Prezident İlham ƏLİYEV: Azərbaycandakı ictimai-siyasi vəziyyət və iqtisadi inkişaf bir çox ölkələr üçün nümunədir

Doqquz ayda həm Bakıda, həm bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib. Həmin dövrdə 226 min yeni iş yeri yaradılıbdır ki, onlardan 171 mini daimi iş yeridir. Bu da işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verir. Bu, daimi proses olmalıdır. Çünki bizim əhalimiz artır və belə olan halda biz daim yeni iş yerlərinin yaradılması haqqında düşünməliyik.

2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafına dair göstəricilər:

Qeyri-neft iqtisadiyyatı 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz, xarici ticarət dövriyyəsi 7 faiz artıb.

Xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabər olub.

Azərbaycanın valyuta ehtiyatları artaraq 42 milyard dollar səviyyəsinə çatıb.

Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulub. Onun böyük hissəsi xarici sərmayədir.

Bu il ərzində 150 min hektar yeni sahəyə suyun verilməsi təmin ediləcək.

Cari il kənd təsərrüfatı texnikasının alınması ilə bağlı rekord il olub. Azərbaycana ötən aylar ərzində 8 min texnika gətirilib.

Hazırda ölkəmizdə 38 aqropark qurulur. Onlardan ikisi artıq fəaliyyət göstərir. Qalan aqroparklarda isə işlər gedir.

Bu il 10 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur.

Hazırda Bakı şəhərində 95 yaşayış binası tikilir. Bu binaların özəlliyi ondan ibarətdir ki, onlar yararsız, qəzalı vəziyyətdə olan binaların, bəzi hallarda daxmaların yerində tikiləcək. Orada yaşayan vətəndaşlara kompensasiya ödənilir, yaxud da ki, kirayə pulu verilir.

Azərbaycanda qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına mühüm önəm verilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqət çəkir. Dövlət başçımız nəzərdə tutulan tədbirlərin icra prosesini daim nəzarətdə saxlayır, ölkənin strateji resurslarını qlobal layihələrin reallaşdırılması istiqamətində səfərbər edir. Bu baxımdan son illər ərzində regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi ilə bağlı həyata keçirilən tədbirləri xüsusi vurğulamaq olar.

Xatırladaq ki, bölgələrdəki mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını və aqrar sektorda islahatları sürətləndirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir müəssisələr, yeni iş yerləri yaratmaq, təhsil sistemini daha da yaxşılaşdırmaq istiqamətlərində sistemli tədbirlərin reallaşdırılması siyasəti  ümummilli lider Heydər Əliyevin neft strategiyasının hədəflərini-neft gəlirlərindən səmərəli şəkildə istifadə olunmaqla Azərbaycanın  uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını gerçəkləşdirib. 

Böyük uzaqgörənliklə müəyyənləşdirilən qeyri-neft sektorunun inkişafı strategiyasının düzgünlüyü ötən müddətdə öz bariz təsdiqini tapıb, şəhər və kəndlərimizin siması köklü şəkildə dəyişib, əhalinin paytaxta axını səngiyərək əks proses başlayıb, rayonlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı isə artıb. Hazırda isə hər bir ailə, hər bir vətəndaş sözügedən strategiyanın real nəticələrini öz gündəlik həyatında aydın hiss edir.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələlərlə bağlı ətraflı danışıb.  Hesabat dövrü ərzində ölkəmizin uğurlu və hərtərəfli inkişaf yolu keçdiyini, bütün sahələrdə dinamik inkişafın təmin edildiyini deyən dövlətimizin başçısı iqtisadi göstəricilərimizin müsbət olduğunu xüsusi vurğulayıb. Ölkə rəhbəri ilin doqquz ayında qeyri-neft iqtisadiyyatının 2,5 faiz artdığını qeyd edərək, bunun son illərdə aparılan siyasətin məntiqi nəticəsi olduğunu diqqətə çatdırıb. Xatırladıb ki, bu dövrdə qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz yüksəlib. Prezident İlham Əliyev, həmçinin qeyd edib ki,   hesabat dövründə Azərbaycanın valyuta ehtiyatları 42 milyard dollar səviyyəsində olub. “Biz uzunmüddətli dayanıqlı inkişaf barədə düşünürük”,- deyən dövlətimizin başçısı iqtisadi imkanlarımızın müstəqilliyimizin əsas şərtlərindən biri olduğunu xatırladıb. Vurğulayıb ki, 4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız doqquz ayın ən uğurlu məsələlərindən biridir.

Prezident İlham Əliyev hesabat dövründə yeni iş yerlərinin yaradılması prosesinin uğurla getdiyini, doqquz ayda 226 min yeni iş yerinin yaradıldığını bildirib. Ötən dövrdə ölkədə əsas infrastruktur, o cümlədən, yeni yolların çəkilişi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminat, meliorasiya ilə bağlı layihələrin uğurla gerçəkləşdirildiyini diqqətə çatdıran dövlət başçısı əlavə edib ki, bu cür tədbirlərin həyata keçirilməsi regionların dinamik inkişafına və ölkəmizin ümumi iqtisadi tərəqqisinə təkan verir: “Bu ilin ötən dövründə yeni məktəblər, tibb ocaqları tikilib və əsaslı təmir edilib. İlin əvvəlindən məcburi köçkünlərin sosial məsələlərinin həlli, onların mənzillə təmin edilmələri məsələsi də diqqət mərkəzində olub”.

Azərbaycan Prezidenti nitqində, həmçinin bildirib ki, cari ilin doqquz ayında ölkədə iqtisadi islahatlarla bağlı ciddi addımlar atılıb, sahibkarlara hərtərəfli şərait yaradılıb, strateji yol xəritələrinin inkişafı təmin edilib, investisiya və ixracın təşviqi mexanizmləri işə düşüb. İndiyədək 200-dən artıq investisiya təşviqi sənədi verilib ki, bunun da nəticəsində Azərbaycana özəl sektor tərəfindən 1,7 milyard manat investisiya yatırılıb.

Özəl bölmənin dinamik inkişafı ilə bağlı qarşıda duran vəzifələrə, eləcə də sahibkarlığın inkişafı ilə bağlı görülən işlərə, iş adamlarına verilən güzəştli kreditlərə toxunan Azərbaycan Prezidenti çıxışında deyib ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilin sonunadək kreditləşməni təmin etməlidir. Ölkə rəhbəri, eyni zamanda, dövlət investisiya proqramında nəzərdə tutulan məsələlərin ilin sonunadək həllini tapacağına əminliyini ifadə edib. Bununla yanaşı, xatırladıb ki, gələn il dövlət investisiya proqramı ilə bağlı təkliflər gəlib, ilin sonunadək gələn il üçün dövlət investisiya proqramı qəbul edilə bilər.

Dövlət başçısı iclasda Azərbaycanda tikinti-quruculuq işlərinin geniş vüsət alması ilə bağlı görülən işlərə də nəzər salıb. Bildirib ki, cari ilin doqquz ayında ölkədə yol infrastrukturu ilə əlaqədar çox mühüm layihələr  reallaşdırılıb. Həmin layihələr bölgələrimizin turizm sektorunun inkişafına təkan verəcək.

Kəndlərin inkişafından danışarkən, ölkə Prezidenti yolların inşasının, yenilənməsinin bundan sonra da diqqət mərkəzində saxlanılacağını, bu il 150 min hektar torpağa suyun verilməsinin nəzərdə tutulduğunu, gələn il isə bu göstəricinin 100 min hektara çatdırılacağını, bununla da aqrar sektorun dinamaik inkişafının təmin ediləcəyini  vurğulayıb.   

Prezident İlham Əliyev daha sonra fermerlərin kənd təsərrüfatı texnikaları ilə təmin edilməsi istiqamətində də mühüm addımların atıldığını, bölgələrdə logistik mərkəzlərin tikildiyini, hazırda 400 hektardan çox sahədə yeni müasir istixana komplekslərinin salındığını xatırladıb.

Bölgələrdə müasir sənaye zonalarının yaradıldığını deyən dövlət başçısı ölkəmizin ixrac potensialını təbliğ etmək üçün sərgilərdə, beynəlxalq tədbirlərdə fəal iştirak etməyin əhəmiyyətinə toxunub. “ASAN xidmət” mərkəzlərinin yaradılması ilə bağlı işlərin uğurla getdiyini vurğulayan  Prezident İlham Əliyev həm də “ABAD mərkəz”lərin yaradılmasının əhəmiyyətinə toxunub: “ASAN” öz funksiyalarını genişləndirir. İndi kommunal xidmətlər göstərilir. “ABAD mərkəz”lər yaradılır. Mən Masallıda, Balakəndə olarkən artıq orada kəndli-fermerlərin məhsulları ilə də tanış oldum. Bunun çox böyük faydası var. Eyni zamanda, “ABAD mərkəz”lərin yaradılması özünüməşğulluq proqramının icrasına da böyük dəstək olacaq”.

Azərbaycanda ictimai-siyasi vəziyyətin və iqtisadi inkişafın bir çox ölkələr üçün nümunə olduğunu deyən dövlətimizin başçısı cari ilin sonunadək və gələcək illərdə də respublikamızın uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev nitqində 140 ölkə arasında rəqabətliliyi   əks etdirən Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, ölkəmizin 37-ci pillədən 35-ə qalxmasını və MDB məkanında liderliyini qorumasını da diqqətə çatdırıb.

Dövlətimizin başçısı Nazirlər Kabinetinin sözügedən iclasındakı çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyinin dəyişməz olaraq qaldığını, ərazi bütövlüyümüzün heç bir zaman danışıqlar predmeti ola bilməyəcəyini də bir daha xatırladıb. Prezident qeyd edib ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Ölkə rəhbəri onu da vurğulayıb ki, Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilməyib.

Cocuq Mərcanlının bərpasını və həmin kənddə sosial infrastrukturun yaradılmasını tarixi hadisə adlandıran Prezident İlham Əliyev qarşıdakı aylarda da məcburi köçkünlərin yeni mənzillərlə təmin olunacağını və bu layihənin gələn il də davam etdiriləcəyini bildirib. Dövlətimizin başçısı deyib: “Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu il tarixi hadisə baş vermişdir. Cocuq Mərcanlı kəndi bərpa edilmişdir, indi orada yeni qəsəbə salınır, 50 evdən ibarət qəsəbənin açılışı olmuşdur, əlavə 100 evin tikintisi prosesi gedir. Məktəb, məscid tikilib, tibb mərkəzi tikilməkdədir. Orada iş yerləri ilə bağlı bir çox məsələlər öz həllini tapır. Cocuq Mərcanlı kəndinin yenidən qurulması, bərpası tarixi hadisədir.

Eyni zamanda, digər məsələlər, köçkünlərlə bağlı məsələlər də öz həllini tapır. Bakıda, Sumqayıtda, digər bölgələrdə tikinti işləri geniş vüsət almışdır. Bu il minlərlə ailə yeni evlərlə, mənzillərlə təmin olunacaq, bu proses gələn il də davam etdiriləcək. Hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlərimiz çoxdur. Dövlət əlindən gələni edir ki, bu məsələ tezliklə öz həllini tapsın. Bilirsiniz ki, 250 mindən çox məcburi köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdir”.

Prezident İlham Əliyev çıxışında bu ilin doqquz ayında ölkəmizdə idman sahəsində böyük uğurlar qazanıldığından,   İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunduğundan da ətraflı bəhs edib. Eyni zamanda, hesabat dövründə beynəlxalq arenada mövqelərimizin möhkəmləndiyini, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını vurğulayıb, bu dövrdə 14 dəfə xarici ölkələrə səfər etdiyini, 10-dan çox dövlət və hökumət başçısının isə Azərbaycana  gəldiyini deyib və hər bir səfərin respublikamız üçün faydalı olduğunu vurğulayıb. 

Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə rəhbəri hesabat dövründə Azərbaycanın neft-qaz sektorunda əlamətdar hadisələr baş verdiyini, ötən ay “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni saziş imzalandığını və “Cənub” qaz dəhlizi layihəsi ilə bağlı işlərin uğurla getdiyini xatırladıb. Dövlət başçısı bildirib ki, qarşıda duran əsas vəzifə qeyri-neft sektorunun inkişafıdır, neftdən gələn gəlirlər insan kapitalının inkişafına yönəldilib.

Yuxarıda qeyd edilənlər isə sosial-iqtisadi islahatları uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf yolu ilə inamla irəlilədiyini bir daha təsdiqləyir. 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında