Azərbaycan MDB-də iqtisadi böhrana uğramayan yeganə dövlətdir

"Azərbaycan MDB ölkələri içərisində iqtisadi böhrana uğramayan yeganə dövlətdir. Azərbaycan nəinki böhrana uğramadı, hətta bu ölkənin ümumi daxili məhsulunda artım müşahidə olunmuşdur".
Bu sözləri Müstəqil Dövlətlər Birliyinin (MDB) icraçı katibi Sergey Lebedev demişdir. "Rossiyskaya qazeta" xəbər verir ki, S.Lebedev böhranın daha çox xarici iqtisadi və maliyyə təşkilatlarından asılı ölkələrə təsir göstərdiyini bildirmişdir.O, eyni zamanda Qazaxıstan, Rusiya, Ukrayna, Moldova və Ermənistanda bunun daha çox fəsadlarının müşahidə olunduğunu vurğulamışdır.
MDB rəsmisi demişdir: "İqtisadi böhrandan daha çox Qırğızıstan və Tacikistan əziyyət çəkmişdir. Azərbaycan, Qazaxıstan və Rusiyanın iqtisadiyyatında isə hazırda dinamik inkişaf gedir".
Azərbaycan hazırda dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında layiqli yer tutur. Bu, ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir. Ölkəmiz sosial-iqtisadi inkişafın, tərəqqinin özünəməxsus, mütərəqqi, milli modelini formalaşdırıb. İnkişafın Azərbaycan modeli adlanan bu model sayəsində ölkəmiz gündən-günə qüdrətlənən bir ölkəyə çevrilib. Qazanılan uğurların miqyasının davamlı olaraq genişləndirilməsi Azərbaycanı yeni böyük nailiyyətlərə doğru aparır. Başqa sözlə, sürətli, davamlı inkişaf ölkəmizdə sosial-iqtisadi tərəqqinin prioritet xəttini təşkil edir. Məhz bunun sayəsində ölkəmiz gündən-günə inkişaf edir, insanların sosial-iqtisadi rifahı getdikcə yaxşılaşır. Bu mənada, 2010-cu ilin sosial-iqtisadi yekunlarını ölkəmiz üçün hər cəhətdən uğurlu saymaq mümkündür.
Belə ki, qlobal iqtisadi məkanda 2009-cu ildə başlayan maliyyə böhranı 2010-cu ildə davam etsə də, Azərbaycan ötən ildə müsbət sosial-iqtisadi inkişaf təmayülünü qorumağa və möhkəmləndirməyə müvəffəq olub. Bu, o deməkdir ki, 2010-cu ildə Azərbaycanda sosial-iqtisadi, siyasi, mədəni, hərbi və digər sahələrdə qarşıya qoyulan vəzifələr böyük uğurla yerinə yetirilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan 2010-cu ildə böyük uğurlar, nailiyyətlər əldə edib: "Bizim iqtisadiyyatımız artmışdır, ölkədə bütün sosial proqramlar öz həllini tapmışdır, bütün infrastruktur layihələri icra edilmişdir. Bir sözlə, 2010-cu ildə ölkə qarşısında duran bütün vəzifələr şərəflə yerinə yetirilmişdir". Ümumilikdə 2010-cu ildə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi ilə yadda qalıb. Bu mənada, Azərbaycan davamlı, uğurlu inkişafa nail olan islahatçı dövlət kimi, öz reytinqini, nüfuzunu bir qədər də möhkəmləndirib. Bütün bunlar tanınmış beynəlxalq qurumların müvafiq hesabatlarında və qiymətləndirmələrində öz dolğun ifadəsini tapıb.
Ötən il Azərbaycan iqtisadiyyatının təqribən 5 faiz, əhalinin pul gəlirlərinin 12 faiz artması, inflyasiyanın cəmi 5,7 faiz təşkil etməsi deyilənlərə əyani misaldır. 2010-cu ildə Azərbaycanda strateji əhəmiyyətli sosial-iqtisadi layihələrin icrası davam etdirilib, bununla bağlı ölkəyə 15 milyard dollar həcmində sərmayə qoyulub. Ölkəmizin valyuta ehtiyatları 2010-cu ildə əhəmiyyətli dərəcədə artaraq, 20 milyard dollardan 29 milyard dollara çatıb. Əgər 2006-cı ilin dövlət büdcəsində investisiya layihələrinin maliyyələşdirilməsinə 600 milyon manat ayrılmışdısa, 2007-ci ildə bu rəqəm 1,5 milyard, 2008-ci ildə 4,3 milyard, 2009-cu ildə 5,6 milyard, 2010-cu ildə 4,1 milyard manat təşkil edib. 2011-ci ildə bu məqsədlə 3 milyard 380 milyon manatın ayrılması da dövlət büdcəsinin investisiyayönümlü olduğunu göstərir.
Dünyada enerji resurslarının qiymətinin dövri olaraq artıb-azalması ilə bağlı yaranan sosial-iqtisadi böhran davam etsə də, 2010-cu ildə Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olan neft-qaz sektorunda da böyük uğurlar əldə edilib. Belə ki, bu müddət ərzində ölkəmizdə 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil olunub. Təqdirəlayiq məqamlardan biri də budur ki, ötən il ölkəmizdə perspektivli neft-qaz yataqlarının aşkarlanması, kəşf edilməsi sahəsində də mühüm nailiyyətlər əldə olunub. Belə ki, 2010-cu ildə Azərbaycanda daha bir böyük qaz yatağı kəşf edilib. "Ümid" yatağı adlandırılan bu yataq Azərbaycan neftçiləri tərəfindən kəşf olunub. İlkin qiymətləndirilmələrə görə, bu yatağın qaz ehtiyatları 200 milyard kubmetrdən artıqdır. Bu qaz yatağının aşkarlanması Azərbaycanın böyük enerji potensialını daha da artırır. "Ümid" yatağının aşkar edilməsi bir çox Avropa ölkələrinin energetika sahəsində strateji tərəfdaş kimi Azərbaycana marağını artırıb və Azərbaycanın enerji potensialının dünya bazarlarına layiqincə təqdim edilməsi üçün çox əhəmiyyətli hadisədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün bunlar beynəlxalq münasibətlərin hüquqi subyekti və sivil dünyada ciddi strateji tərəfdaş kimi, Azərbaycanın siyasi çəkisini və nüfuzunu daha da artırır, möhkəmləndirir: "Biz dünyanın enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz töhfəmizi veririk. Azərbaycan çox etibarlı tərəfdaşdır və bizim neft-qaz resurslarımız ölkəmizi, ölkə iqtisadiyyatını gücləndirir, eyni zamanda, bizim beynəlxalq mövqelərimizi də gücləndirir". Burada Azərbaycan Prezidentinin indiyə qədər imzaladığı strateji əhəmiyyətli bir sıra dövlət proqramlarının 2010-cu ildə uğurlu icrasını xüsusi qeyd etmək lazımdır. Bəlli olduğu kimi, müvafiq dövlət proqramları vətəndaşları uzun illərdən bəri narahat edən, qayğılandıran bir sıra problemlərin kompleks həllini nəzərdə tutur. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, paytaxtın və rayonların elektrik enerjisi, işıq və qazla təchizatının yaxşılaşdırılması, həm də yeni istehsal müəssisələrinin yaradılması və normal fəaliyyət göstərməsi baxımından vacibdir. Azərbaycanda qeyri-neft sektorunun sürətlə inkişafı, yeni enerjitutumlu istehsal müəssisələrinin fəaliyyətə başlaması elektrik enerjisinə, mavi yanacağa, suya olan tələbatı da kəskin surətdə artırır. Bunu nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev qısa müddətdə energetika sahəsinin kompleks inkişafını nəzərdə tutan Dövlət Proqramı imzalayıb, əhalinin mavi yanacaqla təminatının yaxşılaşdırılmasını hökumət qarşısında mühüm məsələlərdən biri kimi müəyyənləşdirib. Müvafiq proqramın uğurlu icrası sayəsində 2010-cu ildə ölkəmizin enerji infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf etdirilib.
Prezident İlham Əliyev dövlətin, cəmiyyətin sosial rifahını, gələcəkdə əldə edəcəyi böyük faydaları nəzərə alaraq, böyük maliyyə hesabına başa gələn infrastruktur layihələrini gerçəkləşdirməyi vacib sayır. Dövlət başçısı hər zaman vurğulayır ki, Azərbaycan vətəndaşlarının normal yaşayışı üçün kommunal xidmətlərin səviyyəsi yüksəldilməli, əhali fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmalıdır. İnfrastruktur layihələrinə dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən-ilə daha da artması Prezident İlham Əliyevin bu məsələyə xüsusi diqqət yetirdiyini bir daha təsdiqləyir.
Bu baxımdan, 2010-cu ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı ikinci Dövlət Proqramının icrası çərçivəsində regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən, elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial rifahının daha da yüksəldilməsi istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib. Ötən il respublikamızın müxtəlif bölgələrində - Şirvan şəhərində, Şabran, Quba və Füzuli rayonlarında modul tipli elektrik stansiyalarının tikintisi davam etdirilib.
İnşası başa çatdırılan mühüm layihələr sırasında Oğuz-Qəbələ-Bakı su kəməri strateji əhəmiyyət daşıyır. Artıq istifadəyə veriləndən sonra Oğuz və Qəbələ ərazisindəki yeraltı su mənbələri hesabına Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində su nəql edilir və şəhər əhalisi yüksək keyfiyyətli içməli su ilə təmin olunur. Eyni zamanda, "Taxtakörpü" su anbarının inşası nəticəsində Bakı və Sumqayıt şəhərlərinin, ümumilikdə Abşeron yarımadasının içməli, suvarma və texniki su ilə təminatı 2 dəfə yaxşılaşacaq ki, bu da Azərbaycanın sosial-iqtisadi tərəqqisinə çox mühüm töhfədir.
Ölkənin davamlı, dinamik sosial-iqtisadi inkişafı dayanıqlı infrastrukturun və etibarlı nəqliyyat sisteminin inkişafını zəruri edir. Regionların sosial-iqtisadi inkişafı tədbirləri çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 2003-2010-ci illərdə regionlarda 1500 kilometrə yaxın magistral yollar çəkilib və ya əsaslı təmir edilib. Eyni zamanda, 800 kilometr respublika əhəmiyyətli, 2700 kilometr yerli əhəmiyyətli yollarda təmir işləri aparılıb. Quba-İspik-Xınalıq, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Gəncə-Qazax, Hacıqabul-Kürdəmir, Biləsuvar - İran İslam Respublikasının dövlət sərhədi avtomobil yolları yenidən qurularaq istismara verilib.
Yazının əvvəlində qeyd etdiyimiz kimi, 2010-cu ildə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi ilə yadda qalıb. Bu mənada, Azərbaycan davamlı, uğurlu inkişafa nail olan islahatçı dövlət kimi, öz reytinqini, nüfuzunu bir qədər də möhkəmləndirib. Bütün bunlar tanınmış beynəlxalq qurumların müvafiq hesabatlarında və qiymətləndirmələrində, o cümlədən MDB-nin icraçı katibi S. Lebedevin sözügedən fikrində öz dolğun ifadəsini tapıb.

{nl}


Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında