Kənd investisiya layihələri uğurla icra olunur

Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan  iqtisadi inkişaf strategiyası hazırda onun layiqli davamçısı, Azərbaycan Prezidenti  cənab  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Keçən əsrin 90-cı illərinin ortalarından ölkəmiz özünün siyasi sabitlik və iqtisadi inkişaf mərhələsinə qədəm qoydu. Dünyanın nəhəng şirkətləri ilə bağlanan  neft və qaz müqavilələri bir-birinin ardınca reallaşdırıldı. Nəticədə ölkəmizin iqtisadi imkanları ilbəil artdı.

Azərbaycan Prezident cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, hər bir vətəndaşın firavan həyat səviyyəsini təmin etməyi  ali məqsəd kimi qarşıya qoyan  hökumət fəaliyyətini yalnız sosial müdafiə tədbirləri ilə məhdudlaşdırmamalı, hərtərəfli inkişafa nail olmaq üçün bütün sahələrdə kompleks islahatlar aparmalı, o cümlədən qlobal investisiya layihələrinin həyata keçirilməsinə nail olmalıdır. Məlum məsələdir ki, bazar iqtisadiyyatı şəraitində yaşayan ölkələrdə həyata keçirilən hər bir layihə daha çox mənfəət əldə olunmasını nəzərdə tutur. Ancaq ölkəmizdə belə layihələr daha çox xalqın rifahı naminə reallaşdırılır.

Bütün bunlar onu göstərir ki, infrastruktur layihələrin reallaşdırılması ictimai həyatın aparıcı sahələrinin yenidən qurulması məqsədilə Azərbaycanda həyata keçirilən sosialyönümlü layihələrin tərkib hissəsidir. Ölkə Prezidenti də haqlı olaraq davamlı sosial-iqtisadi inkişafın yeganə yolunu infrastrukturun yeniləşməsində, qabaqcıl texnologiyanın mənimsənilməsində görür və bu   istiqamətdə əlindən gələni edir. Hazırda ölkəmizin bütün regionlarında irimiqyaslı layihələr həyata keçirilir, kəndlərin illər boyu yığılıb qalan problemləri tədricən öz həllini tapır.

Belə layihələrin reallaşdırılmasında beynəlxalq maliyyə qurumlarının köməyindən yararlanmaq da çox vacibdir. 2000-ci il mayın 18-də Azərbaycan Respublikasının Prezidenti, ulu öndərimiz Heydər Əliyev donor ölkələrin, beynəlxalq humanitar təşkilatların nümayəndələrinin iştirakı ilə Bakı şəhərində keçirilən  “İnkişaf Problemləri və Strateji İstiqamətlər” mövzusunda beynəlxalq konfransda iştirak edirdi. Məhz onun təklifi ilə “Humanitar Yardımdan İnkişafa Doğru” strategiyası müəyyənləşdirildi. Son illər bu istiqamətdə qəbul edilən və böyük uğurla həyata keçirilən iqtisadi proqramlar arasında Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri və Layihələrinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL-in) xüsusi yeri var. AzKİL-in informasiya və əlaqələr üzrə mütəxəssisi Fərman Həsənov söhbət zamanı dedi:

–Bu layihə, ilkin olaraq,  Azərbaycan Hökuməti və Dünya Bankı arasında 23 sentyabr 2004-cü ildə bağlanmış Sazişə əsasən,  respublikanın 3 zonasında– Naxçıvan (Şərur, Ordubad, Culfa, Kəngərli, Babək, Şahbuz, Sədərək), Muğan-Salyan (Cəlilabad, Neftçala, Salyan, Saatlı, İmişli, Biləsuvar, Sabirabad) və Düzən Şirvan (Hacıqabul, Kürdəmir, Zərdab, Ucar, Göyçay, Ağdaş, Yevlax) zonalarında həyata keçirilərək 2005-2008-ci illəri əhatə etmişdir. Həmin illər ərzində 3 zonada 340 layihə həyata keçirilmiş və təqribən bir milyona qədər kənd əhalisinin yaşayış səviyyəsi yaxşılaşdırılmışdır. Bu, sadəcə rəqəm yox, hər üç zonada onlarca kəndin içməli və suvarma suyu ilə təmin edilməsi, kənd yollarının əsaslı təmiri və bərpası, məktəb tikintisi və təmiri, elektrik sisteminin bərpası və genişləndirilməsi, kəndlərdə drenaj kanallarının təmiri və çəkilməsi və s. deməkdir.

Dünya Bankının Nəzarət Missiyası dəfələrlə layihələrin texniki icrası və onun keyfiyyətinin monitorinqini keçirmiş, layihələrin yüksək keyfiyyətlə icra olunduğunu qeyd etmişdir. AzKİL-in  uğurlu fəaliyyəti nəzərə alınaraq 2009-cu ilin aprelində Azərbaycan Hökuməti və Dünya Bankı onun fəaliyyətinin uzadılması və yeni zonaların cəlb olunması bərədə “Əlavə Maliyyələşdirmə” Sazişi bağlamışlar. Layihənin fəaliyyət zonası Naxçıvan MR qalmaqla Şimal (İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Qax, Balakən, Quba, Qusar, Xaçmaz) və Şimal-Qərb (Bərdə, Tərtər, Goranboy, Samux, Göygöl, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Daşkəsən, Gədəbəy) zonalarına qədər genişləndrilmişdir.

Bu zonalarda da həmişə olduğu kimi, kənd sakinlərinin özləri tərəfindən qəbul olunan   layihələr  yüksək keyfiyyətlə həyata keçirilmiş və bələdiyyələrin, eləcə də dövlət qurumlarının balansına təhvil verilmişdir.Yuxarıda qeyd olunduğu kimi, ildə ən azı iki dəfə Dünya Bankının AzKİL üzrə Nəzarət Missiyası layihənin fəaliyyətini qiymətləndirmək məqsədilə Azərbaycana səfərlər etmiş, hər dəfə də texniki  icrada olan və təhvil verilən layihələrlə yaxından tanış olaraq, öz rəy  və təkliflərini bildirmişdir. Onu da qeyd etmək lazımdır ki, həmin missiyanın tərkibində həmişə yüksək səviyyəli beynəlxalq mütəxəsislər təmsil olunur.

     2010-cu ilin yayında  AzKİL-in ünvanına sevindirici bir xəbər gəldi. Dünya Bankının Şərqi Avropa  və  Mərkəzi Asiya regionları ərazisində həyata keçirilən yüzdən artıq layihədən ən layiqli 47-si müəyyənləşdirilmiş və  “İnsanların həyatının yaxşılaşdırılması” müsabiqəsində qalib gələn 12 layihədən biri  AzKİL seçilmişdir. 2010-cu ilin sentyabrında Dünya Bankının vitse-prezidenti Azərbaycana səfəri zamanı bu mükafatı AzKİL rəhbərliyinə təqdim etmişdir. Əlbəttə, bütün bunlar ölkəmizdə siyasi sabitliyin və iqtisadi inkişafın qarantı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü, qətiyyətli və reallığa söykənən fəaliyyətinin nəticəsidir. Yeri gəlmişkən onu da qeyd edək ki, kəndlərin hərtərəfli və uzunmüddətli inkişafına yönələn  layihələrin məhz  Kənd Təsərrüfatı Nazirliyinin ümumi rəhbərliyi altında həyata keçirilməsi bu uğurların əldə olunmasında əsas faktordur.

Uzun müddət idi ki,  Kənd İnvestisiya Layihəsinin əhatə dairəsinə daxil olmayan rayon rəhbərlərindən, kəndlərin yerli icra və bələdiyyə strukturlarından  Azərbaycan Hökumətinin, Kənd Təsərrüfatı Nazirliyinin və layihə rəhbərliyinin ünvanına çoxsaylı müraciətlər daxil olurdu. Onlar bu layihənin fəaliyyət dairəsinin genişləndirilməsini və müddətinin uzadılmasını xahiş edirdilər. Bütün bunları nəzərə alan ölkə rəhbərliyi və Dünya Bankı AzKİL-in ikinci mərhələsi ilə bağlı razılıq əldə etdilər. 19 oktyabr 2012-ci ildə Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında layihənin fəaliyyətinin bütün ölkə ərazisini (işğal altındakı ərazilərdən başqa) əhatə etməsi və İkinci Kənd İnvestisiya Layihəsinin maliyyələşdirilməsi barədə Saziş bağlandı.

Yeni layihənin məqsədi icma yönümlü kənd infrastrukturlarına çıxışı və istifadəni artırmaq, kənd yerlərində ailələrin iqtisadi fəaliyyətlərini genişləndirmək idi. Ümumilikdə Azərbaycan Kənd İnvestisiya Layihəsi  2005-ci ildən indiyədək 2000-dən çox icma layihəsi həyata keçirmişdir.  İndi yaxşılaşdırılmış yollar, irriqasiya sistemi, içməli su, elektrik şəbəkəsi, təmir edilmiş məktəblər və tibb müəssisələri 3,5 milyondan çox kənd əhalisinə, yəni  kənddə yaşayanların 70 faizinə xidmət edir. Yeni layihə kənd yerlərində iqtisadiyyatın diversifikasiyasını təmin edir. Bu da Azərbaycan Hökumətinin vacib prioritetlərindən biridir. AzKİL fəaliyyət göstərdiyi illər  ərzində həyata keçirilən uğurlu layihələr nəticəsində regionlarda kənd təsərrüfatı məhsullarının istehsalı və məhsulların bazarlara çıxışı əhəmiyyətli dərəcədə artmışdır. Bu nailiyyətlərin əldə olunmasına stimul verən ən əsas amil son zamanlar Kənd Təsərrüfatı Nazirliyinin   məqsədyönlü və davamlı surətdə apardığı   siyasətin tərkib hissəsidir.

     Bu günlərdə AzKİL-in uğurları Dünya Bankının 17-ci illik toplantısında müzakirə edildi və yüksək qiymətləndirildi. Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi bu layihə üçün hazırlanmış Coğrafi İnformasiya Sistemi ali qurumun yuxarıda qeyd olunan toplantısında bir ilk kimi yüksək dəyərləndirildi. Bu sistem vasitəsilə bütün layihələr barədə ətraflı məlumat almaq mümkündür.

Sonda onu da vurğulamaq istəyirəm ki, AzKİL kollektivinin əldə etdiyi uğurlu nəticələr Dünya Bankının Nəzarət Missiyası və Azərbaycan Hökuməti tərəfindən həmişə yüksək qiymələndirilmişdir. Hazırda bu iki qurum arasında AzKİL-in 3-cü fazasına başlanılması barədə razılıq əldə olunmuşdur. Yaxın günlərdə bu məqsədlə yeni sazişin imzalanması nəzərdə tutulur.

Hazırladı:
Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında