Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaq. Bu nəqliyyat dəhlizi Avrasiyanın iqtisadi inkişafı üçün yeni imkanlar açacaq.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Prezident İlham Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, hazırda ölkə iqtisadiyyatında da əhəmiyyəti böyük olan nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi üçün mühüm işlər görülür. Həm ölkə daxilində müasir nəqliyyat infrastrukturu yaradılır, həm də tranzit potensialı gücləndirilir. Bütün bunlar isə Azərbaycana daha da böyük həcmdə siyasi və iqtisadi dividendlər gətirir.
Dövlətimizin başçısı çıxışlarının birində nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi ilə bağlı deyib: “Azərbaycan Asiyanı Avropa ilə birləşdirən körpüdür. Biz indi öz nəqliyyat infrastrukturumuzu möhkəmləndiririk. Bizim dəniz nəqliyyatına, dəmir yoluna böyük investisiyalar qoyulur. Bir sözlə, nəqliyyat sektoru gələcəkdə böyük rol oynayacaqdır. Regionda digər mühüm işlər də məhz bununla bağlıdır”.
Hazırda beynəlxalq miqyasda yükdaşımalar sahəsində ciddi rəqabət var. Təbii ki, belə bir şəraitdə dövlətimizin başçısı cənab İlham Əliyevin də vurğuladığı kimi, böyük tranzit potensialına malik olan Azərbaycan müşahidəçi mövqeyində dayana bilməz və daha əlverişli şərtlər irəli sürmək, tranzit daşımaları sahəsində səmərəli idarəçilik yaratmaq və müvafiq koordinasiya siyasəti reallaşdırmaqla ciddi irəliləyişlər əldə edə bilər. Azərbaycan Prezidenti bu məsələyə toxunaraq qeyd edib: “Bu gün yükdaşımaları uğrunda ciddi mübarizə gedir. Bölgə ölkələri rəqabət aparır. Azərbaycan burada passiv müşahidəçi mövqeyi tutmamalıdır. Bəzi hallarda gözləyirik kimsə gəlib bizim qapımızı döysün ki, gəlin biz sizdən yük keçirək. Biz özümüz təşəbbüs göstərməliyik, yükləri müəyyən etməliyik, yaxşı şərtlər ortaya qoymalıyıq”.
Bu məsələ “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da öz aydın ifadəsini tapıb. Sənəddə qeyd edilir ki, Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədilə respublikanın strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, ölkənin bölgələrində logistika mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bütün bunlar, eyni zamanda, istehsal və investisiya mərkəzi kimi də ölkənin cəlbediciliyinin artmasına, yeni biznes və məşğulluq imkanlarının yaranmasına yol açacaq.
Son illərdə ölkəmizdə tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib. Bakıda və ölkənin regionlarında beynəlxalq hava limanlarının, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsinə başlanılıb və xeyli iş görülüb. Bütün bunların nəticəsində isə yükdaşımaların həcmində artım qeydə alınıb.
Azərbaycanda rəqabətli, şaxələndirilmiş, inklüziv və dayanıqlı iqtisadiyyatın qurulması təşəbbüslərinin tərkib hissəsi kimi hazırlanan “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” də ölkənin tranzit imkanlarının artırılmasına hədəflənən mühüm sənəddir. Xatırladaq ki, bu strateji yol xəritəsi logistika və ticarət sahəsində iqtisadi inkişaf üzrə Azərbaycanın 2025-ci ilədək və bundan sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətlərini müəyyən edir.
“Şərq-Qərb” dəhlizinin əsas alternativi olan Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu Azərbaycan ərazisindən yükdaşımaların həcmini xeyli artıracaqdır. Gürcüstanın Poti və Batumi limanlarına alternativ kimi Bakı-Tbilisi-Qars dəmir yolu Aralıq dənizindəki limanlara və Avropa bazarlarına fasiləsiz çıxışı təmin edərək, Şərq-Qərb dəhlizi boyunca əlaqəni daha da yaxşılaşdıracaq.
XXI əsrin ən mühüm iqtisadi layihələrindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu bu gün artıq istismara hazırdır. Azərbaycan bu layihəni reallaşdırmaqla ölkəmizi regionun tranzit daşımaları mərkəzi kimi tanıdır. Sözügedən layihənin icrası nəinki Azərbaycan, Gürcüstan və Türkiyə, eləcə də digər dövlətlər üçün böyük əhəmiyyət daşıyır.
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi heç də asanlıqla reallaşmayıb. Ankarada bununla bağlı danışıqlara 1993-cü il iyulun 26-29-da başlanılsa da, layihənin həyata keçirilməsi barədə protokol yalnız 2002-ci ildə İstanbul şəhərində Türkiyə-Gürcüstan nəqliyyat nazirlərinin iclasında imzalanıb. 2004-cü il noyabrın 14-də isə Avropa Komissiyasının təşəbbüsü ilə Bakıda keçirilən nəqliyyat nazirlərinin konfransında Bakı-Tbilisi-Qars dəmir yolunun inşasının vacibliyi və regional xarakter daşıması barədə Azərbaycan, Türkiyə və Gürcüstan tərəfləri birgə bəyanat yayıblar. 2005-ci il mayın 25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin açılışında Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının prezidentləri Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi haqqında bəyannamə imzalayıblar. 2007-ci il yanvarın 12-də isə Tbilisidə həmin layihənin son variantı iştirakçı dövlətlərin nəqliyyat nazirlərinin görüşündə müzakirə olunaraq, 2007-ci il fevralın 7-də tikinti layihəsinə başlamaqla bağlı saziş imzalanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunu üç ölkəni bir-birinə möhkəm bağlayan “Dəmir İpək yolu” adlandırıb. Bildirib ki, sözügedən layihə həm bir tərəfdən Mərkəzi Asiya və Çini, digər tərəfdən Avropanı Qafqazda qovuşduracaq.
Rəcəb Tayyib Ərdoğan regional əməkdaşlıqda Bakı-Tbilisi-Ceyhan neft kəmərini birinci, Bakı-Tbilisi-Ərzurum layihəsini ikinci, Bakı-Tbilisi-Qars layihəsini isə üçüncü vacib addım kimi qiymətləndirib: “Ancaq bu həmrəylik sadəcə regional əməkdaşlıqla məhdudlaşmır. Eyni zamanda, bu dəmir yolu üzərindəki hər bir stansiya bir sülh stansiyası, dostluq və həmrəylik stansiyası olaraq dünyaya mesajını verir”.
Azərbaycan Prezidenti İlham Əliyev də bunu üç ölkənin siyasi iradəsi və müstəqilliyin təntənəsi kimi dəyərləndirərək 2007-ci ildə “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda xatırladılır ki, Azərbaycanın tarixi İpək yolunun bərpası çərçivəsində həyata keçirilən və geniş perspektivə malik Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması məqsədini daşıyan TRASEKA Proqramının mühüm iştirakçılarından birinə çevrilməsi bütün iqtisadi səmərələrdən başqa, Qafqazda sülhün dayanıqlı olmasına xidmət edən zəruri amildir. Bu baxış bucağından yanaşanda, Avropaya inteqrasiya prosesinin sürətləndirilməsinə xidmət edən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də Azərbaycan üçün xüsusi siyasi və iqtisadi əhəmiyyət kəsb edən məsələdir.
Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının uzunluğu 98 kilometrdir. Bunun 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisinə düşür.
Artıq təhvil verilməyə hazır olan Bakı-Tbilisi-Qars dəmir yolu dünya mətbuatının da diqqət mərkəzindədir. Kubanın “Habana Radio” radiostansiyası məlumat verib ki, oktyabrın 30-da gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini dəfələrlə artıracağı şübhəsizdir. Yeri gəlmişkən, Bakıdan ilk qatar yola çıxaraq Tbilisidən keçməklə Qarsa istiqamət götürəcək. Radiostansiya yeni açılacaq dəmir yolu xəttinin Pekindən Londonadək uzanan yolu qısaldacağını, Asiya və Avropa arasında yükdaşımaların müddətini mövcud 2 aydan 15 günədək azaldacağını deyib. Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilkin dövrdə ildə 6,6 milyon ton yük daşınacaq. Gələcəkdə bu rəqəmin 50 milyon tona çatacağı proqnozlaşdırılır.
Prezident İlham Əliyev oktyabrın 20-də İstanbulda inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) IX Zirvə görüşündəki çıxışında deyib: “Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaq. Bu nəqliyyat dəhlizi Avrasiyanın iqtisadi inkişafı üçün yeni imkanlar açacaq”.
Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan tərəfi İsveçrənin “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal olunur. Müasir texnoloji üstünlüklərlə təchiz olunan vaqonların alt hissəsinin müvafiq rels ölçüsünə uyğunlaşdırılması avtomatlaşdırılan sistem sayəsində mümkün olacaqdır ki, bu da sərhəd-keçid məntəqələrində vaxt itkisinin qarşısını alacaq və sərnişinlərin daha rahat səfər etmələrini reallaşdıracaq.
Azərbaycanın yerləşdiyi coğrafi məkandan düzgün və uzaqgörənliklə istifadə edən Azərbaycan Prezidenti ölkəmizi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə qoşmaqla və Bakı-Tbilisi-Qars dəmir yolunu reallaşdırmaqla ölkə iqtisadiyyatının inkişafına nail olmaq planını gerçəkləşdirir. Bu yolların tam formalaşacağı təqdirdə dövlət büdcəsinə tranzit gəlirlərinin daxil olması ilə iqtisadiyyatın qeyri-neft sektoru daha da inkişaf edəcək, bu da əhalinin məşğulluğunu reallaşdırmaqla həyat şəraitinin yüksəlməsinə müsbət təsir göstərəcək. Digər tərəfdən, Azərbaycanın beynəlxalq siyasətin subyekti kimi nüfuzu artacaq və siyasi zəmanət qazanacaq.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük bir önəm daşıyır. Bu dəmir yolu vasitəsilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Bakı-Tbilisi-Qars dəmir yolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq.
Yuxarıda qeyd etdik ki, Azərbaycan dəmir yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunmasını zəruri edən əsas amil Azərbaycanın tranzit daşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsidir. Belə ki, Böyük İpək yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Eyni zamanda, respublikamızda yaradılan müasir yol-nəqliyyat infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da tranzit imkanları artır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycanın yol-nəqliyyat infrastrukturunun ən müasir səviyyəyə qaldırılması istiqamətində görülən işləri yüksək qiymətləndirərək deyib: “Belə infrastrukturların qurulması Böyük İpək yolu marşrutu üzrə Asiya ilə Avropa arasında ticarət və tranzit daşımalarının inkişafına, eləcə də, Xəzər regionunun nəqliyyat və tranzit potensialının daha səmərəli istifadəsinə töhfədir”.
Son illərdə Azərbaycan özünü dünyada güclü tranzit ölkəsi kimi də təqdim edə bilib. Respublikamızın nəqliyyat infrastrukturuna yönəltdiyi sərmayələr, yaratdığı əlverişli biznes mühiti və özünü etibarlı tərəfdaş kimi bir daha təsdiq etməsi uğurlu nəticələrini göstərir. İndi Azərbaycan dünyanın önəmli nəqliyyat mərkəzlərindən birinə çevrilməkdədir və bu işdə Bakı-Tbilisi-Qars dəmir yolunun özünəməxsus rolu olacaq.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.