Bakı-Tbilisi-Qars – Şərqlə Qərb arasında “Dəmir İpək Yolu”

XXI əsrin əsas strateji planlarından olan, dünyanın 100 böyük layihəsi siyahısına daxil edilən, bir çoxlarının xəyal zənn etdiyi, reallaşacağına ümid etmədikləri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı baş tutdu. Təkcə üç dövlət deyil, həmçinin onlarca xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası xüsusi əhəmiyyət daşıyır. Bu, hər üç ölkənin, eyni zamanda, həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan digər ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaq.

Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin təşəbbüskarı və əsas iştirakçısı olmaqla  gələcəyə hesablanmış daha bir addım atdı. Bakı-Tbilisi-Qars gətirə biləcəyi bütün iqtisadi üstünlüklərlə yanaşı, tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibi olmasını təsdiqləyən bir faktor kimi çox önəm daşıyacaqdır.

 

Tarixə ötəri nəzər

 

Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsi barədə danışıqlara hələ 1993-cü il iyulun 26-29-da Ankara şəhərində keçirilmiş Türkiyə-Gürcüstan Qarışıq Nəqliyyat Komissiyasının iclasında başlanılıb. 2002-ci il iyulun 20-21-də Türkiyənin İstanbul şəhərində Türkiyə-Gürcüstan nəqliyyat nazirlərinin iclasında bu layihənin həyata keçirilməsi barədə imzalanmış protokolda layihə üzrə hazırlıq işlərinin görülməsi nəzərdə tutuldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü il iyunun 14-də Gürcüstana rəsmi səfəri zamanı Gürcüstanın ovaxtkı Prezidenti Mixeil Saakaşvili ilə keçirdiyi mətbuat konfransında Gürcüstandan Türkiyəyə dəmir yolu tikintisinin layihəsini dəstəklədiyini bəyan etmiş və ölkəmizin də bu layihədə iştiraka hazır olduğunu bildirmişdir. Həmin vaxtdan etibarən layihənin reallaşması istiqamətində danışıqlar daha da intensivləşmiş, bu istiqamətdə bir sıra görüşlər keçirilmişdir. 2004-cü il 28 dekabr tarixində layihə ilə bağlı Birgə İşçi Qrupu yaradılmışdır.

BMT Avropa İqtisadi Komissiyasının (AİK) Daxili Nəqliyyat üzrə Komitəsinin 2005-ci il 16 fevral tarixində Cenevrədə keçirilən 67-ci iclasında Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin Trans-Avropa və Trans-Asiya dəmir yolu magis-trallarının birləşməsini təmin edən bağlantı kimi qəbul edilməsi təklif edilmişdir. Bu layihə AİK tərəfindən hazırlanan Trans-Avropa avtomobil yolları və Trans-Avropa dəmir yolları layihələrinə dair Baş Planın Yekun Hesabatına (2005-ci ilin mart buraxılışı) 1-ci dərəcəli prioritet layihə kimi 4 balla qiymətləndirilərək daxil edilmişdir. AİK-in Daxili Nəqliyyat üzrə Komitəsinin 2005-ci il 21 fevral tarixli sənədinə əsasən, Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsi “Beynəlxalq kombinəedilmiş daşımaların mühüm xətləri və müvafiq obyektləri haqqında Avropa Sazişi”nin I Əlavəsinə C-E 692  indeksi ilə daxil edilmişdir.

2005-ci il mayın 25-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında mühüm bir sənəd imzalandı. Prezident İlham Əliyev, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Türkiyə Prezidenti Əhməd Necdət Sezər Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars birləşdirici dəmir yolu xətti layihəsi haqqında bəyannamə imzaladılar. Bu bəyannamə, əslində, hər üç dövlətin rəhbərlərinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin nə dərəcədə gərəkli olduğuna dair baxışları idi.  Dövlətimiz digər mühüm məsələlərdə olduğu kimi, bu layihənin də reallaşmasında öz qəti mövqeyini açıq şəkildə ortaya qoydu.

Qazaxıstan, Çin, Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının nəqliyyat nazirlərinin 2006-cı il 27 iyul tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş görüşündə Çin tərəfi layihəni dəstəkləmiş, Qazaxıstan tərəfi isə layihənin reallaşacağı təqdirdə  BTQ dəmir yoluna ildə 20 milyon tondan az olmayaraq yük cəlb edəcəyinə zəmanət vermişdi. 2007-ci il yanvarın 12-13-də Tbilisidə və sonra yanvarın 22-25-də Bakıda hər iki ölkənin müvafiq nazirliklərinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüşlər keçirilmişdir. Görüşlərin nəticəsi olaraq “Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı haqqında” və “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Gürcüstanın Marabda məntəqəsindən Türkiyə Respublikası sərhədinə qədər (Gürcüstan, Kartsaxi məntəqəsi) dəmir yolu sahəsinin layihələndirilməsi, maliyyələşdirilməsi, reabilitasiya-rekonstruksiyası, inşası və istismarının prinsip və şərtləri haqqında” hökumətlərarası saziş layihələrinin, həmçinin “Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin Marabda – Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin maliyyələşdirilməsi şərtləri haqqında kredit müqaviləsi” layihəsinin mətnləri müzakirə edilərək razılaşdırılmışdır.

Layihə ilə bağlı danışıqların məntiqi zirvəsi 2007-ci il fevralın 7-də Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri zamanı Bakı-Tbilisi-Qars dəmir yolu tikintisi layihəsinin artıq başlanması ilə bağlı sazişin imzalanması oldu. Həmin gün Gürcüstan Parlamentinin binasında Prezident İlham Əliyev, Gürcüstanın ovaxtkı Prezidenti Mixeil Saakaşvili və Türkiyə Respublikasının ovaxtkı Baş naziri Rəcəb Tayyib Ərdoğanın üçtərəfli görüşü baş tutdu və Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli regional əməkdaşlıq sammiti sənədlərinin imzalanması mərasimi keçirildi.

Prezident İlham Əliyev 2007-ci il fevralın 21-də “Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” sərəncam imzaladı. 2007-ci il noyabrın 21-də Gürcüstanın Tetri-Skaro rayonunda – Marabda stansiyasında Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsinin, 2008-ci il iyulun 24-də isə Türkiyənin Qars şəhərində Bakı-Tbilisi-Qars bağlantısının Türkiyə hissəsinin tikintisinə start verildi.

2010-cu il 6 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi ilə bağlı mühüm məsələlərin yer aldığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illər üzrə inkişafına dair Dövlət Proqramı” təsdiq edildi. 2013-cü ildə Qəbələ şəhərində keçirilən nəqliyyat infrastrukturunun təkmilləşməsi ilə bağlı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında Türkiyənin ovaxtkı Prezidenti Abdullah Gül çıxışında dedi: “Türkiyə Şərq və Qərb arasındakı mövcud xətlərə alternativ və təhlükəsiz dəmir yolları marşrutları məsələsi üzərində çalışmaqdadır. Modern “İpək Yolu” və ya “Orta dəhliz” adlandırılan bu layihənin ən mühüm hissəsi Azərbaycan ilə birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir...”.

Nəhayət, 2017-ci il  oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimi reallaşdı. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş tutan mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak etdilər.

 

BTQ: əhəmiyyəti və dividendləri

 

Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Dəmir yolu xəttinin inşasının başlanması 2005-ci ildə nəzərdə tutulsa da, həmin dövrdə maliyyə mənbələrinin olmaması səbəbindən tikintinin başlanması ləngimişdir. ABŞ və Avropa İttifaqı dəmir yolu xəttinin Ermənistandan kənar keçdiyinə görə ona qarşı çıxmış və tikintinin maliyyələşdirilməsindən imtina edərək bunun əvəzində bağlı qalmış Qars-Gümrü-Tbilisi dəmir yolu xəttinin açılmasını təkid etmişlər. Təbii ki, Ermənistanın məlum təcavüzü səbəbindən bu tələblər rədd edilmiş və dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsini Azərbaycan və Türkiyə öz üzərlərinə götürmüşdü. Layihənin maliyyə tutumu 1,1 milyard ABŞ dollarından  artıqdır. Onun 775 milyon dolları Gürcüstanın, 345 milyon dolları isə Türkiyənin payına düşür. Qeyd edək ki, Gürcüstanın layihədəki payı Azərbaycanın bu məqsədlə ayırdığı kredit hesabına reallaşdırılmışdır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin həyata keçirilməsi üçün Azərbaycan tərəfi birinci mərhələdə Gürcüstana 25 il müddətinə 1 faiz dərəcəsi ilə 200 milyon dollar kredit vermişdir. Ondan sonrakı mərhələdə isə Azərbaycan tərəfi Gürcüstana 5 faiz dərəcəsi olmaqla yenə də 25 il müddətinə 575 milyon ABŞ dolları əlavə kredit ayırmışdır.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiya arasında daşımalarda əsas yol kimi çıxış edəcək. Prezident İlham Əliyev açılış mərasimindəki nitqində xüsusi vurğuladı ki,  Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur.  Layihəni cəlbedici edən əsas amil onun tarixi İpək Yolu üzərində qurulması, eyni zamanda, bu coğrafiyada yerləşən türkdilli dövlətlərin inteqrasiyasında mühüm əhəmiyyət daşımasıdır. Bakı-Tbilisi-Qars 1 milyon sərnişin və 6,5 milyon ton yükdaşıma qabiliyyətinə malik olacaq. Ehtimallara görə,  dəmir yolu xəttinin daşıma imkanları 2034-cü ildə 3 milyon sərnişin, 17 milyon ton yükə çatacaq.

Asiyada yüklərin əsas təməl ölkəsi Çinin bu layihənin gerçəkləşməsinə marağı yüksəkdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da vurğuladığı kimi, Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşması ilə “Orta dəhliz” layihəsinin ən önəmli mərhələsi başa çatdırılmış olur və  Londondan Çinə birbaşa dəmir yolu xətti qurulur. Çindən gələn yük Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi sayəsində “Orta dəhliz” vasitəsilə 12-15 gündə Avropa İttifaqı ölkələrinə çatacaq. Hazırda Çindən Avropaya gedən yükün həcmi 240 milyon tondan çoxdur. “Orta dəhliz”lə bu yükün 10 faizi daşınarsa, bu, 24 milyon ton əlavə yük daşınması deməkdir.  Dəmir yolu xətti Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistan, habelə Qazaxıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaqdır. Bu məkanda Əfqanıstanın da imkanları unudulmamalıdır. Layihə NATO-nun da diqqət mərkəzindədir. NATO ölkələri üçün bütün tərəfdaşlarla qoşunların Əfqanıstandan daha qənaətli və təhlükəsiz yolla çıxarılmasında Bakı-Tbilisi-Qars xəttindən istifadə olunması gündəmdədir. Rəsmi Bakı bu məsələdə NATO ilə əməkdaşlıq etməyə hazır olduğunu bəyan etmişdir.

Bu layihə Naxçıvan Muxtar Respublikasını blokadadan çıxararaq, onun nəqliyyat müstəqilliyinin təmin edilməsində də mühüm rol oynayacaq. Belə ki, Ermənistanın Azərbaycana məlum təcavüzü nəticəsində paytaxt Bakını Naxçıvanla birləşdirən quru nəqliyyat kommunikasiyaları bağlanmışdır. Sərnişin daşımaları əsasən hava nəqliyyatının, yük daşımaları isə İran və Türkiyədən keçməklə avtomobil nəqliyyatının üzərinə düşmüş, tarixi dəmir yolu xətti isə regional və tranzit daşımalardan kənarda qalmışdır. Bu isə Naxçıvana ayrıca bir dəmir yolu qolunun çəkilməsini aktual bir məsələyə çevirir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi ilə bağlı növbəti plan da məhz Qarsdan Naxçıvana dəmir yolu xəttinin çəkilməsidir. Bununla da, Naxçıvan Muxtar Respublikasının nəqliyyat müstəqilliyi problemi tam təmin ediləcək və oradan da İrana keçid olan dəmir yolu xətti ilə bütün Yaxın Şərq regionuna çıxış əldə olunacaqdır.

Qeyd olunmalıdır ki, bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət, vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Dəmir yolu xətti turizmin inkişafına da imkan yaradacaq, turistlərin sayında artım müşahidə olunacaqdır. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə daşımaların həcmini artıracaqdır. Eyni zamanda, dəmir yolu xətti ilə yalnız yük qatarlarının deyil, sərnişin qatarlarının da hərəkəti təmin olunacaqdır. Bütün bunlar isə öz növbəsində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiqləyir.

Bakı-Tbilisi-Qars dəmir yolunun inşası Azərbaycan-Türkiyə iqtisadi və humanitar əlaqələrinin inkişafına da çox dəyərli əlavə stimullar verəcəkdir. Eyni zamanda, bu layihə ilə regionda sabitliyə və iqtisadi inkişafa böyük töhfə veriləcək, Azərbaycan, Gürcüstan və Türkiyə mühüm tranzit qovşağına çevriləcəkdir. Hər üç ölkə beynəlxalq yüklərin daşınmasından əlavə, tranzit gəlirləri də əldə edəcəkdir ki, bu da sosial-iqtisadi rifahın artması deməkdir.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilk baxışda regional layihə təəssüratı yaratsa da, əslində, əhəmiyyətliyinin miqyasına görə, qlobal səciyyə daşıyır. Strasburqla uzaq Şanxayı birləşdirəcək böyük İpək Yolunda qısa bir bağlantı olsa da, Bakı-Tbilisi-Qars dəmir yolu iki qitəni polad relslərə birləşdirərək “Dəmir İpək Yolu” adını qazanmışdır. Layihə regionda böyük sosial-iqtisadi effektivliyə zəmin yaradacaqdır.

 

Ermənistan–şovinist siyasətin əsiri

 

Azərbaycan, Türkiyə və Gürcüstan bölgədə inkişaf etdikcə, iqtisadiyyatlarını böyütdükcə Ermənistan bu proseslərdən kənarda qalmalı olur. Ermənistanın xaricə çıxışını təmin edən başlıca dəmir yolu xətləri Azərbaycanla bağlıdır ki, bunlar da onun respublikamıza məlum təcavüzü nəticəsində qapanmışdır. Mənfur qonşularımız xaricə çıxış imkanı qazanmaq üçün əsasən iki istiqamətdə səy göstərirlər. Birincisi, 2007-ci ildə bəyənilmiş  Ermənistan-İran dəmir yolunun tikintisi layihəsidir. Orta hesabla 500 kilometr uzunluğunda olan dəmir yolu xəttinin (420 kilometr Ermənistan, 80 kilometr İran) çəkiliş layihəsinin investisiya təminatı 2 milyard ABŞ dolları  həcmində hesablanır. Lakin layihənin reallaşması üçün tələb olunan maliyyə demək olar, Ermənistanın hazırkı dövlət büdcəsi qədərdir ki, bu da onun imkanları daxilində deyildir. Hələ də rəsmi İrəvan İran-Ermənistan dəmir yolu xəttinin tikintisi üçün pul tapa bilmir. Digər tərəfdən, Ermənistan üçün İranla dəmir yolunun ən qısa və az investisiya tələb edən yolu Naxçıvan istiqamətində olan xətlə mümkündür ki,  Ermənistan hökumətinin şovinist siyasəti bu haqda nikbin proqnozlar irəli sürülməsinə imkan vermir. Qəsbkar mövqe bu ölkəni özünəqapanmaya sövq edərək uçuruma yuvarladır.

Ermənistanın xaricə çıxışı üçün digər alternativi Qars-Gümrü dəmir yolu xəttidir ki,  bu da təcavüzkar siyasətinin nəticəsi olaraq 1993-cü ildən bağlıdır. Kəlbəcər rayonunun işğalı ilə əlaqədar Türkiyə 5 aprel 1993-cü il tarixində Ermənistana keçən bütün humanitar yardımların dayandırıldığını, icazəsiz keçmək istəyən təyyarələri vuracaqlarını açıqlamış və bunun ardınca Ermənistanla arasındakı dəmir yolunu da bağlatmışdır. Ərazidən axırıncı yük qatarı 1993-cü il iyulun 6-da  keçmişdir.

Amerika Erməni Beynəlxalq Komitəsinin açıqlamasına görə, embarqo Ermənistan iqtisadiyyatına ildə 570-720 milyon dollar ziyan vurur. Sərhəd qapılarının açılacağı təqdirdə Ermənistanın nəqliyyat xərclərinin 30-50 faiz azalacağı, ixracatın ikiqat artacağı, ÜDM-in 35 faiz artacağı proqnozlaşdırılır. Dünya Bankının məlumatlarına görə, sərhəd qapılarının açılması Ermənistana ümumilikdə 320,3–395,8  milyon dollar fayda verə bilər. Reallıq budur ki, Ermənistanın yürütdüyü təcavüzkar siyasət onu bölgədə həyata keçirilən bütün enerji və nəqliyyat dəhlizlərindən kənarda qoymuşdur. Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməyincə iflasa uğrayacaq. Çünki Azərbaycanla birgə razılığa nail olunması Ermənistan üçün strateji əhəmiyyətli layihələrdən faydalanmaq, iqtisadi səfalətdən xilas olmaq baxımından daha vacib bir addımdır. Azərbaycan daim bəyan etmişdir, münaqişə respublikamızın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll olunacaqsa, Ermənistanın da regionda reallaşan layihələrdən yararlanmasına imkan yaradılcaqdır. Ermənistanın iqtisadi inkişafı yalnız təcavüzkar siyasətindən əl çəkdiyi təqdirdə Azərbaycanla qapadığı bütün kommunikasiyaların bərpası ilə mümkün olacaqdır.

*  *  *

Belə bir irimiqyaslı layihəyə rəhbərlik etməklə Azərbaycan bir daha qlobal miqyasda öz əhəmiyyətliliyini, regional gücünü təsdiqlədi. Göründüyü kimi, nəinki region ölkələri, eləcə də, Avropa və Asiya dövlətləri üçün böyük əhəmiyyətə malik olan layihənin reallaşdırılması Azərbaycanın qarşıya qoyduğu iradə və onun dövlət başçısı Prezident İlham Əliyevin əzmkarlığı nəticəsində mümkün oldu. Həmçinin,  layihədə təmsil olunan dövlətlərin mütəşəkkilliyi və birliyi nümayiş olundu.  Şübhəsiz, demək mümkündür ki, Bakı-Tbilisi-Qars region dövlətlərinə sülh, rifah, sabitlik bəxş edəcək, xalqların daha da yaxınlaşmasına və iqtisadi inkişafına töhfələr verəcəkdir.

Nailə MƏMMƏDOVA,
“Azerbaijan Realities”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında