Oktyabrın 30-da Ələt limanında Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstanın Baş naziri Bakıtjan Sagintayev, Özbəkistanın Baş naziri Abdulla Aripov və digər hörmətli qonaqların iştirakı ilə Qazaxıstandan gətirilən taxıl yüklü ilk qatar Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyənin Mersin limanına yola salındı. Bununla da qədim İpək Yolunun Azərbaycan üzərindən keçən Bakı- Tbilisi -Qars dəmir yolunun rəsmi istismarına start verildi.
Bu layihə Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan olduqca önəmlidir. BTQ dəmir yolu şərqdən və cənubdan Avropaya qapı açmaqla Azərbaycandan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş-gəliş imkanı yaratdı. Azərbaycan onun istismarından birinci il 50 milyon ABŞ dolları həcmində qazanc əldə edə biləcəkdir. Sonrakı illərdə bu məbləğin əhəmiyyətli dərəcədə artması baş verəcəkdir. Bakı- Tbilisi -Qars dəmir yolunun istifadəyə verilməsi minlərlə yeni iş yerinin açılması və çoxlu sayda insanın sosial problemlərinin həllinə imkan yaradacaqdır. Bu layihə həm də Azərbaycan iqtisadiyyatının dversifikasiyası istiqamətində hökumətin atdığı konkret addımların reallaşdırılması istiqamətində əldə edilmiş yeni bir uğur kimi də dəyərləndirilməlidir.
Təməli düz on il bundan əvvəl qoyulmuş və çox haqlı olaraq Avropaya pəncərə adı verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, ölkəmizin iqtisadi qüdrətinin artmasında təsirli rol oynayacaqdır. Azərbaycan üçün bu layihənin əhəmiyyəti cənab Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışında çox gözəl ifadə olunub: “Bakı- Tbilisi -Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı- Tbilisi -Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq”.
BTQ dəmir yolu xəttinin istifadəyə verilməsi ilə öz yüklərini Azərbaycan üzərindən Qərbə çatdırmağı arzu edən ölkələrin istəkləri reallaşmış oldu. Bu sırada təbii ki, bu gün “ümumdünya fabrikası” rolunu oynayan Çin başda dayanır. Okeanlar və dənizlər vasitəsilə az qala dünyanın yarısını dolaşmaqla yüklərini qərbə çatdıran Çin və Şərqi Asiyanın digər ölkələri üçün BTQ dəmir yolu xətti tarixi bir fürsətdir və onların bu fürsətdən maksimum yararlanmağa çalışacaqları heç bir şübhə döğurmur.
Dünya ticarətinin ən böyük tələblərindən biri malların satış müddətini qısaltmaq hesabına vəsaitlərin dövriyəsini sürətləndirməkdən ibarətdir. Bu dövriyə nə qədər tez başa çatırsa, həm istehsalçılar, həm də ticarətlə məşğul olan iş adamları bir o qədər çox mənfəət əldə etmiş olurlar. İndi bu şansı onlara Azərbaycan üzərindən keçən Bakı- Tbilisi -Qars dəmir yolu vasitəsilə bərpa olunmuş qədim İpək Yolu verəcəkdir. Artıq Çin başda olmaqla digər Asiya ölkələri bu xətt vasitəsilə yüklərin ölkəmiz üzərindən daşınması üçün Azərbaycanla danışıqlara başlayıblar.
BTQ dəmir yolunun verdiyi imkanlardan yararlanan tərəflər Çindən çıxan yükləri Qazaxıstan və Türkmənistan üzərindən, Xəzər dənizinin Ələt bölgəsində yeni salınmış Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Gürcüstan vasitəsilə Türkiyənin Aralıq dənizindəki limanlarına çıxara biləcəklər. Çindən Avropaya gedən bütün dəmir yolları indiyə qədər Rusiyadan keçməklə kifayət qədər uzun məsafə qət edirdi. Bakı- Tbilisi -Qars dəmir yolu Rusiyadan keçən alternativ dəmir yolundan 7 min kilometr qısadır. Bu yol əslində Pekindən Londona qədər böyük bir coğrafiyanı birləşdirəcək və regionda alternativi olmayan bir yola çevriləcək.
BTQ dəmir yolu Bakı- Tbilisi -Ceyhan neft kəməri və Bakı–Tbilisi–Ərzurum qaz kəməri layihələri ilə birlikdə son illərdə region üçün böyük strateji önəmi olan üç layihədən biridir. Bu layihələrin hər birindən regionun bütün ölkələri faydalanır və bundan sonra da faydalanacaqlar.
Son illərdə regionda reallaşdırılan digər qlobal layihələrdə olduğu kimi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi transmilli layihənin imkanlarından yararlana bilməyəcək yeganə ölkə Ermənistandır. Məkirli torpaq iddiaları ilə erməni xalqını bölgədə reallaşdırılan növbəti transmilli layihənin verə biləcəyi dividendlərdən məhrum edən siyasi hakimiyyətin iyrənc işğalçı siyasəti Ermənistanı beynəlxalq aləmdə növbəti dəfə pis duruma saldı. Təsadüfi deyil ki, bu gün BTQ dəmir yolunun açılışı Ermənistanda şok effekti yaradıb. Vaxtilə bu layihənin reallaşmasının mümkünsüzlüyünə öz xalqını inandırmağa çalışan Ermənistan siyasi rəhbərliyi indi hamının gözləri qarşısında növbəti dəfə siyasi və iqtisadi uğursuzluğa düçar oldu.
Azərbaycan isə bu layihəni reallaşdırmaqla beynəlxalq aləmdə öz siyasi çəkisini kifayət qədər artıra bildi. Bu layihənin uğurla başa çatması, heç şübhəsiz, Dağlıq Qarabağ probleminin həllinə də öz müsbət təsirini göstərəcək. Yeni dəmir yolu xəttinin istifadəyə verilməsi yaxın gələcəkdə Naxçıvanın blokadadan çıxarılması yolunda da önəmli bir addım kimi dəyərləndirilməlidir.
Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.