...Bu qatar başqa qatarlara bənzəmir. Bu ruzi-bərəkət daşıyan eyni zamanda, illərin həsrətini yox edib, qardaşı qardaşa qovuşduran qatardır. Bəli, qardaşı qardaşa, Azərbaycanı Türkiyəyə qovuşduran qatar! İllərdir yuxu hesab edilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi artıq bir reallığa çevrildi. Bu layihənin reallaşacağına şübhə ilə yanaşanlar indi Azərbaycanın uğurunu qəbul edirlər.
Həmin gün bütün dünya Bakıda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan, Gürcüstan, Özbəkistanın yüksək çinli dövlət xadimlərinin də iştirakı ilə yaşanan tarixi və qürurverici günün şahidi oldu. Dünyanın əksər nüfuzlu kütləvi informasiya vasitələri bu tarixi layihədən və təntənəli açılış mərasimindən yazdı. Layihənin təkcə region üçün deyil, dünya üçün əhəmiyyətini vurğuladılar. Bu, sözsüz ki, gənc və müstəqil ölkə olan Azərbaycanın gələcəyə inamla addımladığı yolda növbəti tarixi uğurudur.
... Həmin gün Odlar yurdundan başlanan qatar yolu bizə uzaq olan elləri yaxın etmək üçün yola düşdü. Özü də birbaşa Qarsa. Adı könüllərdə yaşayan Qarsı ulu nənə-babalarımız ancaq bayatılarda, dastanlarda vəsf ediblər. “Koroğlunun Qars”a səfəri”ni oxuyanda, Aşıq Ələsgərin, digər aşıqlarımızın sazlı-sözlü şeirlərində Qars deyəndə Azərbaycan xalqı üçün doğma olan qədim yurd yerimizin, ürəyimizin və canımızın bir parçası olduğunu bilmişik. O gözəl yerlərdə də bizə yaxın, dili dilimizdən, qanı qanımızdan olan türk insanının yaşadığını eşitmişik.
Nənə-babalarımızın söz boxçasında yaşayan, Vətənə sevgi və həsrət bayatılarını dinlədikcə, nə vaxtsa Qarsdakı qardaş-bacılarımıza qovuşacağımız günün gələcəyinə inanmışıq. Budur, tarix və zaman o arzuları reallaşdırır. Sərhədlər arasında qoyulan qadağa və sərt rüzgarların dəmir barmaqlıqları artıq dəmir yollarına çevrilir. Qədim İpək Yolu üzrə istiqamətlənən bu relslər Türküstandan Bakıya, Bakıdan Tiflisə, Tiflisdən Qarsa həm də yeni bir mədəniyyət yolu açır. Gələcəyə işıqlı günlər vəd edən bu yol həm də müxtəlif milli adət və ənənələri, mədəni irsi birləşdirir.
Azərbaycanın təşəbbüsçüsü olduğu layihənin bölgədə turizmin daha da inkişafına təsir göstərəcəyinə ümid və gözləntilər böyükdür.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yola saldığımız ilk qatar, yükü də layihənin özü qədər dəyərlidir. Belə ki, Qarsa təntənəli şəkildə yola salınan qatar ilk olaraq, sözün həm məcazi, həm də həqiqi mənasında, bərəkət daşıdı. Qazaxıstandan taxılla dolu yük qatarı Bakıdan Qarsa yola salındı. Qatarın Qarsa çatması da Türkiyə mediasının diqqətində oldu. Türkiyə media nümayəndələri ilə Qars stansiyasında görüşdə Türkiyənin “TCDD Taşımacılık AŞ”-nin baş direktoru Veysi Kurt jurnalistlərə açıqlamasında bunları deyib: “Bu layihə həm ölkəmizi türk dövlətləri vasitəsi ilə, Çinlə, həm də Çini Avropa ilə əlaqələndirəcək. Azərbaycandan buraya təxminən 846 kilometri 40 saata gəldik. İnşallah, əlavə bir problem çıxmazsa, Qarsdan Mersinə qədər olan 1258 kilometr məsafəni də 40 saata çatmağı planlaşdırırıq. Qazaxıstandan yola çıxan qatarın ümumən 4 min 700 kilometrlik yolu Mersində sona çatacaq və otuz konteyner təhvil veriləcək”. Onun sözlərinə görə, illik 7 milyon ton yükün daşınması gözlənilir. Ancaq yaxın gələcəkdə bu rəqəmin 17 milyon tona çata biləcəyi istisna deyil.
Türkiyənin “Günəş” qəzeti “Bakı-Tbilisi-Qars dəmir yolu xəttində ilk qatar Qarsa gəldi” sərlövhəli məqalədə gecə saatlarında Qarsa çatan qatarı həyəcan və maraqla gözləyən insanların şəklini verib. “Doğruhaber”, “NTVhaber” və digər qəzetlərin yayımladığı şəkillərdən də Qars ictimaiyyətinin həyəcan dolu sevinc və qürurunu hiss etmək mümkündür.
...Bəli, türk elinin barlı-bərəkətli torpağının məhsulu olan taxıl inanırıq ki, özü ilə Bakı-Tbilisi-Qars yolu ilə bölgəmizə sevinc və qürurla yanaşı, bolluq, bərəkət, sabitlik, rifah və xoş gələcək gətirəcək.
Ən son məlumata görə, Qazaxıstandan yola çıxan qatar noyabrın 4-də Türkiyənin Mersin şəhərinə çatıb.
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.