Prezident İlham ƏLİYEV: Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı dostluğun, qardaşlığın nəticəsidir

 

 

 

 

 

 

 

 

 

 

 


Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr – Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Son illər Azərbaycanın nəqliyyat infrastrukturunda həyata keçirilən yenidənqurma işləri, beynəlxalq layihələr, qəbul olunan dövlət proqramları bu sahənin inkişafına təkan verib, Asiya ilə Avropanın qovuşuğunda yerləşən respublikamızın nəqliyyat dəhlizi kimi önəmini daha da artırıb. Bununla da Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilən ölkəmiz həm də dünyada öz tranzit imkanlarını artırmağa yol açan yeni təşəbbüslərin müəllifi kimi nüfuz qazanıb. Belə təşəbbüslərdən biri də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsidir.

Tarixi İpək yolunun bərpası çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində mühüm addım olan  BTQ dəmir yolu layihəsi Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yeni səviyyədə inkişafına şərait yaradır. Ən əsası bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması deməkdir. Çünki iqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam cavab verəcək BTQ dəmir yolu xətti Şərq-Qərb nəqliyyat dəhlizinin əsas elementlərindən olmaqla Cənubi Qafqaz, eləcə də bütövlükdə Avrasiyada ticari-iqtisadi münasibətlər sahəsində sıx əməkdaşlığa, regionda sosial-iqtisadi artımın sürətlənməsinə, eləcə də ölkələrin qlobal səviyyədə əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcək. 

Oktyabrın 30-da BTQ dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilən təntənəli mərasimdə bu barədə ətraflı danışılıb. Bildirilib ki, BTQ dəmir yolu xəttinin istifadəyə verilməsi təkcə Azərbaycan və region dövlətləri üçün deyil, qlobal əhəmiyyətli tarixi hadisədir.   

Xatırladaq ki, BTQ dəmir yolu Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinə gedir və beləliklə, Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi birləşdirir.

BTQ dəmir yolu xətti layihəsi uzun dövr gündəmdə olsa da, onun reallaşması yalnız Azərbaycan tərəfinin dəstəyi sayəsində mümkün olub. 2004-cü il iyunun 14-də Gürcüstana rəsmi səfər edən Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında sözügedən layihəni dəstəklədiyini və Azərbaycanın da bu layihədə iştirak etməyə hazır olduğunu bildirib.

2005-ci il mayın 25-də isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri BTQ dəmir yolu xətti layihəsi haqqında bəyannamə imzalayıblar. Nəhayət, 2007-ci il fevralın 7-də Azərbaycan Prezidentinin Gürcüstana işgüzar səfəri zamanı BTQ-nin tikintisinin başlanması ilə bağlı saziş imzalanıb. Həmin il fevralın 21-də dövlətimizin başçısı layihə ilə əlaqədar tədbirlər haqqında sərəncam verib. 2007-ci il noyabrın 21-də isə üç ölkənin prezidentinin iştirakı ilə Gürcüstanın Marabda kəndində BTQ dəmir yolunun təməlqoyma mərasimi keçirilib. 2008-ci il iyulun 24-də  Türkiyənin Qars şəhərində dəmir yolunun Türkiyə hissəsinin tikintisinə start verilib.

BTQ dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 840 kilometrdir. Bunun 500 kilometri Azərbaycan, 260 kilometri Gürcüstan, 80 kilometri isə Türkiyə ərazisindən keçir. Dəmir yolu xəttinin Gürcüstan-Türkiyə sərhədindəki hissəsində uzunluğu 5 kilometrə yaxın olan tunel inşa edilib.

İqtisadi və siyasi əhəmiyyəti barədə isə təkcə onu deyə bilərik ki, BTQ dəmir yolu xətti Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə oluna bilər.

Əsas iştirakçıları Azərbaycan, Türkiyə və Gürcüstan olan BTQ dəmir yolu Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya dövlətləri tərəfindən dəstəklənir. Layihənin reallığa çevrilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və böyük əməyi sayəsində mümkün olub.    

İlkin mərhələdə BTQ dəmir yolunun buraxılış qabiliyyəti ildə 1 milyon sərnişin və 6,5 milyon ton yükə hesablanıb. Planlaşdırılır ki, daşıma həcmi sonralar 17 milyon ton artacaq və  tədricən 50 milyon tona çatdırılacaq. Sərnişin sayı isə 2 milyon nəfər olacaq.

Yeri gəlmişkən, Bakıdan Türkiyənin Qars şəhərinə qədər yolun müddəti 16-17 saat təşkil edəcək. Sonra yol Ankara və İstanbula qədər uzanacaq, Avropa üzərindən La-Manş və Londona keçəcək.

Dəmir yolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa çıxış əldə edəcək. Dəmir yolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq.

Bakı-Tbilisi-Qars Dəmir yolu Azərbaycanın iqtisadiyyatının inkişafında da əhəmiyyətli rol oynayacaq. Respublikamızın ilk illərdə tranzitdən minimal gəliri 50 milyon dollar təşkil edəcək.

BTQ-nin istifadəyə verilməsi həm də Ermənistanın nəqliyyat izolyasiyasını daha da gücləndirəcək. 

BTQ dəmir yolunun açılışı münasibətilə keçirilən təntənəli mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, artıq reallaşan layihə Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. BTQ dəmir yolunun fəaliyyəti nəticəsində yolboyu yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq, yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. BTQ dəmir yolu sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Yolun istifadəsi zamanı turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkəmizin geosiyasi əhəmiyyətini artıracaq və Azərbaycan üçün əlavə imkanlar yaradacaq.

Azərbaycan Prezidenti İlham Əliyev daha sonra deyib: “Biznesin inkişafı, qarşılıqlı faydalı əməkdaşlıq üçün Bakı-Tbilisi-Qars dəmir yolunun çox böyük əhəmiyyəti var. Bu dəmir yolunun tikintisi ilə bağlı anlaşma Gürcüstanda imzalanmışdır, ondan sonra Türkiyədə təməlqoyma mərasimi keçirilmişdir və nəhayət, bu gün biz Azərbaycanda, burada, Ələtdə bu yolun açılışını qeyd edirik. Bu yolun tikintisi Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı dostluğun, qardaşlığın nəticəsidir. Üç ölkə bütün sahələrdə uğurla əməkdaşlıq edirlər, bir-birini dəstəkləyirlər, ölkələrimiz, xalqlarımız üçün önəmli olan, dünya üçün önəmli olan layihələri icra edirlər. Bakı-Tbilisi-Qars bu layihələrin arasında öz layiqli yerini tutmuş bir layihədir”.

Dövlətimizin başçısı nitqində bir sıra digər mühüm məqamlara da toxunub. Ölkə rəhbəri böyük tarixi əhəmiyyətə malik olan Bakı–Tbilisi-Ceyhan neft kəmərinin açılışı kimi mühüm tarixi hadisəni xatırladaraq, qeyd edib ki, adı çəkilən neft kəməri Xəzəri Aralıq dənizi ilə birləşdirən böyük bir infrastruktur layihəsidir və hazırda həmin kəmərlə, eyni zamanda, Xəzərin şərq hissəsindən də neft nəql edilir. Bununla da Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən, eyni zamanda, başqa ölkələr üçün də tranzit imkanları təmin edilib. Bakı-Tbilisi-Ərzurum qaz kəməri də üç dövlət arasındakı əməkdaşlıq hesabına inşa olunub. Bu layihə də həm Azərbaycanın, həm Gürcüstanın, həm Türkiyənin enerji təhlükəsizliyini təmin edir və 10 ildir ki, uğurla fəaliyyət göstərir. Üç ölkə, eyni zamanda, öz elektrik xətlərini birləşdirib  və hazırda bu sahədə də əməkdaşlıq uğurla inkişaf edir.

Prezident İlham Əliyev nitqində dünya miqyaslı, Avropanın ən böyük infrastruktur layihələrindən biri olan “Cənub” qaz dəhlizinin reallaşdırılmasına da diqqət çəkib. Bildirib ki, sözügedən dəhliz Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələrin birgə fəaliyyəti nəticəsində yaradılır. Bu layihənin icrası uğurla gedir. “Cənub” qaz dəhlizinin 4 hissəsi var: “Şahdəniz-2” layihəsi 98 faiz icra edilib. Cənubi Qafqaz kəməri Azərbaycanı Gürcüstanla birləşdirən qaz xəttidir, orada icra səviyyəsi 99 faizdir. “Cənub” qaz dəhlizinin əsas hissəsini təşkil edən TANAP layihəsinin də icrası 84 faiz səviyyəsindədir. TAP layihəsinin icrası isə təqribən 60 faizə yaxındır. Yəni, Bakı-Tbilisi-Qars dəmir yolu da əvvəl icra edilmiş layihələrin əsasında yaradılıb. Təbii ki, əgər biz əvvəlki dövrlərdə enerji, neft-qaz sahəsində bu nəhəng, böyük miqyaslı layihələri icra etməsəydik, bu gün Bakı-Tbilisi-Qars haqqında ancaq danışa bilərdik”.

Dövlətimizin başçısı çıxışında, həmçinin vurğulayıb ki, bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar. Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil. Başqa sözlə, layihənin gerçəkləşməsi üçün lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, BTQ dəmir yolunun tikintisi aparılsın. Ancaq üç ölkə göstərdi və sübut etdi ki, bu, realdır. “Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir”.

Azərbaycan Prezidenti çıxışında, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə Orta Asiya respublikalarının, o cümlədən Qazaxıstanın böyük maraq göstərdiyini, həmin ölkələrdən gələn nümayəndə heyətlərinin, yüksək vəzifəli şəxslərin bu mərasimdə iştirakının bunu əyani şəkildə göstərdiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı əminliyini bildirib ki, yüklərin daşınması istiqamətində əlavə imkanlar yaranacaq və Azərbaycan, Gürcüstan və Türkiyənin  Orta Asiya ölkələri ilə ənənəvi dostluq əlaqələri də bu dəmir yolu vasitəsilə möhkəmlənəcək. Avropa üçün bu yolun böyük əhəmiyyəti var. Azərbaycan bir neçə Avropa ölkəsi ilə artıq müvafiq danışıqlar aparıb. Onlar da bu yolun tikintisinə çox böyük maraq göstərirlər.

Prezident İlham Əliyev nitqində Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində də önəmli addımlar atıldığını, Azərbaycan ərazisində Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı bütün işlərin tamamlandığını xatırladıb: “Azərbaycan digər ölkələrdə infrastrukturun yaradılması ilə bağlı öz texniki və maliyyə imkanlarını ortaya qoyur. Biz indi Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində işləyirik, çalışırıq və hesab edirəm ki, bu, mümkündür. Əminəm ki, gələcəkdə Şimal-Qərb və Cənub-Qərb nəqliyyat yolları istifadəyə veriləcəkdir. Bu iki nəhəng layihə bir çox böyük ölkələri birləşdirəcək”.

Mərasimdə Azərbaycanda nəqliyyat sektorunun inkişafına mühüm önəm verildiyi, bu sahəyə çox böyük investisiya yatırıldığı xüsusi vurğulanıb. Bildirilib ki, 2004-cü ildən indiyədək  respublikamızda 11 min kilometr avtomobil yolu tikilib, 6 beynəlxalq hava limanı istifadəyə verilib. Eyni zamanda, hazırda  Azərbaycanın çox böyük yük təyyarəsi parkı var. Respublikamızda 20-yə yaxın iri yük təyyarəsi fəaliyyət göstərir. Bundan başqa, Azərbaycanın Xəzər dənizində ən böyük dəniz donanması var, 270 gəmidən ibarət donanma Xəzərdə yükdaşımalarının təşkili üçün xüsusi rol oynayır.

Azərbaycanda bir neçə il bundan əvvəl böyük gəmiqayırma zavodu tikilib. Bu müəssisə bütün növ gəmiləri istehsal edir. Gələcəkdə Xəzərdə yükdaşımaların gözlənilən artımı ilə bağlı adı çəkilən zavod daha böyük həcmlə işləyəcək.

Mərasimdə Azərbaycanın nəqliyyat sektorunun dinamik inkişafından danışılarkən, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının mühüm infrastruktur layihəsi olduğu da diqqətə çatdırılıb. Prezident İlham Əliyev bununla bağlı deyib: “Bu limanın tikintisi uğurla gedir, artıq liman fəaliyyət göstərir. Ancaq limanın birinci fazasının istismara verilməsi gələn ilin ortalarında nəzərdə tutulur. Ondan sonra ildə 15 milyon ton yük və 100 min konteyner bu limandan keçəcək. İkinci mərhələsinin başa çatması nəticəsində isə Ələt limanının imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə bərabər olacaq. Yəni, son illər ərzində Azərbaycanda nəqliyyat sektoruna qoyulan sərmayə artıq çox güclü infrastruktura gətirib çıxarıb. Bu infrastruktur həm ölkəmiz, həm bölgə və həm də dünya üçün böyük əhəmiyyət kəsb edir”.

Mərasimdə çıxış edən Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev,  Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun tarixi, eyni zamanda, qlobal layihə olduğunu bildiriblər. Qeyd ediblər ki, Bakı-Tbilisi-Qars dəmir yolu ölkələri bir-birinə daha yaxın edəcək, bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz mühüm rolunu oynayacaq, iqtisadi imkanları artıracaq və iştirakçı dövlətlər tərəfindən bundan böyük vəsait əldə olunacaq.

Çindən başlayaraq bütün Orta Asiya ölkələrini əhatə etməklə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirərək Avropaya uzanan, tarixi İpək Yolunun önəmli hissəsini təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti həm də Avrasiya coğrafiyasında mədəniyyətlərin birləşməsinə xidmət göstərəcək.   

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında