Azərbaycan rəqabətqabiliyyətli qlobal iqtisadi məkanın aparıcı ölkəsinə çevrilir

Dünyadakı  qlobal iqtisadi-maliyyə böhranın təsirlərinin tam aradan qalxmadığı vaxtda Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmizin mövqeyinin daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf kursunun daha bir tarixi nailiyyətidir.

Bazar mexanizminin mühüm elementlərindən olan rəqabət mühiti bütün cəmiyyətlərdə inkişafın, insanların həyat səviyyəsinin və məhsulların keyfiyyətinin yüksəldilməsinin əsas hərəkətverici qüvvəsi kimi çıxış edir. 1971-ci ildən fəaliyyət göstərən və beynəlxalq qeyri-hökumət təşkilatı kimi böyük nüfuz qazanan Dünya İqtisadi Forumunun ölkələri malik olduqları rəqabət qabiliyyəti göstəricilərinə görə tədqiqata cəlb etməsi də bu mühitin yeni minillikdə ayrı-ayrı ölkələr, ümumilikdə isə dünya üçün həlledici əhəmiyyətindən irəli gəlir. Azərbaycan bu mötəbər beynəlxalq reytinq cədvəlində öz göstəricilərinə görə bəzi qabaqcıl dünya ölkələrini geridə qoyaraq, MDB məkanında liderliyini qorumuşdur. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Hesabatda Azərbaycanın mövqeyi 12 indikatordan aşağıdakı doqquz indikator üzrə yaxşılaşıb: təsisatlar (15 pillə irəliləyərək 33-cü yer), infrastruktur (4 pillə irəliləyərək 51-ci yer), səhiyyə və ibtidai təhsil (1 pillə irəliləyərək 74-cü yer), ali təhsil və təlim (10 pillə irəliləyərək 68-ci yer), əmtəə bazarının səmərəliliyi (19 pillə irəliləyərək 31-ci yer), əmək bazarının səmərəliliyi (9 pillə irəliləyərək 17-ci yer), maliyyə bazarının inkişafı (18 pillə irəliləyərək 79-cu yer), biznesin mürəkkəbliyi (20 pillə irəliləyərək 40-cı yer) və innovasiya (11 pillə irəliləyərək 33-cü yer). Ən böyük irəliləyişi isə ölkəmiz biznesin mürəkkəbliyi kateqoriyası üzrə əldə edib – 20 pillə. Bu sahədə xüsusilə klaster inkişafı və rəqabət üstünlüyü meyarlarında daha çox irəliləyiş əldə edilib.

Bu nəticələr xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və bu gün Prezident İlham Əliyevin əzmlə həyata keçirdiyi strateji inkişaf kursu sayəsində əldə olunmuşdur. Bu nəticələr Azərbaycan dövlətinin sosial-iqtisadi uğurlarına obyektiv beynəlxalq qiymət olaraq bir neçə cəhətdən maraq doğurur. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”, ilk növbədə, son illər Azərbaycanın  həyatında özünü göstərən inkişaf trendlərini kənardan izləməyə və inkişaf proseslərini ölkəmizin strateji hədəflərinə uyğun istiqamətləndirməyə imkan yaradır. Digər tərəfdən, bu nəticələr göstərir ki, son onilliklərdə Azərbaycan həyatının ən müxtəlif sahələrində həyata keçirilən kompleks tədbirlər artıq öz səmərəsini verməkdədir. Zaman ötdükcə, əhatəsi daha da genişlənəcək bu müsbət meyilləri reytinq cədvəlinin hər bir indikatoru üzrə izləyə bilərik.

Təsisatlar indikatoru üzrə Azərbaycanın mövqeyinin 15 pillə irəliləyərək, 33-cü yerdə qərarlaşması son illər ölkəmizdə bu sahədə aparılan islahatların, institusional inkişaf istiqamətində görülən sistemli işlərin xoş nəticəsidir. Məlum olduğu kimi, 2014-2015-ci illərdə dünyada yaşanan qlobal maliyyə böhranından və bu dalğanın Azərbaycana da təsirlərindən sonra ölkəmizdə ciddi institusional və struktur islahatlarına start verilmiş, ölkə rəhbərliyinin qətiyyətli qərarları ilə strateji xarakterli, effektiv islahatlar həyata keçirilmişdir. Bu prosesin müsbət nəticələrinin belə mötəbər hesabatlarda da öz əksini tapması, yeni sosial-iqtisadi şəraitdə Azərbaycanın tutduğu yolun düzgünlüyünü, atılan addımların adekvatlığını və gələcək nailiyyətlərə hesablandığını bir daha göstərir.

Ölkəmiz reytinq cədvəlinin ikinci indikatoru – infrastruktur üzrə də 4 pillə irəliləmişdir. Son illər respublikamızda sosial-iqtisadi infrastrukturun inkişafı istiqamətində görülən işlər, reallaşdırılan irimiqyaslı layihələr müasir tariximizin parlaq səhifələridir. Azərbaycanda səmərəli iqtisadiyyatın fəaliyyət göstərməsi üçün zəruri infrastrukturun formalaşdırılması istiqamətində misilsiz işlər görülmüş, istehsal, enerji, nəqliyyat və kommunal infrastrukturun son dərəcə geniş miqyasda inkişaf etdirilməsi, müasir sosial infrastruktur müəssisələrinin yaradılması, o cümlədən yeni təhsil, səhiyyə, idman müəssisələrinin inşası ötən illərdə bütövlükdə ölkəmizin dinamik və dayanıqlı yüksəlişinin əsasını təşkil etmişdir. Çünki dövlət proqramlarının uğurla icrası, eləcə də ölkənin sosial-iqtisadi inkişafı sisteminin modernləşməsi istiqamətində hədəflərə nail olmağa əlverişli şərait yaratmışdır.

Reytinq cədvəlinin üçüncü indikatoru səhiyyə və ibtidai təhsilə, dördüncü indikatoru isə ali təhsil və təlimə aiddir ki, Azərbaycan bu sahələrdə də son illər uğurlar qazanmışdır. Qeyd etmək lazımdır ki, son 15 ildə Azərbaycanda tikilən tibb müəssisələrinin sayı 600-dən çox olmuşdur. Mərkəzdə və regionlarda inşa edilən, yaxud yenidən qurulan tibb müəssisələri, onların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də səhiyyə sahəsində özəl fəaliyyətin stimullaşdırılması hesabına əhaliyə göstərilən tibb xidməti yaxşılaşdırılmış, bu mürəkkəb sistemin səmərəli şəkildə idarə olunması məqsədilə planlı islahatlara başlanmışdır. Azərbaycanda icbari sığortanın tətbiqi ilə bağlı artıq Mingəçevir və Yevlax şəhərlərində pilot layihələr uğurla həyata keçirilməkdədir.

İslahatlar ölkəmizin təhsil sistemini də tam əhatə etmiş, bu sahədə bir sıra modernləşmə tədbirləri həyata keçirilmiş, təhsilə ayrılan büdcə vəsaitlərinin həcmi bir neçə dəfə artırılmış, təhsil infrastrukturunun müasirləşdirilməsi, məktəblərdə informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının təmin olunması istiqamətində önəmli addımlar atılmış, təhsilin məzmunca da yenilənməsi yönündə islahatlar aparılmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslərin, irimiqyaslı layihələrin reallaşdırılması ilə təhsilin inkişafı, əhalinin savadlanması ölkəmizdə ictimai  hərəkata çevrilmişdir.

Təhsilin bütün səviyyələrində qabaqcıl innovativ yeniliklərin tətbiqi, çağdaş mexanizmlərin yaradılması, Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu ali məktəblərində lazımi ixtisaslara yiyələnməsi məqsədilə dövlətin icra etdiyi proqramlar, bir sıra ali məktəblərdə rəhbər kadrların dəyişdirilməsi də daxil olmaqla aparılan köklü islahatlar bu sahədə parlaq nümunələrdir. Bütün bunları nəzərə alaraq, reytinq cədvəlində ölkəmizin səhiyyə və təhsil indikatorları üzrə irəliləməsi, xüsusilə ali təhsil və təlimdə 10 pillə yüksəlməsi heç də təsadüfi deyildir.

Reytinq cədvəlinin 5-ci, 6-cı və 7-ci indikatorları üzrə ölkəmizin əmtəə və əmək bazarının səmərəliliyi, eləcə də maliyyə bazarının inkişafı sahəsində əldə etdiyi irəliləyişlər də bir-birini uğurla tamamlamaqla Azərbaycanda qeyri-neft sektorunun inkişafı, daxili istehsalın artırılması, regionlarda rəqabətqabiliyyətli, ixracyönümlü istehsalın formalaşdırılması və bir tərəfdən əhalinin məşğulluq probleminin həlli, digər tərəfdən də yeni texnologiyalarla bu istehsalı həyata keçirən insan resurslarının peşəkarlıq səviyyəsinin getdikcə artması kimi müsbət amillərdən irəli gəlir. Qeyd edək ki, əmək bazarının səmərəliliyi kateqoriyasında “istedadların səmərəli istifadəsi” göstəricisinə görə Azərbaycan dünyada 17-ci pillədə qərarlaşıb. Ölkəmiz bu göstəriciyə görə İsrail, İrlandiya, Belçika, Avstriya və Estoniya kimi dövlətləri də üstələyib. Əmtəə bazarının səmərəliliyi indikatorunda isə ölkəmiz rəqabət elementi üzrə 32-ci, tələbin keyfiyyət şərtinə görə isə 31-ci yerdə gəlir.

Bu gün Azərbaycanda baş verən regional inkişaf bölgələrdə tarazlı sosial-iqtisadi yüksəlişi stimullaşdırır, bu isə regional bərabərsizliyin azaldılmasına, əmtəə dövriyyəsinin iqtisadi rayonlar üzrə strukturunda kəskin fərqlərin aradan qalxmasına, iqtisadi resursların, əsasən, mərkəzi şəhərlərdə təmərküzləşməsinin səngiməsinə gətirib çıxarır, eyni zamanda, əmək-istehsal münasibətlərində yeni keyfiyyət göstəriciləri yaranır. Bütün bunlar isə ölkədə maliyyə bazarının inkişafına da böyük təkan verir. Dövlətin bütün bu istiqamətlərdə göstərdiyi ardıcıl dəstək, o cümlədən maliyyə bazarında həyata keçirilən tənzimləmə tədbirləri, biznesin maliyyə qaynaqlarına çıxış imkanlarının artırılması, bank sisteminin sağlamlaşdırılması və s. kompleks inkişaf proseslərinin davamlılığını təmin edir.

Bu baxımdan, Azərbaycanın “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda əmtəə bazarının səmərəliliyi indikatoru üzrə 19 pillə, əmək bazarının səmərəliliyi üzrə 9 pillə, maliyyə bazarının inkişafı üzrə 18 pillə irəliləməsi bu sahələrdə görülən məqsədyönlü işlərin məntiqi nəticəsidir və hələ bundan da böyük uğurların başlanğıcıdır.

Ölkədəki azad biznes mühitinin, sahibkarlıq fəaliyyətinə yaradılan şəraitin əsas göstəricilərindən biri kimi çıxış edən biznesin mürəkkəbliyi indikatoru üzrə isə Azərbaycan 20 pillə irəliləyərək 40-cı pillədə qərarlaşmışdır. Bu da son illər ölkəmizdə biznes fəaliyyəti üçün icazə, qeydiyyat, vergi mexanizmlərinin son dərəcə sadələşdirilməsi, sahibkarlığın inkişafına hərtərəfli dəstək verən müxtəlif qurumların yaradılması, ölkəyə sərmayə gətirən və istehsal vasitəsi hesab olunan malların gömrük rüsumundan azad edilməsi, hazırda bütün dünyada parlaq bir Azərbaycan brendi və əsl şəffaflıq, operativlik, səmərəlilik örnəyi kimi tanınan “ASAN Xidmət”in fəaliyyəti və s. bu kimi ciddi amillərin müsbət təsirləridir.

Hesabatda Azərbaycanın bu gün qlobal çağırışlardan biri kimi qəbul edilən dördüncü sənaye inqilabı mühitində innovasiya sahəsində də mövqelərini gücləndirdiyi xüsusi qeyd edilib. Ölkəmizin bu indikator üzrə mövqeləri 11 pillə irəliləyərək 33-cü pilləyə yüksəlib. Xüsusilə, yüksək texnologiyalar sahəsində hökumət tədarükü elementi üzrə Azərbaycan 14-cü yerdə qərarlaşıb və  Niderland, Norveç və Böyük Britaniya kimi ölkələri geridə buraxıb. “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda dünyada əsas narahatedici trendlərdən biri kimi “dağıdıcı bərabərsizlik” qeyd edilsə də, Azərbaycan Cini əmsalının aşağı olmasına görə sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi qiymətləndirilib.

Qloballaşan dünyamızda bütün bu kriteriyalar hər bir ölkənin gələcəyinin başlıca şərtləri kimi çıxış etdiyindən Azərbaycanın gələcəyə doğru hazırlıqlı şəkildə irəliləməsi böyük qürur doğurur. Bütün bu nəticələr onu göstərir ki, postneft dövründə aparılan islahatlar Azərbaycanın rəqabət qabiliyyətinin yüksəlməsinə gətirib çıxarıb. Nəticədə neftin dünya bazarında qiymətinin aşağı olmasına və ölkəyə daxil olan neft gəlirlərinin azalmasına baxmayaraq, Azərbaycan rəqabətqabiliyyətli ölkə mövqeyini nəinki qoruyub saxlayıb, hətta gücləndirib. Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatlar ölkənin investisiya mühitinin daha da yaxşılaşmasına, mövcud infrastrukturdan və potensialdan ölkə iqtisadiyyatının şaxələndirilməsi və diversifikasiyası məqsədilə istifadə edilməsinə şərait yaradıb. Dünyanın aparıcı beynəlxalq qurumlarından biri olan və öz tədqiqatları ilə biznes dairələri üçün bir növ bələdçi rolunu oynayan Dünya İqtisadi Forumunun hesabatında ölkəmizin mövqeyinin belə yüksək pillələrdə təqdim olunması Azərbaycana investisiyanın cəlbi və ölkənin mövcud potensialının təqdim edilməsi baxımından vacibdir. Bu, Azərbaycana mövcud potensialını təqdim etməyə, xüsusilə də qeyri-neft sektoruna xarici sərmayələrin cəlbini davam etdirməyə imkan verir. Aparıcı şirkətlər investisiya qərarı verən zaman ölkələrin belə hesabatlardakı mövqeyinə çox böyük diqqət yetirirlər.

Azərbaycanın etibarlı tərəfdaş imicinin, ölkəmizdə yaradılmış əlverişli biznes mühitinə olan inamın ən bariz nümunələrindən biri də dünya enerji bazarında neftin qiymətinin kəskin düşməsi və tarazlığın zəif bərpası fonunda dünyanın müxtəlif məkanlarında investisiya üçün  cəlbediciliyin itirildiyi bir vaxtda dövlət başçısı Prezident İlham Əliyevin düşünülmüş məqsədyönlü siyasəti ilə Azərbaycanın maraqlarına cavab verən tamamilə yeni bir sazişin imzalanması idı. Yeni saziş çərçivəsində Azərbaycana 40 milyard dollardan artıq vəsait yönəldiləcək. Ölkəmizə mərhələlərlə 3,6 milyard dollar məbləğində bonus ödənilməsi, Azərbaycanın pay bölgüsünün 11,6 faizdən 25 faizə yüksəlməsi kimi üstünlüklər növbəti 32 il ərzində ölkənin iqtisadi yüksəlişinin lokomotivi olan neft sənayesinin inkişaf tempini, hasilatın artırılması və sabit saxlanması kimi mühüm məsələlərin həllini, neft gəlirlərinin davamlılığını təmin edəcək, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektoru ilə bağlı hədəflərin reallaşmasını sürətləndirəcək.

Qeyd etdiyimiz kimi, bu son hesabat beynəlxalq iqtisadi qurumların mövqelərində ölkəmizin inkişafı ilə bağlı əksini tapan müsbət rəylərin davamı və yeni bir yüksəliş dinamikasının başlanğıcıdır. Prezident İlham Əliyevin 2016-cı il dekabrın 6-da təsdiqlədiyi 5 strateji hədəf, 10 istiqamət və 43 tədbir üzrə olan strateji yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri də onu göstərir ki, sistemli iqtisadi siyasət kursu öz müsbət nəticələrini verməkdədir və bu, digər mötəbər reytinqlərdə də ölkəmizin mövqeyini gücləndirəcəkdir. Bu strateji yol xəritələri iqtisadiyyatın rəqabətqabiliyyətliyini, inklüzivliyini və sosial rifahını daha da artıracaq, investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafına yardım edəcək davamlı inkişaf konsepsiyasıdır.

Azərbaycanın Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda reytinqə görə 35-ci yerə yüksəlməsi bütün cəhətləri üzrə çox böyük tarixi hadisədir. Müharibə şəraitində yaşayan, torpaqlarının 20 faizi işğal edilən, 1 milyondan çox qaçqın və məcburi köçkünü olan kiçik bir ölkənin öz müstəqil siyasətini davam etdirərək, qazandığı bütün bu nailiyyətlər onun tutduğu yolun düzgünlüyündən, dövlətə rəhbərlik edən liderin siyasi əzm və qətiyyətindən xəbər verir.

Xatirə HÜSEYNOVA,
 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
“Dövlət idarəetməsi və menecment” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında