Torpaq bütün sərvətlərin ən qiymətlisidir. O, öz üzərində insan yaşayışı üçün lazım olan ən zəruri məhsulları yetişdirir. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənlışdirilmiş və ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən müstəqillik strategiyasına uyğun olaraq aqrar bölmədə aparılan islahatlar torpaqlardan daha səmərəli istifadəyə, eləcə də kənd təsərrüfatının bitkiçilik, heyvandarlıq və emal sənayesinin inkişafına etibarlı zəmin yaradıb. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev kənd təsərrüfatının ölkə iqtisadiyyatında mühüm rolunu qiymətləndirərək deyib: “Ölkəmizin iqtisadi potensialının böyük bir qismi, təbii sərvətlərimizlə bağlı olan hissəsi kənd təsərrüfatında, aqrar sənaye bölməsindədir. Ona görə də müstəqil Azərbaycanımızın gələcəyi bu sahənin səmərəli işləməsindən asılıdır... İslahatlar ancaq və ancaq aqrar bölmənin səmərəliliyini, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, torpaqlardan daha səmərəli istifadə etmək üçün olmalıdır”.
Ulu öndərin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün islahatların həyata keçirilməsi, dövlət tərəfindən ayrılan kreditlər, alınan yeni texnika, göstərilən diqqət və qayğı öz bəhrəsini verir. Ölkədə aqrar sahənin dinamik inkişafında bütün növ kənd təsərrüfatı məhsullarının artımında muxtar respublikamızın da özünəməxsus payı var. Diyarımızda aqrar bölmənin əhəmiyyəti nəzərə alınaraq bu sahənin inkişafına, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və intensiv amillər hesabına məhsuldarlığın çoxaldılmasına dövlət tərəfindən daim diqqət və qayğı göstərilir. Məhz bunun nəticəsidir ki, muxtar respublikamızda kənd təsərrüfatı sahəsində məhsul istehsalı ilbəil artır, bazar və yarmarkalarda yerli məhsulların bolluğu hiss olunur. Necə deyərlər, torpaq öz barını-bəhərini, dadlı-tamlı nemətlərini üzə çıxarır, bərəkətini artırır. Şair necə də gözəl deyib:
Bitirər sünbülü iki şah damar,
Bir adı torpaqdır, bir adı zəhmət
Qeyd edək ki, ölkəmizdə aqrar islahatların həyata keçirilməsi əkin-biçinlə məşğul olan insanlarda bu sahəyə marağı artırıb. Torpaq qiymətli sərvətdir. Bu sərvətdən səmərəli istifadə edən, ona baş əyən, zəhmət çəkən insanların da təknəsi dolu, süfrəsi zəngin olur. Muxtar respublikamızda kənd təsərrüfatı sahəsində davamlı inkişaf tempi qorunub saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2014-cü il 1 sentyabr tarixli fərmanı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən dövlət sənədidir. Proqram digər sahələrlə yanaşı, kənd təsərrüfatının inkişafına, ərzaq məhsulları istehsalının artırılmasına, əhalinin ekoloji cəhətdən təmiz və keyfiyyətli məhsullarla təmin olunmasına, sahibkarlıq mühitinin formalaşdırılmasına, kənd adamlarının həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar açıb.
Taxıl torpağın yetirdiyi nemətlərin şahı hesab olunur. Bu müqəddəs neməti əvəz edə biləcək heç nə yoxdur. Ata-babalarımız həmişə müqəddəs nemətin əkilib-becərilməsinə üstünlük veriblər, taxıl, çörək bolluğu yaradıblar. Çörək bol olarsa, basılmaz Vətən – deyib böyük şairimiz.
Muxtar respublikamızda əkinçiliyin bu vacib sahəsinin daha da genişləndirilməsi, intensiv amillər hesabına məhsulun artırılması üçün çox əlverişli, münbüt şərait var. Hər şeydən əvvəl, suvarma şəbəkələri xeyli genişləndirilib, taxılçılıqda işlədilən yeni-yeni texnikalar alınıb gətirilib, emal müəssisələri inşa olunub. Builki mövsümdə 31 min 579 hektar sahədə taxıl yetişdirilib. Bunun 26 min 795 hektarı buğda, 4 min 784 hektarı isə arpa əkinləridir. Muxtar respublikamızda taxıl biçini optimal müddətlərdə başa çatdırılıb. Qazanılan uğurlar isə sevindiricidir. Bu il zəmilərdən 93 min 419 ton keyfiyyətli taxıl istehsal edilib. Təcrübəli torpaq mülkiyyətçiləri payızlıq taxıl əkinini də mütəşəkkil olaraq həyata keçirirlər. Vaxtında keyfiyyətli toxum materialı ayrılıb, dərmanlanıb, normal şəraitdə saxlanılıb, lazimi hazırlıq işlərindən sonra taxıl əkininə başlanılıb. Əkində şırım üsuluna üstünlük verilir, məhsuldar toxum növlərindən istifadə olunur.
Taxılçılıq muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Kəngərli rayonunun iqtisadiyyatında da aparıcı sahələrdən birini təşkil edir. Odur ki, taxıl əkini sahələri ilbəil genişləndirilir, intensiv texnologiyalar, mütərəqqi becərmə üsulları tətbiq olunur. Bu vacib sahəyə göstərilən qayğı taxılın, çörəyin bolluğuna gətirib çıxarıb. Builki mövsümdə rayonda 4 min 364 hektarda taxıl yetişdirilib. Bunun 2 min 314 hektarı buğda, 2 min 50 hektarı isə arpadır. Yetişdirilən məhsulun vaxtında toplanması üçün biçin kampaniyasına əvvəlcədən ciddi hazırlıq görülüb. Elə məhz bunun nəticəsidir ki, bu mühüm kampaniya uğurla başa çatdırılıb. Necə deyərlər, torpağın əvəzsiz neməti, bərəkəti olan “sarı kəhrəba” bolluq, ruzidir, kəndli əməyinin bəhrəsidir.
Xök Kəngərli rayonunun taxılçılıqla məşğul olan ən iri kəndlərindən biridir. Bu ilki mövsümdə kənddə 900 hektardan artıq sahədə taxıl yetişdirilib. Yetişdirilən məhsul vaxtında biçilib. Hər hektardan 22 sentnerdən yuxarı sarı kəhraba əldə edilib. Ayrı-ayrı torpaq mülkiyyətçilərinin əldə etdiyi nəticələr daha sevindiricidir. Belələrindən biri də uzun illər kənddə mexanizator işləyən 57 yaşlı Səttar Babayevdir. Səttar taleyini torpağa bağlayıb, onun ruzi-bərəkətini artırır, çəkdiyi zəhmətin müqabilində də yaxşı dolanır. Bu il o, 9 hektar sahədə məhsul yetişdirib. Əldə etdiyi nəticə də sevindiricidir. Belə ki, təcrübəli torpaq mülkiyyətçisi öhdəsində olan taxıl əkini sahələrindən 25 ton sarı kəhraba əldə edib. Onun bir hissəsini taxıl qəbulu məntəqəsinə münasib qiymətə təhvil verib, bir hissəsini isə üyüdərək illik ruzisini götürüb. O, həmçinin yoncalıq sahəsindən mal-qarasının qış yemini təmin edib.
Səttar deyir ki, təsərrüfat işlərində ailə üzvləri ona yaxından kömək göstərirlər. Ailə təsərrüfatının səmərəli fəaliyyəti isə xoş güzəran gətirir. Onların illik qazancı 10 min manatdan yuxarı olur. Odur ki, payızlıq taxıl əkinində 15 hektarda taxıl əkməyi nəzərdə tutub. Bunun üçün məhsuldar növ toxumluq da ayırıb. Təcrübəli təsərrüfatçı taxıl əkininə vaxtında başlayıb. Bu payız günlərində onu çiynində bel taxıl sahələrində görmək olar. İlkin əkin keçirilmiş sahələrdə yaşıl cücərtilər boy verib. Torpaq təbiətə sanki yaşıl xonça tutub. Xoşbəxt ailəsi, 10 nəvəsi var. Nəvələrim mənim üçün bir dünyadır deyir. Yorğunluğumu yaşıl bağ-bağçamda onların əhatəsində çıxarıram. Bu gün kənddə yaşamaq, ömür sürmək çox xoşdur. Xoşbəxtliyimizi, firavanlığımızı, gün-güzəranımızı müasirləşən kəndimizdə, bərəkətli torpağımızda tapmışıq.
Əhalisinin sayı 6 mini adlamış Xök kəndində mövcud torpaqlardan səmərəli istifadə olunur. Bu torpaqlarda daha çox taxıl əkilib-becərilməsi isə təbiidir. Taxıl ruzi-bərəkətdir, firavanlıq əlamətidir. Bu gün kənddə hər bir ailənin öz taxılı, öz çörəyi var. İstehsal olunan taxıl dəyirmanlarda üyüdülür. Kənddə 4 yerdə lavaşbişirmə sexi fəaliyyət göstərir. Taxılçılar istehsal etdikləri məhsulu lavaşbişirmə sexlərinə verir, yerli taxılın unundan bişirilən çörəklər dadlı-tamlı olur. Bundan əlavə kənddə bir neçə yerdə kürə çörəkləri də bişirilir. Bu çörəklərin isə muxtar respublikamızın ticarət şəbəkələrində daim alıcıları var.
Xök kəndində torpağa baş əyən, alın təri axıdan, ruzi-bərəkətini artıran insanlardan biri də Məcid Məmmədovdur. O, pay torpaqları ilə yanaşı, bələdiyyə torpaqlarını da əkib-becərir, taxılın, çörəyin bolluğunu yaradır. Təcrübəli əkinçi yaradılan nümunəvi şəraiti, göstərilən dövlət qayğısını da yüksək qiymətləndirir. Deyir ki, kəndimizin əhalisi əsasən heyvandarlıq və əkinçiliklə məşğul olur. Əkinçilik sahəsində daha çox taxılçılığa maraq göstəririk. Bu isə təsadüfi deyil. Taxıl qiymətli ərzaqdır, əvəzsiz nemətdir. Onun bolluğu böyük iqtisadi səmərə deməkdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində çörək sarıdan xeyli çətinliyimiz olub. Şükürlər olsun, bu gün həmin çətinliklər çoxdan arxada qalıb. Bu gün hər kəsin öz taxılı, öz çörəyi var. Mən özüm taxılçılıqla geniş şəkildə məşğul oluram. Ötən il 20 hektar sahədə taxıl yetişdirmişdim. Məhsuldarlıq da pis olmadı. Bu il də əldə etdiyim nəticələr sevindiricidir. Ömrümün 60-cı ilini yaşayıram. Bunun 40 ildən çox hissəsini torpağa, təsərrüfat işlərinə həsr etmişəm. Əvəzində isə xoş gün-güzaran, yaxşı dolanışıq, qazanc əldə etmişəm. Üstəlik də torpağa, zəhmətə bağlılıq məni sağlam, gümrah edib. Ən başlıcası isə hər gün təzə, ətirli çörəyimiz var. Məncə, bundan böyük firavanlıq, xoşbəxtlik ola bolməz. Əvvəllər o qədər çörək qıtlığı, çətinliklər görmüşük ki, bu günümüzə min dəfə şükür edirik. Hələ kəndimizin müasirləşməsini, bir-birindən əhəmiyyətli sosial yönümlü obyektləri demirik. Rahat yolumuz, ticarət şəbəkələrimiz, müasir təhsil və səhiyyə ocaqlarımız, bol sulu kəhrizlərimiz, dadlı-tamlı meyvə bağlarımız var. Sanki abad bir qəsəbəni xatırladır. Belə yerdə yaşamaq, fəaliyyət göstərmək bizim üçün xoşdur.
Bu kəndlə qonşuluqda yerləşən Yurdçu kəndinin də insanları torpağa, zəhmətə bağlıdırlar. Kəndin yaşıl libası, torpaqlarının barı-bəhəri xeyli artıb. Buradakı bol sulu kəhrizlər, həmçinin təsərrüfat suyunun kifayər qədər olması imkan verir ki, həm həyətyanı sahələri, həm də pay torpaqlarını vaxtlı-vaxtında suvarmaq mümkün olsun. Builki mövsümdə kənddə 128,7 hektar sahədə taxıl yetişdirilib. Hər hektardan 28 sentnerə yaxın sarı kəhrəba əldə olunub. Biçin kampaniyası mütəşəkkilliklə başa çatdırılıb. Kənddə taxılçılıqla yaxından məşğul olan torpaq mülkiyyətçilərindən biri də Vilayət İbrahimovdur.
Vilayət uzun illərdir ki, kənd təsərrüfatı işləri ilə məşğul olur. O, bununla bərabər bələdiyyə torpaqlarından da bəhrələnir. İşgüzarlığı, zəhmətsevərliyi ilə tanınan təcrübəli əkinçi firavan həyatını məhz zəhmətə bağlılıqla təmin edib. Odur ki, onun həyətyanı sahəsi, bağ-bağçası, pay torpaqları ruzi-bərəkətli olur. Təcrübəli torpaq mülkiyyətçisi söyləyir ki, çəkdiyi zəhmətin bəhrəsini görür, firavan həyatını təmin edir, ən başlıcası taxıl, çörək bolluğu yaradır. Çəkdiyi zəhmətin sayəsində evinin ruzi-bərəkəti, taxılı, çörəyi daim var. Vilayət deyir ki, bol məhsulumuz, torpağımızın bərəkəti həm də bol sulu kəhrizlərimizin hesabınadır. Kəndimizdəki Ağ su kəhrizi əsaslı şəkildə təmir-bərpa olunub, sakinlərin istifadəsinə verilib. Ondan həm içməli, həm də təsərrüfat suyu kimi istifadə edirik. Suyun bolluğu torpağımıza bərəkət gətirir, kəndimizin yaşıllığını artırır.
Aqrar islahatların verdiyi imkanlardır ki, kənddə peşəsindən asılı olmayaraq, hər bir kəs pay torpaqlarından səmərəli şəkildə istifadə edə bilir. İxtisasca müəllim olan Qadir Məmmədov da belələrindəndir. Onun yaraşıqlı bağ-bağçası çəkilən zəhmətin bəhrəsidir. Çöldəki pay torpaqlarında əldə olunan nəticələr də sevindiricidir. Kənddəki lavaşbişirmə sexi də əhalinin çörəyə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə imkan verir. Hətta elə ailələr var ki, öz həyətlərində təndir qalayıb, çörəyi orada yapırlar. 63 yaşlı Qadir Məmmədov bütün bunların hamısını bolluq, firavanlıq amili kimi dəyərləndirir. Deyir ki, biz ata-babadan torpağa ana torpaq deyirik. Onların hər ikisi bizim üçün əziz, müqəddəsdir. Aqrar islahatlar həyata keçiriləndən sonra torpaqlar kəndlilərin özünə verilib. Peşəsindən asılı olmayaraq hər bir kəsin pay torpağı var. Bir o qalır ki, öhdəndə olan torpaqdan səmərəli istifadə edəsən. Bax, gördüyünüz bu yaşıl bağ-bağçanı özüm salmışam. Kəndimizdə daha çox taxılçılığa üstünlük verilir. Çünki taxıl çörəkdir, ruzi-bərəkətdir.
Artıq oktyabr günlərini yaşayırıq. İlin bu vədəsində kəndli əməyinin, torpağa bağlı insanların çəkdiyi zəhmət bəhrəsini verir. Əkin və bağlarda yetişdirilən meyvə və tərəvəzlər, eləcə də ikinci çörək hesab etdiyimiz kartof bazar və yarmarkalara çıxarılır. Naxçıvanın dadlı-tamlı meyvələrini, tərəvəzləri, kartofu və digər məhsullarını insanlar həvəslə alırlar. Göy-göyərti, əncir, gavalı, qarağat, hülü, şaftalı, alma, sarımsaq və neçə-neçə dərdin dərmanı olan yerli məhsullarımız alıcılar tərəfindən razılıqla qarşılanılır. Ən başlıcası isə qızılı-sünbüllü taxılın unundan bişirilən çörəklər həm yerli əhali, həm də muxtar respublikamıza gələn qonaqlar tərəfindən yüksək qiymətləndirilir. Onlar Naxçıvan məhsullarının keyfiyyətindən, faydasından həvəslə söz açırlar. Bu məhsulları yetişdirib ərsəyə gətirənlər isə zəhmətkeş kənd adamıdır, münbit torpaqlarımızdır. Odur ki, torpaq hər zaman insan üçün yaşayış tərzini nizamalayan, gün-güzəranı yaxşılaşdıran, firəvan həyatı təmin edən amil olmuşdur. Torpaq insana xoş güzəran, bərəkət gətirir, maddi nemətlər bolluğu yaradır. Bir şərtlə ki, ona baş əyəsən, qayğısına qalasan, bərəkətini artırasan. Onda torpaq da səni ucaldar, vüqarlı edər, onun üzərində atdığın addımlar isə mətin, dəyanətli olar.
MƏHƏMMƏD FƏRƏCOV,
Naxçıvan Dövlət Radiosunun
baş redaktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.