Azərbaycan Avropa İttifaqı ilə qeyri-neft sektoru sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Azərbaycan və Avropa İttifaqı (Aİ) ölkələri arasında iqtisadi əlaqələr uğurla davam edir. Azərbaycan Avropa İttifaqı ilə prioritet istiqamət olan qeyri-neft sektoru sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskasla görüşündə bildirib.

Görüşdə nazir Şahin Mustafayev Kestutis Yankauskası Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri təyin olunması münasibətilə təbrik edib, fəaliyyəti dövründə ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin inkişaf edəcəyinə əminliyini bildirib. Vurğulanıb ki, Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlər və keçirilən görüşlər xüsusilə önəmlidir. Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. Avropa İttifaqı ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 35 faizdir. Azərbaycanda əsas kapitala yönəlmiş investisiyaların ümumi həcmində Avropa İttifaqı ölkələrinin payı son 10 ildə 46 faiz, qeyri–neft sektoruna birbaşa investisiyalarda isə 35 faizdir. Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1300-dən çox şirkəti fəaliyyət göstərir. Avropa İttifaqı ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan Tvinninq alətindən ən çox istifadə edən ölkələrdəndir. İndiyədək Aİ tərəfindən ölkəmizə 582 milyon avro məbləğində texniki yardım da göstərilib.

Görüşdə Azərbaycanın nəqliyyat və energetika sahələrində də Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyi, bu istiqamətdə “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyəti, eləcə də Azərbaycanın böyük tranzit potensialından istifadə imkanları diqqətə çatdırılıb.

Görüşdə, həmçinin yeni Avropa İttifaqı–Azərbaycan Sazişinə dair fikir mübadiləsi aparılıb, Azərbaycanın bu sənədə önəm verdiyi qeyd edilib.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskas əlaqələrin genişlənməsi üçün qarşılıqlı marağın olduğunu vurğulayaraq, bu sahədə fikirlərini bölüşüb. Qeyd olunub ki, yeni Avropa İttifaqı-Azərbaycan Sazişi üzərində intensiv iş aparılır. Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində səmərəli əməkdaşlığın olduğunu vurğulayan Kestutis Yankauskas qeyri-neft sektorunun ölkəmiz üçün prioritetliyi barədə məlumatlı olduğunu, Azərbaycanın zəngin turizm potensialı hesabına ölkəyə daha çox avropalı turistin cəlb oluna biləcəyini, ölkəmizin geniş ixrac imkanlarının olduğunu deyib.

Kestutis Yankauskas Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Hanın Azərbaycanın iqtisadiyyat nazirini Brüsselə dəvət etdiyini də diqqətə çatdırıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında