Məlum olduğu kimi, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə daha iki pillə irəliləyərək 35-ci yerə yüksəlib. Ölkəmiz bu sahədə MDB məkanında 1-ci yerdə olan dövlətdir. Qlobal rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci, Ermənistan isə 73-cü sırada yer alıb. Azərbaycanın bu nailiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə iqtisadiyyatın dayanıqlı və davamlı inkişafına xidmət edən, məqsədyönlü şəkildə həyata keçirilən uğurlu iqtisadi islahatların nəticəsidir. İqtisadiyyatın müxtəlif sahələrini əhatə edən kompleks tədbirlər öz bəhrəsini verir və davamlı iqtisadi islahatlar sayəsində növbəti illərdə beynəlxalq reytinqlərdə ölkəmizin mövqelərinin bir qədər də yaxşılaşacağını proqnozlaşdırmaq olar.
Xüsusən də qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli sərəncamı, habelə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə əsasən sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində islahatlar davam etdirilir.
Dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, rəqabətqabiliyyətliliyin və ixrac imkanlarının genişləndirilməsi, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, beynəlxalq standartlara uyğun elektron dövlət xidmətlərinin göstərilməsi sahəsində kompleks tədbirlər həyata keçirilib. Xüsusilə də, azad rəqabət mexanizminin inkişaf etdirilməsi, dövlət-biznes münasibətlərində insan amilinin rolunun azaldılması ilə səmərəlilik, hesabatlılıq və şəffaflığın artırılması əsas istiqamətdir.
“2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda qiymətləndirmə aparılan 12 indikator üzrə göstəricilərə də diqqət yetirsək, görərik ki, onların 9-u üzrə respublikamızda vəziyyət xeyli yaxşılaşıb. Xüsusən də institutların formalaşması və fəaliyyəti, infrastruktur, səhiyyə və ibtidai təhsil, ali təhsil və təlim, əmtəə və əmək bazarlarının səmərəliliyi, maliyyə bazarının inkişafı, biznesin əlverişliliyi və innovasiyalar sahəsində bunu qeyd etmək lazımdır. Azərbaycan neft gəlirlərindən səmərəli istifadə etməklə böyük infrastruktur layihələri həyata keçirib: infrastruktur müasirləşdirilib, yüzlərlə yeni məktəblər və səhiyyə ocağı tikilib, təmir olunub. Təsadüfi deyil ki, adıçəkilən reytinqdə infrastruktur indikatorü üzrə Azərbaycanın nəqliyyat sistemi 140 ölkə arasında 43-cü yerdə qərarlaşıb. Bunlarla yanaşı, ölkədə azad sahibkarlığın inkişafına dəstək məqsədilə mövcud institutların fəaliyyəti gücləndirilməklə yanaşı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi kimi yeniləri də yaradılıb.
Reytinqdə Azərbaycan ən böyük irəliləyişi biznesin mürəkkəbliyi kateqoriyası üzrə əldə edib – 20 pillə irəliləyərək 40-cı yeri tutub. Bu, o deməkdir ki, son illər ölkədə biznes mühitinin yaxşılaşdırılması ilə bağlı aparılan islahatlar Dünya İqtisadi Forumu kimi beynəlxalq institutların da diqqətini cəlb edir. Ümumiyyətlə, ölkəmiz “Qlobal rəqabət qabiliyyəti” hesabatları üzrə 2005-ci ildən 2017-cı ilədək 34 pillə irəli gedib. Qeyd etmək yerinə düşər ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən dərc edilən “Doing Business – 2017” hesabatında da Azərbaycan işgüzar mühitin əlverişliliyi səviyyəsinə görə, 190 ölkə arasında 65-ci yerdə qərarlaşıb. Ölkəmiz bu hesabatda 4 göstərici üzrə dünya ölkələrinin sıralanmasında ilk 40-lığa daxil olub. Belə ki, “biznesə başlamaq” göstəricisi üzrə dünyada 5-ci, “mülkiyyətin qeydiyyatı” göstəricisi üzrə 22-ci, “investorların müdafiəsi” göstəricisi üzrə 32-ci, “vergilərin ödənişi” göstəricisi üzrə 40-cı yerdəyik.
Məhz ölkəmizdə formalaşmış əlverişli biznes mühitinin nəticəsidir ki, özəl sektor iqtisadiyyatın müxtəlif sahələrində, xüsusən də qeyri-neft sektorunda inkişaf edir. Belə ki, Azərbaycanda ümumi daxili məhsulda (ÜDM) iqtisadiyyatın bütün sahələri üzrə özəl sektorun payının artımı müşahidə olunur. Əgər 2000-ci ildə ÜDM-də özəl sektorun payı 70,8 faiz idisə, sonrakı illərdə artaraq 2005-ci ildə 77,8 faizə, 2010-cu ildə 81,7 faizə yüksəlmiş, 2015-ci ildə 81,2 faiz, 2016-cı ildə 83,7 faiz təşkil etmişdir. Müqayisə edilən 16 il ərzində iqtisadiyyatın bütün sahələrində özəl sektorun xüsusi çəkisi çoxalmışdır. 2000-2016-cı illərdə özəl sektorun payı sənayedə 48,4 faizdən 87,6 faizə, tikintidə 63,5 faizdən 86,8 faizə, kənd təsərrüfatında 99 faizdən 99,9 faizə, ticarət və xidmət sahələrində 98,3 faizdən 99,6 faizə, nəqliyyatda 62,6 faizdən 82,8 faizə, rabitədə 57,8 faizdən 80,5 faizə, sosial və digər xidmətlər sahəsində isə 2005-ci ildəki 31,8 faizdən 2015-ci ildə 58 faizə çatmışdır. Təkcə 2016-cı ildə ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunda 39,4 milyard manatlıq əlavə dəyər yaradılıb, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 65,7 faiz təşkil edib.
Bütün bunlar ondan xəbər verir ki, əslində, indiyədək həyata keçirilmiş iqtisadi islahatlar öz nəticələrini verir, sahibkarlıq inkişaf edir.
Hazırda Azərbaycanda iqtisadiyyatın neft amilindən asılılığının azaldılması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və azad sahibkarlığın inkişaf etdirilməsi hökumətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Bu yöndə aparılan islahatlar gələcəyə daha nikbin baxmağa imkan verir. Belə ki, Strateji Yol Xəritəsinə əsasən, 2025-ci ilədək Azərbaycanda müasir texnologiyalara, bazarlara və maliyyə vəsaitlərinə bərabər çıxış imkanları təmin edən rəqabət mühiti yaradılacaq. Yerli şirkətlərin canlanmasına və investorların dünya standartlarına uyğun fəaliyyət göstərmələrinə şərait yaradacaq biznes mühiti təmin ediləcək. Ölkədə sahibkarlığın inkişafı, onun rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun cəlbedici biznes və investisiya mühitinin formalaşdırılması və əlverişliliyinin daha da artırılması, bu sahədə mütərəqqi tənzimləmə və hüquqi bazanın olması istiqamətində işlər davam etdirilir. Bütün bunlar isə gələcəkdə Azərbaycanın beynəlxalq qurumların reytinqlərində mövqelərinin daha da yaxşılaşdırılmasına zəmin yaradacaq.
Mahir Zeynalov,
AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi,
iqtisad üzrə fəlsəfə doktoru, ekonom.az.com saytının baş redaktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.