Azərbaycanda qeyri-rəsmi məşğulluqla mübarizə prioritet vəzifə kimi qarşıya qoyulub

Ölkəmizdə innovativ iqtisadiyyatın formalaşdırılması, əmək məhsuldarlığının artırılması və əhalinin sosial rifahının yüksəldilməsi, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin respublikamızda həyata keçirdiyi uğurlu dövlət siyasətinin strateji hədəflərini təşkil edir. Müasir yanaşmalar və milli iqtisadi prioritetlər nəzərə alınmaqla reallaşdırılan islahatlar nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sırasına daxil olub. Son 10 il ərzində ölkəmizin ümumi daxili məhsulu 3 dəfədən çox artıb, 1 milyon 600 mindən artıq yeni iş yeri yaradılıb, əhalinin gəlirləri 5,2 dəfə, minimum əməkhaqqı 3,5 dəfə və orta aylıq nominal əməkhaqqı 3,8 dəfə yüksəlib, işsizlik səviyyəsi 5 faiz səviyyəsində saxlanılıb.

Makroiqtisadi sabitlik və iqtisadi sahədə əldə olunan nailiyyətlər Azərbaycan Hökumətinə əhalinin sosial rifahının yaxşılaşdırılmasına istiqamətləndirilən siyasi məqsədlərin reallaşdırılmasına imkan yaradıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə təsdiq edilən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” və sosialyönümlü dövlət proqramları gələcək illərdə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin artırılması və institusional islahatların davam etdirilməsi, iqtisadiyyatın müasir tələblərə cavab verən işçi qüvvəsi ilə təmin olunması, əmək bazarında çevik siyasətin həyata keçirilməsi yolu ilə əhalinin məşğulluq imkanlarının artırılması, sosial dialoqun gücləndirilməsi, səmərəli sosial müdafiə sisteminin qurulması və ən əsası əmək məhsuldarlığı səviyyəsinin yüksəldilməsi istiqamətində respublikanın inkişaf prioritetlərini müəyyənləşdirib. 

Bu gün qeyri-formal sektorun həm əhalinin məşğulluğuna, həm də bütövlükdə ölkələrin iqtisadiyyatına ciddi təsir göstərməklə əmək bazarının müstəqil seqmentinə çevrildiyini vurğulayan ekspertlər bildirirlər ki, qeyri-formal məşğulluğun dünya iqtisadiyyatında payının getdikcə artması bu məsələyə hökumətlərin, sosial tərəfdaşların, beynəlxalq təşkilatların və tədqiqatçıların artan marağına səbəb olur, bu sahədə yeni innovativ yanaşmaların müəyyənləşdirilməsini zəruri edir.

Əmək bazarında qeyri-formal əmək münasibətlərinin mövcudluğu, milli qanunvericilikdə dəqiq müəyyənləşdirilən  hüquq pozuntusu olaraq, ölkədə əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə mənfi təsir göstərir, layiqli əməyin dəstəklənməsi və nəticə etibarilə əmək məhsuldarlığının yüksəldilməsi üçün çətinliklər yaradır. Buna görə də Azərbaycan Hökuməti sosial tərəfdaşları, vətəndaş cəmiyyətinin nümayəndələrini və elmi tədqiqatçıları cəlb edərək, problemin tezliklə aradan qaldırılması üçün zəruri addımlar atır.

Qeyd olunan hədəflərə nail olmaq məqsədilə  Prezident İlham Əliyev 17 mart 2017-ci il tarixli “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sənəddə göstərilir ki, respublikada əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi sosial-iqtisadi siyasətin prioritet istiqamətləridir. Bu məsələlərə xüsusi əhəmiyyət verilməsinin nəticəsidir ki, son illər dövlət tərəfindən əmək münasibətləri iştirakçılarının hüquq və bərabərliyinin təmin olunması, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması ilə bağlı sistemli və məqsədyönlü tədbirlər həyata keçirilib. Buna görə də iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanları daha da genişlənib, makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyasının prioritet kimi müəyyən olunması iqtisadiyyatın sosialyönümlüyünü daha da artırıb.  

Onu da deyək ki, dövlətimizin başçısının yuxarıda adıçəkilən sərəncamına əsasən, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası  yaradılıb. Komissiyaya ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsi, habelə bu sahədə dövlət orqanları arasında koordinasiya olunan siyasətin həyata keçirilməsi məqsədilə müvafiq tapşırıqlar verilib.

Xatırladaq ki, sözügedən sərəncama əsasən, komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə katibliyin yaradılması qərara alınıb və onun  funksiyasının həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. Katibliyin tərkibinə əmək və əhalinin sosial müdafiəsi, vergilər, iqtisadiyyat nazirlikləri, Dövlət Statistika Komitəsi, Həmkarlar İttifaqları Konfederasiyası, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi daxildir.

Azərbaycan Prezidentinin bu il oktyabrın 9-da imzaladığı sərəncamla  isə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilib.

Ötən müddətdə əmək münasibətlərinin tənzimlənməsi, işəgötürən-işçi əməkdaşlığının  rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və s. sahələrdə mühüm tədbirlər həyata keçirilib. 

Sığorta prinsipinə  və sosial təminat sisteminin qurulmasına əsaslanan pensiya islahatları, icbari tibbi sığorta sisteminin tətbiqi, müstəqil işsizlikdən sığorta sisteminin yaradılması əmək münasibətlərinin leqallaşmasına, məşğulluq sahəsində dövlət siyasətinin həyata keçirilməsinə nəzarətin gücləndirilməsinə imkan yaradacaqdır.

Azərbaycanda hazırda 2014-cü ildən fəaliyyət göstərən əmək müqavilələrinin elektron qeydiyyatı sistemi əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkilinə, əmək müqavilələrinin bağlanmasında formal yanaşmaların aradan qaldırılmasına, işçinin hazırkı əmək və gələcək sosial təminat hüquqlarını sual altında qoyan qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınmasına mühüm şərait yaradıb. Sistemdəki dəyişikliklər ölkənin əmək bazarındakı prosesləri izləməyə və təhlil etməyə, lazımi addımların atılması üçün təkliflər hazırlamağa imkan verib. Bu sistem Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən yüksək qiymətləndirilib. 

Azərbaycanda hazırda ünvanlı yardım sistemindən özünüməşğulluq sisteminə tədrici keçid prosesinə başlanılıb. Bunun sayəsində  əməkqabiliyyətli aztəminatlı vətəndaşlar arasında ələbaxımlılığın qarşısı alınacaq, onlarda sahibkarlıq fəaliyyəti stimullaşacaq, biznesə və qeyri-formallıqdan formal iqtisadi münasibətlərə maraq artacaq.

Cari  ilin iyun ayında Azərbaycanın əmək, məşğulluq və sosial müdafiə sahəsində dünyanın ən nüfuzlu qurumunun – Beynəlxalq Əmək Təşkilatının (BƏT) siyasətini müəyyənləşdirən bir orqanın idarə heyətinə üzv seçilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə aparılan uğurlu islahatlara beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətin növbəti təzahürüdür. Bu, eyni zamanda,  beynəlxalq əmək standartlarının hazırlanması, təbliği və tətbiqi üzrə geniş fəaliyyət spektrinə malik olan BƏT-in siyasi qərarlarının qəbulunda, əmək, məşğulluq, layiqli əmək, sosial müdafiə sahəsi üzrə beynəlxalq səviyyədə mütərəqqi təşəbbüslərin təbliğində, yayılmasında Azərbaycanın yaxından iştirakına, adıçəkilən qurumla praktik əməkdaşlıq müstəvisinin daha da genişlənməsinə şərait yaradacaq.

Ölkədə qeyri-formal məşğulluq hallarının aradan qaldırılması üçün dövlət orqanları arasında koordinasiya olunmuş siyasət müstəvisində həyata keçirilən çevik və səmərəli tədbirlər sırasında pensiya qanunvericiliyində aparılan son dəyişikliklər,  habelə “İşsizlikdən sığorta haqqında” Qanunun qəbul olunması əmək münasibətlərinin rəsmiləşdirilməsində stimullaşdırıcı rol oynayır.  Xatırladaq ki, qabaqcıl dünya təcrübəsinə və mütərəqqi metodlara əsaslanılaraq hazırlanan bu sənəd qeyri-formal məşğulluq hallarının aradan qaldırılmasında mühüm önəm daşıyır.

Sonda bir məqamı da xatırlatmaq istərdik. Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əmək bazarının inkişafına yönələn islahatlar ölkəmizin reytinqinin getdikcə əhəmiyyətli şəkildə artmasına səbəb olub. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə irəli gedərək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycanın, eyni zamanda, əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutması bunu bir daha təsdiq edir.

Bununla da Azərbaycan əmək bazarının səmərəliliyi üzrə hesabatda əksini tapan sıralamada digər MDB ölkələrindən, eyni zamanda, İsrail, Fransa, İsveç, Belçika, Avstriya, Qətər, Yaponiya, İspaniya, İtaliya, Finlandiya, Latviya, Çin və Malayziya kimi ölkələrdən daha üstün mövqe tutub.

 “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın əmək bazarının səmərəliliyi üzrə hesabatda uğurlu yerdə qərarlaşması təsadüfi deyil. Belə ki, son illərdə dünya iqtisadiyyatında baş verən proseslər hər bir ölkənin miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı yanaşmalarında daxili əmək bazarının qorunması prinsipini daha da gücləndirib. Bununla yanaşı, Azərbaycan öz iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaqda davam edib. Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” üzrə görüləcək işlər də Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin daha da artmasına imkan verib. Əmək miqrasiyası kvotası məsələsinə münasibətdə də mövcud vakansiyaların, ilk növbədə, yerli işçi qüvvəsinin məşğulluğu üçün istifadə edilməsi, yalnız yerli işçi qüvvəsi kifayət etməyən iş yerlərinə əməkçi miqrantların qəbulu prinsipi ilə yanaşı, eyni zamanda, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin getdikcə artmasına uyğun olaraq yüksəkixtisaslı əcnəbi işçi qüvvəsinin ölkəyə cəlb olunması prinsipi üstünlük təşkil edib.

Hazırda Azərbaycanda əmək münasibətləri tənzimlənməyən işçilərin aşkar edilməsi və onların əmək fəaliyyətinin rəsmiləşdirilməsinin təmin edilməsi yönündə ciddi tədbirlər həyata keçirilir. Sahibkarlarla görüşlər təşkil edilməsi, onlar arasında əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı maarifləndirmə işlərinin aparılması bunun bariz ifadəsidir. 

 Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında