Maliyyə Nazirliyində geniş tərkibdə kollegiya iclası keçirilmişdir

Fevralın 1-də Azərbaycan Respublikasının Maliyyə Nazirliyində 2010-cu ilin yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş tərkibdə kollegiya iclası keçirilmişdir.
Nazir Samir Şərifov bildirmişdir ki, Prezident İlhan Əliyevin rəhbərliyi altında 2010-cu ildə ölkəmizin makroiqtisadi göstəricilərinin artım sürəti təmin edilmiş, iqtisadiyyatın aparıcı sahələrində müsbət nəticələr əldə olunmuşdur. Dünyada iqtisadi və maliyyə böhranının hələ də davam etməsinə baxmayaraq, dövlətimizin başçısının düşünülmüş, qətiyyətli və çevik iqtisadi siyasəti nəticəsində ölkəmizin inkişaf sürəti artmış, qarşıda duran bütün vəzifələr və infrastruktur layihələri icra edilmiş, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur.Azərbaycan Respublikasının 2010-cu il icmal büdcəsinin gəlirləri 19,3 milyard manat və ya 125,2 faiz, icmal büdcənin xərcləri isə 13,5 milyard manat və ya 94,7 faiz icra olunmuşdur. Dövlət büdcəsinin mədaxili 11,4 milyard manat və ya 99,1 faiz, xərcləri isə 11,8 milyard manat və ya 95,9 faiz təşkil etmişdir. 2009-cu ilə nisbətən 2010-cu ildə dövlət büdcəsindən elm, təhsil, səhiyyə, mədəniyyət, sosial və sosial təminat, müdafiə, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanılması, dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 11,6 faizədək çox vəsait yönəldilmişdir. Hesabat dövründə dövlət büdcəsinin cari xərclərinin 3,7 milyard manatı və ya 31,5 faizi sosialyönümlü xərclərin maliyyə təminatına sərf edilmişdir. Bu, 2009-cu illə müqayisədə 120 milyon manat və ya 3,3 faiz çoxdur. Ötən il dövlət büdcəsinin icrası ilə bağlı maliyyə orqanlarının qarşısında duran vəzifələr ümumən yerinə yetirilmiş, bütün zəruri xərclərin maliyyələşdirilməsi təmin edilmişdir.
Qeyd olunmuşdur ki, son illər ərzində büdcə proqnozlaşdırılması xeyli təkmilləşdirilmiş, lazımsız xərclərin qarşısı əsasən alınmışdır.
İclasda korrupsiyaya qarşı mübarizə üzrə Maliyyə Nazirliyi sistemində həyata keçirilən tədbirlər, korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün qarşıda duran vəzifələr müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, 2011-ci il yanvarın 27-də Prezident İlham Əliyevin tapşırığı əsasında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilərək, respublikamızda bu sahədə görülən işlər müzakirə edilmiş və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması ilə bağlı müvafiq dövlət orqanlarına, o cümlədən mərkəzi icra hakimiyyəti orqanlarına tapşırıqlar verilmişdir.
S.Şərifov maliyyə orqanlarında süründürməçilik, vəzifədən sui-istifadə və korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı bir sıra qurumlara, o cümlədən Dövlət Maliyyə Nəzarəti, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət, Dövlət Sığorta Nəzarəti xidmətlərinə, Dövlət Xəzinədarlığı Agentliyinə və nazirliyin vergi siyasəti və gəlirlər, uçot siyasəti şöbələrinə konkret tapşırıqlar vermişdir. Bildirilmişdir ki, Maliyyə Nazirliyi sistemində korrupsiyaya qarşı mübarizə sahəsində səmərəliliyin artırılması məqsədilə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı vətəndaşlardan daxil olan müraciətlərə baxılmasında operativlik artırılmalı, bu müraciətlər üzrə xidməti araşdırmaların aparılması işi daha da təkmilləşdirilməlidir. Nazirliyin müvafiq qurumları tərəfindən sahibkarlıq subyektlərində aparılan yoxlamalar zamanı qanunvericiliyin tələblərinə riayət edilməli, əsassız yoxlamalar aparılmamalı, inzibati vəzifə tutan dövlət qulluqçuları tərəfindən korrupsiyaya qarşı mübarizə üzrə qanunvericiliklə qadağan olunmuş hallara yol verilməməlidir. Bütün yoxlamalar dövlətimizin başçısının fərmanına uyğun olaraq əvvəlcədən tətbiq olunmuş plan əsasında aparılmalıdır. Yoxlamalar zamanı müvafiq icra orqanlarının nümayəndələrinin də iştirakı təmin olunmalıdır. Eyni zamanda, nazirliyin ayrı-ayrı qurumlarına müxtəlif fəaliyyət növləri üzrə lisenziyalar almaq üçün sahibkarlar tərəfindən edilən müraciətlərə vaxtında cavab verilməli, sahibkarların qanuvericilikdə nəzərdə tutulmuş hüquqları təmin olunmalıdır. Eyni zamanda, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın icrası üzrə nazirliyin 2011-ci il üçün təsdiq edilmiş Tədbirlər Planının icrası nəzarətdə saxlanılmalı, vətəndaşların qəbulu işi təkmilləşdirilməli, işçilərin peşəkarlığı artırılmalı, "qaynar xətt"in əhatə dairəsi genişləndirilməli və ictimaiyyətin bu barədə məlumatlandırılması işi həyata keçirilməli, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununa əsasən açıqlanmalı olan məlumatlar qurumun internet səhifəsində yerləşdirilməli və daim yeniləşdirilməlidir.
Nazir bildirmişdir ki, 2011-ci ildə qarşıda duran mühüm vəzifələrdən biri də "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2012-ci il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkilidir. Bununla bağlı qanunvericiliyə uyğun olaraq bir sıra normativ aktlar qəbul edilmişdir.
Nazirliyin aparatının aidiyyəti struktur bölmələrinə, dövlət xidmət və agentliklərinə, Naxçıvan MR-in Maliyyə Nazirliyinə, yerli maliyyə orqanları tərəfindən 2012-ci il dövlət və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin tərtibi işlərini sürətləndirməsi, nazirliyin əmrlərində, göndəriləcək təlimat məktubunda nəzərdə tutulan tapşırıqların vaxtında və kefiyyətlə icra olunması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.
Çıxışlarda bəzi rayon, şəhər maliyyə orqanları tərəfindən dövlət büdcənin yerli gəlir və xərclərinin tərtibi və icrası prosesində, kargüzarlıq və xəzinə əməliyyatlarının aparılmasında nöqsanlara yol verildiyi, hesabat və məlumatların vaxtında və keyfiyyətlə nazirliyə təqdim olunmasında bir sıra nöqsanlara yol verildiyi qeyd olunmuşdur. Bəzi rayon, şəhər maliyyə orqanlarının rəhbərlərinə işlərində dönüş yaradılması üçün müvafiq tapşırıqlar verilmişdir.
Kollegiya iclasının yekununda müzakirə edilən məsələyə dair müvafiq qərarlar qəbul edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında