Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti cənab İlham Əliyev qloballaşma prosesində milli maraqların və milli təhlükəsizliyin təmin olunması məsələsinin vacibliyini xüsusi vurğulamışdır. Bu, müasir Azərbaycan dövlətinin strateji məqsədlərindən biridir.
Belə ki, milli iqtisadiyyat və onun əsas sektorları üzrə Strateji Yol Xəritələrində göstərildiyi kimi, Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyi təmin olunacaq. Qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı Azərbaycanın dünya iqtisadiyyatında mövqeyini gücləndirəcək və yüksək gəlirli ölkələr qrupuna daxil olmasını təmin edəcək.
Təcrübə göstərir ki, mürəkkəb və ziddiyyətli qloballaşma prosesləri istər dünya miqyasında, istərsə də milli səviyyədə onun idarə olunmasını tələb edir. Bu proseslər milli dövlətlər qarşısında keyfiyyətcə yeni tələblər qoyur. Milli maraqların qorunması və milli təhlükəsizliyin təmin edilməsi problemləri müstəqillik yoluna qədəm qoymuş ölkələr üçün həyati əhəmiyyət kəsb edir.
Qloballaşma inkişaf səviyyəsindən asılı olmayaraq milli iqtisadi sistemləri qlobal səviyyədə fəaliyyət göstərən “oyunçuların” sərt rəqabət mübarizəsinə cəlb edir. Ona görə də milli iqtisadiyyatın qlobal mühitə itkisiz və səmərəli uyğunlaşdırılması bu gün milli dövlətlər qarşısında duran əsas məsələdir. Milli iqtisadiyyatın getdikcə daha çox meqacəmiyyətin tərkib hissəsinə çevrilməsi bu funksiyanın əhəmiyyətini daha da artırır.
Zaman tələb edir ki, onlar adət etdiyimiz makro və mikroiqtisadi tənzimlə-mələrlə yanaşı, beynəlxalq əmtəə, xidmət, kapital və işçi qüvvəsi axınlarına müdaxilə etmək, proqnozlaşdırmaq və istiqamətləndirmək kimi çox mühüm funksiyaları da yerinə yetirsinlər. Milli dövlətlər transmilli qüvvələri vergiqoyma, iqtisadiyyatın tənzimlənməsi, iqtisadi təhlükəsizliyin təmin edilməsi məsələlərində öz nəzarətinə tabe etməyə çalışırlar.
Ümumiyyətlə, qloballaşma prosesində beynəlxalq əmək bölgüsünün üstünlükləri inkişaf etmiş sənaye ölkələri üçün daha faydalıdır. Buna baxmayaraq, transformasiya prosesini keçirən ölkələr bu proseslərdə iştirak etməyə həm məcburdurlar, həm də çox maraqlıdırlar. Çünki artıq bir aksioma kimi qəbul edilir ki, müasir şəraitdə hər hansı bir dövlətin dünya bazarından təcrid olunması, onun iqtisadi inkişafının son nəticədə geriləməsi deməkdir. Lakin bəşər tarixinin yeni mərhələsində bir çox iqtisadi proseslərin qlobal mahiyyəti ilə onların milli dövlətlər çərçivəsində tənzimlənməsi arasında kəskin ziddiyyət özünü göstərir. Bu isə səmərəli dövlətlərüstü tənzimlənmə mexanizminin yaradılmasını tələb edir. Çünki dövlətlər hələ qloballaşma prosesinə müxtəlif dərəcələrdə qoşulmuşlar, onların “çəkiləri” müxtəlif, qlobal bazalardan əldə etdikləri isə fərqlidir. Qloballaşma prosesində maraqlar ziddiyyətlidir. Çünki xarici satış bazarlarına, maliyyə mənbələrinə, texnoloji və idarəetmədə mövcud olan yeniliklərə çıxış imkanları bütün dövlətlərdə eyni deyildir. Ən güclü dövlətlər bunlardan daha çox, zəiflər isə az faydalanırlar.
25 ildir ki, müstəqillk yolu ilə inamla irəliləyən Azərbaycan MDB ölkələri arasında inkişaf etmiş cəmiyyətə doğru daha böyük addımlar atmışdır. Bu, dövlətimizin milli maraqların qorunması sahəsində gördüyü irimiqyaslı işlərin nəticəsidir.
Son tədqiqatlar göstərir ki, milli dövlətlərin qloballaşma şəraitində də milli çərçivədə proseslərə təsir etmə imkanları yüksəkdir. Müasir iqtisadiyyatda dövlətin tənzimləyici rolu artmışdır. Tənzimləmə tədbirləri ətraf mühitin qorunması, maliyyə sektoru və inhisarların fəaliyyətini əhatə edir. Dövlətin rolu ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasında, elmi-texniki tərəqqinin stimullaşdırılmasında, infrastrukturun yaradılmasında, informasiyanın toplanması və işlənməsində, milli sahibkarlar üçün əlverişli vergi mühitinin yaradılmasında, xarici kapital və işçi qüvvəsi axınının tənzimlənməsində artmışdır. Qloballaşma prosesində dövlətin rolu transformasiya edilir və o, qlobal sahibkar kimi çıxış etməyə başlayır.
Belə bir şəraitdə ölkənin beynəlxalq əmək bölgüsündə iştirakının iqtisadi səmərəliliyi çox vacibdir. Məlum olduğu kimi, ölkənin beynəlxalq əmək bölgüsü sistemində ixtisaslaşması bir tərəfdən xarici iqtisadi məkanın tələbləri ilə, digər tərəfdən də həmin ölkənin dünya meyarlarına uyğun rəqabətqabiliyyətli mal və xidmət istehsal edə bilməsi bacarığı ilə müəyyən edilir. O da məlumdur ki, məhsul istehsalçıları və satıcıları əksər hallarda müstəqil milli təsərrüfat subyektləridirlər. Qloballaşma şəraitində məhsulların getdikcə daha çox hissəsi milli sərhədlərdən kənara çıxır və özünə daha tutumlu bazarlar axtarır.
Qlobal iqtisadi-maliyyə mühitə inteqrasiya prosesində milli inkişafın zəruri şərtləri təmin edilərək dəstəklənməli, mövcud olan disproporsiyaların daha da dərinləşməsinə yol verməmək və onları aradan qaldırmaq üçün tədbirlər görülməlidir. Milli iqtisadiyyatımız qloballaşma proseslərinə qoşulduqca, respublikada hazırda mövcud olan bir sıra sosial-iqtisadi problemlərin sərbəst bazar iqtisadiyyatı prinsipləri əsasında deyil, genişmiqyaslı dövlət tənzimləmələrindən istifadə etməklə həll edilməsi tamamilə normaldır.
Beləliklə, dünya maliyyə-iqtisadi mühitində baş verən köklü dəyişikliklər milli dövlətlər qarşısında zamanın çağırışına onun çevik və adekvat reaksiya göstərməsi, kapital, əmtəə, xidmət, texnologiya, informasiya və işçi qüvvəsinin liberallaşdığı bir şəraitdə ölkənin rəqabət qabiliyyətinin təmin edilməsi üzrə yeni tələblər qoyur. Yeni şəraitdə iqtisadiyyatın tənzimlənməsi, təşəbbüskarlıq fəaliyyətinin həyata keçirilməsi, milli sahibkarlar üçün əlverişli şəraitin yaradılması, sosial mühitin və milli maraqların təmin olunması dövlət siyasətinin prioritet istiqaməti olmalıdır.
Dövlət siyasətinin prioritet istiqaməti olan qeyri-neft sektorunun, o cümlədən müqayisəli üstünlüyə malik olduğumuz kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət ayrılır. Təsadüfi deyildir ki, qeyri-neft iqtisadiyyatımız 9 ayda 2,5 faiz artdığı halda xarici ticarət dövriyyəmiz 7 faiz çoxalmışdır. Mühüm olan cəhət odur ki, ölkəmizin milli maraqlarına uyğun olaraq ixrac idxalı böyük fərqlə üstələyir. Məlumdur ki, milli iqtisadiyyatın uğurlu inkişafı əhəmiyyətli dərəcədə xarici ticarətin tarazlığından asılıdır. Azərbaycanda isə ilin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. İlin sonuna qədər bu rəqəm daha da artacaq. Əlbəttə, bu, Azərbaycanın həm iqtisadi uğurlarını əks etdirir, həm də milli valyutamız olan manatın məzənnəsinə olduqca müsbət təsir göstərir. Çünki valyuta bazarının tənzimlənməsi istiqamətində bu, böyük imkanlar açır.
Təbiidir ki, bütün bunlar, ölkəmizin uğurlu inkişafının təzahürüdür. Dünya bazarlarında neftin qiymətinin hələ də aşağı səviyyədə olmasına baxmayaraq ixracımız idxaldan 4,4 milyard dollardan çoxdur. Bu il biz iqtisadi və siyasi müstəqilliyimizin əsas şərtlərindən biri olan valyuta ehtiyatlarımızı artırmaq məqsədini qarşıya qoymuşduq, buna da nail olduq. Xərclərimizin də artmasına və ölkə qarşısında duran vəzifələrin çoxalmasına baxmayaraq, dövlətimiz çalışır ki, qarşıya qoyulan bütün vəzifələri icra etsin. Bu nəhəng vəzifələri yerinə yetirmək üçün böyük məbləğdə maliyyə resursları tələb olunur. Valyuta ehtiyatlarımızdan qənaətlə istifadə etməyimiz, eyni zamanda, düzgün investisiya proqramımızın uğuru imkan verdi ki, biz valyuta ehtiyatlarımızı artıraq. İlin 9 ayında Azərbaycanın valyuta ehtiyatları artaraq, 42 milyard dollar səviyyəsinə qədər yüksəlmişdir. İlin əvvəlindən bu günə qədər valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb.
Gördüyümüz kimi, Azərbaycan dövlətinin siyasəti uzunmüddətli, perspektiv maraqlara uyğun siyasətdir. Dövlət başçısı ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişafı haqqında düşünür. Bu baxımdan xüsusi vurğulamaq lazımdır ki, valyuta ehtiyatlarının artması və ümumiyyətlə, iqtisadi imkanlarımız dövlət müstəqilliyimizin əsas şərtlərindən biridir. Beynəlxalq ictimaiyyət aydın görür ki, bu gün biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmişik, müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Bunun təməlində isə güclü siyasi iradə, xalq-iqtidar birliyi və bir sıra digər amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur. Ona görə də Azərbaycan dövlətinin başçısı haqlı olaraq hesab edir ki, valyuta ehtiyatlarımızın 4,5 milyard dollar həcmdə artması 9 ayın ən uğurlu nəticələrindən biridir. Çünki bu artım hər şeydən əvvəl qloballaşma prosesində milli maraqların və milli təhlükəsizliyin təmin olunması məqsədinə xidmət edir.
Dünyamalı VƏLİYEV,
AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri,
iqtisad elmləri doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.