Avropanın enerji təhlükəsizliyi sistemində Azərbaycanın böyük rolu var

Davos İqtisadi Forumunda bu məsələ diqqət mərkəzində olmuşdur
Azərbaycanın beynəlxalq aləmdəki mövqeləri getdikcə möhkəmlənir, əlaqələri genişlənir. Ölkəmizdə yaradılmış davamlı ictimai-siyasi sabitlik və sürətli iqtisadi yüksəliş dünya dövlətlərinin, həmçinin iri şirkətlərin diqqətini cəlb etmişdir. Bu səbəbdən ölkəmizə sərmayə yatırımı ildən-ilə artırılmışdır. Təsadüfi deyildir ki, son 15 il ərzində Azərbaycana 95 milyard ABŞ dolları məbləğində vəsait yatırılıb. Bunun yarısını xarici sərmayələr təşkil edir. Demək, ölkəmizlə əlaqə qurmaq, qarşılıqlı əməkdaşlığı davam etdirmək istəyən dövlət və şirkətlərin sayı getdikcə artır.
Azərbaycanda davamlı ictimai-siyasi sabitliklə bərabər, möhkəm qanunvericilik və hüquqi baza da yaradılıb. Əsas enerji müqavilələri parlamentdə ratifikasiya olunduqdan sonra dövlət başçısı tərəfindən imzalanır. Bu da sərmayəçilərdə böyük inam yaradır. Çünki bütün bu prosedurlardan sonra sərmayələr etibarlı şəkildə qorunur və imzalanmış müqavilələrdəki şərtlərin sonradan dəyişdirilməsi mümkün olmur. Ona görə də Azərbaycanda sərmayə yatırmaq istəyən investorlarda böyük inam yaranıb. Ölkəmizlə əlaqə yaratmaq istəyən şirkətlərin sayı getdikcə çoxalır. Bu da dünya miqyasında əlaqələrimizin daha da genişlənməsinə gətirib çıxarır.
Bu günlərdə İsveçrənin Davos şəhərində keçirilmiş 41-ci Dünya İqtisadi Forumunun illik toplantısında da Prezident İlham Əliyevin keçirdiyi görüşlər və çıxışlar böyük maraqla qarşılanmışdır.
Forumun toplantısında 100-dən artıq ölkədən 2500-dən çox nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, eləcə də böyük şirkətlərin təmsilçiləri, habelə alimlər, ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdilər. Forumda müasir dövrün siyasi-iqtisadi problemlərinin, qlobal inkişafın doğurduğu əsas problemlərin həlli ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Azərbaycan Prezidentinin Davosa səfəri zəngin olmuşdur. Dövlətimizin başçısı forumda iştirak edən bir sıra dövlətlərin başçıları, həmçinin iri şirkətlərin rəhbərləri ilə görüşlər keçirmişdir. Bu görüşlərdə əsasən ikitərəfli münasibətlərin daha da yaxşılaşdırılması istiqamətində müzakirələr aparılmış, energetika sahəsində əlaqələrin zəruriliyi qeyd olunmuşdur. Məlum olduğu kimi, hazırda Azərbaycan Avropada enerji təhlükəsizliyinin təminatında böyük rol oynayan dövlətdir. Ölkəmizin yerləşdiyi əlverişli coğrafi mövqe də bu sahədə mühüm rol oynayır. Bu baxımdan Davos Forumunda iştirak edən bir sıra şirkətlərin nümayəndələri Azərbaycan və bütövlükdə Xəzər regionu ilə əməkdaşlıqda, ölkəmizə investisiya qoymaqda maraqlı olduqlarını açıq şəkildə büruzə vermişlər.
Dövlət başçımızın son illər ölkəmizin qazandığı uğurlar və bunun beynəlxalq aləmdə də yüksək qiymətləndirilməsi barədə ətraflı məlumat verməsi tədbir iştirakçılarının marağını daha da artırmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin Avstriya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə nahar mərasimindəki nitqi böyük maraqla qarşılanmışdır.
Azərbaycan Mərkəzi Asiya regionu olmasa da, bu regionla yaxın, isti münasibətləri olub. Buna görə də bir çox əlaqələrimiz, mədəni və iqtisadi bağlılığımız mövcuddur. Bu da gələcəkdə regionda bir sıra layihələrin səmərəli olmasına öz təsirini göstərəcək.
Məlum olduğu kimi, Azərbaycan hazırda iri infrastruktur layihələrin reallaşdırılmasında dünyada böyük təcrübəsi olan ölkə kimi tanınır. Bakı - Tbilisi - Ərzurum qaz kəmərlərinin həyata vəsiqə almasından sonra Oğuz - Qəbələ - Bakı su kəmərinin də reallaşması ölkəmizin nüfuzunu daha da artırdı. Hazırda Bakı - Tbilisi - Qars dəmir yolunun inşası üzərində ciddi işlər gedir. Bu nəhəng tikinti böyük əhəmiyyətə malikdir. Dövlətimizin başçısı da bu layihəni yüksək qiymətləndirmiş və tədbir iştirakçılarının diqqətini bu məsələyə cəlb edərək demişdir: "Biz Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyadakı tərəfdaşlarımızla bir çox məsələlərlə bağlı sıx işləyirik. Biz enerji və nəqliyyat sahəsində çalışırıq. Azərbaycanın coğrafi mövqeyi çox əlverişlidir. Hazırda biz Şərq, Qərb, Şimal - Cənub daşıma dəhlizləri sahəsində işləyirik. Türkiyə ilə Azərbaycan arasında olan dəmir yolu xətti sırf iki ölkəni birləşdirən xətt deyil, əslində, bu, Avropa ilə Asiya arasındakı bağlantıdır. Çünki həmin dəmir yolu Çindən başlayıb Avropaya qədər gedəcəkdir. Bu, yeni etibarlı alternativlərin yaranmasına imkan verəcək və bütün tərəflər üçün faydalı, səmərəli marşrut olacaqdır".
Azərbaycanın neft ölkəsi olması bütün dünyaya bəllidir. Forum iştirakçıları da yaxşı bilirdilər ki, neft dünyada sənaye üsulu ilə ilk dəfə XIX əsrdə məhz Azərbaycanda hasil edilib. Buna baxmayaraq, hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafı diqqət mərkəzindədir. Tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, ölkəmizdə bir sıra mühüm şaxələndirmə layihələri üzərində ciddi iş gedir. Hazırda Azərbaycanın enerji daşıyıcılarını beynəlxalq bazarlara nəql edən 3 neft və 4 qaz kəmərləri var. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu daha da artırıb.
Azərbaycan Prezidenti İlham Əliyev Davosda keçirdiyi görüşlərdə bu nailiyyətləri xüsusi olaraq vurğuladı. bp şirkətinin direktorlar şurasının sədri və qeyri-icraçı direktoru Karl-Henrik Svanberqlə görüş də diqqət çəkən məqamlardan oldu. Görüşdə Azərbaycan ilə bu şirkət arasında 1994-cü ildən fəal əməkdaşlığın həyata keçirildiyi diqqətə çatdırıldı. Göründüyü kimi, dünyanın aparıcı şirkətlərindən biri hesab edilən bp 17 ildir ki, ölkəmizlə sıx əməkdaşlıq qurub. Bu, həmin şirkətin Azərbaycana, onun dövlət başçısına inamın, ölkədə yaradılmış ictimai-siyasi sabitliyin davamlı, etibarlı olmasının nəticəsidir. Bu görüş zamanı bp şirkətinin Bakı - Tbilisi - Ceyhan neft və Bakı - Tbilisi - Ərzurum qaz kəmərləri, "Azəri - Çıraq - Günəşli" və "Şahdəniz" yataqlarının işlənilməsində iştirakçının "Şəfəq - Asiman" yataqları ilə bağlı imzalanmış sazişlərin əhəmiyyəti qeyd olundu.
Dünyanın aparıcı şirkətlərinin rəhbərlərinin Azərbaycanın dövlət başçısı ilə görüşlər keçirməsi və ikitərəfli əməkdaşlıq barəsində müzakirələr aparması bir daha təsdiqlədi ki, ölkəmiz artıq aparıcı dövlətlər sırasına qoşulmaqdadır. Biz Davosda da bunun şahidi olduq. Dövlət başçımızın "SK Group" şirkətlər qrupunun sədri Çey Tae-von ilə görüşü əhəmiyyətli olmuşdur. Qeyd edək ki, "SK Group" şirkətlər qrupu 1953-cü ildə yaradılmışdır. Yaranma tarixindən də göründüyü kimi, çox təcrübəli və uzunömürlü bir şirkətdir. Koreya Respublikasına məxsus bu şirkətin təkcə 2009-cu ildə 80 milyard dollara yaxın ümumi gəlirləri olmuşdur. Şirkət özündə 92 fəaliyyət sahəsini birləşdirir. Çoxsahəli şirkət sənaye, kimya, rabitə, informasiya texnologiyaları, tikinti və digər sektorlarda iri layihələr həyata keçirir. Şirkətin müxtəlif ölkələrdə 113 ofisinin fəaliyyət göstərməsi və 300 mindən artıq işçisinin olmasını nəzərə alsaq, onun necə iqtisadi gücə malikliyi özünü açıq şəkildə büruzə verir.
Çey Tae-von rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan qurumun Bakıda nəqliyyatın intellektual idarəetmə sistemi ilə bağlı fəaliyyət göstərdiyini məmnunluqla vurğuladı. Belə böyük bir şirkətin rəhbərinin Azərbaycanla əməkdaşlığından məmnunluq ifadə etməsi ölkəmizin beynəlxalq aləmdə nüfuz sahibi olmasının nəticəsidir. Ümumiyyətlə, Azərbaycanla Koreya Respublikası arasında münasibətlər daim yüksələn xətt üzrə inkişaf etmişdir.
Dövlətimizin başçısı bu ölkəyə səfərini xatırladaraq nəqliyyatın intellektual idarəetmə sistemi ilə bağlı aparılan danışıqların nəticəsi kimi artıq bu layihənin yaxın vaxtlarda ölkəmizdə tətbiq ediləcəyinə ümidvar olduğunu bildirmişdir. Bu fakt təsdiqləyir ki, Koreya Respublikası ilə Azərbaycan arasında əməkdaşlıq daha da möhkəmlənəcək, hər iki ölkənin şirkətləri əlaqələrini getdikcə genişləndirəcəkdir.
Onu da qeyd edək ki, dünyada böyük şöhrət qazanmış və külli miqdarda gəlirə malik olan bir şirkətin Azərbaycana maraq göstərməsi heç də təsadüfi deyildir. Davos İqtisadi Forumunda bir daha məlum oldu ki, Azərbaycanda neftlə yanaşı, nəhəng qaz yataqları da aşkar edilib. Hazırda ölkəmiz təbii qazı qonşu dövlətlərə ixrac edir. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrdir. Beynəlxalq ekspertlərin rəyinə görə, bu həcm ölkəmiz üçün 100 ildən də artıq müddətə kifayət edər.
Azərbaycanın Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramına qoşulması da böyük əhəmiyyət kəsb edir. Bu hadisənin də beynəlxalq münasibətlərə təsiri böyükdür. Bu proqramın bütün sahələri əhatə etməsi ilə üzərində avropalı tərəfdaşlarla birgə iş aparılır. Ölkəmizin müasirləşdirilməsi, davamlı iqtisadiyyat qurulması və güclü siyasi sistem yaradılması üçün bu əməkdaşlığın böyük əhəmiyyəti vardır.
Azərbaycanın iqtisadi qüdrəti artdıqca digər iri layihələrin reallaşdırılmasında da iştirakı gerçəkləşir. Davosda dövlət başçımızın İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi Reylə görüşü zamanı da bu məsələ öz əksini tapdı. İsveçrə Prezidenti Azərbaycanın enerji daşıyıcılarının təminatında Avropada böyük rol oynadığını xüsusi vurğuladı. O, Azərbaycanla enerji sahəsində əməkdaşlığın İsveçrə üçün zəruri olduğunu qeyd etdi. Bununla yanaşı, xanım Mişelin Kalmi Rey "Cənub dəhlizi"nin inkişafında ölkəmizin rolunu xüsusi vurğulayaraq Azərbaycanın İsveçrə üçün vacib tərəfdaş olduğunu diqqətə çatdırmışdır. Azərbaycanın "Cənub dəhlizi"nə daxil olan layihələri, o cümlədən Trans-Adriatik boru kəməri layihəsini dəstəkləməsi yüksək qiymətləndirilmişdir.
Davos İqtisadi Forumu Azərbaycan üçün iqtisadi cəhətdən əhəmiyyətli olduğu kimi, siyasi sahədə də böyük məna daşıyır. Çünki dövlətimizin başçısı keçirdiyi görüşlərdə, həmçinin tədbirlərdəki çıxışlarında Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini də önə çəkmişdir. Çünki torpaqlarımızın 20 faizinin işğal altında olması iqtisadiyyatın sürətli inkişafına və iri infrastruktur layihələrin reallaşdırılmasına öz mənfi təsirini göstərir. Bununla da Ermənistanın işğalçılıq missiyasından hələ də əl çəkməməsi bir daha diqqətə çatdırıldı.
Davos İqtisadi Forumunda dövlət başçımızın iştirakı ölkəmizin əlaqələrinin genişlənməsində çox əhəmiyyətli oldu. Belə işgüzar səfərlər Azərbaycanın dünya birliyinə inteqrasiyasını daha da sürətləndirir.{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında