Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasına işgüzar səfəri çərçivəsində İran İslam Respublikasının Prezidenti Həsən Ruhani, İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşlərində xalqlarımız arasındakı tarixi, mədəni bağlılığın ölkələrimizi bir-birinə daha da yaxınlaşdırdığı qeyd edilib. Azərbaycan ilə İran, Rusiya arasındakı dostluq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Üç ölkə arasında əlaqələrin bundan sonra da inkişaf etməsi üçün yaxşı imkanlar olduğu vurğulanıb.
Dövlətimizin başçısının İran Prezidenti Həsən Ruhani, İranın Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti və münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin vəziyyəti barədə məlumat verib. Hərbi və hərbi-texniki sahədə əməkdaşlıq məsələləri və bu istiqamətdə perspektivlər müzakirə olunub, regional məsələlərə toxunulub, terrorizm və ekstremizmə qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlığının böyük potensiala malik olduğu və bu formatın çox önəmli sahələrdə əməkdaşlıq üçün yaxşı nəticələr verə biləcəyi qeyd edilib.
Görüşdə iqtisadi əməkdaşlıq məsələlərinə də toxunulub, Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin bu il 70 faizdən çox, İranla isə 30 faizdən çox artması faktı yüksək qiymətləndirilib. Söhbət zamanı qarşılıqlı sərmayə qoyuluşu, energetika, neft-qaz, nəqliyyat sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin uğurla icra olunduğu da vurğulanıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşündə isə bu iki ölkənin bir-birinə sıx tellərlə bağlı olduğu qeyd edilib. Bildirilib ki, Azərbaycanın Rusiya ilə münasibətləri strateji xarakter daşıyır. Bütün istiqamətlərdə - humanitar, iqtisadi, energetika, nəqliyyat, hərbi-texniki sahələrdə əməkdaşlıq yüksək səviyyədə reallaşdırılır. İkitərəfli əlaqələrin inkişafı üzrə səylərin hədər getmədiyi diqqətə çatdırılaraq, cari ilin ilk doqquz ayında əmtəə dövriyyəsinin 62 faiz artdığı diqqətə çatdırılıb.
Tehranda Azərbaycan, İran və Rusiya dövlət başçılarının iştirakı ilə üçtərəfli Sammit müstəvisində keçirilən tədbirdə çıxış edən Prezident İlham Əliyev Zirvə görüşünün böyük önəm daşıdığını xüsusi vurğulayıb. Bu görüşün keçən il yaradılan üçtərəfli, yüksək səviyyəli əməkdaşlıq formatının möhkəmləndirilməsi işində mühüm addım olduğunu diqqətə çatdırıb.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan dünyada yeganə ölkədir ki, onun həm İran, həm də Rusiya ilə sərhədləri var. Ölkələrimizin coğrafi vəziyyəti əməkdaşlığımızın önəmli amilidir. Xalqlarımızın tarixi əlaqələri isə üç ölkə arasında tərəfdaşlığın möhkəm təməlini təşkil edir.
Azərbaycan İran və Rusiya ilə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq həyata keçirir. Bu, İranla İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO), Rusiya ilə MDB, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT çərçivəsində özünü qabarıq göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev daha sonra deyib: “Bu gün dünyada beynəlxalq hüququn normalarının bərqərar olması gündəlikdə duran ən önəmli məsələlərdən biridir. Əfsuslar olsun ki, bir çox hallarda bu normalar işləmir və kobudcasına pozulur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi buna əyani misaldır. Ermənistan Azərbaycanın əzəli torpağı, ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və ətraf 7 rayonu 20 ildən çoxdur ki, işğal altında saxlayır. İşğal edilmiş torpaqlarda Azərbaycan əhalisi etnik təmizləmə siyasətinə məruz qalıb, 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Qeyd etmək lazımdır ki, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən bu münaqişə ilə bağlı müvafiq qərar və qətnamələr qəbul olunmuşdur. Bunların sırasında dünyanın aparıcı qurumu olan BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər təşkilatların qəbul etdiyi oxşar qərar və qətnamələri göstərmək olar. Ancaq Ermənistan buna məhəl qoymur, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir, işğalçı siyasətini davam etdirir. Erməni işğalına tezliklə son qoyulmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri dərhal icra edilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş qətnamələr isə 20 ildən çoxdur ki, kağız üzərində qalır. Bu, ikili standartların göstəricisidir. Bugünkü status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bizim qaçqın və köçkünlərimiz öz ata-baba torpaqlarına qayıtmalı və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir”.
Dövlətimizin başçısı nitqində, həmçinin üçtərəfli formatın iqtisadi əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması üçün yaxşı imkan yaratdığını qeyd edib. Ticarət dövriyyəsinin artırılmasının, qarşılıqlı sərmayə qoyuluşunun hazırda vacib məsələ olduğunu xatırladıb. Azərbaycanın Rusiya və İran ilə ticarət dövriyəsinin 2017-ci ilin yanvar-sentyabr aylarında 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artdığını, gələcəkdə bu müsbət dinamikanın saxlanılması və yüksəldilməsi zəruriliyini vurğulayıb.
Dövlətimizin başçısı daha sonra deyib: “İrandan və Rusiyadan Azərbaycan iqtisadiyyatına qoyulan sərmayənin həcmi artır. Keçənilki Zirvə görüşündən sonra İran şirkətləri Azərbaycanda avtomobil və dərman preparatları zavodlarının tikintisinə iri həcmdə sərmayələr qoymuşdur. Rusiya şirkəti isə daha bir dərman preparatları zavodunun tikintisinə böyük sərmayə yatırır. Azərbaycan da öz növbəsində hər iki ölkəyə sərmayə qoyuluşunu artırır. Bu sərmayə layihələri qarşılıqlı dostluğun və inamın təzahürüdür. Üç ölkə arasında əlaqələrin uğurlu inkişafının nəticəsi olaraq biznes dairələri də daha inamla sərmayə qoymağa başlamışlar. Ümid edirəm ki, bugünkü Zirvə görüşü də ölkələrimizin biznes dairələrinin daha da ruhlandırılmasına və qarşılıqlı sərmayə qoyuluşunun artırılmasına xidmət edəcək”.
Zirvə görüşündə hər üç ölkənin neft-qaz sahəsində də uğurlu əməkdaşlıq həyata keçirdiyi, İran və Rusiya şirkətlərinin 20 ildən artıq bir müddətdə Xəzərin Azərbaycan sektorunda neft-qaz yataqlarının işlənilməsində fəal iştirak etdikləri diqqətə çatdırılıb.
Elektroenergetika sahəsində əməkdaşlığın uğurlarla müşahidə edildiyi xatırladılıb. Azərbaycan həm İran, həm də Rusiya ilə öz enerji xətlərini birləşdirdiyi bildirilib. Respublikamızın və Rusiyanın enerji sistemlərinin paralel iş rejimində fəaliyyət göstərdiyi, iki ölkənin enerji sistemlərini “Xaçmaz-Dərbənd” və “Yalama” elektrik verilişi xətləri, İran-Azərbaycan enerji sistemlərini isə “İmişli-Parsabad” elektrik xətləri birləşdirdiyi göstərilib. Araz çayında Ordubad və Marazad Su Elektrik stansiyalarının tikintisi haqqında imzalanan sazişin artıq icra edildiyi, Ordubad Su Elektrik Stansiyasının tikintisinin uğurla aparıldığı da vurğulanıb.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında nəqliyyat sektorunda üçtərəfli əməkdaşlğın yaxşı nəticələr verdiyini də diqqətə çatdırıb: “Bu il Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər inşa etmişdir. Biz, eyni zamanda, Astara çayı üzərində 82 metr uzunluğunda dəmir yolu körpüsü tikmiş və istifadəyə vermişik. Bundan əlavə, İran ərazisində 1,4 kilometr yol və terminallar tikilməsi üçün 35 hektarlıq ərazi Azərbaycan tərəfindən uzunmüddətli icarəyə götürülmüşdür.
Bu il üç ölkə arasında dəmir yollarında daşınma tarifləri razılaşdırılmışdır. Beləliklə, Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilmişdir. Bu yol Şimal-Cənub nəqliyyat dəhlizinin önəmli hissəsidir. Azərbaycan, eyni zamanda, İran ərazisində Astara-Rəşt dəmir yolunun tikintisinin maliyyələşdirilməsində iştirak etməyə hazırdır. Artıq İran tərəfi ilə Astara-Rəşt dəmir yolunun tikintisi və avadanlıqla təchiz olunması layihəsi üzrə 500 milyon dollar dəyərində kredit sazişi ilə bağlı danışıqlar bu yaxınlarda uğurla başa çatmışdır.
Gələn il Bakı-İran sərhədi müasir magistral avtomobil yolu istismara veriləcək. Bakı-Rusiya sərhədi magistral avtomobil yolunun son hissəsinin inşası da gələn il ən yüksək səviyyədə başa çatdırılacaqdır”.
Dövlətimizin başçısı yuxarıda qeyd edilən məsələlərlə bərabər, Xəzər dənizində sərhəd mühafizəsində etibarlı əməkdaşlığın mövcud olması, Xəzərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, narkotrafikə, qaçaqmalçılığa qarşı birgə mübarizənin yaxşı nəticələrə gətirib çıxarması, Azərbaycan sivilizasiyalararası, dinlərarası dialoqun möhkəmləndirilməsi işinə töhfə verməsi ilə bağlı da danışıb.
Görüşün sonunda prezidentlər Zirvə görüşünün Birgə Bəyannaməsini imzalayıb və mətbuata bəyanatlarla çıxış ediblər. Bildiriblər ki, İran, Rusiya, Azərbaycan üçtərəfli əməkdaşlığı regionda təhlükəsizliyin, sabitliyin, iqtisadi inkişafın təmin olunmasına xidmət edir. Bu əməkdaşlıq əyani şəkildə göstərir ki, əlaqələr qarşılıqlı hörmət, anlaşma, xoş niyyət və dostluq prinsiplərinə əsaslanır. Keçirilən bu Zirvə görüşü üçtərəfli əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyi əminliyini daha da artırır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.