Dünən “Azərbaycan Respublikası Vergilər Nazirliyində resurslardan optimal istifadə olunması və vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsində dəstək” adlı tvinninq layihəsinin təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan vergilər nazirinin müşaviri, benefisiar ölkə üzrə layihə rəhbəri Elçin Məmmədov bu mühüm layihənin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Avropa İttifaqının yerli nümayəndəliyinə öz minnətdarlığını bildirib. Natiq qeyd edib ki, Vergilər Nazirliyi milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir və bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübəni daim öyrənərək ölkəmizin vergi sistemində tətbiqinə çalışır. Elçin Məmmədov daha sonra diqqətə çatdırıb ki, vergi sahəsində aparılan islahatlar əlverişli sahibkarlıq və investisiya mühitinin yaradılması, vergitutmanın optimallaşdırılması, vergi yükünün azaldılması, çevik vergi inzibatçılığının təşkili, vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi və elektron xidmətlərin genişləndirilməsi kimi məqsədlərə xidmət edir. Əsas istiqamətlər sırasında vergi xidmətlərinin və könüllü vergi ödəmələrinin səviyyəsinin artırılması mühüm yer tutur. Vergi ödəyicilərinə göstərilən xidmətlərin ildən-ilə təkmilləşdirilməsi, bu sahədə informasiya-kommunikasiya texnologiyalarının ən son yeniliklərinin tətbiqi Vergilər Nazirliyinin fəaliyyətində prioritet istiqamətlər sırasındadır.
Sözügedən layihənin cari ilin mart ayından tvinninq yardım aləti vasitəsilə həyata keçirildiyini bildirən nazirin müşaviri, həmçinin İspaniya Krallığı və Fransa Respublikasının vergi administrasiyalarının layihə çərçivəsində partnyor ölkələr qismində çıxış etdiyini söyləyib. O, eyni zamanda, Avropa İttifaqının maliyyə dəstəyilə həyata keçirilən yeni tvinninq layihəsinin Azərbaycan ilə Aİ arasında səmərəli əməkdaşlığın real nəticəsi olmaqla yanaşı, vergi ödəyiciləri ilə münasibətlərin qurulmasında və çevik vergi inzibatçılığının həyata keçirilməsində irəliyə doğru növbəti mühüm addım olduğunu da vurğulayıb.
Layihə ilə bağlı təqdimatda bildirilib ki, ümumi müddəti 27 ay, büdcəsi isə 1,3 milyon avro məbləğində müəyyənləşdirilən layihə 4 əsas komponentdən ibarətdir. Bu komponentlərə vergi ödəyicilərinə xidmət prosesləri üzrə davamlı İnkişaf proqramının yaradılması, xidmətlərə tələbatın müəyyənləşdirilməsi və idarə olunması, vergi ödəyicilərinə göstərilən xidmətlərin əsas fəaliyyət göstəricilərinin təkmilləşdirilməsi və qabaqcıl metodologiyalara əsaslanaraq bütün xidmət kanalları üzrə səmərəliliyin artırılması üçün məlumatların təhlili mexanizmlərinin yaradılmasının daxil olduğu vurğulanıb.
Tədbirdə bildirilib ki, layihə çərçivəsində İspaniya və Fransanın vergi administrasiyalarının mütəxəssisləri, eləcə də Avropa İttifaqının ekspertləri Vergilər Nazirliyinin əməkdaşları ilə öz ölkələrinin və Aİ-yə daxil olan digər ölkələrin mütərəqqi təcrübələrini bölüşürlər. Layihə çərçivəsində artıq bir sıra seminarlar və təlimlər təşkil olunub. Bu təlimlər vergi sistemində xidmətlərin təkmilləşdirilməsinə, xidmət standartlarının qabaqcıl Avropa meyarlarına uyğunlaşdırılmasına, bütün kanallarda xidmətlərin təminatı və keyfiyyətinin yüksəldilməsinə mühüm təsirini göstərəcək.
Layihə 5 əsas nəticənin əldə olunmasını qarşıya məqsəd qoyub. Birinci məqsəd vergi ödəyicilərinə göstərilən xidmətlərin təşkilinin optimallaşdırılması məqsədilə müasir tələblərə cavab verən metodoloji yanaşmanı və idarəetmə mexanizmlərini əhatə edən davamlı inkişaf proqramının hazırlanmasıdır. Qəbul ediləcək bu proqrama uyğun pilot layihənin həyata keçirilməsi, resursların bölgüsünün optimallaşdırılması, xidmətlərin yüksək səviyyədə göstərilməsi və əməletmə xərclərinin azaldılması məqsədilə vergi ödəyicilərinə xidmət sahəsində tələbatın idarə olunması mexanizminin yaradılması, bütün xidmət kanallarının səmərəliliyinə nəzarət etməyə, onları təhlil edərək təkmilləşdirməyə və xidmət kanallarından istifadə səviyyəsini qiymətləndirməyə imkan verən əsas fəaliyyət göstəriciləri və hədəflərdən ibarət metodologiyanın işlənib hazırlanması növbəti məqsədlərə aiddir. Bununla yanaşı, göstərilmiş xidmətlərin vergi ödəyicilərinin könüllü əməletməsi səviyyəsinə təsirini təhlil etməyə və qiymətləndirməyə imkan verən mexanizmlərin və texniki tələblərin hazırlanması da nəzərdə tutulur.
Vurğulanıb ki, qarşıya qoyulmuş hədəf məkandan, vaxtdan, əməkdaşın və vergi ödəyicisinin kimliyindən, habelə digər subyektiv amillərdən asılı olamayaraq, vergi ödəyicilərinə xidmətlərin eyni səviyyədə göstərilməsini təmin etməkdir.
Sonra Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas Vergilər Nazirliyi ilə Aİ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektiv planlar barədə çıxış edib. K.Jankauskas qeyd edib ki, Azərbaycanda onlarla tvinninq layihəsinin icrası uğurla başa çatıb, bəzi layihələr üzrə işlər isə davam etdirilir. Bildirilib ki, “Azərbaycan Respublikası Vergilər Nazirliyinə resurslardan optimal istifadə olunması və vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsində dəstək” tvinninq layihəsi Aİ ilə Azərbaycan arasında səmərəli əməkdaşlığa daha bir mühüm töhfə olacaqdır.
Tədbirdə Avropa İttifaqının və aidiyyəti ölkələrin səfirləri, Azərbaycan Respublikasının İqtisadiyyat və Vergilər nazirliklərinin, İspaniya Vergi Agentliyinin nümayəndələri, layihə rəhbərləri, ölkəmizdə həyata keçirilən digər tvinninq layihələrinin rezident tvinninq müşavirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
V. BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.