Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamış və bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olmuşdur.
Xəzər regionunda fəal mövqeyi ilə seçilən və Azərbaycanın bütün məsələlər üzrə müttəfiqi hesab edilən Türkiyə dövləti əsas diqqətini respublikamızın neft ehtiyatlarının xarici bazarlara marşrutu üzərinə cəmləşdirmişdir. Bu məqsədlə də Türkiyə hökuməti Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri marşrutunu irəli sürmüş və kəmərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra təkliflərlə çıxış etmişdir.
1999-cu il noyabrın 18-də İstanbulda keçirilmiş ATƏT-in zirvə toplantısı çərçivəsində XX əsrin çox mühüm layihəsi hesab edilən və mübahisəli müzakirələrə səbəb olan “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə ərazilərindən xam neftin nəql edilməsinə dair saziş”in Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ prezidentləri tərəfindən imzalanması region ölkələrinin strateji əməkdaşlığı və Avropaya inteqrasiyası sahəsində mühüm addım oldu. Eyni vaxtda, adıçəkilən dövlətlərin prezidentləri tərəfindən bu qlobal layihəni müdafiə edən İstanbul bəyannaməsinin qəbul edilməsi Azərbaycan dövlətinin, xüsusilə ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının həyata keçməsi istiqamətində, eləcə də Türkiyə dövləti ilə dostluğun və əməkdaşlığın daimi olmasını təsdiq edən çox əhəmiyyətli bir sənəd idi.
Bundan əlavə, İstanbul Zirvə toplantısında regionda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın və Türkiyənin iştirakı ilə “Qafqaz paktı” yaradılması ideyası irəli sürüldü. Bu ideyanın həyata keçirilməsi üçün Azərbaycanın regional təhlükəsizliyə dair daha bir təşəbbüsü 2002-ci il aprelin 29-30-da Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin Türkiyənin Trabzon şəhərində keçirilən zirvə görüşündə reallaşdı. Görüşün nəticəsi olaraq 3 dövlət arasında “Terrorizm, mütəşəkkil cinayətkarlıq, qanunsuz narkotik, psixotrop maddələrin qaçaqmalçılığı, silah, insan alveri və digər mühüm cinayətlərlə mübarizə haqqında müqavilə” imzalandı.Bununla yanaşı, “Şahdəniz” yatağından hasil olunan təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Türkiyəyə nəql olunması üçün qaz boru kəmərinin də inşasının həyata keçirilməsi haqqında qərar qəbul edildi.
Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına, dinamik şəkildə, eləcə də çox uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev qardaş Türkiyə dövləti ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etdirərək strateji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynadı. Belə ki, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında Prezident İlham Əliyevin 2004-cü il aprelin 13-15-də dövlət başçısı kimi ilk rəsmi səfəri zamanı iki dövlət arasında Birgə Bəyanat, mülki aviasiya və mədəniyyət sahələrində əməkdaşlığa dair protokollar, ümumilikdə isə 5 mühüm sənəd imzalandı.
2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan limanında Şərq-Qərb enerji dəhlizinin mühüm qolunu təşkil edən və ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Bu hadisə ümummilli liderin uzaqgörən və düşünülmüş siyasətinin, eləcə də uğurlu neft strategiyasının nəticəsi və vaxtilə bəzi mütəxəssislərin inanmadığı üç dəniz əfsanəsinin reallığa çevrildiyi gün kimi tarixə düşdü. Daha sonra, regionda əməkdaşlığın genişlənməsi istiqamətində növbəti addım Bakı-Tbilisi-Qars layihəsinin 2007-ci il fevralın 7-də Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri tərəfindən imzalanması oldu.
Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Bu mənada 2008-ci il iyulun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı Qars şəhərində Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin qoyulması mərasimindəki nitqində dövlət başçısı Azərbaycanın beynəlxalq enerji və nəqliyyat dəhlizi ölkəsi olaraq yüksək potensialını göstərməklə yanaşı, bu dəmir yolunun ümumən regionda əməkdaşlığın genişlənməsi üçün çox önəmli layihə olduğunu bildirdi.
Hazırda regionun ən böyük və mühüm layihələri hesab edilən hər üç layihənin Bakıdan başlanması təkcə Azərbaycanın neft və qaz ehtiyatlarına malik olması deyil, eləcə də ölkəmizin regionda ən böyük iqtisadi potensiala, gücə və həmin layihələrin reallaşmasını diktə etmək imkanına sahib olması deməkdir.
Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi dövlətimizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Bu günədək “bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Azərbaycan Prezidenti İlham Əliyev hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın inkişafında əhəmiyətli rol oynadığını xüsusi vurğulamışdır.
2010-cu il avqustun 16-da Azərbaycana səfəri zamanı imzalanmış “Türkiyə ilə Azərbaycan strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”, eləcə də “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə” nin imzalanması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkə ilə imzalanmış bu müqavilənin böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir: “Bu gün imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə böyük tarixi əhəmiyyətə malik olan bir sənəddir. Bu müqavilə gələcək fəaliyyətimizi müəyyən edir və bundan sonra onilliklər ərzində Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini müəyyən edəcəkdir”. 2011-ci il iyulun 27-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Türkiyə-Azərbaycan əlaqələrinin hazırda ən yüksək səviyyədə olduğunun bir daha şahidi olduq. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı zamanı söylədikləri fikirlər bunu bir daha təsdiq edir.
Dövlətimizin başçısı bu əlaqələrin strateji xarakter daşıdığını, dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirərək qeyd etmişdir: “Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır. Biz çox şadıq ki, Türkiyə-Azərbaycan əlaqələri sürətlə inkişaf edir”. Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə əlaqədar danışıqların son durumu haqqında müzakirələrin aparıldığını qeyd edən dövlət başçısı İlham Əliyev Türkiyəyə bu məsələ ilə bağlı tutduğu mövqeyə görə Azərbaycan xalqı və Azərbaycan dövlətinin minnətdar olduğunu və bunu çox yüksək qiymətləndirdiyini bildirdi.
Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da Dağlıq Qarabağ məsələsində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirmişdi: “Dağlıq Qarabağ mövzusundakı mövqeyimiz, düşüncəmiz, mübarizəmiz – hər şeyimiz Azərbaycan üçün Dağlıq Qarabağ mövzusu necə bir qanayan yaradırsa, bilinməlidir ki, bizim üçün də elə qanayan bir yaradır. Bundan fərqli bir düşüncə bizdə əsla ola bilməz. Bu məsələni də sona qədər təqib edirik və bundan sonra da təqib etməkdə davam edəcəyik”.
Azərbaycan və Türkiyə ikitərəfli iqtisadi əməkdaşlığı və sərmayələrə verdikləri böyük əhəmiyyət ölkələrimizin inkişafını şərtləndirən amillərdəndir. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 5 milyard dollardan çoxdur. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələr Türkiyə ilə Azərbaycan əməkdaşlığının gələcək inkişafında xüsusi əhəmiyyətə malikdir. Adıçəkilən nəhəng layihələrdən sonra 2012-ci il iyunun 26-da Prezident İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın imzaladıqları sazişlə həyata keçirilməsinə başlanılan Trans-Anadolu (TANAP) təbii qaz boru xətti layihəsi də ölkələrimizin regionda və dünyada nüfuzunu artırmışdır. Beləliklə də, yaxın beş ildə TANAP layihəsinin icrasına nail olunacaq və Azərbaycan Türkiyə üçün önəmli qaz təminatçısı olmaqla yanaşı, eyni zamanda, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql ediləcəkdir.
2012-ci il sentyabrın 11-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının keçirilməsi ikitərəfli Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirilə bilər. 2013-cü il noyabrın 13-də Ankarada keçirilən üçüncü, 2015-ci il yanvarın 15-də isə dördüncü iclasda Azərbaycanla Türkiyə arasında iqtisadiyyat, enerji, energetika, nəqliyyat, müdafiə, humanitar sahələrdə əməkdaşlığın perspektivləri, Bakı-Tbilisi-Qars, TANAP layihələri ilə bağlı işlərin uğurlu gedişi, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub. İkitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Strateji Əməkdaşlıq Şurasının beşinci iclası əslində Bakıda keçirilməli idi. Ancaq Türkiyədə baş vermiş terror hadisələri ilə əlaqədar bu toplantı təkrar Ankarada keçirildi. Azərbaycan Prezidentinin bu addımı həm bu hadisə ilə bağlı iki ölkənin birlikdə gücünü, həmrəyliyini, həm də bütün terror hücumlarına qarşı birlikdə olduğumuzu milli və beynəlxalq miqyasda göstərmək baxımından çox yüksək qiymətləndirilir. 2016-cı il martın 15-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Ankarada keçirilən V iclasında enerji, nəqliyyat məsələlər ilə yanaşı, müdafiə, hərbi və bütün bu istiqamətlərdə əməkdaşlıq da müzakirə edilmiş və altı müqavilə imzalanmışdır.
2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Trans-Anadolu qaz boru kəməri – TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirildi. Bu tarixi mərasimdə layihənin Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı, bütün Avrasiya coğrafiyasının ehtiyacı olduğu qeyd edilərək bildirildi ki, layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.
Bu tarixi hadisə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının yeni və dinamik inkişaf mərhələsi kimi qiymətləndirilə bilər. Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynamışdır. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Bu səbəbdən Azərbaycanın dövlət başçısı İlham Əliyev bəyan etmişdir ki, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz.
Bakı-Tbilisi-Qars: İqtisadi, siyasi və geostrateji əhəmiyyətli “Dəmir İpək Yolu”
Azərbaycanın geostrateji mövqeyi bizə Avropanı Asiya ilə birləşdirən körpü olmağa nadir imkan yaradır. Bu baxımdan, 2007-ci ildə Azərbaycan, Türkiyə və Gürcüstanın birlikdə təməllərini atdığı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Qarsla Axalkalaki arasında dəmir yolu xəttinin inşası yolu ilə Bakının Tbilisi üzərindən dəmir yolu vasitəsilə Qarsla, başqa sözlə Azərbaycanın Türkiyə ilə birləşdirilməsini nəzərdə tutan layihədir. Layihənin tamamlanması ilə artıq Avropa, Anadolu və Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya, Uzaq Şərq və Cənubi Asiya ilə birləşir və “Dəmir İpək Yolu” adlanan fasiləsiz dəmir yolu şəbəkəsi ortaya çıxır.
Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadi inteqrasiyasını daha da dərinləşdirəcək və onlara mühüm iqtisadi və strateji üstünlüklər qazandıracaqdır. Bu günə kimi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru xətləri ilə bir-birinə bağlanan bu iqtisadi əlaqələr, bundan sonra dəmir yolu şəbəkələrini də inteqrasiya edərək regional iqtisadi inteqrasiya istiqamətində ciddi addım atmış olacaqdır. Bununla yanaşı, bu layihə Mərkəzi Asiyanın Türkiyə vasitəsilə Avropa ilə birləşdirilməsinə şərait yaradacaq. Siyasi və geostrateji əhəmiyyətindən başqa, ölkəmizin dövlət gəlirlərinin artırılması baxımından mühüm əhəmiyyəti vardır. Həmçinin, hər üç ölkənin iqtisadi inteqrasiyasına xidmət etməklə yanaşı, eyni zamanda, da ayrı-ayrılıqda hər bir ölkəyə müəyyən iqtisadi mənfəət təmin edəcəkdir.
Bu baxımdan, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan üçün yükdaşımalardan əldə edilən gəlirin artması baxımından çox zəruridir. Yəni Azərbaycan beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə edəcək. Bu baxımdan, Bakı-Tbilisi-Qars ölkəmiz üçün iqtisadi baxımdan da vacib bir layihədir. Eyni zamanda, bu layihə Azərbaycanın qeyri-neft məhsullarını xaricə ixrac etmək baxımından da əhəmiyyətlidir və burada yalnız tranzit ölkə olaraq iştirak etməyəcək, bu dəmir yolundan istifadə edərək öz məhsullarını xarici ölkələrə çıxaracaq. Bu mənada, Bakı-Tbilisi-Qars həm də ölkəmizin qeyri-neft sektorunun inkişafına zəmin yaradacaq.
Ümumiyyətlə, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük əhəmiyyət daşıyır. Bu dəmir yolu vasitəsilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Bakı-Tbilisi-Qars dəmir yolu Şərqdən Qərbə yük və sərnişin daşımaları imkanlarını daha da artıracaq, bu daşımalara sərf olunan vaxtı və maliyyə sərfiyyatını xeyli azaldacaqdır. Bakıdan Türkiyənin Qars şəhərinə aparan yol oradan Ankara və İstanbula qədər uzanacaq, Avropa üzərindən La-Manş və Londona keçəcək.
Eləcə də, Bakı-Tbilisi-Qars dəmir yolu, Ermənistanın təcridini dərinləşdirməklə yanaşı, eyni zamanda, bu təcavüzkar dövlətin işğalçılıq siyasəti ilə təcrid edilməyə çalışılan Naxçıvanın daha etibarlı dəmir yolu şəbəkəsi vasitəsilə Bakı ilə birləşməsi üçün də mühüm imkan yaradır. Belə ki, artıq gələcəkdə Qars-İqdır-Naxçıvan dəmir yolu xəttinin də çəkilməsi ilə Ermənistanın təcrid etməyə çalışdığı Naxçıvan, Qars vasitəsilə Azərbaycanın digər əraziləri və Avropa ilə fasiləsiz dəmir yolu əlaqəsi qura biləcəkdir.
Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolu yalnız Azərbaycan, Gürcüstan və Türkiyənin deyil, eyni zamanda, Mərkəzi Asiya ölkələrinin də İran və Rusiyadan asılılığını azaldır. Layihə, Rusiya və İranın dəmir yolu şəbəkələrinə alternativ olmaqla yanaşı, eyni zamanda, da hər iki ölkə üçün yeni imkanlar açır. Belə ki, Azərbaycan üzərindən keçən Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə bir-birinə bağlanacaq Rusiya-İran dəmir yolu şəbəkələrinin gələcəkdə Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm elementi olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə inteqrasiyasının da perspektivi böyükdür.
2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilmişdir. Açılış mərasimində Azərbaycan Prezidenti Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini bir daha diqqətə çatdıraraq demişdir: “Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq”. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı da Azərbaycanın beynəlxalq tranzit və logistika mərkəzinə çevrildiyini sübut etdi. Bu strateji layihə Azərbaycan iqtisadiyyatının inkişafında da əhəmiyyətli rol oynayacaq. Azərbaycanın ilk illərdə tranzitdən minimal gəliri 50 milyon dollar təşkil edəcək. Digər tərəfdən, Azərbaycanın beynəlxalq siyasətin subyekti kimi nüfuzu daha da artacaq və çox əhəmiyyətli tərəfdaşlar qazanacaq.
2017-ci il oktyabrın 31-də isə Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı toplantısı keçirildi. Toplantıda iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunmuş və iki ölkə arasında 6 mühüm sənəd imzalanmışdır. İqtisadi sahədə imzalanmış sənədlərin böyük əhəmiyyət kəsb etdiyini bildirən Azərbaycan Prezidenti preferensial, yəni imtiyazlı ticarət sazişinin böyük məna daşıdığını və bu sazişin qüvvəyə minməsi nəticəsində dövlətlərimiz arasında olan ticarət dövriyyəsinin də xeyli dərəcədə artacağını diqqətə çatdıraraq demişdir: “...Bu günə qədər Azərbaycandan Türkiyəyə 10 milyard, Türkiyədən Azərbaycana isə 11 milyard dollar sərmayə qoyulubdur. Bu sərmayələrin həcmi artacaq və Azərbaycandan Türkiyəyə yatırılacaq sərmayə 20 milyard dollara çatmalıdır”. Dövlət başçısı, eyni zamanda, diqqətə çatdırmışdır ki, bu gün Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bölgə üçün önəmli amildir, regionda sabitləşdirici rol oynayır.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından eləcə də, geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir.
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.