Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizin xarici əlaqələri daha da genişlənib, müstəqil siyasət həyata keçirən respublikamızın dünyada nüfuzu daha da artıb, qeyri-neft məhsulları ixracının stimullaşdırılması, ixrac məhsullarının çeşidinin və həcminin artırılması, eləcə də ixrac coğrafiyasının genişləndirilməsi dinamik xarakter alıb. Xarici iqtisadi əlaqələrin mühüm tərkib hissəsi olan ticarət fəaliyyətini tənzimləyən qanunvericilik daha da təkmilləşdirilib, mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanan yeni Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanunlar və digər normativ hüquqi aktlar qəbul edilib. Bütün bunların nəticəsində son 14 ildə xarici ticarətin coğrafiyası genişlənib, onun əmtəə strukturu təkmilləşib. Bu dövrdə Azərbaycan 190-a yaxın ölkə ilə xarici ticarət əməliyyatları aparıb, xarici ticarət dövriyyəsi 3,4 dəfə, ixrac 3,5 dəfə, o cümlədən qeyri-neft ixracı 3,3 dəfə artıb.
Siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirib. İndiyədək Azərbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 48 saziş imzalanıb. Son 14 ildə isə ölkə iqtisadiyyatına 107,2 milyard dollar xarici investisiya qoyulub.
Azərbaycana investisiya yatıran xarici ölkələr siyahısının ilk beşliyində Böyük Britaniya, ABŞ, Türkiyə, Norveç, Yaponiya kimi ölkələr qərarlaşıb. Ölkə iqtisadiyyatının qeyri-neft sektoruna ən çox investisiya yatıran ölkələrin ilk beşliyində isə Türkiyə, Böyük Britaniya, ABŞ, Niderland və BƏƏ-ni qeyd etmək olar.
İndiyədək Azərbaycanda xarici ölkələrin müxtəlif sahələri əhatə edən 8 mindən çox şirkəti qeydiyyatdan keçib. Xarici şirkətlər respublikamızda dövlət əsaslı vəsait hesabına reallaşdırılan infrastruktur və digər layihələrdə podratçı və subpodratçı qismində də fəal iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev ötən ay Neftçala Sənaye Məhəlləsi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə ölkəmizin ixrac potensialının genişləndirilməsi məsələsinə toxunaraq deyib: “Biz sənaye zonalarının yaradılması ilə iş adamlarına dövlət tərəfindən növbəti dəstək göstəririk. Bu zonanın yaradılması bizim təşəbbüsümüz olub. Azərbaycan dövləti bu təşəbbüslə çıxış edib və dövlət tərəfindən bu zonanın yaradılmasına 20 milyon manatdan çox vəsait ayrılıb. Bütün infrastruktur məsələləri həll olunub, modullar inşa edilib və özəl sektora burada fəaliyyətə başlamaq üçün kreditlər verilib. Özəl sektor da kreditlər hesabına və öz vəsaiti hesabına 45 milyon manat sərmayə qoyub. Yəni, bu, onu göstərir ki, burada dövlət-özəl sektor tərəfdaşlığı özünü göstərir. Çünki əgər biz bu təşəbbüslə çıxış etməsəydik, onu irəli sürməsəydik, bax, bu zona da heç vaxt yaranmazdı. İndi bu zona var və o, böyüyəcək. Bildiyimə görə, rayon sahibkarları tərəfindən maraq çox böyükdür. Burada istehsal olunan və olunacaq mallar idxalı əvəzləmək üçün bizə kömək göstərəcək. Çünki indi bizim əsas məqsədimiz yerli istehsalı daha da gücləndirmək, idxaldan asılılığı azaltmaqdır”.
Prezident İlham Əliyevin 2017-ci il 26 yanvar tarixli “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” fərmanına uyğun olaraq, Rusiya Federasiyası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələri üzrə Azərbaycanın ticarət nümayəndələri təyin edilib.
Hazırda xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda, habelə “Duty Free” mağazalarında “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Rusiyanın ən böyük pərakəndə satış şəbəkəsi ilə danışıqlara başlanılıb. Bununla yanaşı, Moskva, Kiyev, Minsk, İstanbul, Frankfurt və digər şəhərlərin hava limanlarındakı “Duty Free” mağazalarında məhsulların yerləşdirilməsi ilə bağlı müzakirələr aparılır.
SOCAR-ın xarici ölkələrdəki yanacaqdoldurma məntəqələrində Azərbaycan mənşəli məhsulların satışının təşkil edilməsi məqsədilə “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.
Azərbaycan məhsullarının ixrac bazarlarında tanıdılması və satışının dəstəklənməsi məqsədilə artıq Belarusda Azərbaycan Ticarət evi fəaliyyətə başlayıb. Eyni zamanda, Rusiya, Ukrayna və digər ölkələrdə də ticarət evlərinin yaradılması işləri aparılır.
Həyata keçirilən sistemli tədbirlər artıq öz müsbət nəticəsini verməkdədir. “Azexport.az” portalına 9 ayda 60 ölkədən 355,8 milyon ABŞ dolları həcmində ixrac sifarişi daxil olması bunun əyani təzahürüdür.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr ayı sayında göstərilir ki, bu ilin 9 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 69 milyon ABŞ dolları həcmində olub və ixrac əməliyyatlarında 1582 subyekt iştirak edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 9 ayında qeyri-neft sektoru üzrə ixrac 25 faiz artıb. Hesabat dövründə qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında Rusiya liderliyi qoruyub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin 9 ayı ərzində bu ölkəyə 366 milyon ABŞ dolları dəyərində ixrac olub. Növbəti yerləri isə Türkiyə (223 milyon ABŞ dolları), Gürcüstan (99 milyon ABŞ dolları), İsveçrə (98 milyon ABŞ dolları) və Türkmənistan (44 milyon ABŞ dolları) bölüşür.
Prezident İlham Əliyevin artıq ənənəvi hal alan regionlara səfərləri sayəsində bölgələrdə sosial infrastruktur müasirləşib, aqrar sektor və sənayenin inkişafında yeni mərhələ başlanıb. Rayonlarda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması geniş vüsət alıb. Ölkədə 40 aqropark kompleksinin qurulmasının nəzərdə tutulması və uğurlu icrası respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsinə, əhalinin etibarlı kənd təsərrüfatı məhsulları ilə təminatının yaxşılaşmasına və yüksək standartlarla istehsal olunan məhsulların xarici bazarlara göndərilməsinə real zəmin yaradıb.
Bu ilin birinci yarısında kənd təsərrüfatı məhsulları ixracının ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz artması da Azərbaycanda aqrar sahədə yaxın gələcəkdə daha böyük nəticələrin əldə olunacağından xəbər verir. Hazırda istehsal olunan kənd təsərrüfatı məhsullarının “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarılması da Azərbaycan brendinin dünyada tanınmasına xidmət edir.
Hesabat dövründə meyvə-tərəvəz ixracı 307 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 87 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 78 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 61 milyon, kimya sənayesi məhsullarının ixracı 58 milyon ABŞ dolları təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 9 ayı ərzində pambıq lifi ixracı 8,5 dəfə, elektrik enerjisi ixracı 2,8 dəfə, çay ixracı 62 faiz, meyvə-tərəvəz ixracı 41 faiz, spirtli və spirtsiz içkilərin ixracı 28 faiz, kimya sənayesi məhsulları ixracı 25 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 22 faiz, bitki və heyvan mənşəli piylərin və yağların ixracı 17 faiz, plastmas və ondan hazırlanan məmulatların ixracı 10 faiz artıb.
Cari ilin sentyabr ayında isə qeyri-neft sektoru üzrə 395 subyekt tərəfindən 106 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib.
“İxrac icmalı”nın sözügedən sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi də verilib. Belə ki, hesabat dövrü ərzində qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin və fiziki şəxslərin siyahısında ilk onluqda “Azərbaycan İnternational Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Baku Steel Company” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “MKT İstehsalat Kommersiya” MMC, “Sun Food” MMC, Talıbov Zabil Ocaqverdi oğlu, “CTS-Agro” MMC, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, Fətəliyev Süleyman Məmməd oğlu və “Food Export Şəmkir” MMC yer alıblar.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ilk onluqda “Marketinq və İqtisadi Əməliyyatlar idarəsi”, “Det-al Alüminium” MMC, “Azergold” QSC, “Azərenerji” ATSC, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC, “SOCAR Methanol” MMC, “Geofizika və Geologiya İdarəsi”, “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC, “Azərbaycan Dəmir Yolları” QSC və “Naxçıvan MR Dövlət Energetika Agentliyi” təmsil olunurlar.
“İxrac icmalı”nda 9 ay ərzində “Azexport.az” portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, bu müddətdə dünyanın 60 ölkəsindən 355,8 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. “Azexport.az” portalına bu ilin sentyabr ayında daxil olan ixrac sifarişlərinin dəyəri isə 47,4 milyon ABŞ dolları təşkil edib.
“Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (18,2 faiz) ilə yanaşı, Türkiyənin (6,7 faiz), Ukraynanın (6,3 faiz), Hindistanın (4,9 faiz) və ABŞ-ın (4,6 faiz) adları var.
“İxrac icmalı”nda, həmçinin Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransının keçirilməsi, ixracatçılara ixrac təşviqinin ödənilməsi, “ANUGA” sərgisi, Gənclərin “Bir pəncərə” İxraca Dəstək Mərkəzinə ziyarəti, Global G.A.P təliminin keçirilməsi və s. məsələlər barədə də məlumatlara yer verilib.
“İxrac icmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa, habelə beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.
Bütün bu qeyd edilənlər transmilli enerji və kommunikasiya layihələrinin əsas hərəkətverici qüvvəsinə çevrilərək Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan Azərbaycanın sosial-iqtisadi sahədəki uğurlarının ardıcıl xarakter daşıdığını göstərir. Eyni zamanda, ölkə rəhbərinin müəyyənləşdirdiyi iqtisadi prioritetlərin dayanıqlı əsaslara söykəndiyinə, respublikanın gerçək potensialı ilə uzlaşdığına dəlalət edir. Şübhəsiz, müasir dövrdə hər bir ölkənin iqtisadi inkişaf tempini və qlobal maliyyə təhdidlərinə səmərəli müqavimət potensialını xarakterizə edən başlıca amillərdən biri də məhz makroiqtisadi dayanıqlılıq səviyyəsidir. Son illər əksər nüfuzlu beynəlxalq maliyyə institutları, eləcə də reytinq agentlikləri Azərbaycanın bu sahədə öncül ölkələrdən biri olduğunu da birmənalı etiraf edirlər.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.