Bir neçə il bundan əvvəl başlanan və qlobal miqyasda nəzərə çarpan iqtisadi böhrandan Azərbaycan analoji problemlərlə üzləşən ölkələr arasında az itkilərlə çıxan dövlətdir. Cari ilin ötən aylarının sosial- iqtisadi qiymətləndirməsi də deməyə əsas verir ki, respublikamızda iqtisadi islahatların, maliyyə sabitliyinin təmini yönümündə həyata keçirilən tədbirlər praktik baxımdan özünü doğruldub. Əvvəlki illərdə yaradılan möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılıb. Ötən dövrün pozitiv nəticələri respublika iqtisadiyyatının yalnız neft amilindən asılılığı barədə indiyədək irəli sürülən müəyyən iddiaların əsassızlığını da tam sübuta yetirib.
Şübhəsiz ki, bu məsələdə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində qarşıya qoyulan vəzifələrin uğurlu icrası da öz müsbət təsirini göstərib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanında qeyd olunduğu kimi, dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək üçün iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması hazırda qarşıda duran əsas prioritet vəzifələrdəndir.
Xatırladaq ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təşviqi və bundan irəli gələn məsələlər haqqında” sərəncama müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanıb. Həmin yol xəritələrində Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın daha da artırılmasının təmin edilməsi hədəflənib.
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndə nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanılmasına, qeyri-neft sahələrinin, bütövlükdə regionların tarazlı inkişafının sürətlənməsinə, əlverişli biznes və investisiya mühitinin formalaşmasına və əhalinin sosial rifahının davamlı olaraq yaxşılaşmasına öz müsbət təsirini göstərir.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində qarşıya qoyulan vəzifələrin icrasına mühüm önəm verir, bu məsələnin prioritetliliyini daim diqqətdə saxlayır. Elə bunun nəticəsidir ki, Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında deyib: “Strateji yol xəritələrinin icrası ilə bağlı monitorinq aparılır. Monitorinqin nəticələri mənə məruzə edildi. Monitorinq göstərir ki, bəzi hallarda nəzərdə tutulan tədbirlərin icrası gecikir. Buna yol vermək olmaz. Bütün dövlət qurumları qarşısında vəzifə qoyulmuşdur. Hər bir dövlət qurumu bilir nə etməlidir. Ona görə, bəzi qurumlarda Strateji Yol Xəritələrinin icrası 50 faizdir, 70 faizdir, bəzi qurumlarda isə 10 faizdir, 15 faizdir. Bunun izahatı tələb olunmalıdır. Mən göstəriş verirəm ki, gecikməyə yol verən qurumlar tezliklə işlərində dönüş yaratsınlar. Bütövlükdə strateji yol xəritələrinin qəbulu və elan edilməsi çox ciddi islahatdır - 164 prioritet və 683 tədbir nəzərdə tutulmuşdur. Onların hamısı 2020-ci ilə qədər öz həllini tapmalıdır. Ona görə, bu məsələ ilə bağlı monitorinqin nəticələri təhlil olunmalı və burada qüsurlara yol verən qurumlar tezliklə düzəlişlər etməlidirlər. Mənə mütəmadi olaraq məlumat veriləcək. Yubanma aradan qaldırılmalıdır. Aidiyyəti dövlət qurumları nəticə çıxarsınlar”.
Yeri gəlmişkən, yarımillik monitorinq və qiymətləndirmə hesabatına əsasən, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri”ndə müəyyənləşdirilən tədbirlərin 32 faizi icra olunub. Bunun nəticəsində ölkə regionlarının inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması və s. sahələrdə mühüm göstəricilər əldə olunub. Məsələn, logistika və ticarət sahəsində nəzərdə tutulan işlərin 6 faizi yerinə yetirilib, işlərin 45 faizinə başlanılıb. Ölkədə ticarət həcminin artırılması üçün əlverişli mühitin yaradılması istiqamətində nəzərdə tutulan tədbirlərin 62 faizi yerinə yetirilib. Tranzit ticarətindən daha yüksək gəlirlərin əldə edilməsi ilə bağlı qarşıya qoyulan hədəflərin 8 faizinə əməl olunub, 50 faizinə isə başlanılıb. Logistika və ticarət sahəsində mühüm hərəkətverici mexanizmlərin 17 faizi reallaşdırılıb. Ələt qəsəbəsində yerləşən yeni liman kompleksi, Bakı-Tbilisi-Qars dəmir yolu və Astara-Astara dəmir yolu layihələrinin tamamlanması ilə əlaqədar görülən işlər sürətləndirilib. Bunun sayəsində Azərbaycanın beynəlxalq əhəmiyyətli logistika və ticarət qovşağı kimi aparıcı mövqeyi daha da güclənib.
Yeri gəlmişkən, yeni liman kompleksinin ərazisinin daxil olduğu azad ticarət zonasının hüquqi rejiminin hazırlanması üzrə cəlb olunan beynəlxalq məsləhətçi şirkət tərəfindən “Azad zonalar haqqında” Azərbaycan Respublikası Qanununun ilkin versiyası hazırlanaraq hökumətə təqdim edilib. Logistika sahəsində kadr potensialının gücləndirilməsi istiqamətində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Azərbaycan Texnologiya Universiteti arasında kadr hazırlığı üzrə memorandum imzalanıb və adıçəkilən cəmiyyət tərəfindən universitetdə logistika laboratoriyası yaradılaraq tələbələrin istifadəsinə verilib.
Xatırladaq ki, strateji yol xəritəsində Azərbaycanda 5 və ya 6 logistika mərkəzinin yaradılması, onlardan dördünün 2020-ci ilədək tamamlanması nəzərdə tutulur. Mütəxəssislər tərəfindən ölkəmizin logistika və ticarət mərkəzinin birbaşa təsiri regional logistika və ticarət qovşağının ümumi təsirinin 20 faizinə bərabər olacağı da bildirilir.
Strateji yol xəritəsində Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan aqrar sektorla bağlı qarşıya qoyulan vəzifələrin 31 faizi icra olunub. Burada əsas istiqamət kimi ərzaq təhlükəsizliyinin dayanıqlığı və əhalinin ərzağa əlyetərliyi ilə bağlı məlumat və monitorinq sisteminin qurulması 33 faiz, dəyər zəncirinin bütün mərhələlərini əhatə edən və risklərin təhlili yanaşmasına əsaslanan qida təhlükəsizliyi sisteminin formalaşdırılması 75 faiz, həm daxili, həm də xarici bazarda rəqabətqabiliyyətli kənd təsərrüfatı və emal sənayesi məhsulları üzrə istehsal proseslərinin gücləndirilməsi 36 faiz, idxalı əvəz etmək potensialı olan kənd təsərrüfatı və emal sənayesi məhsulları istehsalının artırılmasının təşviqi və kənd təsərrüfatında fermer tərəfdaşlığının formalaşdırılması və kooperasiyanın inkişafı 50 faiz icra olunub.
Hesabat dövründə digər məsələlərin həllində də uğurlu göstəricilər qeydə alınıb. Məsələn, kommunal xidmətlər sektorunun tənzimlənməsində dayanıqlığın və effektivliyin təmin edilməsi əsas hədəflərdən biri kimi seçilib ki, burada da icra olunan işlər 17 faiz, icrasına başlanılanlar 38 faiz, qarşıda duranlar isə 45 faizdir.
Bu dövr ərzində elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən qurumlar arasında qarşılıqlı ödəniş məsələləri tənzimlənib, yaranan öhdəliklər tam icra edilib və daxil olan vəsaitlərin toplanılması, habelə istifadəsi ilə əlaqədar xüsusi kommunal hesab yaradılıb.
Hazırda Gəncə, Bərdə, Sabirabad, Masallı və Qəbələ şəhərlərində yerləşən “ASAN xidmət” mərkəzlərində, Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN kommunal” mərkəzlərində, 3, 4 və 5 saylı “ASAN xidmət” mərkəzlərində istehlakçılara “Azəriqaz” İB-nin 17 növ, “Azərişıq” ASC-nin 10 növ, “Azərsu” ASC-nin 14 növ xidməti göstərilməkdədir.
“Azəristiliktəchizat” ASC-nin istehsal edilən istilik enerjisinin və isti suyun satışı, istilik enerjisi təchizatı sisteminə qoşulmalar üçün texniki şərtlərin verilməsi xidmətləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operator olduğu dövlət xidmətlərinin elektron reyestr portalına daxil edilib.
İstismarda olan elektrik stansiyalarının səmərəliliyinin artırılması istiqamətində diaqnostika işləri aparılıb, “Varvara” SES-də yenidənqurma işləri başa çatdırılıb, gücü 1,44 MVt olan “Balakən” kiçik SES istismara verilib. Elektrik enerjisi və təbii qaz tarifləri diferensiallaşdırılıb, ikipilləli tarif sisteminin tətbiqinə başlanılıb.
Ölkədə qaz itkilərinin səviyyəsinin tələb olunan minimal göstəriciyə çatdırılması məqsədilə inkişaf planı hazırlanıb, çəkiləcək yeni qaz xətlərinin ilkin uzunluğu, yeni şəbəkənin əhatə edəcəyi abonentlərin ehtimal olunan sayı müəyyənləşdirilib və tələb olunan investisiya qoyuluşu hesablanıb.
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən, 28 rayon üzrə 170 yaşayış məntəqəsinin içməli su sisteminin qurulması ilə əlaqədar layihə sənədləri hazırlanıb.
İstilik təchizatı sistemlərinin davamlı fəaliyyəti ilə bağlı qazanxana və istilik məntəqələrinin avtomatik idarəedilmə sisteminə keçirilməsinə hazırlıq məqsədilə istilik obyektlərində texnoloji rejimə uzaqdan və müəyyənləşdirilən parametrlərdən kənarlaşma hallarının aşkar edilərək aradan qaldırılmasına imkan verən nəzarət sisteminin yaradılmasına başlanılıb.
Ölkədə insan kapitalının inkişafı məqsədilə təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi istiqamətində görülən tədbirlər çərçivəsində məktəbəhazırlıq qrupları təşkil edilib, təhsilalanlar və müəllimlər üçün tədris vəsaitləri hazırlanıb, müəllim və rəhbər heyət üçün ixtisasartırma imkanları reallaşdırılıb. Ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin seçdikləri ixtisas istiqamətləri üzrə biliklərə dərindən yiyələnmələri məqsədilə ötən tədris ilində tam orta təhsil səviyyəsində təmayüllər üzrə təhsilin əhatə dairəsi genişləndirilib. Bunlardan əlavə, təhsil müəssisələrinin fiziki və texnoloji infrastrukturunun təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər görülüb. İlk peşə-ixtisas təhsili müəssisələrində mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki 109 peşə təhsili müəssisəsinin 90 faizinə, yəni 86 müəssisəyə baxış keçirilib, Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsilinin dövlət standartları layihəsi, eləcə də əmək bazarının tələblərinə uyğun orta ixtisas təhsili pilləsinin yeni dövlət standartlarının layihəsi hazırlanıb.
Strateji yol xəritəsində biznes mühitinin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərin icrasının 75 faiz səviyyəsində olması da diqqət çəkir. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı, özəl sektora dövlət dəstəyinin gücləndirilməsi istiqamətində ciddi islahatların həyata keçirilməsinin parlaq nəticəsidir. Burada təkcə bir faktı xatırlatmaqla fikrimizi əsaslandırmaq istərdik. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanunun tətbiqindən sonrakı 20 ay ərzində vergi yoxlamaları istisna olmaqla sahibkarlıq subyektlərində cəmi 96 yoxlama, o cümlədən 2017-ci ilin 6 ayı ərzində 26 yoxlama keçirilib.
Özəl sektora uzunmüddətli və əlverişli şərtlərlə maliyyə dəstəyinin göstərilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2017-ci ilin birinci yarısında 690 sahibkara 63,3 milyon manat güzəştli kredit verilməsi sayəsində 2300-dən çox yeni iş yerinin açılmasına imkan yaradılması da bunun bariz ifadəsidir. Yeri gəlmişkən, bu dövrdə verilən güzəştli kreditlərin 65 faizi respublikanın regionlarının, 35 faizi isə Bakı qəsəbələrinin payına düşür. İndiyədək isə 33,5 mindən çox sahibkarın ümumi investisiya dəyəri 4 milyard manatdan çox olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2 milyard manatdan çox güzəştli kredit ayrılıb.
Yerli və xarici investorlarla əməkdaşlığın genişləndirilməsi, özəlləşdirmə prosesinin təbliği və bu zaman şəffaflığın təmin olunması məqsədilə “Özəlləşdirmə portalı” yaradılıb, onun yerli və xarici investorlar, ictimaiyyət, jurnalistlər, beynəlxalq təşkilatlar və məsləhətçi şirkətlər üçün təqdimatı təşkil edilib.
Bu ilin ilk yarısında kiçik dövlət müəssisə və obyektlərinin, qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanan 39 sərəncama əsasən, 442 müəssisə və obyektin özəlləşdirilməsi ilə əlaqədar qərar qəbul edilib. Hesabat dövründə hərracı baş tutan 395 kiçik dövlət müəssisə və obyektinin 221-i, icarəyə verilən 246 qeyri-yaşayış sahəsinin 89-u, ümumilikdə isə 310 müəssisə və obyekt satılıb. Cari ilin birinci yarısında 152 obyektin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı qərar qəbul edilib və 155 obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.
Həyata keçirilən düzgün sosial-iqtisadi strategiyanın nəticəsidir ki, Azərbaycan artıq dünyada özünəməxsus milli inkişaf modeli ilə seçilən, habelə sərmayədar dövlət və qlobal böhran şəraitində belə makroiqtisadi sabitliyi təmin edən ölkə kimi tanınıb. Şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında son on dörd ildə respublikamızın dünyada güclü, müstəqil və müasir inkişaf edən bir respublika olaraq nüfuz qazanmasının da səbəbi məhz bununla bağlıdır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.