Azərbaycan modeli: dinamik - tarazlı inkişafın şərti və nəticəsi

{nl}

Sürətli tərəqqi yolunda inamla və möhtəşəm nailiyyətlərlə irəliləyən müasir Azərbaycan 20 illik bir zaman kəsiyində böyük inkişaf mərhələsi keçmiş, əldə etdiyi sosial-iqtisadi uğurlarla tanınmışdır. Yerləşdiyi regionda iqtisadi və siyasi cəhətdən aparıcı dövlət olan Azərbaycan dünya birliyinə fəal inteqrasiya istiqamətində mühüm addımlar atmış, beynəlxalq hüququn tam müstəqil və artıq mövqeyi mütləq şəkildə nəzərə alınan subyektidir. Ümummilli lider Heydər Əliyev siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycan planlı təsərrüfatçılıq sistemindən sərbəst bazar iqtisadiyyatı sisteminə keçid prosesini uğurla başa vurmuş, müasir bazar iqtisadiyyatı şəraitində ən yüksək tərəqqi tempinə malik bir ölkəyə çevrilmişdir. İqtisadi sahədə keçid dövrünü arxada qoyan və bununla öz tərəqqisində tamamilə yeni bir mərhələ açan Azərbaycan iqtisadiyyatının inkişaf modelinin elmi-nəzəri əsaslarının işlənib hazırlanması, bu istiqamətdə geniş elmi tədqiqat işlərinin aparılması günün tələblərindən biridir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin ideya və ön sözün müəllifi olduğu "İnkişafın Azərbaycan modeli" kitabı bu istiqamətdə atılan ilk və uğurlu addımlardan biri kimi qiymətləndirilməlidir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf olunan bu kitab ön söz və üç fəsildən ibarətdir. Burada 1994-2009-cu illərdə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət, əsaslandırılmış iqtisadi islahatlar milli inkişaf modelini səciyyələndirən məsələlər kimi önə çəkilir. Bu illərdə keçid dövrünü təmin edən əsas sosial-iqtisadi proseslərə, ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən verilən sərəncam və fərmanlara, təsdiq olunan dövlət proqramlarına, əldə olunan nailiyyətlərə diqqət yetirilməklə ölkəmizdə əvvəlki sosial-iqtisadi münasibətlərin, institutların, idarəetmə strukturlarının bazar iqtisadiyyatına uyğun transformasiyası, yenilərinin formalaşması prosesinə ətraflı nəzər salınır.
"İnkişafın Azərbaycan modeli" kitabında göstərilir ki, Azərbaycanın keçid dövrünü uğurla başa vurması müstəsna olaraq zamanın tələbinə uyğun vaxtında atılan addımlar, həyata keçirilən çevik siyasət, bu işlərin yerinə yetirilməsinə rəhbərlik etmək üçün tələb edilən lider keyfiyyətləri sayəsində mümkün olmuşdur: "Kifayət qədər mürəkkəb tarixi - siyasi şəraitdə dövlət müstəqilliyini əldə edən Azərbaycan yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtmasından sonra həyata keçirilən iqtisadi islahatlar, çoxvektorlu xarici siyasət sayəsində sürətli sosial-iqtisadi inkişaf yoluna çıxmış, dünya iqtisadi sisteminə inteqrasiyanı təmin etmişdir. Məhz Heydər Əliyevin gərgin fəaliyyəti və fövqəltəbii uzaqgörənliyi ölkə daxilində milli birliyi təmin etdi və dövlətçiliyimizin əsasları gücləndirildi. Onun xüsusi diqqət yetirdiyi və siyasi fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilmiş azərbaycançılıq gündəlik fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilmiş, nəticədə bu məfkurə müstəqil dövlətimizin əsaslarını möhkəmləndirmiş, daxili sabitliyin təmin edilməsini şərtləndirmiş və ölkənin hər bir vətəndaşı dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq millətin ayrılmaz tərkib hissəsinə çevrilmiş, eyni hüquq və onların azadlıqlardan bəhrələnməsi sistemini reallaşdırmaqla ölkənin Avropa hüquq və demokratiya məkanına inteqrasiyasını sürətləndirmişdir. Belə bir yanaşma iqtisadi baxımdan xüsusi maraq doğuran bir neçə məqamı özündə əks etdirir: birincisi, vətəndaşların bərabər şərtlər daxilində fəaliyyət göstərmələri azad rəqabət şəraitinin yaradılmasına töhfə verir; ikincisi, azad və bərabər bazar münasibətləri milli birliyin gücləndirilməsinə, iqtisadi sistemə inamın artmasına və sərmayə axınına səbəb olur; üçüncüsü, sosial ədalət anlayışı bazar iqtisadiyyatı anlayışının tələbinə xas olan bərabərsizliyin mənfi fəsadlarının və iqtisadi sistemin çatışmazlıqlarının aradan qaldırılmasına kömək edir".
Qloballaşan dünyanın yeni əsr reallıqları və kəskinləşən rəqabət şəraiti milli iqtisadiyyatın qarşısında sərt tələblər qoyur. Postsovet ölkələrinin dünya təsərrüfatçılıq sisteminə bərabərhüquqlu tərəfdaş kimi qoşulması prosesini çətinləşdirən geosiyasi, iqtisadi, sosial, etnik-psixoloji və digər xarakterli amillərin təsirinin idarə olunması ciddi kollektiv səyləri zəruri edir.
Ən yeni tarix göstərir ki, həyatın XXI əsrə xas olan gərgin ritmi və ziddiyyətliliyi şəraitində ölkəmizin sosial-iqtisadi inkişafının başlıca amili şübhəsiz ki, xalqın maraqlarını hər şeydən yüksək tutan liderin siyasi mətinliyi və əzmkarlığı olmuşdur. Azərbaycanın müstəqillik qazandığı ilk illərin təcrübəsi, buraxılan səhvlər və onların ağır nəticələri bunu bir daha sübut etdi. Ümumxalq çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyevin titanik əməyi sayəsində XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycan fəlakətli vəziyyətdən çıxarılmaqla, ölkənin inkişafının siyasi kursu müəyyənləşdirildi. Məhz bu əsasda ən yeni tariximizin ağır dönəmlərində daim xalqın ümid yeri olan ümummilli liderin sayəsində dövlətçiliyimizin etibarlı təməli qoyuldu.
Bu təməl üzərində ölkə özünün iqtisadi tərəqqi yoluna qədəm qoydu. Həmin yolun əsas cəhətləri, mərhələ və dövrü nəticələri haqqında danışılan kitabda bütün bunlar ətraflı şəkildə işıqlandırılmışdır. Müstəqilliyin iki onilliyində Azərbaycanın öz inkişaf modeli ilə dünyada tanınmasını bariz surətdə əks etdirən bu sanballı əsərdən göründüyü kimi, inzibati amirlik prinsiplərindən uzaqlaşmış ölkəmizdə bazar prinsiplərinə əsaslanan iqtisadi sistem quruculuğu istiqamətində ciddi və məqsədli axtarışlar aparılmışdır. Bu kontekstdə inkişaf etmiş bazar iqtisadiyyatlı dövlətlərdə istifadə olunan modellərə münasibətdə təəssüf ki, ölkənin bir sıra tədqiqatçılarının, tanınmış beynəlxalq qurum ekspertlərinin bəzi hallarda ziddiyyətli, subyektiv fikir və mövqeləri bu sahədə düzgün, optimal istiqamətin müəyyənləşdirilməsində ciddi çətinliklər yaratmış, liberal, sosial yönümlü və ya sosial-demokrat modellərin hansına üstünlük verilməsi məsələsində uzunmüddətli diskussiyalar aparılmışdır.
Həmin illərdə inkişafın tarixi şəraiti və səviyyəsi, sosial və geosiyasi vəziyyət, təbii və əmək resurslarının mövcudluğu, formalaşmış adət və ənənələr inkişaf modelləri axtarışında mühüm amillər kimi nəzərə alınaraq, ən optimal variantın qısa bir vaxtda müəyyənləşdirilməsi qarşıya bir məqsəd kimi qoyulurdu. Ona görə də dövlət sektorunun əhəmiyyətli paya malik olduğu qarışıq iqtisadiyyata, azad rəqabətin dəstəklənməsinə və mikrosəviyyədə tənzimlənməsinə, etibarlı sosial təminat sisteminə, büdcə-maliyyə siyasətinə nisbətən kredit-pul siyasətinin prioritetliyinə əsaslanan sosial yönümlü bazar iqtisadiyyatı modelinə üstünlük verilməsi məhz ulu öndərin gərgin əməyinin nəticəsi kimi qiymətləndirilir.
İslahatlar prosesi dərinləşdikcə dövlət vətəndaşların sosial müdafiəsi və rifah halının yaxşılaşdırılması üçün üzərinə götürdüyü öhdəlikləri tam məsuliyyəti ilə həyata keçirmiş və cəmiyyətdə sosial uçurumun yaranma təhlükəsini neytrallaşdırmışdır. Təsadüfi deyildir ki, 2009-cu il martın 19-da Azərbaycan Respublikası Konstitusiyasına ümumxalq referendumu yolu ilə əldə edilmiş dəyişiklik nəticəsində Əsas Qanunun 15-ci maddəsinin 2-ci bəndi aşağıdakı formada ifadə olunmuşdur: "Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir". Hazırda respublikamızda reallaşdırılan iqtisadi siyasətin mahiyyətində duran əsas məqam xalqın sosial rifahının yaxşılaşdırılması fonunda Azərbaycanın daha qüdrətli bir ölkəyə çevrilməsini təmin etməkdir və bu, ölkə Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədi kimi dəyərləndirilir.
Kitaba ön sözdə akademik Ramiz Mehdiyev milli iqtisadi inkişaf modelinin sosial yönümlülüyünə diqqət çəkməklə yazır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf strategiyası ölkə vətəndaşlarının maddi rifah halının daha da yüksəlməsinə dinamik xarakter vermiş, sosial infrastrukturun inkişafına, ölkədə yoxsulluğun azaldılmasına, işsizliyin minimuma endirilməsinə nail olunmuşdur.
Perspektiv inkişafın mürəkkəb qlobal və regional münasibətlər sistemi dövlətin iqtisadi qüdrətini və iqtisadi yüksəlişə təkan verən dayaq obyektinin tapılmasını tələb edir. "İnkişafın Azərbaycan modeli" kitabının xüsusi diqqət çəkən "Müstəqil iqtisadiyyatın yaradılmasına xidmət edən siyasət" adlı ilk fəslində vurğulandığı kimi, ilkin məqsəd ölkədə neft təsərrüfatının yeni səviyyədə inkişafının və karbohidrogen ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsinin təmin olunmasıdır.
Ulu öndər Heydər Əliyevin səyi, misilsiz cəsarəti və əzmkarlığı, inkişafa inam yaratmaqda fövqəltəbii qüdrəti dünyanın aparıcı dövlətlərinin, transmilli korporasiyaların "Əsrin müqaviləsi"nə marağını gücləndirdi. Respublikanın investisiya cəlbediciliyini neft siyasəti ilə təmin etməklə ümummilli lider "Əsrin müqaviləsi"nin bağlanmasına nail oldu. Sözügedən müqavilə, eləcə də milli neft strategiyasının reallaşdırılmasının ilk günlərindən bu sahəyə birbaşa rəhbərlik edən ARDNŞ-in vitse-prezidenti İlham Əliyevin məsuliyyətli və gərgin əməyi çox keçmədi ki, öz bəhrəsini verməyə başladı. Xəzərin hüququ statusunun həll edilməməsi hadisələrin gedişində böyük çətinliklər yaratsa da, məhz cənab İlham Əliyevin misilsiz diplomatik məharəti sayəsində bu problem milli maraqlar çərçivəsində öz həllini tapdı.
Enerji təhlükəsizliyinin təminatı Azərbaycanın iqtisadi müstəqilliyini möhkəmlətdi və onun beynəlxalq arenada tam müstəqil siyasət yeritməsinə yol açdı. Regional layihələrdə aparıcı mövqe qazanan respublikamız beynəlxalq miqyasda söz sahibi, milli maraqlar baxımından öz şərtlərini diqtə edə bilən ölkəyə çevrildi.
Kitabda həmçinin qeyd olunur ki, əgər "Əsrin müqaviləsi" kimi nəhəng kontraktın imzalanması müstəqillik illərinin enerji tarixinin ilk əsas səhifəsini təşkil edirdisə, Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinin inşası bu tarixin əsas hərəkətverici qüvvəsi sayılmalıdır. Yeri gəlmişkən, qeyd edilməlidir ki, dünya iqtisadi mühitində hazırda birinci problem kimi həlli axtarılan enerji xətlərinin diversifikasiyası məsələlərinin zəruriliyini ulu öndər Heydər Əliyev hələ çox-çox əvvəllər gündəmə gətirmişdi. Artıq Bakı - Tbilisi - Ceyhan neft boru kəmərinin istifadəyə verilməsi ilə əfsanə sayılan layihə ölkənin strateji məqsədlərinin həllinə öz töhfəsini verir. Heç də təsadüfi deyildir ki, boru kəmərinin açılışı ərəfəsində Prezident İlham Əliyev "Avrasiyada ilin siyasət adamı" elan edildi. Bütün dünya bu həqiqəti qəbul etdi ki, "Əsrin müqaviləsi"nin memarı ulu öndər Heydər Əliyevdirsə, onun qlobal nəqliyyat strategiyası kimi reallığa çevrilməsinin, Azərbaycanın regionda strateji tərəfdaş statusunu qazanmasının təminatçısı isə cənab İlham Əliyevdir. Bu layihənin reallaşmasının ardınca, Bakı - Tbilisi - Ərzurum qaz kəmərinin çəkilişi Azərbaycanı beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin həyata keçirildiyi regional mərkəz kimi tanıtmış, ölkəmizin beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir. Bu gün Azərbaycanın Şərqə və Qərbə üz tutan perspektiv ixrac layihələri onun enerji siyasətinin inkişafı prioritetlərinin reallaşmasına xidmət edir. İndi əldə edilən və gözlənilən neft və qaz gəlirlərinin idarə olunması üzrə Azərbaycanın strategiyası dünyanın diqqətini özünə çəkməkdədir.
Bakı - Supsa və Bakı - Novorossiysk neft kəmərlərinin işə salınmasından sonra məhz Azərbaycan rəhbərliyinin qətiyyəti və iradəsi sayəsində əsas neftdaşıma xətti olan Bakı - Tbilisi - Ceyhan kəməri tikilib istifadəyə verilmişdir. Bir çox xarici qüvvələrin müxtəlif bəhanələrlə bu layihəyə mane olmaq cəhdləri, hər şeydən öncə, onun geosiyasi müstəvidə super dövlətlər arasında potensial və real təsirlərin mühüm bir elementinə çevrilməsilə səciyyələnir. Bu cəhdlər boşa çıxdı. Eyni zamanda, Azərbaycan nəhəng qaz ehtiyatlarının istismarına başlamaqla öz strateji çəkisinə və daxili iqtisadi fəaliyyətinə yeni bir çalar, xüsusiyyət əlavə etdi. Artıq bir sıra qonşu dövlətlərlə yanaşı, Avropanın qaz təchizatında ölkəmizin xüsusi rolu öz təsdiqini tapır. Avropa Birliyi ölkələri enerji təhlükəsizliyini təmin etmək üçün qaz idxal xətlərinin diversifikasiyasına çalışır və bunun üçün "Cənub dəhlizi"ni inkişaf etdirməyə xüsusi ciddi-cəhd göstərməkdədir. Bu baxımdan neft və qaz təchizatçısı olmaqla bərabər Azərbaycan mühüm geosiyasi amilə çevrilir.
Sözügedən kitabda vurğulanır ki, Azərbaycanın iqtisadi və maliyyə potensialının güclənməsi Cənubi Qafqazda regional əməkdaşlığın inkişafını şərtləndirmiş və gələcək iqtisadi baxımdan cəlbedici layihələrin həyata keçirilməsinə imkan verir. Mərkəzi Asiya, xüsusilə dünyanın yeni iqtisadi mərkəzi kimi formalaşmaqda olan Çin, Avropa və Orta Şərq ölkələri arasında birbaşa quru yolu ilə əlaqəni təmin edəcək Bakı - Tbilisi - Qars dəmir yolu layihəsi ölkəmizin gələcək inkişafına çox mühüm təkan verəcəkdir. Azərbaycanın öz maliyyə potensialını belə səmərəli layihələrə yönəltməsi onun uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir.
Azərbaycanda aqrar sahənin dirçəlməsi və tərəqqisi ulu öndərimiz Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. O, istər sovet dönəmində, istərsə də müstəqillik illərində kənd təsərrüfatının inkişafına xüsusi önəm vermişdir. "İnkişafın Azərbaycan modeli" kitabında qeyd olunur ki, Azərbaycanda aqrar islahatın həyata keçirilməsi istiqamətində ilkin addımlar Naxçıvan MR-da atılıb. Belə ki, Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyərkən 1992-ci ilin aprel ayında muxtar respublikanın qanunverici orqanının sessiyasında aqrar islahata dair xüsusi qərarlar qəbul etmişdir. Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev bildirirdi ki, müstəqil inkişaf yoluna qədəm qoymuş respublikada sosialist sistemindən imtina edilməli, yeni mütərəqqi sistem yaradılmalı, iqtisadi siyasət gücləndirilməli, bazar iqtisadiyyatına keçilməli, iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında ölkə miqyaslı islahat aparılmalıdır.
O zaman xalqı buna inandırmaq o qədər də asan deyildi. Ulu öndər qeyd edirdi ki, kənd təsərrüfatı sahəsində iqtisadi islahatlar Azərbaycanın yeganə yoludur və respublikada dövlət mülkiyyətinin özəlləşdirilməsində, mülkiyyət formalarının dəyişdirilməsində, sahibkarlıq üçün şərait yaradılmasında, bazar prinsiplərinin həyata keçirilməsində aqrar ehtiyat mənbələri böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanda ilk islahat kursuna məhz aqrar sahədən başlanılması heç də təsadüfi deyildir.
Kitabda vurğulanır ki, islahatlar çərçivəsində ulu öndər ilk olaraq Azərbaycan vətəndaşının mental xüsusiyyətlərini, insanların maddi durumunu nəzərə alır və onların bu islahatdan maksimum dərəcədə faydalana bilməsini təmin etmək üçün konkret addımlar atırdı. Belə addımlardan biri məhz Heydər Əliyevin təşəbbüsü ilə torpaqların əvəzsiz olaraq kənd əhalisinə paylanması idi. Heydər Əliyevin bu uzaqgörənliyi sayəsində həyata keçirilən torpaq islahatları nəticəsində 3 milyon 500 minə qədər insan torpaq mülkiyyətçisinə çevrildi ki, bu da Azərbaycanda mülkiyyətçilər sinfinin yaranmasının əsasını təşkil etdi və çox çəkmədi ki, kənd təsərrüfatı istehsalındakı tənəzzül dayandı və dinamik inkişafın əsası qoyuldu.
Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev də aqrar sahənin inkişafına, burada islahatların dərinləşməsinə xüsusi diqqət yetirməkdədir. Təsadüfi deyil ki, 2003-cü ildə prezident seçildikdən sonra cənab İlham Əliyevin imzaladığı ilk fərman və sərəncamlar da aqrar sahənin inkişafının yeni mühüm mərhələyə keçirilməsi məqsədinə yönəldilmişdi. Xüsusən 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərman aqrar sahədə islahatların ikinci mərhələsinə başlanmasına start verdi. Həmin fərmanın məntiqi davamı olan 11 fevral 2004-cü il tarixdə qəbul edilmiş birinci regional Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi aqrar sahədə köklü dəyişikliklərin aparılmasına və bu sahədə sahibkarlıq fəaliyyətinin geniş şəkildə inkişafına əlavə imkanlar yaratdı. Dövlət proqramında digər tədbirlərlə yanaşı, aqrar sahədə fəaliyyət göstərmiş emal müəssisələrinin bərpa olunması, yeni istehsal müəssisələrinin yaradılması, yerli resurslardan istifadənin səmərəsinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun təşkili və digər zəruri tədbirlərin həyata keçirilməsi öz əksini tapırdı.
Prezident İlham Əliyevin aqrar sahənin inkişafı istiqamətində atdığı ən mühüm addımlardan biri də 23 oktyabr 2004-cü il tarixli digər sərəncamı ilə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti yaradılması və aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər müəyyən edilməsi oldu. Məhz bu SC hesabına fermerlərin texnikaya olan tələbatı ildən-ilə yaxşılaşır. Bununla bağlı Prezident İlham Əliyev demişdir ki, əgər biz "Aqrolizinq"i yaratmasaydıq, fermerlər hansı pulun hesabına o texnikanı ala bilərdilər?.. "Aqrolizinq"in yaradılması kənd təsərrüfatının inkişafında ciddi dönüş etdi. Ondan sonra əlavə tədbirlərin görülməsi, subsidiyaların verilməsi nəticəsində əkin sahələrini böyük dərəcədə genişləndirə bilmişik. Gübrənin, yanacağın, toxumların alınması - bütün bunlar Azərbaycan dövləti tərəfindən həll olunan məsələlərdir. Belə diqqət və qayğı aqrar sahənin sürətli inkişafını təmin etməklə, ərzaq təhlukəsizliyi baxımından ölkəmizdə kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini stimullaşdırmış, Azərbaycanın həmin məhsulların ixracatçılarından birinə çevrilməsinə şərait yaratmışdır.
Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində makroiqtisadi sabitliyin və dayanıqlı inkişafın təmin olunması, iqtisadi və inzibati rayonların özünəməxsus cəhətlərini nəzərə alan tədbirlərin reallaşdırılması regionlarda yeni müəssisə və təşkilatların istifadəyə verilməsinə, bununla yeni iş yerlərinin açılmasına imkan vermişdir ki, bu da ölkədə aparılan strateji kursun tam düzgünlüyünü bir daha təsdiqləyir.
Müasir dünyanın aparıcı elm ocaqlarında iqtisadi mərkəzəqaçma effekti və tarazlı regional inkişaf prioritetlərinin uzlaşdırılması üzrə intensiv tədqiqatlar aparılır. Məsələ ondadır ki, ən yeni tarixdə inkişafın ərazi təşkilində iqtisadi mərkəzəqaçma bəzi Qərb ölkələrində iri şəhərlərə yaxın ərazilərdə iqtisadi fəallığı kəskin surətdə aşağı salmışdı. Bu baxımdan öz acı təcrübəsində tarazlı regional kursun alternativsizliyini dərk etmiş ölkələr üçün Azərbaycanın regional sosial-iqtisadi inkişaf siyasəti mühüm konseptual əsas, elm mərkəzləri üçün isə dəyərli təcrübə olacaqdır.
"İnkişafın Azərbaycan modeli" kitabında vurğulanır ki, ərzaq təhlükəsizliyinin, xüsusən də taxıla olan tələbatın yerli istehsal hesabına təmin edilməsində Azərbaycanın əldə etdiyi uğurlar və bu uğurların qarşıdakı dövr ərzində daha da genişləndirilməsi olduqca mühüm önəm daşıyır. İlk növbədə ona görə ki, ölkənin ərzaq təhlükəsizliyi sahəsində xarici asılılıq tam aradan qalxır və dünya iqtisadiyyatında qlobal maliyyə böhranının fəsadları, eləcə də bu qəbildən olan digər problemlər ölkəmizin ərzaqla təminatında çətinliklər yaratmır. Digər tərəfdən, Azərbaycan ərzaq təhlükəsizliyində vacib rol oynayan məhsullarla özünü tam təmin etdikdən sonra artıq məhsulun ixrac edilməsi hesabına da iqtisadiyyatını gücləndirmək imkanları qazanır.
İqtisadi təhlükəsizliyin mühüm istiqaməti kimi ərzaq təhlükəsizliyinin təminatına yönəldilmiş tədbirlər, milli inkişaf modelinin yeni bir komponentinin "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın qəbulu və icrasına başlanması üçün əlverişli start mühiti yaratdı. İnnovasiyalı istehsalın yaradılmasının bir məqsədi kimi gündəmə gətirilməklə ərzaq kompleksinin inkişafına prioritetlik verilməsi, elmi ideyaların kommersiyalaşması və ərzaq təhlükəsizliyi tələbləri arasında dayanıqlı müvazinətin qorunması, intensivləşmə və onun ekoloji reqlamentləşdirilməsi kimi məsələlərin həlli üçün zəngin informasiya bazasının formalaşdırılması günün reallıqlarıdır. Bu gün fövqəladə halları qabaqlayan sistemdə Dövlət Taxıl Fondunun artan əhəmiyyəti lazımi səviyyədə qiymətləndirilir. Müvafiq normativ-hüquqi baza və proqramlar sosial-iqtisadi inkişafın yüksək səmərəliliyinə əsas yaradır.
Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafın "Dövlət Proqramı"nda qarşıya qoyulan məqsədlər cari və perspektiv imkanlara adekvat tədbirlərin reallaşdırılmasını nəzərdə tutur. Belə ki, ötən illərdə sosial cəhətdən həssas qrupların, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər sayəsində az vaxtda yoxsulluq səviyyəsi dəfələrlə aşağı salınmışdır və hazırda bu istiqamətdə davamlı işlərin görülməsi proqramlaşdırılır. Dövlətin daim diqqət mərkəzində olan qaçqın və köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması müharibə və işğal şəraitində olan ölkənin iqtisadi inkişaf modelinin mühüm cəhətidir. Bir çox tədqiqatçılar bu mürəkkəb və həm də unikal situasiyanın araşdırılmasına xüsusi maraq göstərirlər.
Kitabın "Dünya iqtisadiyyatına səmərəli inteqrasiyasını təmin edən sürətli islahatlar" adlı üçüncü fəslində xarici ticarət strategiyasının məziyyətləri açıqlanır. Dünya təsərrüfat sistemində ixracatçı ölkə kimi Azərbaycanın qazandığı mövqe ətraflı və inandırıcı şəkildə şərh olunur. Məlumdur ki, hazırda Azərbaycana xarici investorların artan marağı getdikcə güclənir. Müharibə şəraitində yaşayan, işləyən və inkişaf edən Azərbaycandakı siyasi sabitlik, sağlam rəqabətə optimal şərait yaradılması ölkəmizdə investisiya mühitinin əlverişliyinin beynəlxalq miqyasda qəbul edilməsi ilə nəticələnmişdir. Məhz bunun nəticəsidir ki, dünyanın 133 ölkəsinin əhatə etdiyi "Qlobal Rəqabət Hesabatı 2009 - 2010" adlı mötəbər sənəddə azad rəqabət şəraitinin yaradılması baxımından Azərbaycan 2008-ci illə müqayisədə 18 pillə irəliyə çəkilmişdir. Əksər beynəlxalq təşkilatlar investisiya sahəsində Azərbaycanın aparıcı mövqeyini qanunauyğun hesab edirlər.
Milli maraqların qorunması Azərbaycanın beynəlxalq iqtisadi təşkilatlardakı fəaliyyətinin başlıca meyarıdır. Keyfiyyətcə yeni xarakter alan beynəlxalq iqtisadi münasibətlər sistemində güclü iqtisadi potensiala, əsaslandırılmış idarəetmə strategiyasına və inkişafın milli modelinə malik Azərbaycan Respublikası özünəməxsus yer tutur və get-gedə bu mövqeyini daha da möhkəmləndirir. Zəngin təbii resurslardan müstəqil surətdə istifadə imkanlarının özününküləşdirilməsi Azərbaycana öz inkişaf modelini qurmağa və dayanıqlı mövqedən çıxış etməyə əsas verir.
İnformasiya texnologiyalarının inkişafına prioritetlik verilməsi, kosmik sənayeyə xüsusi diqqət innovasiya iqtisadiyyatının inkişafı üçün geniş imkanlar açıldığını göstərir. Sözügedən imkanlar diversifikasiyalı iqtisadiyyatın yeni keyfiyyət səviyyəsinə qaldırılmasında yüksək profesionallıqla istifadə edilməkdədir. Bu baxımdan Prezident İlham Əliyevin 10 aprel 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycanda elmin inkişafı üzrə Milli Strategiya" və "2009-2015-ci illərdə Azərbaycanda elmin inkişafı üzrə Milli Strategiyanın reallaşdırılmasının Dövlət Proqramı" islahatların mili inkişaf modelinin elmi təminatının möhkəmləndirilməsində həlledici rol oynamaqdadır.
Yeri gəlmişkən, bir məqama da diqqət yetirək. Bu gün Azərbaycan gələcək uğurları həlledici dərəcədə sənayenin yüksək templə inkişafında görür. Odur ki, münasibət bildirilən kitabda Azərbaycanın iqtisadi yüksəlişində sənaye amilinə xüsusi yer verilmiş, əldə edilmiş nəticələr və qarşıda duran vəzifələrin icrası imkanları hərtərəfli qiymətləndirilmiş, haqlı olaraq Azərbaycanı sənaye dövlətinə çevirən ulu öndərin xidmətləri dəyərləndirilmiş və ölkəmizin postsənaye dövrünə hazır olması əsaslandırılmışdır.
Ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edən proqram və konsepsiyalar, həyata keçirilən islahatların sosial riskini azaldan hakimiyyətə yüksək etimad amili inkişafın milli modelinin özəyini təşkil edir. İslahatların müasir mərhələsində nəzərə çarpan problemlər ulu öndərimizin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin təşəbbüskarlığı, siyasi mətinliyi, ümummilli liderimizə xas diplomatik gedişləri sayəsində aradan qaldırılır. Obyektiv reallığın bu əyani təzahürləri "İnkişafın Azərbaycan modeli" kitabında kifayət qədər ətraflı surətdə öz əksini tapmaqla, yaxın və uzaq perspektivdə vətənimizin iqtisadi qüdrətinin daha da yüksəlməsinə, ərazi bütövlüyünün bərpasına və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına inamı möhkəmləndirir.
"İnkişafın Azərbaycan modeli" kitabı belə bir əminliklə yekunlaşır ki, iqtisadi sahədə keçid dövrünü uğurla başa vuran Azərbaycan qarşıya qoyulan növbəti, o cümlədən, qloballaşmanın neqativ təsirlərini neytrallaşdıran sivil, sosialyönümlü, innovasiyalı, açıq iqtisadiyyatın daha da gücləndirilməsi, dünya təsərrüfat sistemində dayanıqlığının möhkəmləndirilməsi və nəhayət, azərbaycançılıq ideologiyasının əbədi prioritetliyinin təmin edilməsi kimi missiyaların öhdəsindən də layiqincə gələcəkdir.
Akademik Ramiz Mehdiyevin kitabda qeyd etdiyi kimi, keçid dövrü kimi xarakterizə edilən tarixi mərhələdə keçilən mürəkkəb, çətin və şərəfli yola elmi-siyasi və fəlsəfi rakursdan nəzər salmaq və respublikanın milli inkişaf modelinin xüsusiyyətlərini cəmiyyətə aşılamaq prosesində bu gün təkcə iqtisadçı və filosoflar, ümumilikdə elm xadimləri və siyasətşünaslar deyil, ictimai rəyə əsaslı təsir imkanları olan kütləvi informasiya vasitələri də yaxından iştirak etməlidirlər. Bu, həm də ən yeni Azərbaycan tarixinin olduğu kimi qələmə alınması, hazırkı inkişafı təmin edən islahatlar prosesinin mahiyyətinin açıqlanması baxımından zəruridir.

{nl}

Sadıq SALAHOV, iqtisad elmləri doktoru, professor

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında