Azərbaycanda neft strategiyasının uğurla həyata keçirilməsi qeyri-neft sektorunun inkişafını sürətləndirir

Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan tamamilə yeni bir neft strategiyasını hazırlamağı qarşıya əsas məqsəd qoydu. Bu, təsadüfi deyildi. Çünki o vaxta kimi  “Azəri-Çıraq-Günəşli” yataqlarına dair hazırlanan müqavilə  milli maraqlara cavab vermirdi. Ona görə də xarici neft şirkətləri ilə danışıqlar davam etdirildi və yeni neft-qaz strategiyası üzərində gərgin iş aparıldı. Beləliklə, 1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalandı.

Bu il sentyabrın 6-da Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində Azərbaycan Prezidenti İlham Əliyev məhz həmin dövrü xatırladaraq deyib: “1994-cü ildə “Əsrin kontraktı” imzalananda bizi istəməyən bəzi qüvvələr, həm ölkə daxilində, həm xarici qüvvələr deyirdilər ki, Azərbaycanda kifayət qədər neft yoxdur, “Azəri-Çıraq-Günəşli”də neft azdır. Heç bir neft kəmərinin tikintisinə ehtiyac yoxdur, çünki bu kəmər boş qalacaq. İndi 20 ildir ki, biz “Azəri-Çıraq-Günəşli”dən neft və qaz hasil edirik. Burada hasilat 1997-ci ildən başlamışdır. İyirmi ildən sonra yeni kontrakt imzalanır ki, 2050-ci ilə qədər “Azəri-Çıraq-Günəşli”dən lazımi səviyyədə neft hasil ediləcək. Bu, həm o bədbin və qərəzli fikirlərə bir cavabdır, eyni zamanda, onu göstərir ki, ölkəmizin çox böyük enerji potensialı var”.

Bu il sentyabrın 14-də imzalanmış saziş də Azərbaycan dövlətinin ulu öndər Heydər Əliyevin siyasi kursuna sədaqətini, ölkə iqtisadiyyatının çoxşaxəli variantda inkişaf etdiyini, ən başlıcası cənab İlham Əliyevin respublikamıza dünyada böyük hörmət və nüfuz qazandırdığını əyani göstərdi.

Xatırladaq ki, 1994-cü ildə “Azəri-Çıraq-Günəşli”nin tammiqyaslı işlənməsi üçün saziş 30 il müddətinə imzalanmışdı. İndi dəyişdirilən və yenidən işlənən sazişin imzalanması vaxtilə başlanan mühüm layihələri əngəlləyənləri, başqa sözlə, xaricdəki əleyhdarlarmıza və daxildə aranı qarışdırmaq istəyən bəzi qüvvələrə tutarlı cavab oldu.  

İndiyədək “Azəri-Çıraq-Günəşli”dən 3,2 milyard barel (təqribən 440 milyon ton) neft çıxarılıb. Son 23 ildə layihəyə 33 milyard dollar sərmayə qoyulub. Azərbaycan 125 milyard dollardan çox birbaşa mənfəət əldə edib.

“Azəri-Çıraq-Günəşli”  üzrə HPBS-dən əldə olunan bilavasitə gəlirlərə Azərbaycan Respublikasına bonus ödənişləri, mənfəət neftindən pay, vergilər, təmənnasız səmt qazı, SOCAR-ın mövcud infrastrukturunun (gəmilər, qazma qurğuları, tikinti-quraşdırma sahələri və s.) modernləşdirilməsi, icarə haqları, məşğulluq fonduna, sosial və digər fondlara ödənişlər daxildir.

“Əsrin müqaviləsi”nin imzalanmasından keçən 23 il tarix üçün böyük zaman kəsiyi deyil. Bununla belə, həmin qısa dövr ərzində Azərbaycan bir sıra qlobal layihələr həyata keçirib.  

Onu da deyək ki, “Azəri-Çıraq-Günəşli”dən növbəti illərdə çıxarılacaq neftdən gələn gəlirlər ölkəmizin maddi imkanlarının genişləndirilməsinə daha bir təkan verəcək. Çünki “Azəri-Çıraq-Günəşli” potensialı böyük olan yataqlar blokudur. Hesablamalara görə, burada bir milyard ton neft ehtiyatı var. Ona görə də imzalanan sazişi haqlı olaraq “Yeni əsrin müqaviləsi” adlandırırlar. Bu, digər tərəfdən, 1994-cü ildə imzalanan sazişdən daha böyük miqyaslıdır. Başqa sözlə, növbəti 32 il ərzində “Azəri-Çıraq-Günəşli”nin ölkəmizə gətirdiyi iqtisadi mənfəətlər maksimuma çatdırılacaq.

Yeni müqavilənin şərtləri Azərbaycanın və SOCAR-ın son 23 ildə artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, həm də xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını da göstərir. Yəni, ölkəmizin yaratdığı tərəfdaşlıq formatını yeni müstəviyə qaldırır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilən və yenidən tərtib olunan sazişin imzalanmasının əhəmiyyətini vurğulayaraq deyib: “Bu il neft-qaz sektorunda çox əlamətdar hadisələr baş verib. Xüsusilə, neft sektorunda “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontrakt imzalanmışdır. Kontraktın müddəti 2050-ci ilə qədər uzadıldı. Bu kontrakt bizim üçün daha da yaxşı şərtlərlə təmin edilmişdir. Baxmayaraq ki, “Əsrin kontraktı” da Azərbaycana çox böyük faydalar gətirdi. O vaxt üçün mümkün qədər ən gözəl şərtlər təmin edilmişdir. Ancaq indiki şərtlər bizim üçün daha əlverişlidir, daha da yaxşıdır. Bu şərtlərin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcəkdir. Dövlət Neft Şirkəti yeni kontraktın podratçısı kimi iştirak edəcək və ölkəmizə xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. Bu, çox gözəl şərtlərdir və “Əsrin kontraktı”nın uzadılması, yeni kontraktın imzalanması tarixi hadisədir”.

Hazırda Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan qlobal layihələr sayəsində respublikamız dünyada alternativ karbohidrogen mənbəyi, transmilli neft-qaz şirkətlərinin etibarlı tərəfdaşı, qlobal enerji təhlükəsizliyi sistemində əvəzolunmaz yeri olan bir ölkə kimi tanınır. Dünya iqtisadiyyatına sürətlə inteqrasiya olunan Azərbaycan enerji daşıyıcılarının beynəlxalq bazarlara nəql edilməsi istiqamətində önəmli tədbirlər həyata keçirir.  

Onu da qeyd edək ki, bu gün quruda və dənizdə yerləşən əməliyyat sahələrində 17 layihə üzrə imzalanan Hasilatın Pay Bölgüsü Sazişi uğurla həyata keçirilməkdədir. Xarici tərəfdaşlarla yaradılan 35 birgə müəssisə, 6 alyans, müxtəlif ölkələrdə çoxsaylı törəmə şirkətlər müasir neft və qaz sənayesinin demək olar ki, bütün sahələrini əhatə edir. Ölkə iqtisadiyyatının, xüsusən sənayenin, o cümlədən neft sektorunun şaxələndirilməsi, beynəlxalq standartlara uyğun yenidən qurulması, innovativ texnologiyalarla təchiz olunması, yeni idarəçilik metodlarının mənimsənilməsi üçün geniş imkanlar yaranır.

 “Əsrin müqaviləsi” imzalanandan ötən 23 il ərzində  neft infrastrukturunun yaradılması və köhnənin modernləşdirilməsi istiqamətində də mühüm layihələr həyata keçirilib, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri istifadəyə verilib. Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisindən keçən 1768 kilometrlik bu kəmər nəhəng  bir mühəndis qurğusu olaraq artıq dünyada tanınıb. Bununla yanaşı, bu dövrdə Şimal və Qərb ixrac boru kəmərləri, “İstiqlal”, “Dədə Qorqud” yarımdalma qazma qurğuları, “İsrafil Hüseynov” borudüzən barjı, “Tofiq İsmayılov” dalğıc gəmisi istismara verilib. Bakıdan 55 kilometr cənubda, Xəzərin sahilinə yaxın ərazidə yerləşən Səngəçal terminalının tikintisi də  dünyanın ən böyük neft-qaz qurğularından biri kimi tarixə düşüb.

Xatırladaq ki, bu terminal “Əsrin müqaviləsi” imzalandıqdan sonra ilkin neft layihəsi çərçivəsində inşa edilib. Obyektin tikintisi 1996-1997-ci illərdə reallaşıb. 1997-ci ilin
noyabrında “Çıraq” platformasından alınan ilkin neft Səngəçal terminalına həmin ilin sonunda çatdırılıb.

Burada bir məqamı da xatırlatmaq istərdik. İlk dövrdə sözügedən terminal yalnız “Çıraq” neftini ixrac etmək gücündə idi. Lakin növbəti yataqlardan yüksək hasilatın gözlənildiyi nəzərə alındığından terminalın daha da genişləndirilməsi zərurəti qarşıya çıxdı. Beləliklə, 2002-ci il fevralın 20-də burada tikinti işlərinə başlanıldı və terminal qısa müddətdə dünyanın ən nəhəng neft obyektlərindən birinə çevrildi.

Hazırda terminalda “Azəri-Çıraq-dərinsulu Günəşli”  neft-qaz yatağı çərçivəsində çıxarılan nefti texnoloji emal edən avadanlıqlar, BTC-nin baş nasos stansiyası və “Şahdəniz” qurğuları istismar olunur. Yeri gəlmişkən,  “Şahdəniz-1” qazını ixrac edən Cənubi Qafqaz Boru Kəməri də başlanğıcını buradan götürür.

2014-cü ildə Səngəçal terminalında “Cənub” qaz dəhlizinin təməli qoyulub. Adıçəkilən  dəhliz bir-birinə calanaraq 3500 kilometr məsafə boyu uzanan üç boru kəmərindən ibarətdir. Azərbaycanın və Gürcüstanın ərazisində qazı başlanğıcını Səngəçaldan götürən və hazırda genişləndirilməsi başa çatmaqda olan Cənubi Qafqaz Boru Kəməri nəql edəcək. “Cənub” qaz dəhlizinin “onurğa sütunu” adlandırılan TANAP (Transanadolu Qaz Boru Kəməri) Azərbaycan qazını Türkiyədəki istehlakçılara çatdıracaq. Türkiyə ilə Yunanıstanın sərhədindən başlanan TAP-la (Transadriatik Qaz Boru Kəməri) isə mavi yanacaq Avropaya ixrac ediləcək. TANAP-ın gələn il, TAP-ın isə 2020-ci ildə fəaliyyətə başlayacağı gözlənilir.

İlkin mərhələdə ildə 16 milyard kubmetr qaz ixrac olunacaq ki, bunun da 6 milyard kubmetri Türkiyə, 10 milyard kubmetri isə Avropa üçün nəzərdə tutulub. Sonrakı mərhələlərdə bu həcmlərin xeyli artırılacağı istisna deyil.

Azərbaycan “Cənub” qaz dəhlizi layihəsini tərəfdaşlıq etdiyi ölkələrlə, dünyanın tanınmış şirkətləri ilə, beynəlxalq təşkilatlarla birlikdə icra edir. Başqa sözlə, Azərbaycan dünyada nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatı yaradıb.

Hazırda “Cənub” qaz dəhlizi layihəsinin icrasında 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edirlər. Gələcəkdə layihəyə 3 Balkan ölkəsinin qoşulacağı da gözlənilir. Azərbaycan bu layihənin təşəbbüsçüsü və aparıcı qüvvəsidir.

“Azəri-Çıraq-dərinsulu Günəşli” yataqlarından hasil olunan və Azərbaycana təmənnasız verilən səmt qazını “Azəriqaz” şəbəkəsinə qoşan kəmər də Səngəçal terminalının ərazisindən başlayır.

Səngəçal terminalı hazırda da genişləndirilir. Çünki “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qaz sualtı xətlərlə bura gələcək. Daha sonra isə Cənubi Qafqaz Boru Kəmərinə vurularaq TANAP-a (Transanadolu Qaz Boru Kəməri), sonra da TAP-a (Transadriatik Qaz Boru Kəməri) ötürüləcək.

Azərbaycanda neft-qaz layihələrinin gerçəkləşdirilməsində müxtəlif təyinatlı gəmilər də mühüm rol oynayıb. Onların sırasında “Xankəndi” sualtı tikinti gəmisi xüsusilə diqqət çəkir. Yeri gəlmişkən,  xatırladaq ki, sentyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimi olub.

Qeyd edək ki, Bakı gəmiqayırma zavodu fəaliyyətdə olduğu qısa müddətdə kifayət qədər uğurlu layihələr həyata keçirib. Bu layihələrə 25 min ton yükqaldırma gücünə malik “28 May” üzən doku, 50 ton dartıcı qüvvəyə malik olan “SOCAR 1” yedək gəmisini, Heydər Əliyev adına yarımdalma qazma qurğusunun pantonlarını və yuxarı bloklarını, “Zəfər”, “Üfüq” və “Turan” sərnişin gəmilərini misal göstərmək olar. Bundan başqa, Bakı gəmiqayırma zavodu 2015-ci ildə “Şahdəniz mərhələ 2” layihəsi çərçivəsində bir neçə gəminin təmir və yenilənmə layihələrini həyata keçirib. Bunlardan “İsrafil Hüseynov” borudüzən gəmisini, “Tofiq İsmayılov” dalğıc gəmisini, “Azərbaycan” kran gəmisini, “Caspian Endeavour” və “Seabed Supporter” təchizat gəmilərini, “Dədə Qorqud” yarımdalma qazma qurğusunu və “Gilavar” tədqiqat gəmisini qeyd etmək olar. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə imzalanan müqavilələrə uyğun olaraq, hazırda tikintisi uğurla davam edən iki “RoPax” tipli nadir gəminin və iki neft tankerinin 2019-cu ildə təhvil verilməsi planlaşdırılır.

2014-cü il aprelin 17-də “Bakı Gəmiqayırma Zavodu” MMC sualtı tikinti gəmisinin layihələndirilməsi və tikintisi barədə “Şahdəniz” qaz yatağının işlənilməsi və istismarı üzrə icraçı olan “BP Exploration” MMC ilə dəyəri 400 milyon dollara yaxın olan müqavilə bağlanıb. “Xankəndi" sualtı tikinti gəmisinin iki iri gövdə bölməsi müvafiq müqavilə əsasında Sinqapurda inşa edilərək təhlükəsiz şəkildə Bakıya gətirilib və bu iki hissə Bakı gəmiqayırma zavodunda tikinti-quraşdırma sahəsinə çıxarılaraq inşası başa çatmış burun, yaşayış və idarəetmə blokları ilə birləşdirilib və müvafiq inteqrasiya işləri yerinə yetirildikdən sonra ötən ilin mayında suya salınıb. Bu gəmi xüsusi olaraq nəhəng “Şahdəniz mərhələ 2” işlənilmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilib.

“Xankəndi” sualtı tikinti gəmisinin istismara verilməsi mərasimində çıxış edən Prezident İlham Əliyev deyib: “Xankəndi” gəmisinin istifadəyə verilməsi doğrudan da tarixi hadisədir. Şadam ki, bu nəhəng gəmi Azərbaycanda, Bakıda inşa edilib. Bu gəmiyə “Xankəndi” adı verilib. Onun da çox böyük mənası var. Xankəndi bizim qədim şəhərimizdir. Xankəndinin adı bizim üçün əzizdir, doğmadır. Təsadüfi deyil ki, dünyada nadir standartlara cavab verən bu gəmiyə məhz bu ad verilmişdir.

Bu gəminin tikintisi ölkəmizin gücünü göstərir. Onu göstərir ki, bu gün Azərbaycanda istənilən böyük tikinti işi aparıla bilər. Bu gəminin inşası, istifadəyə verilməsi eyni zamanda onu göstərir ki, vaxtilə gəmiqayırma zavodunun tikintisi haqqında verilmiş qərar düzgün qərar idi. O vaxt bu qərarı verərkən və bu zavodun tikintisinə böyük sərmayə ayırarkən biz məhz bu məqsədi güdürdük ki, Azərbaycan istənilən növ gəmini inşa edə bilsin. Bu gəminin tikintisi eyni zamanda onu göstərir ki, elə bir gəmi yoxdur, biz gəmiqayırma zavodunda bunu inşa edə bilməyək. Hazırda dörd yeni gəmi tikilir - ikisi bərə, ikisi tanker.

“Xankəndi” gəmisinin tikintisi təqribən 400 milyon dollara yaxın vəsaitə başa gəlib. Bu da dövlətimizin gücünü göstərir. “Şahdəniz” qaz yatağının işlənilməsində bu gəminin əvəzsiz xidməti olacaq”.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, indiyədək neft gəlirlərindən səmərəli istifadə edilməsi iqtisadi inkişafımızla yanaşı, sosial problemlərin həllində də mühüm rol oynayır.  Neft gəlirləri, ilk növbədə, ölkəmizdə ən çətin sosial durumda olan qaçqın və məcburi köçkünlərin güzəranlarının yaxşılaşdırılmasına sərf edilir.

Dövlət Neft Fondundan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük vəsait ayrılıb. Həmin vəsaitlə 250 min məcburi köçkün 100-ə yaxın yeni salınan qəsəbələrdə mənzillə təmin edilib. Bundan başqa, regionların sosial-iqtisadi inkişafına dair üç dövlət proqramı çərçivəsində bölgələrin sosial-iqtisadi infrastrukturunun yaxşılaşdırılmasına vəsait xərclənib. Eyni zamanda, sahibkarlığın inkişafı üçün büdcədən güzəştli şərtlərlə 2 milyard manat kredit verilib. Bunun sayəsində ölkəmizdə sahibkarlıq sinfi formalaşıb, qeyri-neft sektorunda məhsul istehsalının artımına nail olunub. Son dövrlər aqrar sektorun inkişafına dövlət tərəfindən edilən güzəştlər, verilən kreditlər sözsüz ki, “Əsrin müqaviləsi”ndən əldə olunan gəlirdən qaynaqlanır.

Neft-qaz gəlirlərinin hesabına ölkədə yeni müasir  möhtəşəm körpülər salınıb. Bütün sahələrdə yeni infrastruktur qurulub. Bölgələrimiz abadlaşıb, paytaxtımız dünya meqapolisləri sırasına çıxıb. Azərbaycanda tikilən 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə inşa edilən 50-dən çox Olimpiya mərkəzi, çəkilən 11 min kilometrdən çox yollar, enerji infrastrukturu, şaxələndirilmiş iqtisadiyyat... Bir sözlə, ölkənin bütün inkişafının təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə olunması amili dayanır. 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında