Azərbaycanda iqtisadi islahatlar strategiyasının inamla həyata keçirilməsi sürətli inkişafa zəmin yaradır

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası, müvafiq dövlət proqramları, strategiyalar, konkret tədbirlər planları, kompleks və davamlı iqtisadi islahatlar ölkədə innovativ iqtisadiyyatın formalaşması, ixracın diversifikasiyası, idxaldan asılılığın maksimum dərəcədə azaldılması, biznes mühitinin əlverişliliyinin artırılması və digər istiqamətlərdə mühüm işlərin görülməsinə hüquqi və iqtisadi zəmin yaradıb.

Respublikada həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə dövlət başçısının 6 dekabr 2016-cı il tarixli fərmanı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” təsdiq olunub. İqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılmasını reallaşdıracaq bu yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə əks etdirir.

Ölkə Prezidenti İlham Əliyevin müdrik siyasətinin nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı 2008-ci ildə başlayan və sonrakı dövrlərdə də davam edən qlobal iqtisadi böhranı kifayət qədər hazırlıqlı qarşılayıb. Başqa sözlə, respublikada rasional makroiqtisadi siyasət həyata keçirilib, yaradılan valyuta ehtiyatları maliyyə risklərinin qabaqlayıcı rejimdə idarə edilməsində əhəmiyyətli rol oynayıb. Məhz bunun sayəsində Azərbaycanın strateji valyuta ehtiyatları 2003-cü ilə nisbətən 26,2 dəfə artaraq bu ilin sentyabr ayının sonuna 42 milyard ABŞ dolları səviyyəsinə çatıb. 2004–2016-cı illərdə ÜDM real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,7 dəfə yüksəlib. Bu dövrdə sənaye real ifadədə 3,8 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı 1,6 dəfə, tikinti 3,4 dəfə, ticarət 3,9 dəfə, turizm 14,2 dəfə, nəqliyyat 2,6 dəfə, rabitə 10,6 dəfə artıb.

Azərbaycan iqtisadiyyatına 1995-ci ildən indiyədək 233,5 milyard ABŞ dolları həcmində investisiya qoyulub. Bunun 111 milyard dollarını xarici investisiyalar təşkil edir. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri son 14 ildə dinamik olaraq artıb, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olub. 

Azərbaycanda infrastruktur islahatları da uğurla həyata keçirilir. Son illərdə respublikada 6 beynəlxalq hava limanı inşa olunub, 11 min kilometr müasir yol çəkilib, 438 ədəd körpü və tunel tikilib və təmir edilib. Xəzər dənizində 270 gəmidən ibarət iri ticarət donanması yaradılıb. 1700-dən artıq yaşayış məntəqəsinə təbii qaz verilib, qazlaşdırma səviyyəsi 90 faizi keçib. 434 yaşayış məntəqəsində modul tipli sutəmizləyicisi quraşdırılıb, mərkəzləşdirilmiş içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfədən çox artaraq 4,5 mln nəfəri keçib.  Ötən 14 il ərzində ümumi gücü 2300 MVt-dən artıq olan 26 yeni elektrik stansiyası istismara verilib, 10 min kilometrdən artıq elektrik verilişi xətləri, xeyli sayda yarımstansiya inşa edilib və yenidən qurulub. 

Müasir texnologiyaların tətbiqi nəticəsində son illər ölkədə sənayeləşmə tempi yüksəlib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişlənməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib. Alternativ və bərpa olunan enerji sahəsində bir sıra müəssisələrin işə düşməsi ilə Bakı şəhərinin müxtəlif ərazilərinin işıqlandırılmasında qeyri-ənənəvi vasitələrdən, o cümlədən günəş panellərindən və külək generatorlarından istifadə olunmağa başlanıb. Müasir texnologiyalar əsasında Gəmiqayırma zavodu yaradılıb və bununla da daha bir yeni sənaye sahəsinin əsası qoyulub. 

Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına və ətraf mühitə mənfi təsirlərin azaldılmasına xidmət etməklə yanaşı, həm də tullantıları enerjiyə çevirir. Azərbaycan üçün ənənəvi olmayan bu zavod istehsalat gücünə görə Şərqi Avropada və MDB məkanında ən iri bu tipli müəssisədir və Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir.

Azərbaycanda sənaye və texnologiyalar parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində uğurlu addımlar atılır. Belə ki, kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşan sənaye və texnologiyalar parkları - Sumqayıt, Balaxanı, Qaradağ, Mingəçevir, Pirallahı sənaye parkları, üç yüksək texnologiyalar parkı istifadəyə verilib. Hazırda müasir tələblərə cavab verən və rəqabətqabiliyyətli istehsal infrastrukturuna malik bu sənaye parkları ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsi, innovativ idarəetmə və qabaqcıl texnologiyaların tətbiqi, yeni istehsal sahələrinin yaradılması və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynayır.

Sözügedən sənaye parklarına rezidentlər tərəfindən indiyədək 1,1 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb, tikintidə və istehsalatda 5500-dən çox iş yeri açılıb. Layihələr üzrə növbəti mərhələdə isə 850 milyon ABŞ dollarından çox investisiyanın qoyulması və 7500-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Kənd təsərrüfatında reallaşdırılan siyasət aqrar-sənaye kompleksinin köklü şəkildə yenidən qurulmasına səbəb olub. Aqrar sahənin vergilərdən azad olunması, subsidiyaların, güzəştli kreditlərin verilməsi və digər dövlət dəstəyi mexanizmlərinin tətbiqi,
infrastrukturun yaxşılaşdırılması, dövlət investisiyaları hesabına Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarlarının, Baş Mil-Muğan kollektorunun tikintisi, habelə  digər iri layihələrin gerçəkləşdirilməsi sayəsində müsbət nəticələr əldə edilib.  

Hazırda aqrar sektorun innovativ meyarlara uyğun qurulması, o cümlədən aqroparkların yaradılması əsas hədəflərdəndir. Dövlət başçısının tapşırığına uyğun olaraq, bu gün 26 rayon üzrə 38 aqroparkın, o cümlədən, 14 müasir cins heyvandarlıq kompleksinin və 24 iri taxılçılıq təsərrüfatının yaradılması təşviq olunur. Artıq Xaçmaz, Şəmkir və Cəlilabad rayonlarında aqroparklarda 1-ci mərhələ üzrə işlər başa çatdırılıb, 12 aqroparkın isə təşkili işlərinə başlanılıb.  

Son illərdə 20 rayonun ərazisində 44 min hektar sahədə 32 iri fermer təsərrüfatı yaradılıb. Dəyəri 193 milyon manat olan həmin fermer təsərrüfatlarının təşkili məqsədilə 70,5 milyon manat güzəştli kredit verilib. İri fermer təsərrüfatlarında müasir aqrotexniki xidmətlər tətbiq olunmaqla yüksək məhsuldarlıq əldə edilir ki, bu, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsində mühüm önəm daşıyır.

Dövlət başçısı tərəfindən ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın, baramaçılığın, ipəkçiliyin, tütünçülüyün, çəltikçiliyin, çayçılığın, fındıqçılığın, sitrus meyvəçiliyin inkişafı istiqamətində imzalanan sərəncamlar, keçirilən müşavirələr, həmçinin istehsalçılara subsidiyaların verilməsi, sahəvi dövlət proqramları ixrac potensialının artırılmasına və məşğulluq səviyyəsinin yüksəlməsinə mühüm təkan verib. Pambıqçılığın inkişafı istiqamətində qarşıya qoyulan vəzifələrin icrası yaxın illərdə ölkəmizdə pambıq emalını 400 min tona çatdırmağa imkan verəcək.

Hazırda digər ənənəvi sahələrdə də artım tempi müşahidə olunur. Belə ki, 2015-ci ildə ölkə üzrə 236 kiloqram yaş barama istehsal olunduğu halda, ötən il bu göstərici 70,7 tona, 2017-ci ildə isə 245,2 tona çatdırılıb. Tütünçülüyün inkişafına dair dövlət proqramına uyğun olaraq, bu sahədə əkin sahələrini 2021-ci ilədək 2 dəfə genişləndirərək, hazırkı 3200 hektardan 6 min hektara çatdırılması nəzərdə tutulur. Bu isə ölkədə hər il 12 min ton quru tütün istehsal etmək imkanı yaradacaq.

İxrac qabiliyyətli əsas məhsullardan olan fındıq istehsalını artırmaq üçün bölgələrdə mövcud fındıq bağlarından 2 dəfə çox yeni bağların salınması nəzərdə tutulur. Dövlət başçısının tapşırığına uyğun olaraq, iri çayçılıq təsərrüfatlarının yaradılması, istehsal prosesinə innovativ texnikanın cəlb olunması və bu sahədə elmi yanaşmaların tətbiqi çay plantasiyası sahələrinin 17 min hektara çatdırılmasına imkan verəcək.

Aqrar sahədə həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmizin kənd təsərüfatı və ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib, ərzaq məhsullarının istehsalı artıb, ixrac imkanları genişlənib. 

Ölkəmizdə sahibkarlığın inkişafı da daim diqqət mərkəzində saxlanılır. Son 14 ildə layihələrinin ümumi dəyəri 4 milyard manatdan çox olan 34 minə yaxın sahibkara 2 milyard manatdan çox güzəştli kredit verilməsi bunun əyani təzahürüdür. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 153 mindən çox yeni iş yerinin açılması imkanı yaradıb. Verilmiş güzəştli kreditlərin 1 milyard manatı büdcə, 1 milyard manatı isə geri qaytarılan vəsaitlərdir. Güzəştli kreditlərin 70 faizi aqrar sektorun, 30 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş kreditlərin 76 faizi regionların, 24 faizi isə Bakı qəsəbələrinin payına düşür.

Dövlət başçısının yeni qlobal çağırışların nəzərə alındığı iqtisadi islahatlar paketinə uyğun olaraq, 2015-ci il noyabr ayının 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb,   sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə apelyasiya şuraları yaradılıb, ixracın və investisiyaların təşviqi mexanizmləri formalaşdırılıb, dövlət satınalmalarında yerli mallar üçün güzəştlər müəyyən olunub, gömrük prosedurları sadələşdirilib, tələb olunan sənədlərin sayı azaldılıb və konkretləşdirilib, idxal-ixrac əməliyyatları sahəsində mütərəqqi mexanizmlər (yaşıl dəhliz, elektron bəyanetmə və s.) reallaşdırılıb, kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı üçün subsidiyalar müəyyənləşdirilib.  

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun tətbiqindən sonrakı 23 ayda vergi yoxlamaları istisna olmaqla, cəmi 113 yoxlama keçirilib. Müqayisə üçün xatırladaq ki, yoxlamaların dayandırılmasından əvvəlki 23 ay ərzində keçirilmiş yoxlamaların sayı 113 mindən çox olub.

Görülən işlər nəticəsində Azərbaycanda güclü özəl sektor formalaşıb, müasir texnologiyalara əsaslanan minlərlə müəssisə açılıb, özəl bölmənin payı ÜDM-də 80 faizi, məşğulluqda 75 faizi, dövlət qeydiyyatına alınan sahibkarlıq subyektlərinin sayı isə 880 mini ötüb.  Əlbəttə, bu cür məqsədyönlü siyasət yeni iş yerlərinin açılması prosesini də sürətləndirib. Bunun sayəsində 2004–2017-ci illərin ötən dövrü ərzində 1,43 milyonu daimi olmaqla, 1,9 milyondan artıq yeni iş yeri yaradılıb. Daimi iş yerlərinin 67,5 faizi regionların payına düşür.

Yeri gəlmişkən, düzgün sosial-iqtisadi islahatlar gələcək üçün münbit zəmin yaradır. İqtisadiyyat Nazirliyi tərəfindən 2018-ci il və sonrakı 3 il üzrə hazırlanan ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən, gələn il Azərbaycanda ÜDM-in real ifadədə artımı 1,5 faiz olmaqla 69,4 milyard manat təşkil edəcək.

Gələn ilin dövlət və icmal büdcələri üzrə müvafiq layihələrə görə, qeyri-neft sektorunda ÜDM real ifadədə 2,9 faiz artaraq 47,6 milyard manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 83 faiz həcmində nəzərdə tutulur. Gələn il əsas kapitala yönəldiləcək investisiyaların həcmi 15,9 milyard manat proqnozlaşdırılır ki, bunun da 51,5 faizi daxili investisiyaların, 48,5 faizi isə xarici investisiyaların payına düşür.

Ümumi investisiyaların 9,5 milyard manatının qeyri-neft sektoruna, 6,4 milyard manatının isə neft sektoruna yönəldilməsi nəzərdə tutulur. 2018-ci ildə qeyri-dövlət investisiyalarının həcmi 9,1 milyard manat olmaqla, ümumi investisiyaların 57,2 faizini, dövlət investisiyalarının həcmi 6,8 milyard manat olmaqla, ümumi investisiyaların 42,8 faizini təşkil edəcəyi proqnoz edilir. Növbəti ildə orta aylıq əməkhaqqının ötən illə müqayisədə real ifadədə 0,5 faiz artaraq 549,7 manat olacağı proqnozlaşdırılır.

Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, 2015-ci ildən etibarən dünyada neft qiymətlərinin aşağı düşməsi və dəyişən makroiqtisadi amillər iqtisadi islahatların keyfiyyətcə yeni mərhələyə yüksəlməsini labüd edib. Ölkə başçısı postneft dövrü kimi xarakterizə etdiyi bu yeni iqtisadi reallıqlara vaxtında adekvat reaksiya verib və bunun nəticəsində aparılan islahatlar daha ardıcıl və sistemli xarakter alıb. Bütövlükdə, milli iqtisadiyyat və 11 sektor üzrə yaxın orta və uzunmüddətli perspektivlərin əhatə olunduğu tam təfsilatlı strateji yol xəritələri qısa müddət ərzində hazırlanaraq təsdiqlənib. Maliyyə və makroiqtisadi koordinasiya təmin edilib, iqtisadi aktivliyi, investisiya cəlbini və qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi ilə bağlı mexanizmlər yaradılıb. Bunlarla yanaşı, gömrük əməliyyatlarının çevik və şəffaf həyata keçirilməsi məqsədilə malların və nəqliyyat vasitələrinin yoxlanmasında tətbiq edilən “bir pəncərə” prinsipinin daha da təkmilləşdirilməsi və beynəlxalq təcrübədə geniş tətbiq edilən “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin yaradılması üzrə əsaslı tədbirlər görülüb.

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” Azərbaycanda islahatların Prezident İlham Əliyevin rəhbərliyi ilə təkcə qısamüddətli deyil, həm də orta və uzunmüddətli hədəflərə istiqamətlənməsini göstərir. Qeyri-neft ixracının bu ilin ötən dövründə dinamik artması, manatın sabitliyi ilə bağlı uğurlu nəticələr əldə edilməsi, sahibkarlığın inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması da məhz bunun nəticəsidir.

Bu gün iqtisadi islahatlar üzrə başlıca hədəf kimi ölkə iqtisadiyyatının dayanıqlılığının şaxələndirilməsinin və rəqabət qabiliyyətinin təmin edilməsi qarşıya qoyulub. Bu məqsədlə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional islahatların aparılması, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi, məşğulluğun və sosial məmnunluğun təmin edilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib.

Bütün bunların sayəsində Azərbaycan son illər dünyanın ən sürətlə və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib. Dünya İqtisadi Forumunun “2017–2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması da yuxarıda sadalanan tədbirlərin uğurla gerçəkləşdirilməsindən xəbər verir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında