hər dörd nəfər zərər çəkənlərdən biri qadın olmuşdur.
Metro nəqliyyatının xidmətlərindən il ərzində istifadə etmiş sərnişinlərin sayı 181,1 milyon nəfər olaraq 12,1 faiz azalmışdır.
Hava nəqliyyatı ilə 1,0 milyon sərnişin daşınmış, daşımanın 78,8 faizi dövlət bölməsinə, 21,2 faizi isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilmişdir. İl ərzində hava nəqliyyatı ilə 39,5 min ton yük daşınmış, onun 81,3 faizi qeyri-dövlət bölməsinin payına düşmüşdür.
Magistral neft kəmərləri ilə 50,0 milyon ton neft nəql edilmişdir. Nəqletmənin 76,6 faizi ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Heydər Əliyev adına BTC neft ixrac kəməri ilə həyata keçirilmiş və ötən il ərzində bu kəmər vasitəsilə 38,3 milyon ton neft ötürülmüşdür. 2010-cu ilin iyul ayından başlayaraq gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə altı ay ərzində 1,3 milyon ton Türkmənistan nefti nəql edilmişdir.

{nl}

Magistral qaz kəmərləri ilə 17,3 milyard kub-metr və ya 7,1 faiz çox qaz nəql edilmişdir. Nəql edilmiş qazın 28,2 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmiş və 4,9 milyard kub-metr qaz ötürülmüşdür.
"İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycana məxsus hissəsində 2010-cu ilin yanvar-noyabr aylarında 47,2 milyon ton və ya 8,8 faiz çox yük, 205,2 milyon nəfər və ya 8,2 faiz çox sərnişin daşınmışdır. Yüklərin 42,5 faizi avtomobil, 39,7 faizi dəmir yolu, 17,8 faizi dəniz nəqliyyatının payına düşmüş, bütün nəqliyyat növlərində, o cümlədən avtomobil nəqliyyatında 8,4 faiz, dəmir yolu nəqliyyatında 6,7 faiz, dəniz nəqliyyatında isə 15,1 faiz artım qeydə alınmışdır.
Yük daşımaları fəaliyyətindən 257,7 milyon manat, sərnişin daşınmasından isə 35,4 milyon manat gəlir əldə olunmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 16,0 və 13,1 faiz artmışdır.
Nəqliyyat və poçt tarifləri 2010-cu ildə 2009-u illə müqayisədə 0,1 faiz, telekommunikasiya üzrə tarif indeksləri isə 10,2 azalmışdır.
İnformasiya və rabitə bölməsi iqtisadiyyatın ən sürətlə inkişaf edən sahəsi olaraq qalmaqdadır. Ötən ildə informasiya və rabitə müəssisələri tərəfindən təsərrüfat subyektlərinə və əhaliyə 1,2 milyard manatlıq və ya əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 29,7 faiz çox xidmət göstərilmişdir. Əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 74,3 faiz təşkil etmişdir.
İnformasiya və rabitə xidmətlərindən əldə olunmuş gəlirlərin 67,4 faizi mobil telefon rabitəsindən yaranmış və 2009-cu illə müqayisədə bu xidmətlərin həcmi 30,2 faiz artaraq 782,6 milyon manat təşkil etmişdir. Mobil telefon abunəçilərinin sayı son bir il ərzində 1,2 milyon artmış, 2011-ci il yanvarın 1-nə abunəçilərdə 8,9 milyon nömrə mövcud olmuş və onların 7,4 milyonu aktiv olmaqla istifadə olunmuşdur.
2010-cu ildə istehlak bazarında əhaliyə 18,4 milyard manatlıq və ya 2009-cu ilə nisbətən 9,4 faiz çox istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir.
2010-cu il ərzində istehlak bazarında özəl sektorun dinamik inkişafı davam etmiş, özəl müəssisələrdə əhaliyə 17,0 milyard manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmiş, ticarət və xidmət fəaliyyəti üzrə ümumi artımın 95,6 faizi bu müəssisələrdə yaranmışdır.
2010-cu ildə hər bir ölkə sakini hər ay orta hesabla 171,7 manatlıq müxtəlif istehlak malları almış və pullu xidmətlərdən istifadə etmişdir. Adambaşına düşən əmtəə və xidmətlərin 158,8 manatı (92,5 faizi) özəl müəssisələrin hesabına yaranmışdır.
2010-cu ildə pərakəndə ticarət və iaşə müəssisələri üzrə əmtəə və xidmətlərin satışı 2009-cu ilin səviyyəsini 9,0 faiz üstələyərək 13,7 milyard manata bərabər olmuşdur.
