Azərbaycanın reallaşdırdığı infrastruktur layihələri ölkəmizin geosiyasi əhəmiyyətini artırır

Ölkəmizin həyata keçirdiyi yol infrastrukturu keyfiyyətin reytinq göstəricisinə görə Avropa və MDB dövlətlərinə nümunədir. Son illər bu istiqamətdə reallaşan tədbirlər respublikamızın iqtisadi qüdrətini daha da artırmış, təhlükəsizliyin təmin olunmasında və müstəqilliyimizin daha da möhkəmləndirilməsində böyük rol oynamışdır. Bu günlərdə Bakı-Tbilisi Qars dəmir yolu xəttinin istismara verilməsini xüsusi ilə qeyd etmək istərdim. Bu yol ölkələr arasında dostluq və əməkdaşlığın daha da möhkəmləndilriməsində böyük rol oynayacaq. Məsələ təkcə bununla bitmir.

Bu il 14 sentyabr tarixi ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gün kimi yaddaşlara həkk olundu. Həmin gün “Azəri-Çıraq-Günəşli” (AÇG) nəhəng neft yatağının işlənilməsində yeni dövr başlandı. Yeni sazişin ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb etdiyi hər kəsə yaxşı məlumdur. Məhz o gün “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Bu, Azərbaycan üçün çox faydalıdır. Baxmayaraq ki, 1994-cü ildə imzalanmış saziş də ölkəmizin maraqlarını tam təmin edirdi. Budəfəki saziş isə daha əlverişli şərtlərlə imzalandı. Faktlara diqqət yetirək: sazişin bir hissəsi kimi SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcəklər. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Növbəti 32 il müddətində AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması gözlənilir. Bu sazişin yeni “Əsrin müqaviləsi” adlandırılması da təsadüfi deyil. Çünki Azərbaycanın gələcək inkişafı, ölkənin maliyyə imkanlarının, iqtisadi qüdrətinin genişləndirilməsi üçün bu müqavilənin çox böyük əhəmiyyəti var.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması mərasimində Azərbaycan hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmilərinin iştirakı ölkəmizin dünya birliyində söz sahibinə çevrilməsindən xəbər verir. Bunu müqavilədə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil”, “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remco”, “Delta”) iştirak etməsi də təsdiqləyir.

Bu, tarixi əhəmiyyətli qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi və dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.

“Əsrin müqaviləsi” imzalanandan bu günə qədər neft strategiyası uğurla icra edilir, daha da zənginləşir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizə daha önəmli sərmayələr cəlb edilir. Bu gün Azərbaycanın öz hesabına yaşamasında, dünya birliyində söz sahibinə çevrilməsində və iqtisadi inkişafda, həmçinin kifayət qədər böyük valyuta ehtiyatlarının olmasında “Əsrin müqaviləsi”nin xüsusi rolu qeyd edilməlidir. Mənbəyini bu tarixi müqavilədən götürən zəngin potensialımız hazırda Azərbaycanı regionun lider dövlətinə çevirib.

“Əsrin müqaviləsi”nin ölkəmizə gətirdiyi dividendlər yeni infrastruktur layihələrinin reallaşdırılmasına zəmin yaratdı. Bundan sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin reallaşdırılması ölkəmizin iqtisadi gücə malik olmasını bir daha təsdiqlədi.

Oktyabrın 30-da Azərbaycanın yenidən dünyanın diqqət mərkəzində olmasının başlıca səbəblərindən biri də məhz düzgün müəyyənləşdirilmiş strategiyanın məntiqi nəticəsidir. Bu dəfə də ölkəmiz yaddaşlara əbədi həkk olunan daha bir uğura imza atmaqla beynəlxalq əhəmiyyətli infrastruktur layihəni realaşdırmağa qadir olduğunu təsdiqlədi. Həmin gün böyük təntənə ilə Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirildi. Mərasimdə Azərbaycanın və qardaş Türkiyənin dövlət başçılarının, həmçinin Gürcüstan Qazaxıstan və Özbəkistanın baş nazirlərinin iştirakları, Xəzər dənizi ilə Qazaxıstandan gətirilən taxılın Bakı-Tbilisi-Qars dəmir yol xətti ilə Türkiyənin Mersin limanına yola salınması müstəqilliyimizin tarixinə yazılmış əlamətdar hadisələrdən biri oldu.

Bu layihənin reallaşdırılması Çin, Mərkəzi Asiya və Avropa iqtisadiyyatlarını Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən dəmir yolu tranzit xətti vasitəsilə birləşdirmək baxımından atılan tarixi addımdır.

Qədim Böyük İpək Yolunun dirçəlişi kimi qiymətləndirilən Bakı-Tbilisi-Qars dəmir yolu artıq rəsmən istismara verildi və bu yol vasitəsilə göndərilən ilk yük ünvanına çatdırıldı. Bütün beynəlxalq və regional layihələrin reallaşması prosesində fəal iştirakı ilə diqqəti cəlb edən Azərbaycanın TRASEKA, “Şimal-Cənub” kimi iri nəqliyyat dəhlizlərindən sonra Bakı-Tbilisi-Qars dəmir yolu kimi yeni bir layihəni gündəmə gətirməsi və həyata vəsiqə alması üçün bütün imkanlardan istifadə etməsi, nəhayət qarşıya qoyduğu çətin və mürəkkəb vəzifənin öhdəsindən layiqincə gəlməsi ölkəmizi tranzit daşımaların mərkəzinə çevirdi.

Bu gün işğalçılıq siyasətindən hələ də əl çəkməyən, qonşu ölkələrin əraziləri hesabına dövlət kimi formalaşan Ermənistanın bu layihədən kənarda qalması düşmənə ağır zərbə oldu. Ərazisinin 20 faizinin düşmən əsarətində olmasına baxmayaraq, Azərbaycan regionda söz sahibi olduğunu bir daha təsdiqlədi.

Yeni istifadəyə verilmiş beynəlxalq əhəmiyyətli yoldan yükdaşıma ilə bərabər sərnişindaşımada da istifadə ediləcək. Sevindirici haldır ki, Bakı-Tbilisi-Qars dəmir yolu sərnişin qatarının ilk sərnişinləri açılış mərasiminə qatılan dövlət və hökumət liderləri oldu və onlar qatarla 12 dəqiqəlik qısa səfərə çıxdılar.

Açılış mərasimində çıxış edən möhtərəm Prezidentimiz İlham Əliyev Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin böyük əhəmiyyət kəsb etdiyini bildirmiş və bunu tarixi layihə adlandırmışdır. Dövlətimizin başçısı demişdir ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir: “Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq”.

Layihənin açılış mərasimdə çıxış edərək yeni istifadəyə verilmiş dəmiryolu xəttini regionun dirçəlişi üçün unikal şans adlandıran qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdir ki, bu layihənin reallaşdırılması ilə bölgənin istiqbalı üçün önəmli bir addım atılır. Onun “Bölgəmiz nəqliyyatdan ticarətə, turizmdən enerjiyə qədər iqtisadiyyatın bir çox sektorları üçün nəhəng potensiala sahibdir”– deməsi bir daha təsdiqlədi ki, Bakı-Tbilisi-Qars dəmir yolu bu potensialdan səmərəli istifadə olunmasında böyük rol oynayacaq. Prezident Rəcəb Tayyib Ərdoğan reallaşan layihənin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdıraraq demişdir ki, bu gündən bütün Asiya cümhuriyyətləri ilə dəmir yolu ilə bağlanırıq: “Qısa zamanda bu yolla 3 milyon sərnişin, 17 milyon ton yük daşınacaq. Sürətli qatarların dövriyyəyə girməsi ilə ortaq dəhliz üzərindən Orta Asiyadan Avropaya yük daşımaları 12-15 günə gerçəkləşəcək. Önəmli olan odur ki, bu layihə yalnız iqtisadi deyil, mədəni və sosial inkişafa da təkan verəcək.

Göründüyü kimi, yeni istifadəyə verilmiş dəmir yolu xətti Azərbaycanın, eləcə də Türkiyə və Gürcüstanın dünya birliyi ilə əlaqələrini daha da genişləndirəcək, iqtidsadi qüdrətinin artırılmasında müstəsna rol oynaycaq. Bunu bir sıra Asiya ölkələrinin, o sıradan Çinin yük daşımaları ilə bağlı Azərbaycanla danışıqlara başlaması da təsdiqləyir. Çindən çıxan yüklər Qazaxıstan və Türkmənistandan, Xəzər dənizindən su yolu ilə Ələt limanına, daha sonra isə Gürcüstandan Türkiyənin Aralıq dənizindəki limanlarına çıxarılacaq. Buna qədər isə Çindən Avropaya gedən bütün dəmir yolları Rusiyadan keçirdi. Deməli, yeni layihə strateji baxımdan çox əhəmiyyətlidir.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin iqtisadi əhəmiyyəti qədər siyasi əhəmiyyəti də var. İlk növbədə bu layihə Azərbaycanın bölgədə statusunu daha da artıracaq. Çünki Çindən gətirlən mallar Azərbaycandan keçməklə Avropaya, Böyük Britaniyaya qədər məsafə qət edəcək və respublikamız Qədim İpək Yolu layihəsinin tərkib hissəsinə çevriləcək. Məlum olduğu kimi, Azərbaycan layihənin maliyyələşdirilməsini öz üzərinə götürmüşdü. Bu məqsədlə respublikamız Gürcüstana ildə 1 faiz dərəcəsi ilə 25 illiyə 220 milyon dollar kredit verib. Bu da ölkəmizin siyasi statusunu artırır. ABŞ rəsmilərinin də layihə barədə müsbət fikir səsləndirmələri ölkəmiz üçün böyük siyasi əhəmiyyət kəsb edir. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın bu layihənin Azərbaycan üçün böyük əhəmiyyətindən danışması da bundan xəbər verir.

Bu əhəmiyyətli layihənin istismara verilməsindən bir gün sonra Prezident İlham Əliyevin İran İslam Respublikasına işgüzar səfərinin əsas səbəbi və Tehranda İran və Rusiya prezidenləri ilə görüşlər keçirməsi, hər üç dövlətin iqtisadi maraqlarını əks etdirən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşdırılması prosesi olub.

Qeyd etmək istərdim ki, Azərbaycanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulması, bu istiqamətdə yük və sərnişin daşımalarında fəal iştirakı respublikamızın iqtisadi maraqlarına, tranzit yüklərin daha geniş cəlb olunmasına, iqtisadiyyatımızın artmasına, həmçinin ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradacaq. Beynəlxalq əhəmiyyətli belə irimiqyaslı layihələrin reallaşdırılması Azərbaycanın mövqelərini getdikcə möhkəmləndirir. Layihənin gercəkləşməsi istiqamətində atılan addımlar ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Çünki Azərbaycan və İran arasında dəmir yolu xətləri mövcud olmadığından yüklər sərhəd-keçid məntəqələrindən avtomobil nəqliyyatı ilə daşınır. Bu baxımdan “Şimal-Cənub” nəqliyyat dəhlizinin reallaşması hazırda Azərbaycan Respublikası ilə İran İslam Respublikası qarşısında duran prioritet məsələlərdən biridir. Bu layihə böyük siyasi və iqtisadı əhəmiyyətə malikdir. Ən əsası, Azərbaycan və İran arasında əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək.

Bütün bunlar Azərbaycanın qısa müstəqillik tarixində bir-birinin ardınca iri miqyaslı beynəlxalq uğurlara imza atmasında zəngin təcrübə qazanmasından xəbər verir. Belə layihələrin reallaşdırılması həmin layihələrdən faydalanan bütün ölkələr arasındakı əməkdaşlığı daha da dərinləşdirəcək və inkişafın yeni müstəvisinə qədəm qoyacaqdır.

Mirkazım KAZIMOV,
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasınn üzvü

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında