Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, xalq–iqtidar birliyi iqtisadi sahədə də həm investisiyaların cəlb edilməsini, həm yerli investorların investisiyaları ölkəmizə həvəslə yatırmalarını təmin etmişdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Dünya düzənində baş verən siyasi proseslər, on ildən artıq bir müddətdə beynəlxalq iqtisadi müstəvidə tüğyan edən və bilavasitə siyasi motivlərlə müşayiət olunan, təəssüf ki, hələ də sonu görünməyən iqtisadi böhran şəraitində Azərbaycan kimi kiçik bir ölkənin iqtisadi cəhətdən güclənməsi və onun ictimai-siyasi sabitlik nümunəsinə çevrilməsi gənc müstəqil dövlətimizin böyük uğurudur.
Dünyada baş verən siyasi gərginliklər kontekstində Azərbaycan
Ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan və Prezident İlham Əliyev tərəfindən eyni uğurla davam etdirilən balanslaşdırılmış xarici siyasət bu gün Azərbaycanı bölgənin siyasi güc mərkəzinə çevirə bildi. İndi Azərbaycan tək Cənubi Qafqazın deyil, bütövlükdə yerləşdiyi regionun ən nüfuzlu söz sahiblərindən biridir. Regionda reallaşdırılan böyük transmilli layihələrdə Azərbaycanın öz payı və öz sözü var. Azərbaycanın siyasi çəkisi artıq o həddə yüksəlib ki, hazırda o, nəhəng dövlətlər arasında baş verən siyasi anlaşılmazlıqların nizamlanmasında vasitəçilik missiyasını uğurla yerinə yetirir.
Bütün bunlar neçə illərdir düzgün aparılan balanslaşdırılmış xarici siyasətin nəticəsində mümkün olmuşdur. Lakin təəssüf ki, həm ölkə daxilində, həm də onun xaricində bəzi mənfur qüvvələr Azərbaycanın bu mövqeyinə qara yaxmağa çalışaraq həmin siyasətin əvəzlənməsini, kimlərinsə Azərbaycana böyük qardaşlıq etməsinin vacibliyini sübut etməyə çalışırlar. Bu yanlışlığa yol verənlər bir qayda olaraq unudurlar ki, özünü demokratiyanın beşiyi adlanıran yaxın və uzaq Qərb dövlətləri üçün onların sərhədlərindən kənardakı demokratiya bu dövlətlərin maraqlarına xidmət edən və bir qayda olaraq ikili standartlara söykənən eybəcər siyasətdir. Son onillikdə gözlərimiz qarşısında baş vermiş hadisələr dediklərimizə tam aydınlıq gətirir.
ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sanksiyası olmadan İraqın kimyəvi silaha malik olduğunu iddia edərək bu ölkəyə hərbi müdaxilə etməsi və bu müdaxilənin 10 ildən artıq bir müddətdə milyonlarla insanın həyatına sağalmaz yaralar vurması bu gün də davam edir. Ən əsası isə budur ki, İraqın süqutundan sonra orada heç bir kimyəvi silah tapmayan ABŞ və hərbi müdaxilə üçün onun yaratdığı koalisiyaya üzv dövlətlərdən heç biri nə bu ölkənin xalqından, nə də beynəlxalq ictimaiyyətdən üzr istəmək qədər səmimi ola bilmədilər.
Başqa bir misal. Yaxın Şərqdə narıncı inqilablar təşkil etmək yolu ilə bu ölkələrin çoxunu İraqın gününə salan, ikili standartlara söykənərək demokratiya pərdəsi altında aparılan siyasətin hansı fəsadlar törətdiyi də hamımıza məlumdur. Odur ki, Azərbaycanın özünə böyük qardaş axtarmadan yürütdüyü balanslaşdırılmış xarici siyasət onun böyük uğurudur. Heç kəs düşünməsin ki, torpaqlarının 20 faizindən çoxu işğal altında olan Azərbaycan kimi kiçik bir dövlət üçün nəhəng güclər qarşısında belə müstəqil və balanslaşdırılmış siyasət yürütmək asandır. Bu işin nə qədər çətin və ağır olduğunu bu siyasətin sükanı arxasında olan cənab Prezident İlham Əliyev qədər yaxşı bilən ola bilməz. Belə bir siyasət aparmaq isə çox şərəfli və şərəfli olduğu qədər də dövlətçiliyimiz üçün önəmlidir.
Beynəlxalq iqtisadi müstəvidə baş verən proseslər kontekstində Azərbaycan
Son on ildə dünyada davam edən və əsasən də siyasi motivlərlə müşayiət olunan, sonu isə hələ də görünməyən iqtisadi tənəzzül şəraitində Azərbaycan iqtisadiyyatın sürətli inkişaf yolunu seçməklə ölkəmizin iqtisadi potensialının və maliyyə imkanlarının xeyli möhkəmlənməsinə nail oldu. Bu dövr ərzində Ümumi Daxili Məhsulun həcmi 2,3 dəfə, büdcə gəlirləri isə 2,9 dəfə artırıldı. Böyük neft pullarının daxil olduğu bu dönəmdə nəhəng infrastruktur layihələrinin reallaşdırılması hesabına ölkə iqtisadiyyatının qeyri-neft sektorunun sürətli inkişafını təmin edə biləcək yaxşı bünövrə qoyuldu. Bunun nəticəsidir ki, indi Azərbaycanın bütün bölgələrində enerji, su, qaz təminatı sahəsində heç bir problem yaşanmır. Paytaxt Bakı da daxil olmaqla, ölkənin bütün yol infrastrukturu demək olar ki, tamamilə yenidən qurulub. Bütün bu deyilənlərin nəticəsi olaraq Azərbaycanda xarici kapitalın cəlb edilməsi, azad sahibkarlığın və biznesin inkişafı üçün çox münbit şərait yaradılıb.
Təəssüflər olsun ki, belə şəraitin yaradıldığı bir vaxtda dünya düzənində baş verən siyasi çəkişmələr, iqtisadi reallıqlarla heç də uzlaşmayan proseslər bizim üçün də müəyyən maliyyə çətinlikləri yaratdı. Söhbət ABŞ-la Rusiya arasında Ukraynanın şərqində və Krımda baş verən hadisələr kontekstində böyük gücün dirijorluğu ilə neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən gedir. Bu addım Rusiya iqtisadiyyatını çökdürməyə hesablansa da, onun acı nəticələrini bütün neft ölkələri, o cümlədən Azərbaycan da müəyyən qədər dadmalı oldu.
Lakin real sektorun sürətli inkişafını təmin edəcək bünövrəni yaradan Azərbaycan hökuməti bu vəziyyətdən ən doğru çıxış yolunu tapa bildi. 2015-ci ilin sonlarından başlayaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında iqtisadiyyatın real sektora transformasiya edilməsinə start verildi. Qısa bir müddətdə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun sürətli inkişafına mane olan bütün neqativ halların aradan qaldırılmasını, rüşvət və korrupsiyaya qarşı mübarizəni nəzərdə tutan addımlar atıldı. Bir neçə ay ərzində real sektorda inqilabi dəyişiklikləri hədəfləyən onlarca qərar və sərəncamlar qəbul olundu. Nəhayət, Azərbaycan iqtisadiyyatının yaxın, orta və uzaq perspektivdə inkişaf konturlarını özündə əks etdirən Strateji Yol Xəritələri təsdiq edildi.
Son iki ildə neftin qiymətlərinin və onun hasilatının aşağı düşməsi üzündən Ümumi Daxili Məhsulda müəyyən azalmalar qeydə alınsa da qeyri-neft sektorunun sürətli inkişafı ümumi iqtisadi geriləməni dayandırmaqda mühüm rol oynayır. Gözləntilər onu deməyə əsas verir ki, real sektorda qazanılan uğurlar bizə cari ili iqtisadi artımla başa vurmağa imkan verəcəkdir . Azərbaycan hökumətinin apardığı iqtisadi islahatlara dünyanın aparıcı beynəlxalq iqtisadi və maliyyə qurumları, nüfuzlu reytinq agentlikləri yüksək qiymət verirlər. Bu yaxınlarda Azərbaycan iqtisadiyyatının dünya miqyasında öz rəqabətqabiliyyətliliyinə görə iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə yüksəlməsi də görülən işlərə verilən ən obyektiv qiymətdir.
Bu gün Azərbaycan iqtisadiyyatının real sektorunun və onun aparıcı sahəsi olan aqrar bölmənin sürətli inkişafı kifayət qədər cəlbedicidir. Əgər 2015-ci ildə Azərbaycanda cəmi 200 kiloqramdan bir qədər çox barama istehsal olunmuşdusa, 2016-cı ildə bu rəqəm 70 tona çatmış və yaxın bir neçə ildə onun on dəfələrlə artırılması nəzərdə tutulur. Bu il artıq 244 ton yaş barama tədarük edilmişdir. Ötən il 51 min hektar sahədə, cari ildə isə 136 min hektar sahədə pambıq əkilib. Əgər hektardan orta hesabla 20 sentner pambıq yığılarsa bu, 270 min ton pambıq tədarükü deməkdir. Nəzərə alaq ki, 2015-ci ildə 18 min hektar sahədən cəmi 35 min ton pambıq yığılmışdı.
Hazırda söhbət təkcə bu məhsulların, neft və qazın istehsalını artırmaqdan getmir. Qarşıda duran əsas vəzifə istehsal olunan neftin, qazın, pambığın, baramanın və digər xam məhsulların emalını yüksək səviyyədə təşkil etməkdən, rəqabət qabiliyyətli son məhsul istehsalından gedir. Bu xammallardan hazırlanacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, xaricə valyuta axınının qarşısını alacaq və ölkəmizə daxil olan möhkəm valyutanın həcmini qat-qat artıracaqdır. Bu səbəbdən də hökumət ölkədə emal sənayesinin inkişafını ön plana çəkir. Ölkə başçısının bilavasitə təşəbbüsü ilə xam neftin, qazın, aqrar sektorda və digər sahələrdə istehsal edilən xam məhsulların emal olunacağı sənaye müəssisələrinin tikintisini nəzərdə tutan bir sıra layihələr reallaşdırılır və bu istiqamətdə işlər getdikcə daha da genişləndirilir.
Heç şübhəsiz, ölkədə pambıqçılığın, ipəkçiliyin inkişafı Azərbaycanda yüngül sənayenin də inkişafına yaxşı zəmin yaradacaq. Mingəçevirdə Sənaye Parkının yaradılması, Şəki İpək Kombinatının yenidən qurulması, Sumqayıt Kimya Sənaye Parkı kimi layihələrin reallaşdırılması buna bariz misaldır. Biz artıq öz məhsullarımızın dünya bazarlarına çıxarılması istiqamətində çox önəmli addımlar atmağa başlamışıq. Hökumətin “Made in Azərbaycan” brendinin təbliğinə dair qəbul etdiyi qərarlar təqdirəlayiq və vacib addımlardır.
Cari ilin doqquz ayının yekunları son iki ildə aparılan sürətli iqtisadi islahatların uğurlu nəticələrini açıq-aydın ortaya qoydu. Bu dövrdə real sektorda ümumilikdə 2,5 faiz, o cümlədən qeyri-neft sənayesində 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz artım əldə olunub, ixrac idxalı 4,4 milyard dollar üstələyib, valyuta ehtiyatlarımız 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb. Bunların hər biri olduqca yaxşı göstəricidir. Heç şübhəsiz, doqquz ayın yekunları 2017-ci ilin ölkə iqtisadiyyatında əsaslı dönüş ili kimi tarixə düşəcəyindən xəbər verir. Azərbaycan yenidən iqtisadi inkişaf templərinə görə liderlik etmək iddiasındadır. Lakin indi bunu neftdən, qazdan asılı olmayan bir iqtisadiyyatın – real sektorun hesabına etməyə çalışırıq.
Azərbaycanın iqtisadi müstəqilliyi onun digər sahələrdəki uğurlarının da təməl daşıdır. Cari ilin doqquz ayının yekunlarının müzakirəsi zamanı çıxışında ölkə Prezidenti cənab İlham Əliyev haqlı olaraq bu müstəqilliyə yüksək qiymət verərək dedi: “Bu gün biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmişik, müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq–iqtidar birliyi, bir çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur”.
Bütün bu reallıqlar Azərbaycan iqtisadiyyatının hazırkı durumunu qara rəngdə görmək istəyən hər bir kəsə aşkar cavabdır. Beynəlxalq iqtisadi müstəvidə baş verən tənəzzülün bizdən də yan keçməməsi və onun müəyyən çətinliklər yaratmasından faciə düzəltmək lazım deyil. Qeyri-neft sektorunun sürətli inkişafı artıq bu çətinlikləri arxada qoyub.
Bir sıra ölkələrin qibtə etdiyi Azərbaycan
Ölkəmizin hazırkı vəziyyətinə obyektiv qiymət vermək üçün təkcə bizə yaxın və uzaq olan ölkələrdəki ictimai-siyasi duruma nəzər salmaq kifayət edər. Yaxın Şərq, qardaş Türkiyə, İraq, Suriya, Əfqanıstan və digər başqa ölkələrdə hərbi toqquşmaların, qanlı qarşıdurmaların yaratdığı acınacaqlı durum göz qabağındadır. Rusiya və İran kimi güclü dövlətlər illərlədi ki, Qərbin tətbiq etdiyi sanksiyalar içərisində çapalayır. Bəzi ölkələrdə ictimai-siyasi vəziyyət ilk baxışda sabit görünsə də, əslində belə deyil. Məsələn, Rusiya kimi nəhəng bir ölkənin Moskva və Sankt–Peterburq kimi şəhərlərində hər gün təkcə yüzdən artıq avtomobilin oğurlanması faktı qeydə alınır. Kimsə Azərbaycanda avtomobil oğurluğuna dair hadisənin son dəfə nə vaxt baş verdiyini yadına sala bilərmi?
Buna bənzər onlarla paralel misallar göstərmək mümkündür. Azərbaycanda bütün millətlərin nümayəndələri tam sərbəst və təhlükəsiz bir cəmiyyətdə yaşadığı halda, Rusiyada qeyri-rus millətindən olan bir adamın evindən çıxaraq axşam sağ-salamat geriyə dönməsi üçün demək olar ki, təminat yoxdur. Bunu son on ildən artıq orada yaşamış bir insan kimi tam məsuliyyətlə deyirəm. Əgər kimsə orada yaşayan qeyri-rus millətinin nümayəndələri, xüsusən də azərbaycanlılar arasında belə sorğu keçirsə, bu deyilənlərin tam təsdiqini tapa bilər. Elə bu səbəbdəndir ki, hər gün Rusiyada kriminal zəmində qətlə yetirilən onlarca insanın nəşi vətənlərinə yola salınır.
İran rejimi şəraitində siyasi baxışlarda yol verilən kiçik bir səhvə görə insanlar meydanlarda asılaraq edam edilirlər. Türkiyədə baş verən son terror aktları zamanı minlərlə günahsız insan öz həyatını itirdi. Son Kürdüstan hadisələrindən sonra bu qardaş ölkədə ictimai-siyasi durum daha da gərginləşib. İraqda, Suriyada, Əfqanıstanda hər gün baş verən terror aktları və qanlı toqquşmalar minlərlə insanın həyatına son qoyur. Bütün bunlar hamısı bizim yaxın, uzaq qonşuluğumuzda, əsasən də müsəlman ölkələrində baş verir. Bu ölkələrdən və narıncı inqilabla acınacaqlı vəziyyətə salınan Şimali Afrika ölkələrindən rezin qayıqlara dolaraq ölümün pəncəsində Avropada nicat axtaran insanların bir çoxu mənzil başına çatmadan həyatlarını itirir. Mənzil başına çatanları isə avropalı demokratlar itlərlə, dəyənəklə və tikanlı məftillərlə qarşılayırlar.
Bütün bunları sadalamaqla onu demək istəyirəm ki, Azərbaycandakı mövcud ictimai-siyasi sabitlik lazımınca dəyərləndirilməlidir. Başa düşməliyik ki, ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gərgin səyləri hesabına yaradılmış bu ictimai-siyasi sabitlik ailələrimizin və uşaqlarımızın təhlükəsiz və xoşbəxt həyatının, müstəqil Azərbaycan dövlətinin isə hərtərəfli inkişafının əsas təminatıdır. Ona öz töhfəmizi vermək, bu sabitliyi qorumaq hər birimizin vətəndaşlıq borcu olmalıdır.
Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru,
professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.