Pərakəndə ticarət və iaşə şəbəkələrindən hər bir ölkə sakininə hər ay orta hesabla 127,6 manatlıq və ya 2009-cu ildəkindən 15,9 manat çox müxtəlif çeşidli əmtəə satılmış və xidmət göstərilmişdir.
İstehlak bazarından alınmış məhsulların 64,3 faizini ərzaq məhsulları, 35,7 faizini qeyri-ərzaq malları təşkil etmiş, ərzaq məhsullarının satışı 7,5 faiz, qeyri-ərzaq mallarının satışı isə 13,8 faiz artmışdır. Ərzaq məhsullarının alınmasına çəkilmiş xərclərin 17,9 faizini tərəvəz məhsulları, 14,5 faizini meyvə və giləmeyvə, 14,8 faizini ət və quş, 9,5 faizini çörək məmulatları, 8,3 faizini kərə yağı, süd və süd məhsulları, 7,4 faizini qənd və qənnadı məmulatları təşkil etmişdir. Qeyri-ərzaq mallarının alınmasına ödənilmiş vəsaitin 23,1 faizi paltar və trikotaj, 22,0 faizi neft məhsulları, 6,7 faizi avtomobillər, 7,1 faizi ayaqqabı, 5,1 faizi elektrik avadanlığı, 5,4 faizi tikinti materiallarının alınmasına sərf edilmişdir.
Pərakəndə əmtəə dövriyyəsinin həcmində qeyri-dövlət müəssisələrinin xüsusi çəkisi 99,2 faiz təşkil etmiş və bu müəssisələr üzrə pərakəndə ticarət və iaşə dövriyyəsinin ümumi həcmi 13,6 milyard manat və ya 9,1 faiz çox olmuşdur.
Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcminin 417,8 milyon manatını (3,1 faizini) iaşə müəssisələrinin dövriyyəsi təşkil etmiş və 2009-cu il ilə müqayisədə 16,3 faiz artmışdır. Özəl iaşə müəssisələri üzrə dövriyyənin həcmi 17,4 faiz artaraq 407,3 milyon manat olmuşdur.
İaşə müəssisələri istisna olmaqla, pərakəndə ticarət şəbəkəsindən əhaliyə 13,3 milyard manatlıq və ya 8,8 faiz çox əmtəə satılmışdır.
2010-cu ildə əhaliyə satılmış ərzaq mallarının həcmi 7,5 faiz artaraq 8,8 milyard manat, qeyri-ərzaq mallarının həcmi 13,8 faiz artaraq 4,9 milyard manat olmuşdur. Ticarət şəbəkəsindən orta hesabla hər ay hər bir ölkə sakini 82,0 manatlıq ərzaq, 45,6 manatlıq qeyri-ərzaq malları almışdır.
2010-cu ildə xidmət sektorunda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2009-cu ilin səviyyəsini 10,8 faiz üstələyərək 4,7 milyard manat təşkil etmişdir. Artımın 56,7 faizi hüquqi şəxslərin müəssisələri sayəsində yaranmış və bu müəssisələrdə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7,6 faiz çoxalaraq 3,7 milyard manat olmuşdur.
2010-cu il ərzində hər bir ölkə sakini hər ay orta hesabla 44,1 manatlıq və ya 5,5 manat çox müxtəlif pullu xidmətlərdən istifadə etmişdir. Pullu xidmətlərin 12,9 faizini məişət xidmətləri təşkil etmiş, əhaliyə 610,7 milyon manatlıq və ya 8,8 faiz çox məişət xidmətləri göstərilmiş, xidmətlərin 87,4 faizi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin obyektlərində reallaşmışdır.
Fiziki şəxslərin fəaliyyəti pullu xidmətlərin başqa növləri ilə müqayisədə məişət xidmətləri sahəsində daha fəal inkişaf etmiş və xidmətlərin 51,1 faizini təşkil etmişdir.
2010-cu ildə Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslərin dünyanın 147 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları apardığı qeydə alınmışdır. Xarici ticarət dövriyyəsinin həcmi 27,9 milyard ABŞ dolları, o cümlədən ixrac 21,3 milyard, idxal 6,6 milyard dollar təşkil etmiş, 14,7 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır. 2009-cu illə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 34,1 faiz, o cümlədən ixrac 45,1 faiz, idxal 7,8 faiz artmışdır.
İdxal-ixrac əməliyyatlarının 25,8 faizi İtaliya, 7,1 faizi Fransa, 6,9 faizi Rusiya, 6,5 faizi İsrail, 6,2 faizi Amerika Birləşmiş Ştatları, 4,8 faizi Ukrayna, 3,4 faizi Türkiyə, 3,3 faizi Çin, hər birində 2,8 faiz olmaqla Xorvatiya, İndoneziya, Malayziya, 2,5 faizi Sinqapur, 2,2 faizi Almaniya, 1,7 faizi Gürcüstan, 1,3 faizi Koreya Respublikası, 19,9 faizi isə digər ölkələrlə aparılmışdır.
İdxal əməliyyatlarının 17,3 faizi Rusiya, 11,7 faizi Türkiyə, 9,2 faizi Almaniya, 8,9 faizi Çin, 7,1 faizi Ukrayna, 4,6 faizi Böyük Britaniya, 4,4 faizi Qazaxıstan, 3,1 faizi Amerika Birləşmiş Ştatları, 2,6 faizi Sinqapur, 2,4 faizi Braziliya, 2,4 faizi Koreya Respublikası, 2,2 faizi Yaponiya, 2,1 faizi Fransa, 1,8 faizi İtaliya, 1,8 faizi İran İslam Respublikası, 1,7 faizi Belarus, 16,7 faizi isə digər ölkələrlə aparılmışdır.
İxrac əməliyyatlarının 33,3 faizi İtaliya, 8,7 faizi Fransa, 8,2 faizi İsrail, 7,2 faizi Amerika Birləşmiş Ştatları, 4,2 faizi Ukrayna, 3,7 faizi Xorvatiya, 3,7 faizi İndoneziya, 3,6 faizi Rusiya, 3,5 faizi Malayziya, 2,4 faizi Sinqapur, 1,9 faizi Gürcüstan, 1,6 faizi Çin, 1,5 faizi Kanada, 16,5 faizi isə digər ölkələrlə həyata keçirilmişdir.
Xarici ticarət dövriyyəsinin 23889,3 milyon dolları (85,6 faizi), o cümlədən ixracın 19340,9 milyon dolları (90,7 faizi), idxalın 4548,4 milyon dolları (68,9 faizi) MDB-yə üzv ölkələr istisna olmaqla digər xarici dövlətlərin payına düşmüşdür. 2009-cu illə müqayisədə bu ölkələrlə ticarət dövriyyəsinin həcmi 33,8 faiz, o cümlədən ixrac 42,6 faiz, idxal 5,9 faiz artmışdır.
Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 4034,8 milyon dollar, o cümlədən ixrac 1983,9 milyon, idxal 2050,9 milyon dollar olmuşdur. 2009-cu ilə nisbətən Birlik ölkələri ilə ticarət dövriyyəsinin həcmi 36,1 faiz, o cümlədən ixrac 1,7 dəfə, idxal olunan malların həcmi 12,2 faiz artmışdır.
Ötən il hüquqi şəxslərin sayı 3,9 faiz artaraq 2011-ci ilin yanvarın 1-nə 93,4 minə çatmışdır. Artım iqtisadiyyatın "Daşınmaz əmlakla əlaqədar əməliyyatlar", "Maliyyə və sığorta fəaliyyəti", "Digər sahələrdə xidmətlərin göstərilməsi", "Peşə, elmi və texniki fəaliyyət", "Təhsil" və "İnformasiya və rabitə" bölmələrində daha nəzərəçarpacaq dərəcədə olmuşdur.
"Topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri", "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq", "Digər sahələrdə xidmətlərin göstərilməsi", "Tikinti" və "Emal sənayesi" bölmələrində hüquqi şəxslərin Dövlət registrində xüsusi çəkisi daha yüksək olmuşdur.
Xüsusi mülkiyyətdə olan hüquqi şəxslərin əsas hissəsi "Topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri", "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq", "Digər sahələrdə xidmətlərin göstərilməsi", "Tikinti", "Emal sənayesi" və "İnzibati və yardımçı xidmətlərin göstərilməsi" bölmələrinin payına düşür.
Statistik vahidlərin Dövlət registrində qeydiyyatdan keçmiş tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə, Böyük Britaniya, Rusiya, İran, ABŞ və Almaniya sahibkarları tərəfindən yaradılmışdır.
2010-cu il ərzində 4296 yeni yaranmış hüquqi şəxslərin 27,7 faizi "Topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri", 26,1 faizi "Digər sahələrdə xidmətlərin göstərilməsi", 12,8 faizi "Tikinti", 6,6 faizi "Peşə, elmi və texniki fəaliyyət", 4,7 faizi "Emal sənayesi" və 4,2 faizi "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" bölmələrinin payına düşür.
Bu dövrdə ləğv edilmiş 624 hüquqi şəxslərin 24,8 faizi "Topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri", 21,0 faizi "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq", 14,9 faizi "Tikinti", 11,1 faizi "Digər sahələrdə xidmətlərin göstərilməsi", 7,7 faizi "Emal sənayesi" bölmələrində baş vermişdir.
2011-ci il yanvarın 1-i vəziyyətinə qeydiyyatdan keçmiş, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 307 minə yaxınlaşmışdır. Fərdi sahibkarların çox hissəsi ticarət, nəqliyyat, xidmət və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərmişdir. Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin 84,1 faizini kişilər, 15,9 faizini isə qadınlar təşkil etmişdir.
Qadınlar "Təhsil" fəaliyyət sahəsində fərdi sahibkarların 51,2 faizini, "Ev təsərrüfatlarının fəaliyyəti; fərdi istehlak üçün ev təsərrüfatlarının istehsal etdiyi mal və xidmətlərə dair fəaliyyət" də 38,1 faizini, "Daşınmaz əmlakla əlaqədar əməliyyatlar" da 33,8 faizini təşkil edir.
2011-ci il yanvarın 1-i vəziyyətinə Statistik vahidlərin Dövlət registrinə daxil edilmiş, torpaq payı almış ailələrin sayı 850 mini keçmişdir.
2009-2013-cu illəri əhatə edən regionların sosial-iqtisadi inkişafının ikinci Dövlət Proqramının icrası ilə əlaqədar 2009-2010-cu illər ərzində ölkədə 146,6 min yeni, o cümlədən 107,2 min daimi iş yeri açılmışdır. Təkcə 2010-cu ildə 73,0 min, o cümlədən 54,7 min daimi iş yerləri yaradılmış, bu da işsizliyin səviyyəsinin aşağı salınmasının demək olar ki, əsas amillərindən biridir.
Maliyyə Nazirliyinin operativ məlumatlarına görə, 2010-cu ildə dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artaraq 11,4 milyard manata, xərcləri isə 12,0 faiz artaraq 11,8 milyard manata çatmış, büdcənin icrasında yaranmış 363,5 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,9 faizini təşkil etmişdir.
Büdcə xərclərinin 4,9 milyard manatı (41,6 faizi) iqtisadiyyatın inkişafına, 1,1 milyard manatı (9,5 faizi) əhalinin sosial müdafiəsi və sosial təminatına, 1,6 milyard manatı (13,6 faizi) isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə sərf edilmişdir.
Cari il yanvarın 1-i vəziyyətinə ölkənin bank-kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə verilmiş kreditlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,0 faiz və ya 755,9 milyon manat artaraq 9,2 milyard manata çatmışdır. Kredit qoyuluşunun 42,6 faizi dövlət, 55,3 faizi özəl banklar, 2,1 faizi isə qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilmişdir. Verilmiş kreditlərin 72,0 faizini uzunmüddətli kreditlər təşkil etmiş, 5,4 faizinin ödənilmə vaxtı keçmişdir.
2011-ci il yanvarın 1-nə olan məlumatlara görə, əhalinin banklardakı əmanətlərinin məbləği 3,0 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29,8 faiz artmışdır.
Əmanətlərin 1409,9 milyon manatı (46,5 faizi) milli, 1619,9 milyon manatı (53,5 faizi) xarici valyuta şəklində qoyulmuş və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 46,0 və 18,3 faiz artmışdır. Həmin vəsaitlərin 76,1 faizi (2,3 milyard manatı) özəl banklara qoyulmuş əmanətlərin payına düşmüşdür.
2010-cu ildə əvvəlki ilə nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 5,7 faiz, ərzaq məhsullarının qiymətləri 7,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,3 faiz, xidmət tarifləri 4,3 faiz bahalaşmışdır.
Ərzaq məhsullarından "Balıq məhsulları" qrupu məhsullarının qiymətləri 0,8 faiz ucuzlaşmış, "Meyvə" qrupu məhsullarının qiymətləri 18,3 faiz, "Tərəvəz" qrupu 16,1 faiz, "Süd məhsulları, pendir və yumurta" qrupu 7,0 faiz, "Qənd, cem, bal, şokolad və konfetlər" qrupu 9,1 faiz, "Ət məhsulları" qrupu 0,4 faiz, "Yağ və piylər" qrupu 7,1 faiz, "Spirtli içkilər" qrupu 0,3 faiz, "Pivə" qrupu 3,1 faiz, "Tütün məmulatları" qrupu 0,2 faiz, "Çörək məmulatları və yarmalar qrupu 7,8 faiz, "Qəhvə, çay və kakao" qrupu məhsullarının qiymətləri 2,5 faiz bahalaşmışdır.
Qeyri-ərzaq mallarından "Telefon faksimil cihazları" qrupu mallarının qiymətləri 2,2 faiz, "Səsin və təsvirin qəbulu, yazılması və əks etdirilməsi üçün qurğu" qrupu 0,3 faiz, "Fotoqrafiya, kinematoqrafiya avadanlıqları və optik cihazlar" qrupu 0,4 faiz, "Məişət cihazları" qrupu 0,9 faiz, "Məlumatın işlənməsi üçün avadanlıqlar" qrupu mallarının qiymətləri 0,2 faiz ucuzlaşmış, "Parçalar" qrupu mallarının qiymətləri 1,6 faiz, "Geyim" qrupu 1,9 faiz, "Ayaqqabı" qrupu 2,4 faiz, "İnşaat materialları" qrupu 2,3 faiz, "Mebel və ev əşyaları" qrupu 2,2 faiz, "Şüşə məmulatları, yemək qabları və əşyaları" qrupu 5,3 faiz, "Dərmanlar" qrupu 2,6 faiz, "Minik avtomobilləri" qrupu 0,4 faiz, "Minik avtomobilləri üçün ehtiyat hissələri" qrupu 1,3 faiz, "Oyuncaqlar" qrupu 2,3 faiz, "Zərgərlik məmulatları" qrupu mallarının qiymətləri 7,9 faiz bahalaşmışdır.
Yola saldığımız ildə "Paltarların təmizlənməsi, təmiri və kirayəsi" qrupu 4,6 faiz, "Ayaqqabıların təmiri" qrupu 9,8 faiz, "Təbii qaz" qrupu 33,3 faiz, "Məişət cihazlarının təmiri" qrupu 1,6 faiz, "Tibbi xidmət" qrupu 6,5 faiz, "Stomatoloji xidmət " qrupu 15,5 faiz, "Avtomobillərin təmiri" qrupu 4,1 faiz, "Dəmiryol sərnişindaşıma nəqliyyatı" qrupu 1,0 faiz, "Hava sərnişindaşıma nəqliyyatı" qrupu tarifləri 1,7 faiz bahalaşmışdır.
2010-cu ildə ölkə əhalisinin gəlirləri əvvəlki illə müqayisədə 13,3 faiz artaraq 25,6 milyard manata çatmış, onun adambaşına həcmi isə 2866,0 manat və ya ayda orta hesabla 238,8 manat təşkil etmişdir.
Gəlirlərin 70,0 faizi son istehlaka, 8,6 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilmiş, 19,8 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir. Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 23,4 milyard manatlıq və ya əvvəlki ildəkindən 14,2 faiz çox vəsait qalmışdır.
2010-cu ildə ölkə iqtisadiyyatında 1,4 milyon muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilə nisbətən 9,1 faiz artaraq 325,0 manat təşkil etmişdir. Sənaye müəssisələrində işləyən 165,4 min işçinin orta aylıq əmək haqqı 463,0 manat təşkil etmiş və 10,2 faiz artmışdır. Əmək haqqının daha çox artımı qida, geyim, kimya, əczaçılıq və avtomobil istehsalı ilə məşğul olan müəssisələrin işçilərində müşahidə olunmuşdur. Qeyri-dövlət sənaye müəssisələrində işçilərin əmək haqqı 586,1 manat olmuşdur.
İnşaat bölməsi işçilərinin orta aylıq nominal əmək haqqı 505,7 manata çataraq əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,4 faiz artmışdır. İri və orta tikinti müəssisələrində işləyənlərin orta aylıq nominal əmək haqqı 530,0 manat olmuşdur.
Nəqliyyat işçilərinin orta aylıq əmək haqqı əvvəlki ilə nisbətən 6,4 faiz artaraq 376,5 manat, rabitə müəssisələrində çalışanların orta aylıq əmək haqqı 526,0 manat olmaqla 7,4 faiz artmışdır.
Ölkə əhalisinin sosial vəziyyətinin getdikcə yaxşılaşması yoxsulluğun azalmasına öz müsbət təsirini göstərmiş və ilkin məlumatlara görə, bir il ərzində yoxsulluq səviyyəsi 1,8 faiz bəndi azalaraq 9,1 faizə enmişdir.
Ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən ötən il sentyabr ayının 1-dən yaşa görə əmək pensiyasının baza hissəsi və sosial müavinətlərin məbləği artırılmışdır.
Dövlət Sosial Müdafiə Fondunun ilkin məlumatlarına əsasən, 2011-ci ilin əvvəlinə pensiyaçıların sayı 1291 min nəfər olmuş və onlara təyin olunmuş aylıq pensiyaların orta məbləği 112 manata çatmışdır.
Cari ilin əvvəlinə 295 min nəfər sosial müavinət, 34 min nəfər Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təqaüd və 123 min ailənin 553 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı almışdır.
Əhalinin sağlamlığı dövlətin daim diqqət mərkəzindədir. 2010-cu ildə səhiyyə sahəsinin maddi-texniki bazasının yeniləşdirilməsi və müasirləşdirilməsi istiqamətində böyük işlər həyata keçirilmişdir. Ölkənin regionlarında yüksək standartlara cavab verən müasir tibbi diaqnostika və müalicə mərkəzləri, rayon xəstəxanaları və poliklinikalar tikilmiş, Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Əbülfəz Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
İlkin məlumatlara əsasən, 2011-ci ilin əvvəlinə ölkədə 33 min həkim və 63,5 min orta tibb işçisi çalışan 760 xəstəxana və 1694 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərmiş və əhalinin hər 10 min nəfərinə 37 həkim və 71 orta tibb işçisi düşmüşdür.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2010-cu ildə ölkədə epidemik parotit ilə xəstələnənlərin sayı 46,5 faiz, viruslu hepatit ilə 34 faiz azalmış, difteriya, qızılca, anadangəlmə məxmərək və yeni doğulmuşlarda tetanus xəstəlikləri qeydə alınmamışdır.
Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi ölkədə aparılan sosial iqtisadi islahatların tərkib hissəsindən biridir.
Ekologiyanın və təbii mühitin tarazlığının qorunması, əhalinin təmiz suya və təmiz havaya olan ehtiyaclarını təmin etmək məqsədilə ötən il ölkədə bir sıra tədbirlər həyata keçirilmişdir. Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi nəticəsində Bakı şəhərinin əhalisinin 75 faizi fasiləsiz olaraq təmiz və keyfiyyətli, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən su ilə təmin olunacaqdır. Bundan əlavə, 18 rayonun 156 kəndində quraşdırılan modul tipli su təmizləyici qurğular əvvəllər təmiz içməli su təminatında böyük çətinliklərlə üzləşən 294 min nəfər əhalinin təmiz içməli su ilə təmin edilməsinə imkan yaratmışdır.
İl ərzində təbiətin mühafizə obyektlərinin inşasına 176,1 milyon manat məbləğində vəsait yönəldilmiş, vəsaitin 126,3 milyon manatı su mənbələrinin mühafizəsinə və istifadəsinə, 49,8 milyon manatı torpaqların mühafizəsinə və səmərəli istifadəsinə sərf edilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2010-cu ildə 1499 müəssisədə müvafiq müayinələr aparılmış və nəticədə su hövzələrin çirkləndirilməsi üzrə tədqiq olunmuş hər dörd müəssisədən birində və atmosfer havasının çirkləndirilməsi üzrə müayinə ilə əhatə olunmuş hər on müəssisədən birində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınmışdır.
Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə cəlb olunmuş 815 nəfər vəzifəli şəxs və vətəndaşdan 1 milyon manat məbləğində cərimə tutulmuşdur. Bundan başqa, 505 müəssisəyə qarşı qaldırılmış iddialara əsasən həmin müəssisələr 127 min manat həcmində cərimə ödəmişlər.
2011-ci ilin əvvəlinə flora və faunanın qorunub saxlanması və təkrar istehsalı üçün ölkədə ümumi sahəsi 218,3 min hektar olan 11 dövlət qoruğu və sahəsi 310,5 min hektar olan 8 milli park mövcud olmuşdur.
Azərbaycan Respublikasında təhsil sistemi milli, mənəvi və ümumbəşəri dəyərlərə əsaslanır və Bolonya prosesində yaxından iştirak etməklə ümumdünya təhsil sisteminə inteqrasiya yolu ilə inkişaf etməkdədir.
Təhsil sistemində aparılan uğurlu islahatlar nəticəsində əhalinin təhsil səviyyəsi ilbəil artır və bu gün 15 və yuxarı yaşda olan əhalinin hər 1000 nəfərindən 792-si ali və tam orta təhsilə malikdir.
2011-ci ilin yanvarın 1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən 1624 dövlət və 11 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 108 min uşaq və ya 1-5 yaşlı uşaqların 15,9 faizi tərbiyə alır.
2010 - 2011-ci tədris ilinin əvvəlinə ölkənin 4515 dövlət və 17 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1,3 milyon şagird təhsil almışdır. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6795 uşağın təhsil aldığı 19 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində xüsusi siniflər fəaliyyət göstərmişdir.
Son illər ikinci və üçüncü növbələrdə məşğul olan şagirdlərin xüsusi çəkisinin azalması müşahidə olunur. Belə ki, şəhər yerlərində yerləşən ümumtəhsil məktəblərində bu göstərici 23,2 faizdən 21,4 faizə, kənd məktəblərində isə 18,5 faizdən 17,5 faizə enmişdir.
Dövlət ümumtəhsil müəssisələrinin sayında lisey və gimnaziyalar şəbəkəsinin inkişafı davam edir. 2010 - 2011-ci tədris ilinin əvvəlinə şagirdlərinin sayı 47 min nəfərdən artıq olan 75 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərmişdir.
Dövlət Statistika Komitəsi tərəfindən dövlət əyani ümumtəhsil məktəblərində keçirilmiş statistik müayinənin nəticələrinə görə, məktəblərin 84 faizi, o cümlədən şəhər yerlərində 93 faizi, kənd yerlərində isə 81 faizi kompüterlərlə təmin olunmuşdur. 2009-cu illə müqayisədə kompyuterlərin sayı 1,7 min ədəd və ya 4 faiz artaraq, 40,1 minə çatmışdır. Hazırda hər 33 şagirdə orta hesabla bir kompyuter düşür, halbuki 4 il əvvəl 101 şagirdə bir kompyuter düşürdü. Cari tədris ilinin əvvəlinə 76 faiz şəhər, 35 faiz kənd məktəbinin internetə çıxışı, 20 faiz şəhər, 7 faiz kənd məktəbinin isə elektron poçtu olmuşdur.
2010 - 2011-ci tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 58 dövlət və 4 qeyri-dövlət orta ixtisas təhsil müəssisəsində 53,4 min tələbə təhsil almış, onların üçdə iki hissəsini qızlar təşkil etmişdir.
Azərbaycanda bakalavr və magistrlərın hazırlanmasını həyata keçirən 36 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisəsində təhsil alanların sayı 140,2 min nəfər olmuş və onların 46 faizini qızlar təşkil edir.
2010-cu ildə ölkənin ali təhsil müəssisələrinə 29,9 min nəfər tələbə qəbul olunmuş və qəbul Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş yeni - geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilmişdir. Bolonya Deklarasiyasının tələblərinə tam cavab verən bu yeni siyahının tətbiq olunması Azərbaycan ali təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyası yolunda atılan mühüm addımlardan biridir.
Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 41 faizi təqaüd alır. Tələbələrin aldığı təqaüdün orta məbləği bakalavr səviyyəsi üzrə 65 manat, magistratura səviyyəsi üzrə 70 manat, əlacılığa görə müvafiq olaraq 80 və 85 manatdır.
Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə birgə 50 xarici ölkənin 4723 nəfər vətəndaşı da təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Çin Xalq Respublikası, Türkmənistan, Gürcüstan və İraq vətəndaşları üstünlük təşkil edir.
2010 - 2011-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə 2055 nəfər təhsil almışdır. Xaricdə təhsil alan gənclərin 63 faizi Bakı, 37 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə və Rusiyada təhsil alır.
Ölkədə elmin inkişafına dövlət tərəfindən xüsusi diqqət və dəstək göstərilir və Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycanda 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" uğurla həyata keçirilir.
2011-ci ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 148 elmi təşkilat və müəssisə fəaliyyət göstərmişdir. Bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 18 minə yaxın mütəxəssis məşğul olur və onların 63 faizi tədqiqatçılardır. Mütəxəssislərin hər dörd nəfərindən birinin elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi vardır.
2011-ci ilin əvvəlinə Milli Elmlər Akademiyasının 57 akademiki və 109 müxbir üzvü olmuşdur.
Dövlət siyasətinin əsas prioritetlərindən biri də mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin qorunub saxlanmasından ibarətdir.
Bu gün Azərbaycanda kitabxana fondu 36 milyon ədəd kitabdan ibarət olan 3993 kütləvi kitabxana, 2750 klub müəssisəsi, 223 muzey, 29 peşəkar teatr, 4 filarmoniya, 6 musiqi kollektivi, 2 konsert zalı və 360 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir.
2010-cu ildə muzeylərə gələnlərin sayı 1,7 milyon nəfər, teatrlara gələnlərin sayı 0,5 milyon nəfər olmuşdur. Teatrlarda repertuar müntəzəm olaraq təzələnir və tamaşalar azərbaycan dili ilə yanaşı, rus və ləzgi dillərində də göstərilir.
Hazırda Azərbaycanda dövlət əhəmiyyətli qoruqların sayı 28-ə çatmışdır.
Ölkənin bütün sosial sahələrində olduğu kimi, surətli inkişaf prosesi idman və bədən tərbiyəsini də əhatə edir və nəticədə bu sahədə qazanılan nailiyyətlər ilbəil artır.
2010-cu ildə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün ölkənin müxtəlif bölgələrində olimpiya idman kompleksləri istifadəyə verilmiş, Mingəçevirdə Beynəlxalq Avarçəkmə Mərkəzi yenidən qurulmuşdur.
2011-ci ilin əvvəlinə ölkədə idman qurğularının sayı 10,3 minə çatmış, idmanla məşğul olanların sayı müntəzəm olaraq artmaqdadır. Əhali arasında futbol, voleybol, şahmat, yüngül atletika, basketbol, dama və sərbəst güləş kimi idman növlərinə daha çox maraq göstərilir.
Ölkə idmançıları 2010-cu ili də uğurla başa vurmuşlar. Müxtəlif beynəlxalq yarışlardan qazanılmış 675 medalın 206-sı Olimpiya idman növləri üzrə olan medallardır. Gənc idmançılarımız Yeniyetmələrin Birinci Yay Olimpiya Oyunlarında böyük uğurla çıxış etmiş və 204 ölkə arasında 11-ci yeri tutmuşlar.
2011-ci il yanvarın 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9111 min nəfər təşkil etmiş və ötən il ərzində 113,5 min nəfər və yaxud 1,3 faiz artmışdır. Ölkə əhalisinin 53,1 faizi şəhər, 46,9 faizi kənd yerlərində yaşayır, 49,5 faizi kişilərdən, 50,5 faizi qadınlardan ibarətdir. Hər 1000 kişiyə 1041 qadın düşür.
Əhalinin 23 faizi 0-14 yaşda, 71 faizi 15-64 yaşda, 6 faizi isə 65 və yuxarı yaşda olanlardır. 14-29 yaşda olan gənclər ölkə əhalisinin 31,4 faizini təşkil edir.
Hesablamalara görə ötən il doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,5 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,1 yaş təşkil edir.
2010-cu il ərzində ölkədə 165,6 min nəfər körpə doğulmuşdur ki, bu da son 16 ildə ən yüksək göstəricidir. 2009-cu illə müqayisədə doğulanların sayı əhalinin hər 1000 nəfərinə hesabı ilə 17,2-dən 18,5-ə qədər artmışdır. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,9 faiz, qızların isə - 46,1 faiz təşkil etmişdir. Körpələrin 1670-i əkiz, 48-i üçəm olmuşdur.
2010-cu ildə 53,6 min və ya əhalinin hər 1000 nəfərinə hesabı ilə 6,0 ölüm halı qeydə alınmışdır. Ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəlikləri, yenitörəmələr, həzm və tənəffüs orqanlarının xəstəlikləri olmuşdur.
2010-cu ildə rəsmi dövlət orqanları tərəfindən ölkədə 79,3 min nikah və 8,9 min boşanma qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə 2009-cu ilə nisbətən nikahların sayı 8,8-dən 8,9-a qədər, boşanmaların sayı isə 0,9-dan 1,0-a qədər artmışdır. Birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 27, qadınlar arasında 23 yaş olmuşdur.
2010-cu ildə Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2,2 min nəfər gələn və 0,8 min nəfər ölkədən gedən qeydə alınmışdır. İmmiqrantların 77,2 faizini Rusiya Federasiyasından, 7,0 faizini Qazaxıstandan, 4,3 faizini Ukraynadan gələnlər, emiqrantların isə müvafiq olaraq 55,3 faizini, 30,3 faizini və 5,4 faizini həmin ölkələrə gedənlər təşkil etmişlər.

{nl}


Dövlət Statistika Komitəsi

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında