Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində Azərbaycanın perspektivli və potensial üstün sahələri müəyyənləşdirilib, 2025-ci il və sonrakı dövr üçün görüləcək tədbirlərin yol xəritəsi göstərilib. Orta və uzunmüddətli dövrləri əhatə edən sənədlər iqtisadi inkişafa töhfə verən bütün amillərin, o cümlədən yerli və beynəlxalq özəl sektor nümayəndələrinin kommunikasiyası və əməkdaşlığı üçün imkanlarının təmininə yönəlib.
Xatırladaq ki, qlobal miqyasda baş verən iqtisadi böhrandan Azərbaycan oxşar problemlərlə üzləşən ölkələr arasında az itkilərlə çıxan dövlətdir. Cari ilin ötən aylarının sosial-iqtisadi qiymətləndirməsi də bunu deməyə əsas verir ki, respublikamızda maliyyə sabitliyinin təmini yönümündə həyata keçirilən tədbirlər praktik baxımdan özünü doğruldub. Əvvəlki illərdən yaradılan möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılıb. Ötən dövrün pozitiv nəticələri respublika iqtisadiyyatının yalnız neft amilindən asılılığı barədə indiyədək irəli sürülən müəyyən iddiaların əsassızlığını tam sübuta yetirib.
Bu, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə müəyyənləşdirilən tədbirlərin həyata keçirilməsində də öz bariz ifadəsini tapıb. Bununla bağlı hazırlanan monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib ki, cari ilin ilk yarısında Strateji Yol Xəritəsi üzrə tədbirlərin 32 faizi icra olunub, 59 faizinin isə icrasına başlanılıb.
Sənəddə, həmçinin bildirilib ki, fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi üzrə tədbirlərin 33 faizi icra olunub, 67 faizinin icrasına başlanılıb, insan kapitalının inkişaf etdirilməsi üzrə tədbirlərin 46 faizi həyata keçirilib, 36 faizinin isə icrasına başlanılıb.
“Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nə dair hesabatda deyilir ki, respublikada logistika və ticarətin inkişafı istiqamətində bir sıra işlər görülüb. Belə ki, Ələt Azad Ticarət Zonasının yaradılması ilə əlaqədar bir sıra investorların cəlb edilməsi istiqamətində önəmli tədbirlər reallaşdırılıb. İlkin olaraq Birləşmiş Ərəb Əmirliklərinin “DP World” şirkəti ilə danışıqlar aparılıb. Eyni zamanda, logistika sahəsində əməliyyatların təkmilləşdirilməsi istiqamətində avtomobil yollarının və bu yollardakı körpülərin, qurğuların və suötürücü boruların ağır yüklərə qarşı etibarlılığının və prioritet marşrutlarda yük hədlərinin artırılması məqsədilə reabilitasiya layihələrinin hazırlanması üçün müvafiq norma və standartlar hazırlanıb.
Azərbaycanda yükdaşıma və yükaşırma xidmətlərinin təkmilləşdirilməsi istiqamətində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsi çərçivəsində limanın avadanlıqlarla təminatı məqsədilə 6 portal kranın sifarişi verilib. Limanın tikintisinin ilkin baş planı üzrə ekspertlərlə birgə optimallaşdırma aparılıb və layihəyə dəyişiklik edilərək yükaşırma potensialı 10 milyon ton və 50 min TEU-dan
15 milyon ton və 100 min TEU-ya çatdırılıb.
Dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üzrə təhlillərin aparılması yükgöndərən (yükalan) və nəqliyyat operatorları (ekspeditorlar) ilə dəmir yolu arasında operativ və çevik əlaqələrin yaradılması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-də Avtomatlaşdırılmış İdarəetmə Sistemi yaradılıb. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində 8,3 kilometr uzunluğunda “Astara Azərbaycan-Astara İran” yeni dəmir yolu xəttinin və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikinti işləri başa çatdırılıb. Dəmir yolu körpüsündən İran ərazisində tikiləcək dəmiryol stansiyasına və yük terminalına qədər (İran İslam Respublikasının ərazisində) 1,4 kilometrlik hissənin 500 metr uzunluğunda dəmir yolu xətti çəkilib.
“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında isə qeyd edilib ki, dinamik və sağlam institutlardan ibarət maliyyə sisteminin formalaşdırılması üzrə tədbirlərin 7 faizi icra olunub, 57 faizinin icrasına başlanılıb, eyni zamanda, maliyyə bazarlarının inkişafı üzrə tədbirlərin 8 faizi reallaşdırılıb, 62 faizinin icrasına başlanılıb. Bütün bunlarla yanaşı, infrastrukturun gücləndirilməsi üzrə tədbirlərin 20 faizinin, tənzimləmə və nəzarət mexanizminin təkmilləşdirilməsi üzrə tədbirlərin 31 faizinin həyata keçirilməsinə başlanılıb.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilən tədbirlərin icrası üzrə altı ay müddətində həyata keçirilən tədbirlərin illik monitorinq və qiymətləndirməsi də açıqlanıb. Sənəddə qeyd edilib ki, 2017-ci ilin ilk altı ayı ərzində adı çəkilən Strateji Yol Xəritəsində müəyyənləşdirilən tədbirlərin 11 faizi icra edilib, 40 faizinin isə icrasına başlanılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında kənd təsərrüfatı məhsullarının istehsalı 2,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 1,7 faiz, heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz artıb.
Monitorinq və qiymətləndirmədə kənd təsərrüfatı ilə bağlı digər faktlar da diqqətə çatdırılıb. Qeyd edilib ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına bu ilin 6 ayı ərzində 2 aqroparka 11,5 milyon manat güzəştli kredit vəsaiti ayrılıb. “Aqrolizinq” ASC tərəfindən 3525 kənd təsərrüfatı texnikası, o cümlədən 9 taxılyığan kombayn, 9 pambıqyığan kombayn, 681 traktor və 2826 digər texnika 525 hüquqi və fiziki şəxsə lizinq verilib və ya lizinq yolu ilə satılıb.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin fəaliyyətinin səmərəli təşkili üçün yeni regional bölmələr, anbarlar, dayaq məntəqələri və logistika infrastrukturu yaradılıb. “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə ümumilikdə 79 şirkətin iştirakı ilə 5 ölkəyə ixrac missiyaları həyata keçirilib.
Ölkənin 20 rayonunda torpaqların elektron kadastr uçotu işləri yekunlaşıb və ya çöl ölçmə işləri əsasən tamamlanıb. Eyni zamanda, 7 rayonda torpaq uçotu məqsədilə ölçmə işləri davam etdirilir.
Hesabat dövründə həm daxili, həm də xarici bazarlarda rəqabətqabiliyyətli kənd təsərrüfatı və emal sənayesi məhsulları üzrə istehsal potensialının gücləndirilməsi də diqqət mərkəzində saxlanılıb. Bununla əlaqədar görülən işlərin bir qisminə nəzər salaq. Belə ki, ölkədə fındıqçılıq sahəsinin sürətli inkişafı ilə bağlı regionlarda yeni salınacaq fındıq bağları üçün müvafiq ərazilər müəyyən edilib, ting tədarükünə, əkin işlərinin təşkilinə kömək göstərilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumlara müvafiq göstərişlər verilib. Həyata keçirilən tədbirlər nəticəsində ölkə üzrə ötən il 18,2 min hektara yaxın sahədə yeni fındıq bağları salınıb, fındıq bağlarının ümumi sahəsi 55,1 min hektara çatdırılıb. Hesabat dövründə Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Zərdabi adına Elmi Təcrübə Bazasında 2 hektar və Zaqatala Dayaq Məntəqəsində 0,5 hektar sahədə fındıq tingliyi yaradılıb.
Bundan əlavə, 2016/17-cı ilin payız-qış dövründə ölkə üzrə 311 hektar sahədə yeni xurma bağları salınıb, bağların ümumi sahəsi 11272 hektara çatdırılıb. Quba regional fermer evi tərəfindən pilot layihəsi çərçivəsində, ümumilikdə Quba, Xaçmaz və Ağdaş rayonundan olan 47 fermerə intensiv tipli yeni meyvə bağlarının salınması və onların becərilməsinə dair informasiya-məsləhət xidməti göstərilib. İntensiv meyvə bağlarının salınması üçün ting təminatının yaxşılaşdırılması məqsədilə hesabat dövründə Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutunun H. B. Zərdabi adına Elmi Təcrübə Bazasında 2 hektar və Zaqatala dayaq məntəqəsində 0,5 hektar sahədə fındıq tingliyi yaradılıb.
Pambıqçılıqla məşğul olan şirkətlər tərəfindən rayonlar üzrə əməliyyat planı hazırlanıb. Pambıq istehsalçılarının 2017-ci ilin yaz əkini üçün toxuma olan tələbatının ödənilməsi məqsədilə ötən il Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin tabeliyində olan qurumlar tərəfindən istehsal edilən 0,8 ton orijinal, 7 ton superelit, 45 ton elit toxum, o cümlədən özəl toxumçuluq təsərrüfatları tərəfindən istehsal edilən 276 ton “R1” pambıq toxumu sertifikatlaşdırılıb.
Cari ildə 15 rayonda tütün əkinləri üçün əlverişli olan 3 min hektardan artıq torpaq sahələri müəyyənləşdirilib və 2 mindən artıq torpaq mülkiyyətçisi tərəfindən tütün əkinləri aparılması barədə tədarükçülərlə müqavilə bağlanılıb. Ölkədə tütünçülük və pambıqçılığın inkişafını təşviq etmək üçün bu sahələrə dövlət büdcəsi tərəfindən subsidiyaların verilməsinə başlanılıb.
Müasir texnologiyaların tətbiqi ilə quşçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələri hazırlanıb və sahibkarlıq subyektləri arasında stimullaşdırıcı tədbirlər həyata keçirilib. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2017-ci ilin 6 ayı ərzində illik istehsal gücü 109 milyon əmtəəlik yumurta və 1,4 min ton quş əti olan 1 quşçuluq təsərrüfatına 1 milyon manat güzəştli kredit vəsaiti ayrılıb. Maliyyələşdirilən layihə hesabına 128 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-yə İmişli rayonu ərazisində “Şəkər çuğundurunun emalı” layihəsinin həyata keçirilməsi üçün investisiya təşviqi sənədi və həmin sənəd əsasında 10 təsdiqedici sənəd verilib. Bununla əlaqədar 11,2 milyon manatlıq layihə çərçivəsində mövcud istehsal gücünün artırılması nəzərdə tutulur.
Eyni zamanda, emal sənayesinin xammala və heyvandarlığın yemə olan tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədilə cari ilin əkinləri üçün 16 rayonda dünyada əsas yağlı bitkilərdən sayılan soya əkinlərinin aparılmasının təşkili üçün hazırlıq işləri görülüb. Respublikada zeytunçuluğun inkişaf etdirilməsi, bu sahədə ölkənin tələbatının yerli məhsul istehsalı hesabına təmin olunması, gəlirliliyin və ixrac potensialının artırılması istiqamətində təhlillər aparılıb və müvafiq dövlət orqanları ilə birlikdə yaxın 10 il üçün ölkədə zeytunçuluğun inkişafına dair proqram layihəsi hazırlanıb.
Aqrobiznesin inkişafına dəstək infrastrukturunun formalaşdırılması ilə əlaqədar xeyli iş görülüb. Belə ki, Xaçmaz rayonunda Yalama aqroparkda 1-ci mərhələ üzrə işlər başa çatdırılıb və Şəmkir aqroparkda 1-ci mərhələ üzrə işlər davam etdirilir. Bundan əlavə, Samux, Goranboy, Ağcabədi, Şabran, Salyan, Şamaxı, Füzuli, Cəlilabad və İsmayıllı rayonlarında da aqroparklar yaradılır.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 207 milyon manat olan bu aqroparkların yaradılmasına 76,1 milyon manat güzəştli kredit verilib.
Dövlət başçısının tapşırığına uyğun olaraq 157,6 min hektar ərazidə dəyəri 1,2 milyard manat olan 38 aqroparkın, o cümlədən 12 rayonda 37,3 min hektar ərazidə 14 müasir cins heyvandarlıq kompleksinin (yem bazası ilə birlikdə) və 17 rayonda 120,3 min hektar ərazidə 24 iri taxılçılıq (bitkiçilik) təsərrüfatlarının yaradılması da təşviq olunur. Eyni zamanda, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2017-ci ilin 6 ayı ərzində müasir texnologiyalara əsaslanan 2 aqroparka 11,5 milyon manat güzəştli kredit vəsaiti ayrılıb.
Ötən dövr ərzində sənaye məhəllələri ilə bağlı araşdırmalar aparılıb, beynəlxalq təcrübə nəzərdən keçirilib, dünyanın bir sıra ölkələrində mövcud olan sənaye məhəllələri modeli öyrənilib. İqtisadiyyat Nazirliyinin təklifləri və təqdim etdiyi layihələr əsasında dövlət başçısının müvafiq sərəncamları ilə Neftçala və Masallı rayonlarında sənaye məhəllələri yaradılıb. Hazırda Hacıqabul rayonunda sənaye məhəlləsinin yaradılması ilə bağlı təkliflərin Azərbaycan Prezidentinə təqdim olunması üçün işlər aparılır. Eyni zamanda, ölkəmizin digər rayonlarında da sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır.
Yeri gəlmişkən, aqrar sahənin formalaşdırılmasında torpaq bazarının inkişaf etdirilməsi mühüm önəm daşıyır. Elə buna görə də kənd təsərrüfatı təyinatlı torpaqların alqı-satqı, icarə və istifadəyə verilməsi ilə bağlı prosedurların sadələşdirilməsi və bu sahədə şəffaflığın artırılması məqsədilə təkliflər hazırlanıb. Həmin təkliflər işçi qrupun iclasında geniş müzakirə edilib və yeni təkliflər irəli sürülüb. Bununla yanaşı, regionlarda mobil ofislər vasitəsilə daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. Mobil ofislər vasitəsilə sənədlərin qəbulu zamanı kənd təsərrüfatı təyinatlı torpaqların mülkiyyətçilərinə (icarədarlarına) qanunvericiliyin tələbləri izah edilir, bu torpaqların yalnız məqsədli təyinatına uyğun istifadə edilməli olduğu diqqətə çatdırılır.
“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə müəyyənləşdirilən tədbirlərin həyata keçirilməsindən də göründüyü kimi, Azərbaycan artıq dünyada özünəməxsus milli inkişaf modeli ilə seçilən, habelə sərmayədar dövlət və qlobal böhran şəraitində belə makroiqtisadi sabitliyi reallaşdıran ölkə kimi inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizin, eyni zamanda, dünyda güclü, müstəqil və müasir inkişaf edən bir respublika olaraq nüfuz qazanması da bunun bariz ifadəsidir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.