Turizmin inkişafına daha əlverişli şərait yaradılmalıdır

“Turizmin inkişafı növbəti reallıqdır. Son bir-iki il ərzində bu sahədə sürətli inkişafı görürük. Yerlərdəki turizm mərkəzlərində mənə deyirlər ki, xüsusilə yay aylarında və əsas turizm mövsümündə otellərdə yer olmur. Ona görə, yeni otellərin tikintisi mütləq təmin edilməlidir. Yerli icra orqanları şərait yaratmalıdırlar, yer ayırmalıdırlar və özəl sektor bu sahəyə fəal investisiya qoymalıdır.” -- Azərbaycan respublikasının  Prezidenti İlham Əliyev bu  sözləri  Nazirlər Kabinetinin  2017-ci ilin   doqquz ayının sosial-iqtisadi yekunları və qarşıda duran  vəzifələrə həsr olunmuş  iclasında deyib.

Ölkəmizdə  qeyri-neft  sektorunun əsas sahələrindən olan  turizm  bu gün sürətlə inkişaf etməkdədir. Dövlətimiz   turizm sənayesinin  gələcəkdə  daha    sürətli  tərəqqisinin  təminatı üçün  hər cür şərait yaradır. “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”   bu inkişafa əsaslı  stimul verib. Artıq  bu mühüm sənəddə  qarşıya  qoyulan  vəzifələrin  bir  qismi reallaşdırılmışdır. Prezident İlham Əliyev bir daha bildirmişdir ki,   bu sənəddə qarşıya  qoyulan   məsələlər 2020-ci ilə qədər öz həllini tapmalıdır. Bu məsələ ilə bağlı monitorinqin nəticələri təhlil olunmalı və qüsurlara yol vermiş qurumlar tezliklə düzəlişlər etməlidirlər... Yubanma aradan qaldırılmalıdır. Aidiyyəti dövlət qurumları nəticə çıxarsınlar.

Qeyd edək ki, turizmin inkişafı ilə bağlı son vaxtlar Prezident  bir sıra   sərəncamlar  vermiş və onların icrası istiqamətində  tədbirlər  həyata keçirilmişdir. 2016-cı il 1 sentyabr tarixli "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında"  (1 sentyabr 2016-cı il),  habelə 20 fevral 2017-ci il tarixli "Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında"  (2017-ci il 20 fevral) tarixli sərəncamları  ölkədə qeyri-neft sektorunun perspektivli sahələrindən olan turizmin inkişafına   əhəmiyyətli təsir  göstərmişdir.  Prezidentin də  qeyd etdiyi kimi, "ASAN Viza" sistemi ölkəmizə səfər edən əcnəbi vətəndaşların sayının qısa müddətdə sürətli artımını təmin etmişdir.

Yol xəritəsində qeyd olunur ki, ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması bu sahənin qanunvericilik bazasının və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsini, mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsini, regionlarda turizm fəaliyyətinin stimullaşdırılmasını, yeni turizm marşrutlarının yaradılmasını, habelə rəqabətədavamlı qiymət təklifinin təmin olunmasını zəruri edir. Bu məqsədlə "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr  2016 –cı il  tarixli sərəncamında müvafiq dövlət qurumlarına bir sıra tapşırıqlar verilmişdir.

Sənəddə qeyd olunur ki, Azərbaycan  Şərqlə Qərbin qovuşuğunda yerləşən müasir infrastrukturu və qədim zəngin tarixi abidələri olan paytaxt Bakı şəhərindən başlamaqla, ecazkar təbiətə və milli parklara malik regionları ilə məşhurdur. Ancaq təsadüfi deyildir ki, Bakı şəhəri Azərbaycanın qlobal turizm sektorundakı payının böyük bir hissəsinə sahibdir. Turizm üzrə məşhur internet portallarının məlumatına görə, ölkəyə gələn xarici turistlərin üstünlük verdikləri turizm mərkəzlərinin 75 faizi Bakıda yerləşir.

 “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən,  yerli və regional turistlər üçün sağlamlıq turizmi üzrə tələbatın yenidən formalaşdırılması, qış turizminin inkişafının dəstəklənməsi, mədəni turizm marşrutlarının yaradılması və davamlı turizm potensialının gücləndirilməsi (kənd turizmi, ekoturizm və s.), habelə işgüzar turizmin inkişafı istiqamətində müvafiq işlərin görülməsi nəzərdə tutulur.

Nazirlər  Kabinetinin  iclasında   cənab Prezidentin  turizmin inkişafı ilə  bağlı  irəli sürdüyü fikirlər  bu sektorun   ölkəmizin iqtisadi inkişafında prioritet sahə kimi   gələcəkdə daha  böyük  uğurlar əldə edəcəyinə  böyük ümidlər yaradır. 

Bəxtiyar QILINCOV,
Mədəniyyət və Turizm Nazirliyinin
turizm şöbəsinin turizm
sənayesi ilə iş sektorunun müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında