Azərbaycan dəmir yolları dinamik inkişaf dövrünü yaşayır

13 oktyabr Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günüdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 oktyabr 2005-ci il tarixli sərəncamı ilə 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı günü kimi təsis olunub. Dəmiryolçular hər il bu günü qazandıqları nailiyyətlərdən,  zəhmətlərinə verilən yüksək qiymətdən doğan öyünc və təntənə ilə qeyd edirlər.

Bu əlamətdar gündə ölkə dəmiryolçularının son illərdə əldə etdikləri samballı uğurlar, qarşıda duran ciddi vəzifələrlə yanaşı, milli dəmiryol nəqliyyatının keçdiyi çətin və şərəfli yola nəzər salırıq. Azərbaycan dəmiryol nəqliyyatının tarixi,  həqiqətən, bir çox önəmli hadisə və faktlarla zəngindir.

Ölkəmizin ərazisində dəmiryol nəqliyyatının yaranması XIX əsrin ikinci yarısında Bakıda və Abşeron yarımadasında neftçıxarmanın sənaye üsuluna keçilməsi, birdən-birə həcmi milyon tonlara çatan “qara qızıl”ın mədənlərdən zavodlara daşınması və dünya bazarına nəql edilməsi ilə bağlı olmuşdur. 1878-ci ildə  25,2 verstlik Bakı– Suraxanı– Sabunçu xəttinin çəkilişinə başlanılmış, Azərbaycanın ilk polad yolu 20 yanvar 1880-ci ildə işə salınmışdır. Həmin gün tarixə Azərbaycanda dəmir yolunun əsasının qoyulması kimi düşmüşdür. Bununla da dünyada ilk dəfə neftin dəmiryol çənlərilə daşımasına başlanmışdır.

Sonrakı 20 ildə ölkəmizdə dəmiryol tikintisi yüksək sürətlə aparılmışdır.  1879-cu idə “Simens qardaşları” şirkətinin Gədəbəy mis-filiz mədəni və Qalakənd misəritmə zavodu arasında çəkməyə başladığı 29 verstlik darxətli dəmir yolunun inşası 1884-cü ilin yanvarında başa çatmışdır.  1883-cü ildə aşıb-daşan Bakı neftini Qara dəniz limanları vasitəsilə dünya bazarına çatdırmaq üçün 839 verstlik Bakı– Tiflis– Batumi, 1890-cı ildə isə Azərbayvanın sərvətlərini hakim Rusiya imperiyasının mərkəzi hissəsinə daşıyıb aparmaq üçün 217 verstlik Biləcəri – Dərbənd magistral xətləri çəkilmişdir. 1900-cü ildə Dərbənd – Tixoretskaya xəttinin tikintisinin başa çatdırılmasından sonra Bakı şimal istiqamətində ümumrusiya dəmir yolları şəbəkəsi ilə birləşdirilmişdir.

1879-cu ilin 22 dekabrında Cənubi Qafqaz dəmir yolu hissəsinin Bakı – Tiflis dəmir yol magistralının çəkilişinə başlanılmış, 1883-cü ilin 8 mayında 515 verstlik  bu yolun  rəsmi açılışı olmuşdur. Həmin gün Tiflisdən çıxan ilk sərnişin qatarı 9 mayda Bakıya çatmışdır. Həsən bəy Zərdabi Bakı – Tiflis dəmir yolunun çəkilməsinə boyük qiymət verərək yazırdı ki, Azərbaycanın iqtisadi həyatının yüksəlməsində bu yol Bakı neftindən sonra ikinci böyük amildir. XIX əsrin sonunda Bakı neftinin
65-70 faizi dəmir yolları ilə
daşınırdı.

1899-cu ildə 282 verstlik Tiflis –  Qars dəmir yolu istismara verilmişdir. Həmin il bu yolun üzərindəki Gümrü stansiyasından İrəvana  147 verstlik, oradan isə Culfaya  177 verstlik dəmiryol xətlərinin tikintisinə başlanmışdır. 1908-ci ilin 20 yanvarında  Tiflislə Culfa arasında dəmir yol magistralı rəsmən istifadəyə verilmişdir. Beləliklə, Azərbaycan ərazisi Rusiyanın və dünyanın dəmiryol şəbəkəsinə qoşularaq Qərblə Şərq arasında polad magistral körpüsünə çevrilmişdir.

Dəmiryol nəqliyyatının yaranması və sürətli inkişafı ilə Azərbaycan iqitsadiyyatında və sosial- mədəni həyatında bir sıra yeniliklər baş vermişdir. Dəmir yolunun çəkilişindən sonra stansiyalar ətrafında fəaliyyət göstərən ənənəvi yükdaşıyıcı vasitələrin yönü daxili daşımalara istiqamətlənmiş, ümumi yüklərin həcmi və çeşidi isə artmışdır.

Dəmir yollar şəbəkəsi şəhərlərin böyüməsində də əsas amillərdən biri olmuş, sənayenin inkişafına geniş meydan açmış, ölkəmiz ərazisində mədəni həyatı canlandırmışdır. Dəmiryolunun işə düşməsi ilə Azərbaycan daxilindəki poçt stansiyaları və poçt yolları sıradan çıxmış və poçt rabitəsi qəza mərkəzlərini dəmir yolu stansiyası ilə birləşdirən və tədricən şoseləşən yollarla həyata keçirilmişdir.

Həmin dövrdə Gəncə, Şuşa, Nuxa, Quba, Lənkəran, Şamaxı və s. şəhərlərlə yanaşı, Ağstafa, Şəmkir, Yevlax, Ləki, Ucar, Kürdəmir, Hacıqabul, Naxçıvan, Culfa və s. dəmiryol stansiyaları da daxili ticarətin mühüm mərkəzlərinə çevrilmişdir. Bakı – Tiflis dəmir yolu və  digər polad xətlərin çəkilişi ilə Azərbaycanda kənd təsərrüfatı daha çox əmtəə xarakteri kəsb etməyə başlamışdır. Təsərrüfat sahəsində yaranan bu dəyişiklik öz növbəsində ictimai münasibətlərə də dərin təsir göstərmişdir.

XX əsr boyu dünya dəmiryol təsərrüfatının bütün texnoloji yenilikləri Azərbaycanda da uğurla tətbiq olunmuşdur. Respublikanın dəmiryol təsərrüfatı SSRİ-nin  nəhəng polad yollar şəbəkəsinin ən qabaqcıl hissələrindən biri kimi inkişaf etmiş, ümumdünya daşımalarında da önəmli mövqe tutmuşdur. İkinci Dünya müharibəsi illərində dəmiryolçularımız əsl fədakarlıq göstərmiş, Bakıdan cəbhəyə 75 milyon ton, yəni 1 milyon 300 min vaqon yanacaq göndərmişlər. Ümummilli lider Heydər Əliyev haqlı olaraq demişdir: “Əgər Bakı nefti olmasaydı, Sovetlər İttifaqının qələbəsi, bəlkə də mümkün olmazdı”. Qeyd etmək lazımdır ki, sovet ordusunun damarlarında qana çevrilmiş Bakı neftinin üçdəiki hissəsini cəbhələrə və digər strateji nöqtələrə Azərbaycan dəmiryolçuları daşımışlar. O illərdə dəmiryolçu əməyi döyüşçü hünərinə bərabər tutulmuşdur.

Respublikamızda dəmir yolunun inkişaf tarixinin mühüm bir hissəsi də qüdrətli siyasət və dövlət xadimi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dönəmində dəmiryol şəbəkəsi daha da genişlənmiş, müasirləşmiş, respublikanın hərtərəfli inkişafının təmin edilməsinə layiqli töhfələr vermişdir. Məhz ulu öndərin diqqət və qayğısı sayəsində ötən əsrin sonlarında dəmir yolu infrastrukturu öz tərəqqisinin zirvəsinə çatmışdır.

Xalqımızın böyük oğlu Heydər Əliyev istər Azərbaycana rəhbərlik edərkən, istərsə də keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən dəmir yolunun fəaliyyətini daim diqqət mərkəzində saxlamış və onun inkişafına xüsusi önəm vermişdir. Dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə keçmiş SSRİ-nin ən böyük çeşidləyici stansiyalarından olan Şirvan stansiyası, Yevlax – Balakən, Güzdək – Qaradağ dəmir yolu xətləri, konteynerlərin təmiri üzrə Keşlə vaqon deposu, digər dəmir yolu stansiyaları istismara verilmişdir. Görülən işlər nəticəsində dəmir yolu vasitəsilə daşınan yüklərin həcmi həmin dövrdə 80 – 90 milyon tona çatdırılmışdır.

1975 – 79-cu illərdə Bakı elektrik dairəsində yoldəyişdirici və siqnalların mərkəzləşdirilməsi sahəsində böyük işlər görülmüş, Gəncə şəhərində texnikanın son nailiyyətlərinə uyğun müasir texnologiyalı yük vaqonlarının təmiri və istismarı, habelə sutka ərzində 60 ədəd elektrovoza texniki baxış keçirmək gücündə olan Şirvan dövriyyə depoları tikilib istifadəyə verilmişdir. Azərbaycanın Baykal-Amur Magistralı (BAM) adlandırılan 160 kilometr uzunluğunda və ən çətin sahədən keçən Yevlax –  Balakən dəmir yolu ulu öndərin birbaşa diqqət və qayğısı ilə çəkilmişdir. Həmin xətt 1985-ci ildə istifadəyə verilmişdir.

Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra dövlətçiliyimizi faktiki olaraq qurmağa, onun milli dövlətçilik atributlarını formalaşdırmağa başladı. 1995-ci ildən sabitləşməyə başlayan iqtisadi inkişafda, şübhəsiz ki, Azərbaycanın dəmir yolu infrastrukturunun inkişafının diqqət mərkəzində saxlanılması da öz müsbət təsirini göstərmişdir.

1998-ci il yanvar ayının 4-də Dübəndi terminalının və stansiyasının açılış mərasimində iştirak edən ümummilli lider Heydər Əliyev burada görülən işləri, dəmir yolunun fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi buraxılmış səhvləri artıq aradan qaldırır və öz işinin keyfiyyətini yaxşılaşdırır, yaxşı iqtisadi nəticələr əldə edir. Mən indi Azərbaycan Dövlət Dəmir Yolunda inkişafı hiss edirəm”.

Ümumiyyətlə, ulu öndərin ölkəmizə rəhbərlik etdiyi 1969 – 2003-cü illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir.

Ulu öndərin siyasi xəttinin layiqli davamçısı, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 14 ildə dəmir yolu sistemində də ardıcıl inkişaf və modernləşdirmə tədbirləri həyata keçirilmişdir. Son illərdə Azərbaycan Dəmir Yollarının beynəlxalq standartlara uyğun qurulması istiqamətində reallaşdırılan bir sıra mühüm tədbirlər dəmir yolu infrastrukturunun inkişafını sürətləndirmişdir. Prezident İlham Əliyevin göstərdiyi xüsusi diqqət və qayğı dəmir yolu sektorunun dinamik inkişafı üçün böyük imkanlar yaratmışdır.

Ölkə başçısı 6 iyul 2010-cu ildə Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan dəmir yolu nəqliyyat sisteminin daha da inkişaf etdirilməsini, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə olan tələbatlarının ödənilməsini, daşımaların təhlükəsizliyini, onun infrastrukturunun yeniləşdirilməsini, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsini, tranzit daşımaların həcminin artırılmasını, dəmir yolu sahəsi üçün kadrların hazırlanmasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010 –  2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır.

Bu tarixi sənəddə Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapıb. Vaqon və lokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramının icrası üçün Tədbirlər Planında öz əksini tapmışdır. Artıq bu istiqamətdə bir sıra layihələr həyata keçirilməkdədir.

Dəmir yolunda aparılan islahatların sürətlənməsi nəticəsində vaqon parkının yenilənməsi istiqamətində mühüm addımlar atılmışdır. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılmışdır.

Prezident İlham Əliyevin bu gün dəmiryolçular qarşısında qoyduğu ən mühüm tapşırıq yük daşımalarının, xüsusilə tranzit yük daşımalarının həcminin artırılmasıdır. Bu məqsədə daşımaların sürətini artırmaqla, daşınan yüklərin təhlükəsizliyini təmin etməklə, çevik tarif siyasətini, irimiqyaslı logistika və marketinq işini canlandırmaqla çatmaq mümkündür. Hazırda QSC-də bu istiqamətdə önəmli tədbirlər reallaşdırılır, tranzit yüklərin ölkə ərazisindən keçirilməsi nəticəsində əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına cəlb olunmasına xüsusi diqqət yetirilir.

QSC-də son dövrdə əldə edilən ən mühüm uğurlardan biri də 2015-ci il sentyabrında 84 kilometr uzunluğu olan Bakı –  Sumqayıt marşrutu ilə hərəkət edən sürətli elektrik qatarının istifadəyə verilməsidir. Ötən müddətdə bu qatardan artıq 1 milyon 500 mindən çox vətəndaş istifadə etmişdir. Hazırda 98 kilometrlik Bakı – Pirşağı – Sumqayıt dəmir yolunda təmir aparılır ki, bunun nəticəsində Bakı – Biləcəri –  Sumqayıt –  Pirşağı –  Bakı dairəvi yolu sərnişinlərin istifadəsinə veriləcək.

Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə yenidən qurulmuş Bakı Dəmir Yolu Vağzalının binası əsaslı təmir olunduqdan sonra, 2017-ci il fevralın 10-da Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilmişdir. Naxçıvan –  Məşhəd –  Naxçıvan beynəlxalq sürət qatarı artıq fəaliyyətə başlamışdır. Yaxın gələcəkdə isə Astara –  Rəşt dəmir yolunun inşası başa çatdırılacaq və bundan sonra Naxçıvan –  Bakı qatarı işə salınacaq.

Azərbaycan dəmir yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunması üçün müvafiq infrastrukturun yaradılması istiqamətində də lazımi tədbirlər görülməkdədir. Bakı –  Tbilisi –  Qars dəmir yolu bu yaxınlarda istismara veriləcək. Şimal –  Cənub və Cənub – Qərb beynəlxalq nəqliyyat marşrutları çərçivəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair işlər də sürətlə aparılır.

Azərbaycan ərazisində 2016-cı il aprelin 20-də başlayan tikinti işləri qısa müddət ərzində başa çatdırılmışdır. Görülən işlər nəticəsində, ümumilikdə, 16 kilometrdən çox dəmir yolunun və Azərbaycan –  İran sərhədində, Astara çayı üzərində 82,5 metrlik körpünün tikintisi yekunlaşdırılmışdır. Bu il martın 3-də ilk sınaq qatarı inşa edilən körpüdən keçərək İrana daxil olmuşdur. Qonşu ölkənin ərazisində yolun və yük terminalının inşası isə hazırda davam edir.

Dəmir yolu sistemində idarəetmənin daha səmərəli həyata keçirilməsi istiqamətində tədbirlər də uğurla həyata keçirilir. Azərbaycan Dəmir Yollarında maliyyə hesabatlılığı sistemində səmərəliliyə və şəffaflığa nail olunması məqsədilə onun beynəlxalq maliyyə standartlarına uyğun qurulması və sənəd dövriyyəsinin tam elektronlaşdırılması işlərinə başlanılmışdır. Dəmir yolu infrastrukturunun yenilənməsi yaxın gələcəkdə dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan məqsədə – sərnişin qatarlarının sürətini saatda 100 kilometrə, yük qatarlarının orta sahə sürətini isə saatda 60 kilometrə çatdırılmasına imkan verəcək.

Son iki ildə Azərbaycan dəmir yollarında hərəkət heyətinin yenilənməsinə dair bir sıra işlər görülüb və hazırda bu tədbirlər davam etdirilməkdədir. Vaqon parkının yenilənməsi məqsədilə yeni yük vaqonları alınmışdır. Fransanın “ALSTOM” şirkətinin istehsalı olan 50 müasir elektrovozun alınmasına dair müqavilə imzalanıb və elektrovozların Bakı – Böyük Kəsik marşrutunda istifadəyə verilməsi planlaşdırılır. Azərbaycan Prezidentinin Fransaya səfəri çərçivəsində həmin elektrovozların standartlara uyğun texniki istismarını təmin etmək üçün Biləcəri qəsəbəsi və Gəncə şəhərində depoların inşasının maliyyələşdirilməsi məqsədilə Fransa İnkişaf Agentliyi ilə kredit müqaviləsi imzalanıb.

Aparılan islahatlar çərçivəsində sağlamlaşdırma prosesi sərnişin vaqon parkını da əhatə edir. İsveçrənin “Stadler Reil Qrup” şirkətinin istehsalı olan 4 vaqondan ibarət 5 ədəd ikimərtəbəli sürət qatarı alınaraq ölkəyə gətirilib. Həmin şirkətlə Bakı – Tbilisi – Qars marşrutu ilə hərəkət edəcək daha 30 vaqonun alınmasına dair təchizat müqaviləsi imzalanıb, maliyyələşməni təmin etmək üçün kredit müqaviləsi ilə bağlı danışıqlar aparılıb.

Dünya iqtisadi böhranı və region dövlətləri iqtisadiyyatlarının əsas lokomotivi olan karbohidrat resurslarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi həmin ölkələrin yükdaşıma fəaliyyətində də ciddi geriləmə yaradıb. Ancaq buna baxmayaraq, 2015-ci oktyabrın 21-də ölkə Prezidentinin imzaladığı sərəncam əsasında respublikamızda Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması bu sahədə köklü dəyişikliklərə səbəb olub. Yükdaşıyıcılara vahid tariflər təqdim edilib, bu sahədə ciddi şəffaflıq və açıq rəqabətlilik mühiti yaradılıb.

 “Azərbaycan Dəmir Yolları” ölkəmizin digər nəqliyyat strukturları ilə birgə bir neçə iri beynəlxalq layihələrin də təşəbbüskarı və iştirakçısıdır. Ötən ilin sonunda Trans – Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Assosiasiyası yaradılıb, marşrutda vahid qiymətlər və “vahid pəncərə” sistemi tətbiq olunub. Hazırda Şərq – Qərb dəhlizində alternativ marşrutların hazırlanması istiqamətində tədbirlər reallaşdırılır. Çinin cənub rayonlarından Avropaya nəql olunan yüklərin Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçməklə Azərbaycana və daha sonra Avropa ölkələrinə daşınmasını nəzərdə tutan yeni marşrutun yaradılması istiqamətində danışıqlar aparılır.

Dövlət başçısı İlham Əliyevin Azərbaycanda gerçəkləşdirdiyi müdrik sosial siyasət dəmiryolçuların rifahının yaxşılaşdırılması istiqamətində də əməli işlərin görülməsinə təkan verib. Uzun illər növbədə dayanan 200-ə yaxın dəmiryolçu yeni mənzillə təmin olunub. İş şəraitinin və idarəetmənin yaxşılaşdırılması məqsədilə “Azərbaycan Dəmir Yolları”nın inzibati binası əsaslı təmir edilərək istismara verilib. Artıq formalaşdırılan və dünya səviyyəsində tanınaraq Azərbaycan brendinə çevrilən “ASAN xidmət” innovasiya sisteminin bir hissəsi olan “ASAN qatar” uğurla fəaliyyət göstərir və qısa müddət ərzində regionlarda 10 mindən çox vətəndaşa xidmət edib.

Azərbaycan dəmir yollarının hazırkı vəziyyəti, son dövr ərzində həyata keçirilən islahatlar gələcəyə ümidlə baxmağa əsas verir. Bununla belə, inkişaf etmiş dünya ölkələrinin səviyyəsinə çatmaq üçün modernləşmə baxımından daha çox iş görülməlidir. Bu məqsədlə ölkə rəhbərinin tapşırığına uyğun olaraq, dəmir yollarının inkişaf proqramı hazırlanıb.

Qarşıdakı 3 il müddəti üçün müəyyən edilmiş investisiya portfelinə əsasən, Yalama – Astara istiqamətində dəmir yolunun əsaslı təmiri, Bakı – Gəncə – Bakı sürət qatarının istifadəyə verilməsi, Yevlaxda Kür çayı üzərində ikinci körpünün tikintisi işlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Sonrakı illər üçün müəyyən edilmiş perspektiv planda isə Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şahdağ və Qəbələ turizm mərkəzlərinə dəmir yolu xətlərinin çəkilməsi planlaşdırılır ki, hazırda bu xətlərin layihələndirilməsi işləri aparılır.

 Bu il iyunun 16 – 18-də “Azərbaycan Dəmir Yolları” QSC-nin dəstəyi və “RailTravel” şirkətinin təşkilatçılığı ilə Bakı – Gəncə – Göygöl – Gəncə – Bakı istiqamətində dəmir yolu turizminin inkişafına dəstək məqsədilə infotur təşkil olunub. Dəmir yolunun inkişafı üçün ilk dəfə həyata keçirilən yeni layihədə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 1 ədəd SV, 1 ədəd KP və 2 ədəd xidməti vaqon ayrılıb. Qatar iyunun 17-də səhər saatlarında Gəncəyə çatdıqdan sonra Bakı – Ağstafa – Qazax sərnişin qatarına, daha sonra isə Qazax – Ağstafa – Bakı sərnişin qatarına qoşulub.

 Bakı – Gəncə – Göygöl – Gəncə – Bakı istiqamətində təşkil edilən infotur zamanı Göygöl Milli Parkı, “Gəncə qapıları”, “Nizami Gəncəvi” məqbərəsi, “butulka ev”, Şah Abbas Məscidi (XVII əsr), Çökək hamam, Cavad xan türbəsi və “Xan Bağı”na ekskursiyalar təşkil olunub. Ekskursiya zamanı məlumat verilib ki, qatarla səyahət digər nəqliyyat vasitələri ilə müqayisədə maraqlı, rahat, təhlükəsiz, ucuz və komfortludur.

Azərbaycanın əksər bölgələrinə, başqa sözlə, cənub, qərb, şimal rayonlarına, habelə Bakı – Batumi, Bakı – Tbilisi istiqamətlərində də dəmir yolu vasitəsilə turların təşkil edilməsi nəzərdə tutulub. Gələcəkdə Bakı – Tbilisi – Qars dəmir yolunun işə düşməsi dəmir yolu turizminin inkişafını daha da sürətləndirəcək.
Turizmin inkişafı Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Son illər ərzində ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülür.

Yuxarıda deyilənlər bir daha təsdiq edir ki, respublika iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti beynəlxalq və regional layihələrdə fəal iştirakını reallaşdırmaqla öz infrastrukturunu qoruyub saxlayır, ölkənin irihəcmli daşımalara tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.

Məhərrəm MƏMMƏDOV,
Azərbaycan Respublikasının Fəxri dəmiryolçusu,
 iqtisadçı-ekspert


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında