Müasir dövrdə maliyyə bazarlarında bank resurslarının iqtisadiyyata təsirinin gücləndirilməsi mühüm strateji prioritetdir

(Əvvəli qəzetin 16 noyabr 2017-ci il tarixli sayında)

Bu proqramın icarsına dair tapşırıqlar:

– fond birjasının hüquqi və təşkilati cəhətdən qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, yeni ticarət sisteminin tətbiqi ilə baza və törəmə maliyyə alətlərinin ticarəti imkanlarının genişləndirilməsi; 

– qiymətli kağızların və onlar üzərində hüquqların qeydiyyatı və uçotu mexanizmlərinin sadələşdirilməsi;

– dövlət və korporativ qiymətli kağızların vahid mərkəzi depozitar sisteminin yaradılması;

– qiymətli kağızların girovla yüklənməsi prosedurlarının optimallaşdırılması və avtomatlaşdırılması;

– maliyyə vasitəçiliyi xidmətlərinin regional əhatəsinin və bu növ xidmətlərə çıxış imkanlarının genişləndirilməsi;

– investisiya şirkətlərinin fəaliyyətini tənzimləyən zəruri normativ hüquqi bazanın formalaşdırılması və onların fəaliyyətinin təşviqi;

– aktivlərin idarəedilməsi şirkətlərinin fəaliyyətini tənzimləyən zəruri normativ hüquqi bazanın formalaşdırılması və onların fəaliyyətinin təşviqi;

– investisiya fondları və digər kollektiv investisiya sxemlərinin (daşınmaz əmlak investisiya fondları və s.) fəaliyyətini tənzimləyən zəruri normativ hüquqi bazanın formalaşdırılması və onların fəaliyyətinin təşviqi.

Əsas məqsəd iqtisadiyyata investisiyaların cəlb edilməsini və yenidən bölüşdürülməsini uğurla həyata keçirə bilən, investisiya fəallığını təşviq edən, dünya sərmayə bazarında ölkənin mövqelərini gücləndirən fond bazarının formalaşmasını təmin etməkdir. Bu məqsədə nail olmaq üçün aşağıdakı tədbirlər həyata keçiriləcəkdir:

– dövlət qiymətli kağızlar bazarının genişləndirilməsi;

– korporativ kağızlar bazarına yeni vəsaitlərin cəlb edilməsi mexanizminin təkmilləşdirilməsi, qiymətli kağızların idarə edilməsi üçün əlverişli şəraitin təmin edilməsi, qiymətli kağızlar bazarında peşəkar iştirakçıların işinin stimullaşdırılması;

– investorların hüquqlarının qanunverici və məhkəmə müdafiəsinin təkmilləşdirilməsi;

– uzunmüddətli investisiya risklərinin azaldılması, yeni investorların cəlb edilməsi məqsədilə fond bazarının maliyyə alətlərinin təkmilləşdirilməsi;

– korporativ kağız təklifinin təşviqi məqsədilə hələ də mövcud olan maneələrin tam aradan qaldırılması;

– birja sektorunda alqı-satqı sistemlərinin daha da inkişaf etdirilməsi;

– kapital axınını, investisiya mənbələrinin ucuzlaşmasını təmin edən fond bazarı infrastrukturunun sürətləndirilməsi;

– fond bazarının tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi.

Ölkəmizdə əlverişli investisiya iqliminin yaranmasına təsir edən ən mühüm amillərdən biri güzəştli vergi və gömrük ödənişləri sisteminin tətbiq olunmasıdır. Bildiyimiz kimi, gömrük-tarif siyasəti iqtisadi siyasətin həyata keçirilmə alətlərindən biridir və gələcəkdə də bu güzəştlərin tətbiqi müsbət effekt verərdi. Lakin bu güzəştlər tətbiq edilərkən xarici ticarət rejimlərinin, beynəlxalq təşkilatlar qarşısında öhdəlikləri nəzərə alınmaqla daxili  bazarın strukturu, iqtisadiyyatın cari vəziyyəti, tələb və təklifin nisbəti əsasında çevik, çoxpilləli, lakin birqiymətli izah olunan tariflər sistemindən istifadə olunması daha məqsədəuyğun olardı. Dövlətin azad iqtisadi zona yaratmaqda əsas məqsədi istehsalın rəqabət qabiliyyətinin yüksəldilməsindən, xarici investisiyaların cəlb edilməsindən, idxal mallarına çəkilən xərclərin azaldılmasından və s. ibarətdir. Xarici investor daim kapital qoyduğu ölkədə qarşılaşa biləcəyi risk barədə düşünür. Burada risk dedikdə, xarici investorun qoyduğu vasitələrin itirilmə ehtimalı başa düşülür. İnkişaf etmiş ölkələrdə xüsusi təşkilatlar və investisiya bankları tərəfindən investorlar üçün xüsusi xidmət –  risk qiymətləndirilməsi həyata keçirilir. İnvestor investisiya qoyuluşu həyata keçirmək istədiyi ölkədə istər siyasi, istərsə də, iqtisadi vəziyyətlə yaxından tanış olmadığı üçün o, belə şirkətlərə müraciət edərək qarşılaşacağı risklər barədə məlumat alır və investisiya portfelində nəzərdə tutulan qiymətli kağızların strukturunda və təyinatında dəyişiklik etmək imkanı əldə edir. Lakin, təəssüf ki, ölkəmizdə belə şirkətlər fəaliyyət göstərmir və bu da dolayısıyla investorların sayının artmasına və beləliklə də, maliyyə bazarının gözlənilən inkişafına mane olmuş olur. İEÖ-də maliyyə bazarının ən vacib subyektlərindən biri investisiya bankları hesab olunur. İnvestisiya bankları bazara öz qiymətli kağızlarını çıxararaq maksimum gəlir əldə etmək istəyən müxtəlif şirkətlərə, səhmdar cəmiyyətlərə və hətta dövlətə bu istiqamətdə xidmət göstərən təşkilatlardır. İnvestisiya banklarının kommersiya banklarından əsas fərqi ondan ibarətdir ki, onlar kredit vermir və depozit cəlb etmirlər. Onun əsas üstünlüyü ondan ibarətdir ki, əgər bir şirkət  maliyyə vəsaiti qıtlığı ilə üzləşmişdirsə o, kommersiya bankına müraciət edərək kredit götürmək və yüksək faiz xərci ödəmək əvəzinə investisiya bankına müraciət edərək öz istiqrazını və ya səhmini emissiya edə və müvəqqəti çətinliyini aradan qaldıra bilər. Bu halda şirkət bu işləri bütünlükdə investisiya bankına həvalə edir və o, şirkətin qiymətləndirilməsini həyata keçirərək bütün inzibati işləri görür və qiymətli kağızların reallaşdırılmasına, yəni bazarda satılmasına köməklik göstərir. Respublikamızda investisiya banklarının fəaliyyət göstərməməsi bir çox çətinliklər yaradır və maliyyə bazarının bir çox problemlərinin aradan qaldırılması prosesini ləngidir. Belə ki, investorların və emitentlərin sayının az olmasının əsas səbəblərindən biri kimi kommersiya banklarında kreditlərə yüksək, depozit qoyuluşuna isə aşağı faiz dərəcəsinin tətbiq olunmasıdır ki, bu halda gəlir əldə etmək istəyən və ya maliyyə vəsaiti qıtlığı ilə üzləşən şirkət kommersiya bankına üz tutmaqdan qaçır. Bu halda respublikamızda investisiya banklarının yaradılmasına kəskin ehtiyac yaranır ki, sadalanan çətinliklərlə üzləşən şirkətlər maliyyə bazarına çıxışın “açarı” kimi məhz bu qurumların xidmətindən istifadə edə bilsinlər. Bildiyimiz kimi, son illərdə respublikamızda investisiya iqliminin və maliyyə bazarının stimullaşdırılması məqsədilə bir çox işlər görülmüşdür ki, bunlardan ən əhəmiyyətlisi investorların hüquqlarının müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsidir. İnkişaf etmiş xarici ölkələrdə olduğu kimi, artıq ölkəmizdə də investorlar sərbəst fəaliyyət göstərə və öz hüquqlarının pozulması halları ilə bağlı aidiyyəti orqanlara müraciət edə bilərlər. Bu halda onların şikayətlərinə baxılması və səmərəli tədbirlərin görülməsi dövlətin bilavasitə vəzifəsi hesab olunur. Bazar iqtisadiyyatı şəraitində müəssisə və təşkilatların davamlı mənfəətliliyinin təmin edilməsi, etibarlı tərəfdaşların tapılması, sağlam maliyyə mənbələrinin axtarılması üçün etibarlı və dürüst informasiya lazımdır. Belə informasiya isə müasir standartlara cavab verən uçot və hesabat sistemi vasitəsilə hazırlana bilər.  İnkişaf etmiş xarici ölkələrdə maliyyə hesabatlılığı sistemi yüksək səviyyədə inkişaf etmişdir və  şirkətlər birmənalı olaraq illik maliyyə hesabatlarını ictimaiyyətə təqdim etməyə borcludurlar. Respublikamızda Beynəlxalq Maliyyə Hesabatları Standartlarının artıq tətbiq olunmasına baxmayaraq bu sistem hələ də təkmil fəaliyyət göstərmir və demək olar ki, yalnız kommersiya bankları və bəzi açıq səhmdar cəmiyyətlər illik maliyyə hesabatlarını ictimaiyyətə təqdim edirlər.

Bu müddət ərzində bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq bir çox tədbirlər görülmüşdür. Özəlləşdirmə, qiymətlərin liberallaşdırılması, birgə müəssisələrin yaradılması və xarici investorların ölkəyə cəlb olunması, iqtisadi islahatların keçirilməsi və bu yöndə müxtəlif qanunların qəbulu, dövlət proqramlarının hazırlanması və tətbiqi bu tədbirlərin yalnız bir hissəsidir. Ölkəmizdə maliyyə bazarının inkişafını zəruri edən əsas amil bazar iqtisadiyyatının qurulmasında xarici investisiya axınının labüdlüyü ilə meydana çıxdı. Həyata keçirilən tədbirlərə baxmayaraq müasir dövrdə ölkəmizdə maliyyə bazarının inkişaf  etdirilməsi istiqamətində hələ çox işlər görülməlidir. Təcrübə göstərir ki, istər ümumi maliyyə sisteminin, istərsə də maliyyə bazarının inkişafına beynəlxalq təcrübə mövqeyindən yanaşma bu sahədə bir çox problemlərin aradan qaldırılmasına köməklik göstərə bilər:

–  respublikamızda qiymətli kağızların alınmasına, ümumilikdə maliyyə bazarına maraq az olduğundan bu fəaliyyəti stimullaşdırmaq üçün informasiya təminatı yüksək səviyyəyə çatdırılmalı, qiymətli kağızlar bazarı investorlara qoyulan investisiyaların riski və gətirə biləcəyi mənfəət haqqında tam informasiyanı təmin etməlidir.

–   müvafiq qurumlarla birlikdə qiymətli kağızlar bazarında vergitutma məsələlərinin təkmilləşdirilməsi, dünya təcrübəsində istifadə olunan və investisiyaların artımı üçün əlverişli mühitin yaradılması baxımından tətbiq  edilməsi zəruri hesab olunan vergi güzəştlərinin  həyata keçirilməsi.

–  ayrı-ayrı şərtlərlə və müxtəlif investor təbəqələri üçün dövlət qiymətli kağızlarının buraxılması.

–  respublikamıza cəlb olunan xarici investisiyaların əsas hissəsi neft sektoruna istiqamətlənmişdir, bu proporsiyanı dəyişərək qeyri-neft sektorunun inkişafı, dövlət əhəmiyyətli iri layihələrin maliyyələşdirilməsi üçün istiqrazların buraxılması, eləcə də respublikamızda dövlət və qeyri-dövlət qiymətli kağızlarının dünyanın ən inkişaf etmiş fond bazarlarına çıxışının təmin olunması.

–  pensiya sistemində islahatların aparılması, əhalinin diqqətinin daha çox cəlb edilməsi və maliyyə savadlılığının artırılması üçün tədbirlərin görülməsi respublikada qiymətli kağızların alış həcminin artmasına, bununla da qiymətli kağızlar bazarının inkişafına səbəb olacaqdır.

– bəzi ölkələrdə xarici investisiyaların cəlbi üçün güzəştli rejim yaradılmışdır. Buna misal olaraq bələdiyyələrin yaratdığı “sənaye meydançaları” adlanan xüsusi sahələri  göstərmək olar. Burada əvvəlcədən qurulmuş istehsal infrastrukturu olur və xarici investorlar güzəştli əsaslarla bu infrastrukturdan istifadə edirlər. Respublikamızda da bu tip xüsusi sahələrin yaradılması maliyyə bazarının inkişafına təkan verə bilər.

–  ölkəmizdə risk qiymətləndirilməsi ilə məşğul olan xüsusi təşkilatların fəaliyyət göstərməməsi xarici investorların ölkəyə axınının nisbətən qarşısını almış olur. Belə ki, xarici investor kapital qoyduğu ölkədə qarşılaşa biləcəyi risk bardə məlumatsız olur və ölkəmizdə bu məlumatı investora verə biləcək xüsusi şirkətlərin olmaması maliyyə bazarının inkişafını ləngidir. İstər dövlət, istərsə də, özəl sektorda bu cür şirkətlərin yaradılması fikrimcə faydalı ola bilər.

–  respublikamızda investisiya banklarının fəaliyyətinə də xüsusi ehtiyac vardır. İnvestisiya bankları inkişaf etmiş maliyyə bazarlarının əsas iştirakçısı hesab olunur, çünki o, investorla emitent arasında mühüm  vasitəçi rolunu oynayaraq investorun maksimum gəlir əldə etməsinə şərait yaradır. İlkin mərhələdə respublikamızda bu vəzifəni kommersiya banklarına vermək, fəaliyyət uğurla nəticələnərsə ayrıca investisiya banklarının yaradılmasına başlamaq olar.

–  fond birjasının hüquqi və təşkilati cəhətdən qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, yeni ticarət sisteminin tətbiqi ilə baza və törəmə maliyyə alətlərinin ticarəti imkanlarının genişləndirilməsi, qiymətli kağızların və onlar üzərində hüquqların qeydiyyatı və uçotu mexanizmlərinin sadələşdirilməsi.

–  maliyyə vasitəçiliyi xidmətlərinin regional əhatəsinin və bu növ xidmətlərə çıxış imkanlarının genişləndirilməsi.

–  investisiya şirkətlərinin fəaliyyətini tənzimləyən zəruri normativ hüquqi bazanın formalaşdırılması və onların fəaliyyətinin təşviqi. Eyni zamanda, maliyyə bazarının fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi.

–  kiçik və orta sahibkarlar üçün alternativ birja ticarəti platformasının yaradılması, onların fond bazarından maliyyələşmə imkanlarının artırılması və təşviqi.

– Maliyyə bazarında əsas informasiya bazası hesab olunan maliyyə hesabatlarının şəffaflığının təmin olunması ilə əlaqədar olaraq tədbirlərin həyata keçirilməsi, bu sahədə kadr hazırlığına xüsusi diqqət yetirilməsi məqsədəuyğun hesab olunur.

 Əvəz ƏLƏKBƏROV,
Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri,
iqtisad elmləri doktoru, professor, “Professorlar” klubunun rəyasət heyətinin sədri,
Elnur SADİQOV,
iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında