Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, onun beynəlxalq müstəvidə rolu, ölkənin gələcək iqtisadi inkişaf perspektivləri, aqrar sektorda aparılan islahatlar, həyata keçirilən inqilabi dəyişikliklər və bu sahənin dərindən, əsaslı şəkildə modernləşdirilməsi iqtisadi reallığın tələbidir.
Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, onun şaxələndirilməsi istiqamətləri ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində duran prioritet məsələlərdən biridir.
Məlumdur ki, Azərbaycanda sənayenin iqtisadiyyatdakı xüsusi çəkisi dünya üzrə orta göstəricini, yəni 30,5 faizi təxminən iki dəfəyə qədər üstələyir. Qeyd etmək lazımdır ki, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının məlumatına əsasən, Azərbaycan Avropada sənayenin ÜDM-dəki payına görə 2010-cu ildə birinci yerdə olubdur.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda durun vəzifələrə həsr olunmuş iclas keçirilmişdir.
Dövlətimizin başçısı qeyd etmişdir ki, Azərbaycan iqtisadiyyatı ötən doqquz ay ərzində davamlı şəkildə uğurla inkişaf etmişdir. Belə ki, respublikada iqtisadiyyatın inkişafı nəticəsində qeyri– neft sektorunda iqtisadi artımın səviyyəsi 2,5 faiz olmuşdur. Bu, əslində, indiki dünya maliyyə-iqtisadi böhran şəraitində, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşdüyü vəziyyətdə olduqca uğurlu bir iqtisadi nəticədir. Bu, uğurlu iqtisadi nəticə ölkə rəhbərliyinin son illərdə apardığı uğurlu, davamlı iqtisadi siyasətin nəticəsidir. Günki ölkədə qeyri-neft sektorunun, xüsusilə də aqrar sahənin inkişafı iqtisadiyyatın əsas prioritetidir.
Azərbaycanda doqquz ay ərzində iqtisadiyyatın başqa sahələrindəki kimi neft-qaz sektorunda da uğurlu nəticələr əldə edilmişdir. Xüsusilə, neft sektorunda “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontrakt imzalanmışdır. Xatırladaq ki, 1994-cü ildə 30 il müddətinə bağlanmış “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə gədər uzadıldı. Bu yeni müqavilənin şərtlərinə əsasən, Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcəkdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yeni kontraktın podratçısı kimi iştirak edəcək və ölkəyə xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. Göründüyü kimi, bu, çox uğurlu bir tarixi hadisədir.
Məlumdur ki, son illər ölkə iqtisadiyyatında həyata keçirilən iqtisadi modernləşmə ilə əlaqədar olaraq, kənd təsərrüfatı sahəsində də çox böyük iqtisadi inkişaf var. Bu sahəyə dövlətimiz tərəfindən böyük qayğı və diqqət göstərilir. Təkcə onu qeyd etmək kifayətdir ki, bilavasitə Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə ölkədə 50 iri fermer təsərrüfatının yaradılması planı artıq bir reallıqdır. Belə ki, hazırda 19 iri fermer təsərrüfatının yaradılmasına Beyləqan və Ağcabədi rayonlarında başlanılıbdır və işlər uğurla davam etdirilir. Ölkədə aqrar sektorun hərtərəfli və uğurlu inkişafı dövlətin daim diqqət mərkəzindədir. Buna görə də bu sahədə də keçən doqquz ayda iqtisadi artım 2,8 faiz olmuşdur. Bu da olduqca uğurlu bir nəticədir.
Doqquz ay ərzində Azərbaycanda iqtisadi inkişafın ən yaxşı göstəricilərindən biri hesab olunan xarici ticarət dövriyyəsi 7 faiz artmışdır. Bu sahədə ixrac olunan əmtəələrin miqdarı idxal olunanı böyük fərqlə üstələyir. Əlbəttə ki, hər bir inkişafın göstəricisi iqtisadi tarazlıqdan asılıdır. Ölkənin doqquz ay ərzində xarici ticarət dövriyyəsinin əsas göstəricisi hesab olunan müsbət saldosu 4,4 milyard ABŞ dollarına bərabərdir. Sözsüz ki, ilin sonuna bu rəqəm daha da artacaqdır ki, bu da bizdə bir vətəndaş kimi böyük fərəh və iftixar hissi oyadır.
Dünya bazarlarında neftin qiymətinin 2-3 dəfə ucuzlaşması nəticəsində, Azərbaycan Respublikası hər gün 18 milyon dollar itirir. Buna baxmayaraq, ölkə rəhbərliyi qarşıya məqsəd qoyub ki, respublikada valyuta ehtiyatlarını artırmaq lazımdır və bu istiqamətdə uğurlu iqtisadi siyasət aparılır, müsbət dəyişikliklər göz qabağındadır. Çünki bu məsələ ölkənin iqtisadi və siyasi müstəqilliyinin əsas şərtlərindən biri hesab olunur. Ölkədə toplanan valyuta ehtiyatlarından qənaətlə istifadə olunması, eyni zamanda, respublikada düzgün investisiya proqramlarının aparılması, buna münbit şərait yaradılması imkan verir ki, ölkədə valyuta ehtiyatları artsın. Hazırda Azərbaycanın valyuta ehtiyatları 42 milyard dollar səviyyəsindədir.
İlin əvvəlindən valyuta ehtiyatları 4,5 milyard dollar artıbdır ki, bu da böyük iqtisadi uğur hesab edilə bilər. Bu gün Azərbaycan dünyanın uğurla inkişaf edən müstəqil dövlətidir. Bunu doqquz ayda artan valyuta ehtiyatları da sübut edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev prezident seçildiyi ilk günlərdən indiyədək ölkə əhalisinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün yeni iş yerlərinin açılmasını daim diqqət mərkəzində saxlamışdır. Ötən doqquz ay ərzində ölkədə 226 min yeni iş yerləri açılmışdır ki, bunların da 171 mini daimi iş yerləridir. Bu da ölkədə işsizliyin və yoxsulluğun aşağı səviyyədə saxlanmasına imkan verir.
Respublikada ötən doqquz ay ərzində infrastruktur layihələrinin icra edilməsi uğurla aparılıb, 700 kilometrdən çox içməli su xətti çəkilib, ölkə əhalisinin sosial vəziyyətini və məişətini yaxşılaşdırmaq məqsədilə qazlaşdırma 93 faiz səviyyəsinə çatdırılıb və bu iş uğurla davam etdirilir. Ölkədə elektrik enerjisi istehsalı artırılıb, yeni elektrik stansiyaları quraşdırılıb, xətlər çəkilibdir.
Aqrar sektorun inkişaf etdirilməsi məqsədilə yeni su kanalları çəkilib, uğurlu meliorasiya tədbirləri həyata keçirilibdir. Suvarılması çətin və zəif olan 150 min hektar torpaq sahəsində müasir üsullarla işləyən yeni suvarma sistemləri quraşdırılıb və istismara verilibdir. Sosial infrastrukturu daha da yaxşılaşdırmaq məqsədilə ölkədə ötən doqquz ayda 100-dən çox məktəb tikilib və təmir edilibdir. Çox fərəhli haldır ki, ölkə Prezidenti İlham Əliyev vaxtının həddən artıq məhdud olmasına baxmayaraq, bir çox yeni məktəblərin açılışında şəxsən iştirak edibdir. Məsələn, Respublika Prezidenti möhtərəm İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva Yasamal rayonunda tamamilə yenidən tikilmiş və ölkənin ən böyük məktəb-liseyi olan 20 nömrəli məktəbin açılışında iştirak edib və məktəbin müəllim kollektivinə öz dəyərli tövsiyələrini, məsləhətlərini veriblər.
Respublikada ilin sonuna qədər qalan üç ay ərzində aparılan düzgün və uğurlu iqtisadi siyasət davam etdiriləcəkdir. Nəticədə ölkə iqtisadiyyatı inkişaf edəcək, onun modernləşdirilməsi, şaxələndirilməsi siyasəti əvvəlki illərdə olduğu kimi, uğurla nəticələnəcəkdir.
Azərbaycan iqtisadiyyatında qazanılan nailiyyətlər, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tədris prosesində müvəffəqiyyətlə istifadə edilir. Ölkəmizdə iqtisadiyyatın səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması üçün yüksək, müasir bilik, tədqiqat və innovasiyalardan ibarət bilik üçbucağının inkişaf etdirilməsi bir zərurətə çevrilibdir.
Yusif ZEYNALOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
“İqtisadiyyatın dövlət tənzimlənməsi” kafedrasının müdiri, dosent
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.