Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı iqtisadi sahədə əsas prioritet olacaqdır

Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Hesabatda ölkəmizin yüksək yerdə qərarlaşmasına mühüm təsir göstərən amillərdən biri də Azərbaycan Prezidenti İlham Əliyevin  uğurlu siyasəti nəticəsində respublikamızda makroiqtisadi sabitliyin təmin edilməsi, əlverişli biznes və investisiya mühitinin  yaradılması və ixracın şaxələndirilməsi istiqamətində əsaslı tədbirlərin həyata keçirilməsidir. Ölkədə investisiya siyasətinə üstünlük verilməsi, iqtisadi sahəyə yönəldilən əsaslı vəsait qoyuluşunun artırılması da mühüm önəm daşıyır. Bunu son 10 il ərzində Azərbaycan iqtisadiyyatına ayrılan əsaslı vəsait qoyuluşunun həcminin 100 milyard manatdan çox olması, qeyri-neft sektorunun 2,6 dəfə artaraq milli iqtisadiyyatda payının 70 faizə çatması, özəl sektorun ÜDM-də xüsusi çəkisinin 80 faizi ötməsi, ölkənin regionlarının inkişafına yönələn ardıcıl dövlət proqramlarının icrası sayəsində 1,6 milyondan çox iş yerlərinin açılması, işsizliyin 5 faizə enməsi kimi faktlar da təsdiqləyir.

Prezident İlham Əliyev bu il yanvarın 18-də iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə qeyri-neft sektorunun inkişafının ölkə üçün xüsusi önəm daşıdığını qeyd etmişdir. Dövlətimizin başçısı qeyri-neft sektorunu, xüsusən də kənd təsərrüfatı və emal sənayesini ölkənin gələcək inkişafında əsas prioritet sahələr kimi göstərmiş, bununla bağlı hökumətin qarşısında ciddi tələblərin qoyulduğunu, görüləsi işlərin çox olduğunu bəyan etmişdir.

Azərbaycan Prezidenti qeyri-neft sektorunun inkişafı ilə bağlı məsələyə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da münasibət bildirmiş, bu sahənin respublikanın gələcək inkişafında mühüm əhəmiyyət daşıdığını bir daha vurğulamışdır: “Bu gün qeyri-neft sektorunun inkişafı böyük əhəmiyyət daşıyır. Son illər ərzində bu istiqamətdə böyük işlər aparılmışdır. Əgər biz vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, hazırda iqtisadi inkişafımız o qədər də uğurlu olmazdı. İqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı bundan sonra da iqtisadi sahədə əsas prioritet olacaqdır. Əminəm ki, biz cari il ərzində bu istiqamətdə daha böyük uğurlara nail olacağıq. Ümumiyyətlə, ümumi daxili məhsulumuzun strukturu müsbətə doğru dəyişmiş, qeyri-neft sektorunun çəkisi artmışdır. Bu, müsbət haldır. Neftdən asılılıq azalmışdır. Ancaq biz bu asılılığı minimum səviyyəyə endirməliyik ki, gələcəkdə neftin qiymətindən asılı olmayaq. Vəzifə bundan ibarətdir. Hesab edirəm ki, biz düşünülmüş siyasət, gərgin iş nəticəsində buna nail ola biləcəyik”.

Aparılan iqtisadi islahatlar, həyata keçirilən sənayeləşmə siyasəti, qeyri-neft sektoruna verilən dövlət dəstəyi nəticəsiz qalmamışdır. Bu, Dövlət Statistika Komitəsinin (DSK) cari ilin yanvar-avqust ayları üzrə açıqladığı rəqəmlərdən də aydın görünür. Həmin dövrdə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9868,5 milyon manat və ya əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 0,1 faiz çox vəsait yönəldilmişdir. Vəsaitin 5969,9 milyon manatı neft sektoruna, 3898,6 milyon manatı isə qeyri-neft sektoruna yönəldilmiş, ümumi sərmayənin 72,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. İstifadə olunmuş vəsaitin 78,7 faizi məhsul istehsalı obyektlərinin, 16 faizi xidmət sahələri üzrə obyektlərin, 5,3 faizi isə ümumi sahəsi 1117,2 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 39  faizini təşkil etmişdir.

2017-ci ilin yanvar-iyul aylarında ölkə sənayesində 21,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz az sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,6 faiz artmış, neft sektorunda isə 7,1 faiz azalmışdır.

Qeyri-neft sektorunda sənayedən sonra ən böyük sahə kənd təsərrüfatıdır. Dövlət bu sahənin inkişafına daim diqqət və qayğı göstərir. Kənd təsərrüfatının inkişafı iki mühüm amilə görə ölkəmiz üçün strateji əhəmiyyət daşıyır. Birincisi, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, ikincisi, bölgə əhalisinin məşğulluğunu reallaşdırmaqla rifah halının yaxşılaşdırılması. Göründüyü kimi, aqrar sektorun inkişafı iqtisadi amillə yanaşı, siyasi və sosial mahiyyət də daşıyır. Bu səbəbdən də hazırda aqrar sektorda daha mühüm layihələrin həyata keçirilməsi,   məhsul istehsalçılarına olunan güzəştlərə xüsusi önəm verilməsi  təsadüfi deyil. Təkcə cari ildə 150 min hektardan çox torpağın əkin dövriyyəsinə cəlb edilməsi, həmin sahələrdə yüksək məhsuldarlığa nail olmaq məqsədilə suvarma suyu və elektrik enerjisi ilə təminat layihələrinə 250 milyon manatdan çox dövlət vəsaitinin yönəldilməsi dediklərimizin bariz ifadəsidir.

Xatırladaq ki, son illərdə regionlarda yüksək texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələr açılıb, yerli tələbatın ödənilməsi ilə bərabər, bir sıra istiqamətlər üzrə ixrac potensialı gücləndirilib. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kreditlər hesabına 51 logistik mərkəzin, 23 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 20 iri fermer, 23 müasir heyvandarlıq, 56 istixana, 16 üzümçülük, 23 bağçılıq və 39 quşçuluq təsərrüfatının, 10 süd emalı, digər istehsal müəssisələrinin yaradılması, son illərdə mövcud istixanaların ərazisinin dəfələrlə genişləndirilməsi aqrar sektorda ixracın artırılmasına böyük töhfə verib.

Bu gün respublikada qeyri-neft sektorunu sürətlə inkişaf etdirmək, sahibkarlığın inkişafına əsaslanan, diversifikasiya olunmuş, rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi artımı təmin edən milli iqtisadiyyatın formalaşdırılmasına nail olmaq dövlətin iqtisadi siyasətinin başlıca hədəfidir. Son illər ölkədə aparılan uğurlu iqtisadi islahatlar nəticəsində bu sahədə bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilmiş, biznes və investisiya mühiti daha da yaxşılaşdırılmışdır. Makroiqtisadi və maliyyə sabitliyi bərqərar edilmiş, ticarət balansında müsbət saldo bərpa olunmuş və valyuta ehtiyatları əhəmiyyətli miqdarda artmışdır.

Hazırda dünyada baş verən tendensiyalar onu göstərir ki, ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün görülən işlər davam etdirilməlidir. Mövcud iqtisadi imkanlarımız dünya iqtisadiyyatında baş verən mənfi halların təsirinə qarşı daha operativ müqavimət göstərə bilməlidir. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin işlənib hazırlanması da bu zərurətdən doğub. Adıçəkilən sənədin təsdiq olunması barədə ölkə Prezidentinin imzaladığı 6 dekabr 2016-cı il tarixli fərmanda deyilir: “Son dövrlərdə istər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər, neft gəlirlərinin kəskin azalması, mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir. Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşması qarşıda duran əsas prioritet vəzifələrdəndir”.

Strateji Yol Xəritəsində əsas hədəflərdən biri qeyri-neft sektorunu inkişaf etdirmək, ölkənin neft amilindən asılılığını aradan qaldırmaqdır. Ötən dövrü təhlil edəndə görürük ki, 2010-cu ilədək ölkəmizdə iqtisadi artımın hərəkətverici amili neft sektoru olmuşdur. Lakin 2010-2014-cü illərdən başlayaraq artıma töhfə verən sahələrdən biri qeyri-neft sektorudur. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə qeyri-neft sektorunda 6,9 faiz, o cümlədən tikinti sektorunda 8,8 faiz, xidmət sektorunda 7,6 faiz artım müşahidə edilib. Bu sektorların ÜDM-dəki paylarının təhlili göstərir ki, təbii ehtiyatlar, o cümlədən neft və qaz 2014-cü ildə iqtisadi artıma cəmi 37 faiz töhfə verib.

Heç şübhəsiz, qeyri-neft sektorunun Azərbaycan iqtisadiyyatındakı gələcək rolu daha yüksək olacaq. 2025-ci ildən sonra Azərbaycanın şaxələndirilmiş və dayanıqlı iqtisadiyyatında ümumi əlavə dəyərin dörddə üçündən çoxu qeyri-neft sektorunda yaranacaq. Bu dövrdə innovasiya əsaslı inkişaf modelinə keçid əvvəlki illərdə rəqabət üstünlüyü olan və inkişaf etmiş qeyri-neft sektorunda ixtisaslaşmanın dərinləşməsi hesabına daha çox dəyərin ölkədə qalmasını təmin edəcək. Beləliklə, iqtisadiyyatın həm regional, həm də sahələrarası strukturunun optimallığı artacaq ki, bu da tarazlı və dayanıqlı inkişafı təmin edəcək. Xüsusilə, Azərbaycanda regional inkişaf mərkəzlərinin formalaşması bölgələrdə iqtisadiyyatın rəqabətqabiliyyətli sahələrində ixtisaslaşmanın dərinləşməsi hesabına ümumi iqtisadi inkişaf təmin olunacaq.

Strateji Yol Xəritəsində qeyri-neft sektorunun gələcək inkişafı üçün digər hədəflər də var. Məsələn, qeyri-neft sektoruna yönəldilən birbaşa xarici investisiyaların qeyri-neft ÜDM-dəki payının artırılması nəzərdə tutulub. Çünki ümumi inkişafda xarici investorların rolu çox əhəmiyyətlidir. Onlar yalnız sərmayə qoymurlar, eyni zamanda, yeni sektorlara və dəyər zəncirlərinə daxil olmaq üçün zəruri olan yeni bacarıqlar, texnologiyalar və şəbəkələşmə imkanları gətirirlər.

Digər bir hədəf qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına düşən 170 ABŞ dolları 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırmaqdır. Strateji Yol Xəritəsində ticari mal və xidmət, eləcə də istehsal və turizm sektorlarında 2025-ci ilə qədər 150 min əlavə iş yerinin yaradılması da nəzərdə tutulur.

Bir sözlə, Strateji Yol Xəritəsində nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi nəticəsində dünya iqtisadiyyatında baş verən mənfi tendensiyalardan ölkə iqtisadiyyatını maksimum dərəcədə qorumaq mümkün olacaq və bu hesaba əhalinin sosial rifahı daha da yaxşılaşacaq. Qəbul edilən strateji sənəd ölkənin uzunmüddətli inkişafının əsas istiqamətlərini müəyyənləşdirməklə yanaşı, onun planlı şəkildə həyata keçirilməsini də təmin edəcək.

Əsas vəzifələrdən biri də qeyri-neft sektorunun inkişafı ilə yanaşı, bu sahədə ixracın genişləndirilməsidir. Ölkə rəhbərinin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli sərəncamı, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 1 mart 2016-cı il tarixli fərmanı və digər hüquqi sənədlər göstərdi ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafında yeni mərhələ başlayır. Həmin sənədlərə uyğun olaraq, qeyri-neft sektorunda istehsalın və ixracın stimullaşdırılması kimi mühüm tədbirlər həyata keçirildi, iş adamlarına vergi və gömrük güzəştləri tətbiq olundu. Azərbaycan məhsullarının xarici ölkələrdə tanıdılması üçün ixrac missiyalarının həyata keçirilməsinə başlanıldı.

Son nəticədə bütün bunlar qeyri-neft sektorunun inkişafına və qarşıdan gələn dövrdə yeni iqtisadi uğurların əldə edilməsinə yol açdı. Həyata keçirilən islahatların müsbət nəticələri cari ilin yanvar-iyul aylarında özünü göstərmişdir.  Belə ki, həmin dövrdə Azərbaycanın hüquqi və fiziki şəxsləri tərəfindən 107 ölkəyə məhsul ixrac olunmuşdur. Bu isə onu göstərir ki, islahatlar real nəticə verir və hazırda Azərbaycanda qeyri-neft sektoru özünün yeni inkişaf dövrünü yaşayır.

Təbii ki, qeyri-neft ixracının çoxalmasında “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı həyata keçirilən ixrac missiyaları da böyük rol oynayır. Bu ilin ötən aylarında “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı Honq Konq da daxil olmaqla Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə, Qazaxıstana 8 ixrac missiyası həyata keçirilmişdir. Bunun nəticəsi olaraq Çinə şərab, Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına, Oman və Malayziyaya alma və nar şirəsi, Qazaxıstana sənaye boyası ixrac olunmuşdur.

Həmçinin çay və narın Almaniyaya, nar şirəsinin İsveçə ixracı, Qətərdə park mebelinin təşviqi  və satışına dair müqavilə imzalanmış, Əfqanıstana quru süd, mebel və süd məhsullarının, nar şirəsi, qənnadı məhsulları, fitinq və polietilen borular, metal konstruksiyaların və digər tikinti materiallarının, Qətərə ət, nar şirəsi və Naftalan neftindən kosmetoloji və tibbi məhsulların ixracı, Qazaxıstana kosmetoloji və tibbi məhsullar və meyvənin ixracına dair ilkin razılaşmalar əldə edilmiş, Pakistana mebel, pambıq çiyidi, nar, şokolad məhsulları, konservləşdirilmiş pomidor, göbələk və digər məhsullar göndərmək üçün sifarişlər qəbul olunmuşdur.

Bütün bunlar o deməkdir ki, Azərbaycan iqtisadiyyatında həyata keçirilən uğurlu islahatlar artıq öz müsbət nəticələrini verməkdədir. Qeyri-neft məhsullarının xaricə daha böyük həcmdə ixracı dolayısı ilə ölkəmizdə qeyri-neft sektoru istehsalının artdığını təsdiq edir. Tam əminliklə demək olar ki, yaxın gələcəkdə bu artım daha da sürətlənəcək və ölkəmizə daxil olacaq möhkəm valyutanın həcmi qat-qat artacaq.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında