Gerçəkliyə çevrilən daha bir əfsanə

Bakı-Tbilisi-Qars dəmir yolu dünya ölkələri arasında inteqrasiyanı daha da sürətləndirəcək

Qloballaşma və inteqrasiya prosesləri dünyanı vahid iqtisadi orqanizmə çevirmişdir ki, burada da aparıcı vasitələrdən biri nəqliyyat əlaqələridir. Bu mənada müasir dövrün xarakterik cəhətlərindən biri əmtəə və xidmətlərin, insan və kapitalın intensiv hərəkətidir. Artıq baş verən proseslərin təsiri ilə iqtisadi əməliyyatlar, kapitalın, iş qüvvəsinin, əmtəə və xidmətlərin dünyada hərəkəti üçün coğrafi sərhədlər formal hal alıb. Başqa sözlə desək, insanların, ticarət mallarının, xidmətlərin və sərmayənin dünyada sərbəst dövr etdiyi bir zamanda yaşayırıq.

Buna görə də məhsuldar və alternativli beynəlxalq nəqliyyat şəbəkələrini inkişaf etdirmək, dünya ticarətinin sürətlə artan ehtiyaclarını qarşılamaq yaşadığımız dövrdə vacib  zərurətə çevrilmişdir. Beynəlxalq bazarlarda artan rəqabət, istehsal olunan əmtəələrin dünya bazarlarında cəlbedici qiymətlərlə satışı, ümumilikdə milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin təmin olunması operativ və səmərəli daşıma tələb edir. Bu baxımdan da iqtisadiyyatda xidmət sahələrinin mühüm tərkib hissəsi olan daşıma sektorunun dəyəri istehsal sektoru qədər əhəmiyyətlidir.

Bu günlərdə “dəmir ipək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi reallaşacaqdır. Azərbaycan Respublikasının Avroatlantik məkanda nəqliyyat-tranzit qovşağı kimi mövqeyini daha da möhkəmləndirən, iştirakçı ölkələr üçün mühüm siyasi və sosial-iqtisadi əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu üzrə bütün sınaq işləri yekunlaşıb və artıq layihənin təntənəli açılışı ərəfəsindəyik. Əsas təşəbbüskarın Azərbaycan tərəfi olduğunu və ölkəmiz üçün xüsusi əhəmiyyətini nəzərə alaraq layihənin reallaşma dinamikasına nəzər salmaq yerinə düşərdi.     

Ölkəmizə nəqliyyat və tranzit üstünlüyü qazandıran Bakı-Tbilisi-Qars  dəmir yolu üç ölkənin ərazisindən keçir, ümumi uzunluğu 838,6 kilometrdir. Azərbaycan Respublikası ərazisində uzunluğu 503 kilometr, Azərbaycan sərhədindən Gürcüstanın Axalkalaki sərhədinə qədər 230 kilometr., Gürcüstan sərhəddindən (Axalkalaki) Türkiyə sərhədi Kartsaxiyə qədər 26,3 kilometr, Oradan (Kartsaxi) Qarsa qədər məsafə isə 75,6 kilometrdir. Qatar Azərbaycanın paytaxtı Bakıdan çıxıb Gürcüstanın paytaxtı Tbilisiyə gedir, Tbilisinin 23 kilometr cənubundan qərbə doğru – Axalkalaki sərhədinə, oradan da cənuba enən xətt ilə Türkiyənin Qars şəhərinə çatır.

 

Bakı-Tbilisi-Qars layihəsinin reallaşma dinamikası

 

İlk öncə qeyd etmək lazımdır ki, regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin reallaşmasında Azərbaycan nəinki iştirak edir, əksər hallarda onun təşəbbüskarıdır. Xatırladaq ki, Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsi barədə danışıqlara hələ 26-29 iyul 1993-cü ildə Ankara şəhərində keçirilmiş Türkiyə və Gürcüstan arasında Qarışıq Nəqliyyat Komissiyasının iclasında başlanılıb. 20-21 iyul 2002-ci ildə Türkiyənin İstanbul şəhərində Türkiyə və Gürcüstan nəqliyyat nazirlərinin iclasında bu layihənin həyata keçirilməsi barədə imzalanmış protokolda layihə üzrə hazırlıq işlərinin görülməsi nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  14 iyun 2004-cü ildə  Gürcüstana rəsmi səfəri zamanı Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvili ilə keçirdiyi mətbuat konfransında Gürcüstandan Türkiyəyə dəmir yolu tikintisinin layihəsini dəstəklədiyini söyləmiş və Azərbaycanın da bu layihədə iştiraka hazır olduğunu bildirmişdir. Bundan sonra layihənin reallaşması istiqamətində danışıqlar daha da intensivləşmişdir.

Bir məsələni də qeyd etmək yerinə düşər ki, hələ 2005-ci il mayın 25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvili və Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars birləşdirici dəmir yolu xətti layihəsi haqqında Bəyannamə imzaladılar. Bu Bəyannamə əslində hər üç ölkə rəhbərinin Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin nə qədər əhəmiyyətli olduğuna bir baxış idi.

Nəhayət, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının reallaşmasında öz qəti mövqeyini ortaya qoydu. Ölkə başçısının 7 fevral 2007-ci ildə Gürcüstana işgüzar səfəri zamanı Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinin başlanması ilə bağlı saziş imzalandı. Bütün bunların davamı kimi, 21 fevral 2007-ci ildə Azərbaycan Prezidenti yeni dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzaladı. 21 noyabr 2007-ci ildə isə Gürcüstanın Marabda stansiyasında Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsinin, 24 iyul 2008-ci ildə isə Qars şəhərində Türkiyə hissəsinin tikintisinə start verildi.

Hər zaman sülhsevər və qonşuluq siyasətinin bütün incəliklərinə dəqiqliklə əməl edən Azərbaycan Respublikası layihənin Gürcüstan ərazisindən keçən hissəsinin də tikinti işlərinin maliyyələşdirilməsini öz üzərinə götürdü. Bu məqsədlə Gürcüstan Respublikasına illik 1 faiz dərəcəsi ilə 25 illiyə 220 milyon dollar kredit verildi. 2015-ci ildən etibarən layihə üzrə sınaq işlərinə başlanıldı, ilk sınaq qatarı Türkiyə sərhəddinə qədər gedib çatdı. Dəfələrlə keçirilən sınaqlar nəticəsində yolda müasir standartlara uyğun son tamamlanma işləri aparıldı, xüsusilə Türkiyə ərazisində sərt və mürəkkəb relyef şəraitində tunel çəkilişləri, yol bərkidilməsi işləri yerinə yetirildi, Gürcüstan-Türkiyə sərhəddində 4,4 kilometr uzunluğunda, 450 metr dərinliyində tunel tikildi.

Bu layihənin yalnız iştirakçı ölkələr üçün deyil, ümumilikdə onun dünyəvi əhəmiyyəti nüfuzlu ekspertlər tərəfindən dəfələrlə səsləndirilmişdir. Bakı-Tbilisi-Qars layihəsi BMT-nin 2005-ci ilin mart hesabatına 4 balla qiymətləndirilən birinci dərəcəli prioritet layihə kimi düşmüş və dünyanın 100 ən mühüm layihələrindən biri olduğu qeyd edilmişdir. Layihənin başqa bir üstünlüyü ondan ibarətdir ki, istismar üçün sifariş verilmiş vaqonlar müasir texnoloji üstünlüklərlə təchiz olunmuşdur. Bu da vaqonların alt hissəsinin müvafiq rels ölçüsünə, müxtəlif enliklərdə olan yollara avtomatlaşdırılmış şəkildə uyğunlaşdırmağa imkan verir. Bütün bunlar nəticədə sərhəd-keçid məntəqələrində, yol dəyişmələrində vaxt itkisini aradan qaldırmaqla daşımaların daha rahat yerinə yetirilməsinə imkan verir və layihənin cəlbediciliyini artırır.

 

 Bakı-Tbilisi-Qars layihəsinin Azərbaycan üçün sosial-iqtisadi əhəmiyyəti

 

Aydındır ki, Avropadan Asiyaya daşımaların ən qısa və səmərəli yolu Azərbaycanın iştirakı ilə mümkündür. Həm əlverişli coğrafi mövqe, həm də ölkəmizdə nəqliyyat sektorunun inkişafı, beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində görülən işlər Azərbaycanı regionun mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevirməkdədir. Təsadüfi deyildir ki, bu sahə postneft dövrünün ən mühüm, perspektivli sahəsi hesab olunur.

Bakı-Tbilisi-Qars layihəsinin ölkəmiz üçün əhəmiyyətliliyinə gəldikdə, bütün iqtisadi dayaqlarla yanaşı, bu layihə ölkəmiz üçün tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibi olmasını təsdiqləyən bir faktor kimi çox önəmlidir. Bakı-Tbilisi-Ceyhan layihəsindən sonra, ölkəmiz və ümumilikdə dünyamız üçün mühüm əhəmiyyəti olan ikinci əfsanə artıq Azərbaycan dövlətinin, ölkə başçımızın qətiyyəti və möhkəm iradəsi sayəsində reallığa çevrilməkdədir.

Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan üçün istər sosial-iqtisadi, istərsə də siyasi-strateji baxımdan olduqca əhəmiyyətlidir. İlk növbədə, bir məsələni qeyd etmək lazımdır ki, müasir dünyada əsas yük axınları Çin-Hindistan-Avropa arasında müşahidə edilir. Bu istiqamətdə də birbaşa daşımalar dəniz nəqliyyatı ilə 26-30 günə yerinə yetirilir. Reallaşmaqda olan  Bakı-Tbilisi-Qars isə bu daşımaları daha təhlükəsiz və 12-15 günə yerinə yetirməyə imkan yaradacaqdır ki, bu da layihənin Çin-Hindistan-Avropa daşımaları üçün cəlbedici olduğunu, bu daşımaların ölkəmizə iri həcmli tranzit gəlirləri vəd etdiyini göstərir. Bu nəqliyyat arteriyasına qoşulmaqla, Azərbaycan Çindən tutmuş Avropa ölkələrinə qədər müxtəlif dövlətlərdən yükləri qəbul edə və ya əksinə göndərə biləcək. Proqnozlar göstərir ki, bu dəmir yolu xətti vasitəsilə ilk illərdə 5 milyon ton, növbəti illərdə isə 15 milyon tona qədər yükün  daşınması mümkün olacaq.

Eyni zamanda, Orta Asiya respublikalarının və digər ölkələrin də gələcəkdə bu layihəyə qoşulması labüddür. Xüsusilə, son dövrlər Qərblə Rusiya arasında müəyyən gərginliyin yaşanması, paralel olaraq Rusiya-Türkiyə münasibətlərində müşahidə edilən istiləşmə iki ölkə arasında ticarət dövriyəsinin sürətlə artması, eləcə də Rusiya-Türkiyə dəmir yolu əlaqələrinin olmaması, Rusiyanın da Bakı-Tbilisi-Qars layihəsinə qoşulmasını zəruri edəcəkdir. Nəticə etibarı ilə BTC-nin reallaşması ilə dünyanın enerji təhlükəsizliyində aparıcı  dövlətə çevrilən Azərbaycan Respublikası Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə həm də nəqliyyat-tranzit qovşağı kimi mövqeyini möhkəmləndirəcəkdir. Layihənin davamı olaraq Bosfor boğazından dəmir yolu tunelinin tikintisi isə ölkəmizi Trans-Avropa və Trans-Asiya nəqliyyat şəbəkəsində aparıcı bir tərəfdaşa çevirəcəkdir. Bütün bunlar tranziti büdcənin əsas gəlir mənbələrindən birinə çevirməyə imkan yaradacaqdır. İlk dövrlərdə, ölkəmizin tranzitdən 50 milyon dollar civarında gəlir əldə etməsi proqnozlaşdırılır. Layihənin davamı olaraq, Qarsdan Naxçıvana birbaşa dəmir yolu xəttinin çəkilişi nəzərdə tutulur ki, bu da olduqca mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edir.

Layihənin reallaşması ölkəmizdə turizmin inkişafına da təsirsiz  ötüşməyəcək. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycanın, Gürcüstanın, Türkiyənin logistika baxımından çox böyük miqyasda daha da yaxınlaşmasına, üç ölkə arasında işçi qüvvəsinin rahat şəkildə yerləşdirilməsinə, turizmin, sənayenin, kənd təsərrüfatının, emal sahələrinin inkişafına şərait yaradacaqdır. Gürcüstan və Türkiyənin turizm imkanlarını, bu ölkələrdə turizmin inkişaf dinamikasını və perspektivlərini nəzərə alsaq, bütün bunlar imkan verəcəkdir ki, turizm Azərbaycan bazarında da inkişaf etsin və ölkəmizə turist axını həyata keçirilsin.

Digər tərəfdən, məlumdur ki, sahibkarlığı inkişaf etdirməklə Azərbaycan brendi ilə tanınan keyfiyyətli, rəqabətə davamlı yerli məhsulların dünya bazarlarına çıxarılması ölkə başçısının əsas tövsiyə və tələblərindəndir. Bu məqsədlə əsas vəzifə ixracyönümlü malların istehsalını artırmaqla ölkənin ixrac imkanlarını genişləndirmək, xarici bazarlara çıxışı asanlaşdırmaqdır. “Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün mühüm amillərdən olan yerli məhsulların dünya bazarlarına çıxarılmasında da əsas nəqliyyat vasitəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun böyük əhəmiyyəti olacaqdır. Bu dəmir yolu önəmli nəqliyyat vasitəsi kimi ölkəmizin qeyri-neft məhsullarının dünya bazarlarına ixracını sürətləndirəcəkdir. Ən əsası isə yüklərin mənzil başına yaxın yolla, qısa müddətdə çatdırılması təmin olunacaq. Hazırda 30-40 günə ünvanına çatdırılan yüklər Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra 7 günə müvafiq ünvanlara çatdırılacaq.

Qeyd edildiyi kimi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi ilə ildə bir milyon sərnişin və 6,5 milyon ton yük daşınması nəzərdə tutulur ki, bu da iştirakçı ölkələrdə məşğulluq və kiçik ticarət baxımından da böyük bir canlanma yaradacaqdır. Ümumilikdə isə Bakı-Tbilisi-Qars kimi layihələrin inşa edilməsi, bununla Asiyadan Avropaya və əks istiqamətdə böyük həcmli yüklərin bir hissəsinin Azərbaycan üzərindən daşınması, bəzi yüklərin müəyyən zaman kəsiyində ölkədə saxlanması, yəni daşıma-saxlama xidmətləri göstərməyə imkan yaradacaqdır ki, bu da ölkəmizə milyardlarla dolların gəlməsi deməkdir.

 

 Bakı-Tbilisi-Qars layihəsinin siyasi önəmi

 

Təbii ki, mühüm sosial-iqtisadi gözləntilər vəd edən Bakı-Tbilisi-Qars layihəsinin siyasi əhəmiyyəti də xüsusi vurğulanmalıdır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrindən sonra Azərbaycan, Türkiyə və Gürcüstan dövlətlərinin birgə  reallaşdırdığı üçüncü böyük layihə olan Bakı-Tbilisi-Qars dəmir yolu hər üç ölkənin qarşılıqlı münasibətlərinin və əməkdaşlığının inkişafına  öz müsbət töhfəsini verəcəkdir.  Bu dəmir yolunun açılmasının bir məqsədi də bölgədə yeni enerji dəhlizi yaratmaqdır. Azərbaycanın neft-kimya məhsullarının bu xətt üzərindən bütün dünyaya çatdırılması Avropanın enerji təminatında ölkəmizin mövqeyini daha da gücləndirəcək. Digər tərəfdən, Orta Asiya respublikalarının, Rusiyanın və digər ölkələrin bu dəmir yolu layihəsinə cəlb edilməsi regionda sabitliyə və dinamik tərəqqiyə səbəb olacaq. O cümlədən, hazırda Türkiyə ilə İran arasında yolun müasir tələblərə tam cavab verməməsi, Van gölü və Saraksda gözləmələr daşımaları yeni dəmir yoluna meyillənməyə vadar edəcək. Nəticədə layihədən bəhrələnən iştirakçı ölkələrin sayı xeyli artacaq ki, bu da olduqca əhəmiyyətli siyasi uğurlar vəd edir.

Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, onun davamı kimi Qars-Naxçıvan xəttinin çəkilişi Naxçıvan MR-in inkişafına güclü təkan verəcəkdir. Ermənistan üzərindən keçən və hələ də bu ölkənin yeritdiyi işğalçılıq siyasəti üzündən bağlı olan Qars-Gümrü-Tbilisi xətti donmuş vəziyyətdə qalacaq. Nəticədə Ermənistanın iqtisadi və siyasi vəziyyəti daha da pisləşəcək. Azərbaycan isə əksinə, Türkiyə ilə Orta Asiya ölkələri arasında quru yol baxımından daha artıq söz sahibi olacaq, Qazaxıstan Respublikasından gələn marşrutların sayı xeyli artacaq. Əvvəldə qeyd etdiyimiz kimi, bu arada qonşularla dəmir yolu əlaqələrini gücləndirmək istəyən ölkələrdən biri də İrandır ki, bu da İran-Ermənistan münasibətlərində geriləmə, İran-Azərbaycan və İran-Türkiyə münasibətlərində isə istiləşməyə səbəb olacaq. 

Bütün bu deyilənlərdən göründüyü kimi, Bakı-Tbilisi-Qars sadəcə bir dəmir yolu layihəsi deyil, Tarixi İpək yolunun təkrar canlandırılması, bölgə ölkələriylə iqtisadi, siyasi, ictimai və mədəni əlaqələrin möhkəmləndirilməsi layihəsidir. Bu dəmir yolu Avropadan Türkiyə-Gürcüstan-Azərbaycan üzərindən Orta Asiya və Uzaq Şərq ölkələrinə dəmir yolu ilə sabit yük və sərnişin daşımalarını həyata keçirməyə imkan verəcəkdir. Beləcə, etibarlı iqtisadi daşıma modeli Avrasiya bölgəsindəki ölkələrin ticarət həcmlərinin artmasına və zənginləşməsinə, həmin ölkələr arasında siyasi istiləşməyə müsbət təsir göstərəcəkdir.

Bakı-Tbilisi-Qars kimi layihələrinin reallaşması təkcə regional əməkdaşlıq baxımından deyil, eyni zamanda, bölgənin beynəlxalq cəmiyyətə ən yaxşı şəkildə intreqrasiyası baxımından da əhəmiyyətlidir. Bölgənin iqtisadi inkişafını dəstəkləyən bu cür layihələr xalqlar arasındakı bağları gücləndirəcək, ölkələrin rifahı və sabitliyi üçün möhkəm təməllər yaradacaqdır. Layihənin reallaşması nəticəsində yüklərin Çin, Hindistan, Fars körfəzindən, Pakistan, İran, Azərbaycan, Gürcüstan üzərindən keçməklə, şimalda Rusiya və oradan Avropaya, qərb istiqamətində isə Gürcüstan və Türkiyə üzərindən “köhnə qitəyə” daşınmasına imkanlar yaradacaqdır.

Aqil ƏSƏDOV,
AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri,
“Azərbaycan” Universitetinin dosenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında