Son illər “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublikanın yaşayış məntəqələrinə təbii qazın bərpası, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür. 2017-ci ildə də qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi işləri uğurla davam etdirilir.
Belə ki, tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyi tərəfindən nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədar, ilk növbədə, kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qazpaylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidən qurulması, eləcə də hər bir istehlakçının mənzilinə qaz sayğaclarının quraşdırılması təmin edilmişdir. Respublika ərazisində, o cümlədən Bakı şəhərində, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatı yaxşılaşdırılmış, istismara yararsız vəziyyətdə olan qaz kəmərləri yenidən qurulmuşdur. Respublika ərazisində 2017-cı ilin yanvar-sentyabr ayları ərzində 958,3 kilometr müxtəlif diametrli yeni qaz kəmərləri çəkilmiş, 171 kilometr qaz kəmərləri əsaslı təmir edilmiş, regionlar üzrə 44 qəsəbə, kənd və yeni salınmış yaşayış massivlərinə təbii qazın verilməsi təmin edilmiş, əhali kateqoriyasında 63420 yeni abonent qeydiyyata alınmışdır. Respublika üzrə qazlaşdırılmış ümumi əhali istehlakçılarının sayı 2 milyon 67 min 256-ya çatdırılmışdır.
Cari ilin yanvar-sentyabr ayları ərzində 2016-cı il ilin müvafiq dövrü ilə müqayisədə birliyin qaz təchizatı şəbəkəsinə 266,3 milyon kubmetr əlavə qaz həcmi qəbul edilmişdir ki, bu da istehlakçıların tələbatını tam ödəyir. Bundan əlavə Bakı Regional Qaz İstismarı Departamenti, Rayon Qaz İstismarı İdarələri və Sumqayıt QİS tərəfindən daxili imkanlar hesabına 2017-ci ilin yanvar-sentyabr aylarında 315,8 kilometr uzunluğunda müxtəlif diametrli qaz xətləri yenisi ilə əvəz edilmiş, 998 ədəd qaztənzimləyici və 267 ədəd siyirtmə quraşdırılmışdır. Respublika ərazisində abonentlər tərəfindən istifadə edilən təbii qazın dəyərinin əvvəlcədən ödənişini təmin etmək məqsədilə oktyabrın 1-nə qədər 1060752 ədəd “smart-kart” tipli qaz sayğacları quraşdırılmışdır. Bu sayğacların 80643 ədədi 2017-ci ilin yanvar-sentyabr aylarında quraşdırılmışdır.
2017-2018-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı, fasiləsiz təbii qaz təchizatının təmin edilməsi, təbii qazdan təhlükəsiz istifadə olunması və qaz təsərrüfatının ahəngdar fəaliyyətini təmin etmək məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Tədbirlər Proqramı işlənib hazırlanmışdır. Tədbirlər proqramına uyğun olaraq cari ilin 5 ayı ərzində 65549,1 p/m uzunluğunda müxtəlif diametrli qaz xətləri təmir edilmiş, yeni qaz xətləri çəkilmiş, 151 ədəd siyirtmə yenisi ilə əvəz edilmiş, 307 ədəd qaztənzimləyici quraşdırılmış və bu istiqamətdə işlərin icrası davam etdirilir.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilmişdir. Bu, hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Qeyd etmək istəyirik ki, istehlakçıların dayanıqlı qaz təchizatının təmin edilməsi, təbii qazdan təhlükəsiz istifadə olunması və “Qaz təsərrüfatında texniki istismar qaydaları”nın tələblərinin yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə televiziya kanallarında videoçarxlar, mətbuatda, kütləvi informasiya vasitələrində mütəxəssislərin iştirakı ilə çıxışlar, insanların kütləvi toplaşdığı yerlərdə, küçə və meydanlarda, dayanacaqlarda elanların, plakatların, lövhələrin vurulması təşkil edilir və bu istiqamətdə əməli tədbirlərin həyata keçirilməsi məqsədilə aidiyyatı strukturlara müvafiq tapşırıqlar verilmişdir. Struktur bölmələrdə əmək və icra intizamının möhkəmləndirilməsi, qaz tənzimləyici qurğularda tənzimləmə işlərinin aparılması, texnoloji rejimə uyğun olaraq şəbəkəyə qazın ötürülməsi daim nəzarətdə saxlanılır, abonentlərin növbədənkənar təlimatlandırılması və qaz şəbəkəsinə texniki baxışların keçirilməsi qaydalara müvafiq olaraq təmin edilir.
Respublikanın qaz təsərrüfatının inkişaf etdirilməsi məqsədilə qaz şəbəkəsinin yenidənqurulması, istehlakçıların qaz təchizatının bərpası ilə .yanaşı, yeni qaz kəmərlərinin çəkilməsi, yaşayış sahələrinin qazlaşdırılması, təbii qazdan səmərəli istifadə edilməsi “Azəriqaz” İstehsalat Birliyinin başlıca vəzifələrindən biri olmuşdur və bu istiqamətdə işlərin icrası davam etdirilir.
“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.