“Doing Business 2018” hesabatında ölkəmizin mövqeyinin daha da yaxşılaşması həyata keçirilən iqtisadi islahatların məntiqi nəticəsidir

Azərbaycanın  mövqeyinin dünyanın ən mötəbər reytinqlərində möhkəmlənməsi respublikamızda aparılan iqtisadi islahatların uğurla həyata keçirilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 13 iyul 2016-cı il tarixli sərəncamı, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli fərmanı iqtisadiyyatda islahatların gedişini sürətləndirərək, bir sıra istiqamətlər üzrə mövcud vəziyyətin daha da yaxşılaşmasına müsbət təsir göstərib.

Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2018” hesabatında Azərbaycan 8 pillə irəliləyərək 190 ölkə arasında 65-ci pillədən 57-ci yerə yüksəlməsi məhz bununla bağlıdır. Azərbaycanda  müflisləşmənin həll edilməsi, kiçik investorların hüquqlarının qorunması, sahibkarların məhkəmələrə elektron formada rüsum ödəyə bilməsi üçün müvafiq elektron ödəniş sisteminin yaradılması, iş adamlarının maliyyə resurslarına əlçatanlığının reallaşdırılması, verginin ödənilməsi kimi məsələlərin uğurla həlli nəticəsində həmin hesabatda ölkəmizin mövqeyi 10 indikatordan aşağıdakı altı indikator üzrə yaxşılaşıb: elektrik enerjisinin əldə edilməsi (3 pillə), əmlakın qeydiyyata alınması (1 pillə), kiçik investorların hüquqlarının qorunması (22 pillə irəliləyərək 10-cu yer), vergilərin ödənilməsi (5 pillə irəliləyərək 35-ci yer), müqavilələrin icrası (6 pillə irəliləyərək 38-ci yer) və müflisləşmənin həlli (39 pillə irəliləyərək 47-ci yer). Beləliklə, Azərbaycanın ən böyük irəliləyişi müflisləşmənin həll edilməsi və kiçik investorların hüquqlarının qorunması kateqoriyaları üzrə əldə edilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən aldığımız məlumatda bildirilir ki,   “Doing Business 2018” hesabatında Azərbaycan əmlakın qeydiyyatı sisteminin inkişafina görə 190 ölkə arasında ilk yerlərdən birini tutub. 2018-ci il üçün tərtib edilən hesabatda bildirilir ki, Azərbaycan mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı prosedurların sayının azlığına, müddətin qısalığına və qeydiyyat xərclərinin azlığına görə, dünyanın və MDB-nin əksər ölkələrini qabaqlayır. Belə ki, əmlakın qeydiyyatının sadəliyinə görə Azərbaycan ötən illə müqayisədə daha bir pillə irəliləyərək 21-ci yerdə qərarlaşıb. Bu göstərici ilə Azərbaycan Polşa, Rumıniya, Bolqarıstan, Avropa və Mərkəzi Asiya ölkələrindən irəlidədir.

Azərbaycan əmlakın qeydiyyatı zamanı tələb olunan xərclərin azlığına görə də, dünya və Avropa ölkələrinin əksəriyyətini qabaqlayır. Hesabata əsasən, respublikamızda əmlakın qeydiyyatı üçün tələb olunan məbləğ əmlakın dəyərinin cəmi 0,2 faizini təşkil edir. Xat;rladaq ki, İƏİT ölkələri üzrə bu göstərici əmlakın dəyərinin 4,2 faizi qədər, Avropa və Mərkəzi Asiya regionu üçün isə 2,5 faizini təşkil edir.

Otuz ballıq şkala ilə qiymətləndirilən torpaq idarəetmə sisteminin keyfiyyət göstəricisinə görə isə ölkəmiz 14,5 bal toplayıb. Bu, onu göstərir ki, ölkəmizdə mövcud sahədə infrastrukturun etibarlılığı, məlumatların şəffaflığı təmin edilib, coğrafi əhatə dairəsi genişləndirilib, torpaq mübahisələrinin həlli mexanizmləri təkmilləşdirilib və əmlaka sahibolma imkanları artırılıb.

“Doing Business 2018” hesabatında Azərbaycanın əldə etdiyi yüksək göstəricilər son illər ölkədə əmlakın qeydiyyatının sadələşdirilməsi və müasir standartlara çatdırılması üzrə görülən işlərin nəticəsidir. Komitə tərəfindən bu sahədə elektron xidmətlərin tətbiqi prosesi daha da sürətləndirilib. Hazırda daşınmaz əmlakın qeydiyyatı üzrə 24 elektron xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Elektron xidmətlər sayəsində heç bir yerə getmədən, əlavə vaxt sərf etmədən daşınmaz əmlakın qeydiyyatı üçün internet vasitəsilə onlayn müraciət etmək imkanları mövcuddur. Müraciətlərin elektron qəbulu qeydiyyat prosesini operativ və daha etibarlı edib.

“Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərinin tətbiqi də əmlakın qeydiyyatını sadələşdirib və onu əhalinin bütün təbəqələri üçün əlçatan edib. Eyni zamanda, daşınmaz əmlakın qeydiyyatı və torpaq idarəçiliyində “bir pəncərə” sisteminin tətbiqi də bu sahədə şəffaflıq və operativliyi kifayət dərəcədə artırıb. Həm çıxarışların verilməsi, texniki sənədlərin tərtibi, həm də torpaqların istifadəsi, icarəsi, mülkiyyətə verilməsi, koordinatların uyğunluğu kimi torpaq məsələlərində rəylərin alınması “bir pəncərə”də həll olunur. Torpaqların kateqoriyaya aid edilməsi, bir kateqoriyadan digərinə keçirilməsi, iqtisadi və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi, bontirovkası, sənədlərin alınması da bu prinsip əsasında həyata keçirilir.

Bundan başqa komitə tərəfindən innovativ xidmət olan “Əmlakın qeydiyyatı kalkulyatoru” da istifadəyə verilib. Sistem vasitəsilə daşınmaz əmlaklara dair qeydiyyat məbləğinin əvvəlcədən dəqiq bilinməsi istifadəçilər tərəfindən maliyyə vəziyyətinin planlaşdırılmasına, xərclərin əvvəlcədən hesablanmasına və vaxt itkisinin aradan qaldırılmasına şərait yaradıb.

Komitənin onlayn xidmətləri də bu sahədə rahatlığı və operativliyi kifayət dərəcədə artırıb. Belə ki, vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışları (Forma-1) notariuslarda onlayn rejimdə əldə edirlər. Bundan ötrü ərazi qeydiyyat idarələrinə müraciət etməyə ehtiyac qalmayıb. Digər onlayn xidmət vasitəsilə hər bir əmlak sahibi öz əmlakı barədə dövlət reyestrində olan rəsmi məlumatlarla onlayn rejimdə tanış ola bilir. 3-cü onlayn xidmət isə notariuslarda rəsmiləşmiş daşınmaz əmlaka dair təkrar bazarda alqı-satqı sənədlərinin onlayn rejimdə ərazi qeydiyyat idarəsinə göndərilməsini təmin edir.

Bundan başqa, komitənin faydalı xidməti olan 3 SMS xidməti də vətəndaşların aktiv istifadəsindədir. Belə ki, onlar mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqını, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi imkanını əldə edirlər. Komitənin SMS xidmətlərindən istifadə üçün hər hansı qeydiyyatdan keçməyə ehtiyac yoxdur və elektron imza tələb olunmur.

Bütün bu sadalanan yeniliklərin nəticəsidir ki, Azərbaycanda, xüsusilə də regionlarda əmlakın qeydiyyatı göstəriciləri artıq bir neçə ildir ki, sürətlə artır. Bütün bunlar isə onu göstərir ki, ölkədə həyata keçirilən islahatlar prosesi beynəlxalq təşkilatlar tərəfindən nəzərə alınır və yüksək qiymətləndirilir. Azərbaycanın beynəlxalq müstəvidə siyasi və iqtisadi nüfuzu artır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında