“Caspian European Club” çərçivəsində gömrük rejiminin sadələşdirilməsinə dair fikir mübadiləsi aparılıb

Oktyabrın 25-də Dövlət Gömrük Komitəsi (DGK) ilə “Caspian European Club” və “Caspian American Club”un biznes-forumu təşkil olunub. AZƏRTAC xəbər verir ki, DGK-nın sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin rəhbərliyi ilə keçirilən biznes-forumda Azərbaycanla yanaşı, Qazaxıstan, Rusiya və Türkiyədən olan 150-dən çox biznesmen, o cümlədən Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

DGK-nın sədri Aydın Əliyev çıxış edərək, ölkəmizdə gömrük sahəsində son illər ərzində həyata keçirilən islahatlar barədə məlumat verib. Komitə sədri bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, gömrük xidmətində də həyata keçirilən islahatlar davamlı xarakter alıb. Gömrük sahəsində şəffaflığın artırılması və gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı dövlət başçısı tərəfindən bir sıra fərman və sərəncamlar imzalanıb.

Aydın Əliyev “bir pəncərə” prinsipinin daha da təkmilləşdirilməsi, “yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi, elektron xidmətlərin artırılması, sənədləşmə prosesinin tam elektron formada həyata keçirilməsi, sertifikatlaşdırma prosesində vahid siyahının tərtib və tətbiqi, tranzit imkanlarının artırılmasından bəhs edib və görülən işlərin ticarətin asan və sürətli şəkildə reallaşdırılmasına, gömrük nəzarətinin şəffaf şəkildə həyata keçirilməsinə, ümumilikdə biznes mühitinin və iqtisadiyyatın inkişafına təkan verdiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, DGK-nın fəaliyyətində biznes-gömrük əməkdaşlığına xüsusi önəm verilir, bu məqsədlə vaxtaşırı olaraq işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirilir. Bu kimi görüşlər gömrük-biznes sahəsində qarşıda duran vəzifələri bir daha müəyyənləşdirmək və inkişaf yollarını aramaq işinə öz töhfəsini verir. Aydın Əliyev gömrük orqanlarının daim sahibkarların yanında olduğunu, onları narahat edən məsələlərin bundan sonra da operativ və obyektiv şəkildə həllini tapacağını diqqətə çatdırıb.

“Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev “Caspian European Club”un 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən iri neft-qaz şirkətlərinin dəstəyi ilə yaradıldığını və “Caspian European Club”un sədrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olduğunu xatırladıb.

“Caspian European Club” Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarda, xarici investisiyanın cəlb olunmasında, kiçik və orta biznesin inkişafında fəal iştirak edir. Bundan əlavə, klub Xəzər-Qara dəniz və Baltik regionu dövlətləri arasında beynəlxalq iqtisadi əlaqələrin qurulmasında mühüm rol oynayır”, - deyə Telman Əliyev bildirib.

O həmçinin söyləyib ki, ilin sonuna kimi “Caspian European Club” iqtisadiyyatın digər sahələrində də bir sıra analoji tədbirlər keçirəcək.

Telman Əliyev diqqətə çatdırıb ki, “Caspian Energy Georgia” sentyabr ayından etibarən Gürcüstan ərazisində “Caspian European Club”, “Caspian American Club” və “Caspian Energy International Media Group”un maraqlarını təmsil edir. O, oktyabrın 27-də keçiriləcək ikinci “CEO Lunch Tbilisi”də Gürcüstanın baş nazirinin birinci müavini, maliyyə naziri Dmitri Kumsişvilinin və Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovun iştirak edəcəyini xatırladıb. “CEO Lunch Tbilisi”nin sponsoru “PASHA Bank Georgia”dır.

“Bunlardan əlavə, 2018-ci ilin martında “Caspian Energy Georgia”nın fəaliyyətinin yenilənməsi istiqamətində Gürcüstan və Azərbaycan hökumətlərinin, həmçinin “Caspian European Club”un dəstəyi ilə V Beynəlxalq “Caspian Energy Forum” təşkil olunacaq. Forumun açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin, Gürcüstan hökumətinin iqtisadi və energetika blokunu təmsil edən bütün üzvlərinin iştirakı planlaşdırılır”, – deyə Telman Əliyev çıxışına yekun vurub.

Daha sonra DGK-nın məsul şəxsləri gömrük xidmətində son islahatlar – malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin daha da təkmilləşdirilməsi, “yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi, idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin və gömrük ödənişlərinin sadələşdirilməsi, gömrük sistemində risklərin idarə edilməsi, gömrük hüquqpozmalarına qarşı mübarizə, sənədləşmə prosesinin tam elektron formada həyata keçirilməsi, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, normativ-hüquqi bazanın yaradılması, eləcə də informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və innovativ idarəetmə metodları ilə bağlı görülən işlər barədə təqdimatla çıxış ediblər.

Biznes-forum zamanı Aydın Əliyevə “Caspian European Club” və “Caspian American Club”un fəxri üzvlük sertifikatı təqdim olunub.

Sonda biznes nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, onların həlli ilə bağlı problem və təkliflər dinlənilib. Bizneslə DGK rəhbərliyi arasında baş tutmuş konstruktiv dialoq zamanı “Caspian European Club” və “Caspian American Club”un üzv şirkətlərinin xahiş və təkliflərinə operativ reaksiya verəcək birgə işçi komitəsi yaradılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında