Yeni saziş ölkəmizə böyük dividendlər gətirəcək

 

 

 

 

 

 

 

 

 

 

 


Bildiyimiz kimi, bu gün dünyanın siyasi gündəliyində enerji təhlükəsizliyi məsələləri xüsusi yer tutur.  Azərbaycan bu sahəyə öz töhfəsini verir və gələcəkdə öz töhfəsini verməyə hazırdır. Biz irimiqyaslı enerji layihələrinin təşəbbüskarı və iştirakçısıyıq. Bu layihələr nəticəsində Azərbaycan xalqı həm böyük mənfəət götürür,  həm ölkənin beynəlxalq mövqeləri möhkəmlənir, həm də regional əməkdaşlıq üçün çox gözəl şərait yaranır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Neft sənayesi tarixən Azərbaycanın iqtisadi və sosial-siyasi inkişafında həlledici rol oynamışdır. 1969-cu ildə ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyə başlaması ilə ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, yanacaq-energetika sektorunda da yeni inkişaf dövrünün təməli qoyuldu. Xəzər dənizində aparılan axtarış-kəşfiyyat işlərini sürətləndirmək üçün xarici avadanlıqla təchiz olunmuş nəhəng kompleks–Bakı Dərin Özüllər Zavodu inşa edildi, yeni müasir üzən qazma qurğuları, sualtı borudüzən və kran gəmiləri alınıb Xəzərə gətirildi. Neft-qaz sənayesinin infrastrukturunun əsas sahələri yenidən quruldu və  onun möhkəm maddi-texniki bazası yaradıldı.

Ötən əsrin  70-ci və 80-ci illərinin birinci yarısında yaradılmış güclü potensial Xəzər dənizində “Günəşli”, “Çıraq”, “Azəri” və “Kəpəz” kimi yeni neft yataqlarının açılmasını təmin etdi. Məhz bu yataqların kəşfi ulu öndər Heydər Əliyevin memarı  olduğu yeni neft strategiyasının həyata keçirilməsində ilkin mərhələnin əsasını qoydu. Bir vacib məqamı da xüsusi vurğulamaq lazımdır ki, heç bir tarixi dövrdə neft sənayesinin rolu Azərbaycanın sosial-iqtisadi həyatında müstəqillikdən sonrakı dövründəki qədər əhəmiyyətli olmamışdır.

Ümummilli lider Heydər Əliyev hələ 1995-ci ildə demişdir: “Azərbaycanda ta qədimlərdən neft və qaz çıxarılır. Ölkəmizdə sənaye üsulu ilə neft çıxarılmasına hələ ötən əsrin ortalarında– 1848-ci ildə başlanmışdır. Əsrimizin əvvəlində neft sənayemiz öz inkişafının yüksək mərhələsinə çatmışdı. Bu zaman dünya neft hasilatının çox hissəsi Azərbaycanın payına düşürdü. Bütün ötən dövr ərzində Azərbaycanda 1 milyard 400 milyon ton neft çıxarılmışdır. Lakin Azərbaycanda bu gün də zəngin neft və qaz yataqları var. Müstəqil dövlət kimi dünya birliyinə daxil olduğumuz indiki dövrdə biz enejri ehtiyatlarımızdan istifadə etmək üçün tədbirlər görürük”.

Xəzər hövzəsi öz potensial neft və qaz ehtiyatlarına görə dünyada Yaxın Şərq ölkələrindən və Rusiyadan sonra üçüncü yerdədir. Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları müxtəlif və ən mötəbər ekspertlərin hesablamalarına görə 4 milyard tondan 10 milyard tona qədər, qaz ehtiyatları isə 1500 milyard kubmetr həcmindədir. Azərbaycan Respublikası öz neft ehtiyatlarını xarici şirkətlərin investisiya və ən yeni texnologiyası əsasında hasil edərək, onu dünya bazarına çıxarmaq və əldə etdiyi gəlir hesabına iqtisadiyyatın digər sahələrini inkişaf etdirmək niyyətində idi.

1994-cü ilin sentyabrında Bakıda neft hasilatı üzrə ixtisaslaşan və dünyanın 6 ölkəsini təmsil edən 11 iri şirkət arasında Azərbaycanın Xəzər dənizi sektorunda 3 neft yatağının (“Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının) birgə istifadəsi nəzərdə tutulan “Əsrin müqaviləsi” imzalandı. Müqaviləyə əsasən 30 il ərzində 600 milyon ton neft və 100 milyard kubmetr təbii qaz ehtiyatı olan bu yataqlarda görüləcək işlər, karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasil edilməsi və ixracı ilə bağlı böyük həcmdə vəsaitin sərf olunması nəzərdə tutulmuşdur. Bu dövrdə adıçəkilən yataqların tammiqyaslı işlənməsinin 3-cü fazası çərçivəsində mühəndis – layihə işlərinə də başlanılacağı barədə razılıq əldə edilmişdi.

 “Əsrin müqaviləsi”nin imzalanması və onun uğurla həyata keçirilməsi Azərbaycanın neft sənayesinin, bütövlükdə ölkə iqtisadiyyatının inkişafına güclü təkan verdi. Neft sektoruna yönəldilmiş 30 milyard dollardan artıq vəsait hesabına ölkə iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesinin infrastruktur imkanları əsaslı şəkildə yaxşılaşdırıldı. Bu da Azərbaycanda neft hasilatının kəskin surətdə artırılmasına imkan yaratdı.

Təkcə bir faktı qeyd edim ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu 2001-ci ilin əvvəlindən bu il avqustun 1-dək AÇG layihəsinin reallaşdırılması çərçivəsində 125 milyard 718 milyon dollar gəlir əldə etmişdir. Bu rəqəmin özü “Əsrin müqaviləsi”nin Azərbaycan iqtisadiyyatına gətirdiyi dividend barədə çox mətləblərdən xəbər verir.

Son illər ulu öndərin siyasi və iqtisadi islahatlar strategiyasını uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ümumi inkişafı getdikcə sürətlənir, neft strategiyası çərçivəsində yeni-yeni nailiyyətlər əldə olunur. Məhz möhtərəm Prezidentimiz İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən neft-qaz sənayesinin inkişafı istiqamətində  yeni dövr başlamışdır.

Mütəxəssislərin yekdil rəyinə görə   Xəzərin Azərbaycan sektorunda hələ kifayət qədər neft ehtiyatları var.  Amerika Birləşmiş Ştatlarının Konsaltinq Assosiasiyası CERA-nın (Cambridge Energy Research Associates) reytinq sıralanmasında  "Azəri-Çıraq-Günəşli" yataqlar bloku dünyanın 20 ən böyük yatağı sırasında üçüncü yerdədir. CERA-nın qiymətləndirməsinə görə bu yataqlar blokunda neft hasilatının sutkalıq həcmi 850 min barreldən çoxdur.

Bakıda keçirilən 24-cü beynəlxalq “Neft-qaz sərgi və konfransı”nın açılış mərasimində  Prezident İlham Əliyev demişdir: “Əsrin kontraktı”nın icrası  uğurlu istiqamətdə aparılır. Bu gün biz “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının gələcək fəaliyyəti haqqında düşünürük və ümid edirəm ki, yaxın gələcəkdə bu layihənin uzadılması haqqında xarici investorlarla razılığa gələcəyik. Çünki “Azəri-Çıraq-Günəşli” yatağının çox böyük potensialı var, hələ hasil edilməmiş neft kifayət qədər çoxdur. Ona görə uzunmüddətli dayanıqlı hasilat səviyyəsini saxlamaq üçün biz indi xarici tərəfdaşlarla danışıqların son mərhələsindəyik”.

Bu danışıqların yekun mərhələsi kimi, sentyabrın 14-də Heydər Əliyev Mərkəzində "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi üzrə yeni sazişin imzalanması mərasimi keçirildi.  Yeni kontrakta görə ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək. SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılacaq və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.

“Əsrin müqaviləsi”nin “Azəri”, “Çıraq” və “Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin müddətinin 2050-ci ilə qədər uzadılması ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş imicinin daha da möhkəmləndiyini göstərir. Xarici investorlar artıq tam əmindirlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə istər xarici, istərsə də yerli investisiyalar üçün etibarlı və təhlükəsiz şərait yaradılıb.

Ümumiyyətlə, yeni saziş Azərbaycan iqtisadiyyatının gələcək inkişafında və onun maliyyə imkanlarının genişləndirilməsində mühüm rol oynayacaq. Daha 32 il neft gəlirlərinin artması, yeni iş yerlərinin yaradılması və əhalinin sosial şəraitinin yaxşılaşdırılması prosesinə öz töhfəsini verəcək. 

Dünyamalı VƏLİYEV,
iqtisad elmləri doktoru,
AMEA-nın  Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun
şöbə müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında