Bakı-Tbilisi-Qars dəmir yolu xarici ölkələrin kütləvi informasiya vasitələrində

Azərbaycanın həyata keçirdiyi və 2017-ci ilin ən böyük beynəlxalq layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təntənəli şəkildə açılışı xarici ölkələrin mediasında da  böyük maraqla  qarşılanıb. Müxtəlif informasiya resurslarının fərqli təqdimatları və reportajları rəngarəng olsa da, məqsəd və məram eynidir: Üzərində neçə illərdən bəri çalışılan layihənin  beynəlxalq və iqtisadi əhəmiyyətini ictimaiyyətə çatdırmaq.

Türkiyə mətbuatında da əsas manşetlərdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı olub. “Hürriyyət” qəzeti “Tarixi an. Əsrin layihəsi belə açıldı” sərlövhəli məqalədə deyilir: “Belə bir xəttin bölgəmizə faydası təkcə iqtisadi baxımdan olmayacaq. Layihə siyasi olaraq sülh, təhlükəsizlik, sabitlik, sosial  rifah gətirəcək, eləcə də yük və insan daşınması ilə yanaşı, bilgi hərəkətliliyi ilə ölkələrimizin bəşəri inkişafına töhfə verəcək. Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP bunlara nümunədir”.

“Milliyyət” qəzeti “Son dəqiqə. Tarixi gün. Əsrin layihəsi açıldı” , “Dəmir İpək Yolu” sərlövhəli məqalələrlə  Bakıda gerçəkləşmiş  təntənəli açılış mərasimini geniş işıqlandırıb. “Milliyyət”dəki “Əminə Ərdoğan və Mehriban Əliyeva qatarın ilk səfərində birlikdə yol getdilər” sərlövhəli məqalə də diqqət çəkir. Məqalədə “Açılış çıxışlarından sonra Qazaxıstandan gətirilən taxılın daşındığı qatarı Türkiyəyə yola salan liderlər və xanımları başqa bir qatarla limandan Ələt stansiyasınadək 12 dəqiqəlik səfər etdilər.” – qeyd edilib.

Qazaxıstanın “Kazinform” informasiya agentliyinin  “Bakıtjan Saqintayev Bakı-Tbilisi-Qars” nəqliyyatının açılışında iştirak edib” sərlövhəli məqaləsində layihənin əhəmiyyəti vurğulanır. Azərbaycanın, Türkiyənin dövlət başçılarının, digər ölkələrin rəsmi nümayəndələrinin, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayevin də açılış mərasimində iştirak etdiyini vurğulayan portal yazır: “Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolu şəbəkələrini birləşdirən və Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin vacib hissələrindən biridir.  Magistrala daxil olmaq Qazaxıstana Qara dənizi və Aralıq dənizinə yeni marşrutlara qoşulmağa imkan verəcək. Yeni dəmir yolu xətti bu dəhliz vasitəsilə Türkiyədən keçməklə yükdaşımaların coğrafiyasını genişləndirməyə  və 2020-ci ilədək  Qazaxıstan ərazisindən  tranzit  sahə olmaqla, 2 milyona qədər  konteyner daşınmasına   imkan verəcək”.

Portal, həmçinin bu dəmir yolu xətti vasitəsi ilə Qazaxıstan istehsalı olan lokomotivlərdən istifadə olunacağını və 2020-ci ilə qədər 40 yük elektrovozunun Azərbaycana  göndəriləcəyini qeyd edib.

“Qazaxıstanskaya Pravda” qəzeti “Saqintayev: Biz ilk olaraq Bakı-Tbilisi-Qars layihəsinin reallaşmasını dəstəklədik” sərlövhəli yazısında təntənəli açılış mərasimində iştirak edən Qazaxıstanın Baş naziri Saqintayevin çıxışına yer ayırıb: “Avrasiyanın mərkəzində yerləşən Qazaxıstan fəal olaraq, Avropa və Asiya arasında transkontinental daşımaların inkişafı ilə bağlı işlər görür. Biz Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılmasını dəstəkləyən ilk ölkə olmuşuq. Bu qərar Qazaxıstanın və Çinin dəstəyi ilə Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən 2016-cı ildə qəbul edilib. Bu mühüm qərarın paytaxtımız Astanada qəbul edilməsi bizim üçün rəmzi xarakter daşıyır”.

Qazaxıstanın “24.kz” portalı həmin ölkənin Azərbaycandakı səfiri Beybit İsabayevin layihənin əhəmiyyəti barədə fikirlərinə yer ayırıb. Layihənin əhəmiyyətini yüksək qiymətləndirən səfir qeyd edib ki, Qazaxıstan tranzit  nəqliyyatı potensialı və yükdaşımaların, eləcə də Qafqaz marşrutunun inkişaf etdirilməsi və modernləşdirilməsi üçün  böyük cəhdlər irəli sürür. “Qeyd etmək istəyirəm ki, Azərbaycanla yanaşı, Qazaxıstan da Asiya-Avropa və əksinə olan marşrut üzrə yüklərin daşınmasında mühüm rol oynayır.” – deyə portal səfirin fikirlərini işıqlandırıb.

Özbəkistanın “Uzdaily” portalı layihənin üç ölkənin – Azərbaycan, Türkiyə və Gürcüstanın dəmir yolu xəttini birləşdirən yeni  nəqliyyat dəhlizi olduğunu vurğulayıb.“Nəqliyyat dəhlizinin maksimum tutumu il ərzində 17 milyon ton yük olacaq. Sonrakı mərhələdə isə göstəricinin daha da artması  nəzərdə tutulur” – deyə portalda qeyd edilir.

“Agenda.ge” portalı Gürcüstanın Baş naziri  Giorgi Kvirikaşvilinin çıxışına yer ayıraraq, “Baş nazir: Bakı-Tbilisi-Qars dəmir yolu xətti iqtisadi reallığı dəyişəcək” sərlövhəli yazı dərc edib. Yazıda Baş nazirə istinadən portal qeyd edir ki, bu layihə regionda bütövlükdə yeni iqtisadi  imkanlar açmaqla hazırkı iqtisadi reallığı dəyişəcək.

Baş nazirin “Açığı, demək olar, yeni Avrasiya körpüsünün əsası qoyuldu ki, bu, təkcə bizim iqtisadiyyatımızı deyil, həmçinin vətəndaşlarımızın rifahını yaxşılaşdıracaq,” – deyə bildirməsi də portalda qeyd olunub.

“Newsgerogia.ge” xəbər portalı “Bakı-Tbilisi-Qars dəmir yolu rəsmi olaraq açıldı” sərlövhəsi ilə məlumat verib. Portalın başqa bir materialında (Baş nazir Bakı-Tbilisi-Qars dəmir yolu xəttini açır”) isə  qeyd edilir ki, layihə çərçivəsində çəkilən dəmir yolu xətti Gürcüstanın Axalkalaki stansiyasından  Türkiyənin Qars şəhərindəki stansiyaya qədər davam edir.

Gürcüstanın www.civil.ge portalı təntənəli açılış mərasiminə  “Azərbaycan, Gürcüstan, Türkiyə liderləri regional dəmir yolu xəttini açırlar” sərlövhəli məqalə həsr ediblər.

“Qruziya Online” (http://www.apsny.ge ) portalında dərc edilmiş “Yanoş Xerman: Yeni dəmir yolu dəhlizi yeni imkanlar açacaq” sərlövhəli yazıda Avropa İttifaqının Gürcüstandakı səfirinin layihə ilə bağlı müsbət fikirləri əks olunub. “Avropa İttifaqının  da təqdir etdiyi  yeni dəhlizin açılışı biznes üçün yeni imkanlar açacaq və ticarətin  artırılmasına səbəb olacaq. Məhz bu cəhət “Şərq Tərəfdaşlığı”nın Mərkəzi Asiya üzrə strategiyası siyasətinin əsasını təşkil edir. Türkiyə və Bolqarıstan, eləcə də Azərbaycan və Orta Asiya arasında münasibətlərin yaxşılaşması ilə bu layihə Qədim İpək Yolunun izi ilə Avropa və Asiya arasında sürətli və etibarlı əlaqələri təmin edəcək”.

“Georgia today” portalı dəmir yolu xəttinin Orta Asiya ölkələri olan Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, eləcə də Əfqanıstanın Avropa və dünya bazarına sürətli çıxış əldə etməsi baxımından da yüksək dəyərləndirir.

 “News18.com” portalı “Ən qısa Asiya-Avropa dəmir yolu Azərbaycanda açıldı” sərlövhəsi ilə yazı dərc edib. Məqalədə layihənin beynəlxalq iqtisadi əhəmiyyəti qeyd edilməklə yanaşı, Avropa Birliyinin də sözügedən layihəyə münasibəti yer alır. Belə ki, portal  “Bakı-Tbilisi-Qars dəmir yolunun açılması Türkiyə, Gürcüstan, Azərbaycan və Orta Asiya... qədim İpək Yolu ilə Avropa İttifaqına uzanan nəqliyyat qovşağında mühüm addımdır” – deyə Aİ-nin bununla bağlı yayımladığı bəyanata istinad edir.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında