Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. İclasda Prezident İlham Əliyev cari ilin ötən dövrünü əhatə edən ölkə əhəmiyyətli bütün sahələrə toxunaraq tam ətraflı təhlillər verdi. Bu barədə ADPU-nun elm və innovasiya şöbəsinin müdiri, fizika elmləri üzrə fəlsəfə doktoru, dosent Yusif Alıyev bunları dedi:
– Prezident İlham Əliyevin son iclasdakı nitqində səsləndirilən təhlillər sayəsində Azərbaycanda əldə edilən iqtisadi uğurlar, güclü iqtisadi inkişaf cəmiyyət üçün bir daha aydınlaşdı. Prezidentin qeyd etdiyi kimi, ötən doqquz ayda ölkəmiz uğurla və hərtərəfli inkişaf etmişdir. Bütün sahələrdə dinamik inkişaf təmin olunmuşdur. Təbii ki, hər bir uğurun arxasında böyük zəhmət, gərgin əmək, siyasi iradə dayanır. Azərbaycan özünün hərtərəfli inkişafını ölkə daxilində əldə edilən möhkəm siyasi sabitliyə, güclü orduya və balanslaşdırılmış xarici siyasət kursuna rəğmən etmişdir.
Nəzərə alsaq ki, qloballaşan dünyada baş verən hadisələr heç bir sərhəd tanımadan istənilən dövlətin qapısını “döyə” bilər. Deməli, Azərbaycan da dünyanın ayrılmaz tərkib hissəsi olduğundan bu çətinliklər bizim üçün də gözləniləndir. Burada dövlətin əsas marağı isə dünyada mövcud olan iqtisadi-siyasi kataklizmlərdən mümkün qədər az itkilərlə çıxmaqdır. Bunun üçün Azərbaycan iqtisadiyyatının qlobal və regional səviyyədə rəqabətədavamlılığının artırılması imkanları mütəmadi araşdırılaraq, ölkədə sağlam iqtisadi mühitin yaradılması təmin edilmişdir. İqtisadi islahatlara əsaslanaraq dövlət başçısı İlham Əliyev tərəfindən qısa, orta və uzunmüddətli dövr üçün Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində böyük işlər həyata keçirilmişdir. Beynəlxalq mütəxəssislərin və ölkə iqtisadçılarının iştirakı ilə milli iqtisadiyyatın və onun əsas prioritet sektorları üzrə strateji yol xəritələri hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmişdir.
Strateji yol xəritələri, əslində, milli iqtisadiyyat perspektivi üzrə 2020-ci, 2025-ci və 2025-ci ildən sonrakı dövrü əhatə etməklə, ölkə iqtisadiyyatının dayanıqlılığını, dinamikliyini ortaya qoymuşdur. Strateji yol xəritələrində təsbit olunmuş məsələlər iqtisadiyyatın bütün sahələrini əhatə etmiş və yarana biləcək problemlərin aradan qaldırılması üçün strateji xətt müəyyənləşdirilmişdir. Bu strateji xətt üzrə 11 sektor müəyyən edilmişdir ki, bunlar da iqtisadiyyatın dayanıqlılığının və rəqabətliliyinin neftdən asılılığını aradan qaldıra biləcək qeyri-neft sektorunun prioritet istiqamətləridir. Bir neçə sektorda kənd təsərrüfatı sahəsi, emal sənayesi, turizim imkanları, bəzilərində isə sosial məsələlərlə əlaqədar strateji hədəflər göstərilmişdir.
Təbii ki, qeyd edilən yol xəritələrində əsasən neft kapitalının insan kapitalına çevrilməsi məsələləri də geniş yer almışdır. Bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, strateji yol xəritələri 2025-ci ilə qədər 450 mindən çox yeni iş yerinin yaradılmasını nəzərdə tutur. Bu halda ortaya yeni suallar çıxır. Müasir standartlara malik istehsalat, səhiyyə, kommunikasiya və digər sahələrdə işləyəcək kadrlar haradan tapılacaq? Bu sualın özü də elə digər strateji yol xərtitəsində – “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji yol xəritəsi”ndə tam şəkildə verilmişdir. Ölkə iqtisadiyyatının peşə–ixtisas kadrlarına olan ehtiyacının ödənilməsini həyata keçirmək üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmış və həmin qurum fəaliyyətə başladığı vaxtdan Bakı, Gəncə və Qəbələ şəhərlərində peşə məktəblərinin rasionallaşdıırılması işləri həyata keçirilərək ümumilikdə, 14 Dövlət Peşə Təhsili Mərkəzi yaradılmışdır. Qısa müddət ərzində bu mərkəzlərin maddi-texniki bazası yenilənərək, burada əmək bazarına uyğun yeni ixtisaslar açılmışdır ki, bu da müasir standartlara malik istehsalat, səhiyyə, kommunikasiya və digər sahələrdə işləyəcək işçi kadrları yetişdirəcək.
Həmçinin həmin müşavirədə təhsil naziri Mikayıl Cabbarov da öz çıxışında təhsilə göstərilən dövlət qayğısı sayəsində müəllimlərin işə qəbulunun şəffaf və obyektiv təşkil edilməsindən və buna görə də cəmiyyətdə müəllim peşəsinin ictimai statusunun artmasından, məktəblərin əsaslı təmirindən, elektronlaşdırılmasından və peşə təhsili sahəsindəki uğurlardan və mövcud problemlərdən bəhs etmişdir.
Qeyd edilənləri nəzərə alaraq bir daha əminliklə demək olar ki, ölkə Prezidenti İlham Əliyevin diqqət və nəzarəti ilə icra olunan strateji yol xəritələri cari ilin 9 ayı ərzində iqtisatiyyat sahəsində, kənd təsərrüfatı, təhsil sahəsində, bir sözlə, qeyri-neft sektorunda əsaslı və uğurlu nəticələr qazanmağa kömək etmişdir.
Hələlik milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsinin qısa dövrü icra olunduğundan, orta və uzunmüddətli dövrü əhatə edəcək strateji hədəflənmənin ölkəmiz üçün daha böyük uğurlar, gəlirlər və sabitlik gətirəcəyini söyləmək olar.
Təqdim etdi:
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.