Ümumiyyətlə, turizm sənayesinin dəyişən dinamikasına müvafiq olaraq son illərdə dünya miqyasında yeni biznes modelləri, sosial şəbəkə və güclü istehlakçı kütləsinin formalaşması qlobal bazarı nəzərəçarpacaq şəkildə dəyişmişdir. Turistlərin sayının artmasını nəzərə alaraq, fərqli maraq dairəsinə malik turistlərə xidmət məqsədilə turizm sektoru mümkün olan bütün seçimləri və növləri diversifikasiya etmişdir.
Turizm məkanlarının geniş seçimini təmin etməklə yanaşı, bu amillər yeni bazar təmayüllərinə uyğunlaşmaq üçün mövcud struktur və marketinq strategiyalarının yenidən qiymətləndirilməsi zərurətini ortaya çıxarmışdır. Bu baxımdan, dövlət və özəl sektorun nümayəndələri eksklüziv və innovativ təklifləri artırmaqla ixtisaslaşmış turizmi, müxtəlif biznes modellərini formalaşdırmalıdır ki, potensial imkanlardan tam və səmərəli istifadə təmin olunsun.
Qloballaşan dünyada yüksək gəlir vəd edən turizm məhsulları və xidmətləri daim diqqət və istehlakçı istəklərinə uyğunlaşma tələb edir. Azərbaycan Respublikasında turizm məhsulunun inkişafı üçün özəl təşəbbüslərin dəstəklənməsi, yerli və regional səviyyədə əlverişli koordinasiyanın qurulması, bütün diqqətin istehlakçının tələbinə yönəldilməsi, məhsulun inkişafında regional və tematik hədəfin gücləndirilməsi, həmçinin maraqlı və cəlbedici məhsulların bir-biri ilə əlaqələndirilməsi vacib məqamlardandır. Ümumiyyətlə, ölkəmizin bir çox turizm növləri üzrə potensialı vardır və həmin potensialın reallaşdırılması üçün dövlətin, eləcə də özəl sektorun davamlı dəstəyi vacib faktorlardandır. Nəzərə alsaq ki, Azərbaycan rəngarəng iqlimə, əsrarəngiz təbiətə, müalicəvi bulaqlara, otlara, dənizə, çoxmillətli əhaliyə, müxtəlif dinlərə malik insanların yaşadığı multikultural ənənələrə və s. malik olan, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşən bir məkandır, onda ölkəmizdə turizm xidmətlərinin ixtisaslaşdırılmasının əhəmiyyəti aydın olar. Bir məsələni xüsusi qeyd etmək istərdim ki, Azərbaycan məscid və kilsənin hər ikisinə Allahın evi kimi yanaşıldığı, dəyər verildiyi, çoxsaylı qədim dini abidələr, ziyarətgahlarla zəngin bir ölkədir və s. Bütün bunlar da, öz növbəsində, müxtəlif turizm növlərinin inkişafı üçün zəmin yaradır.
“Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair” Strateji Yol Xəritəsində də ölkə turizminin gələcək inkişafı ilə bağlı bir sıra məsələlər öz əksini tapıb. Qısa, orta və uzunmüddətli dövr üçün Azərbaycanda turizm sektorunun inkişafı məqsədilə hazırlanan Yol Xəritəsində 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış müəyyən edilib. Mövcud imkan və potensialdan səmərəli istifadə etməklə Azərbaycanın 2025-ci ilədək cəlbedici turizm məkanlarından birinə çevrilməsi planlaşdırılır. Sonrakı dövr üzrə perspektiv isə Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək, mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimuma çatdırılmasını təmin etməkdir.
2025-ci ilə qədər Azərbaycanın yerləşdiyi region daxilində ən hərəkətli hava limanlarından birinə malik olması məqsədi də qarşıya qoyulub. Bununla Avropanın iri şəhərlərini əhatə edən birbaşa uçuşların sayının 100-ə çatdırılması hədəflənir. 2020-ci ildə ümumilikdə 8500 olmaqla, bilavasitə turizm sektorunda 6100 yeni iş yerinin açılacağı proqnozlaşdırılır. Təbii ki, bütün bunların reallaşmasında mühüm məsələlərdən biri də turizm sektorunun kadr təminatıdır. Başqa sözlə desək, tələbata uyğun kadrların olmadığı halda, seçilmiş hədəflərə çatmaq qeyri-mümkündür. Onu da qeyd edək ki, hazırda Azərbaycanın turizm sənayesində çalışanların sayı 40 min nəfərdən çoxdur. Turizm obyektləri ilə yanaşı, xidmət sektoru, turizm üzrə mütəxəssislərin hazırlanması və həmin müəssisələrdə işlə təminat da əsas məqamlardandır.
Qeyd edildiyi kimi, Strateji Yol Xəritəsi müxtəlif turizm növlərinin inkişafına hədəflənmiş təkmil bir sənəddir. Konkret turizm növlərinə gəldikdə isə regionların mədəni irsini, əhalinin həyat tərzini, tarixini, incəsənətini, memarlığını, dinini və digər sahələri əhatə edən turizm növü kimi mədəni turizmin inkişafı təmin edilməlidir. Azərbaycanın mədəni irsinin və turizm potensialının ölkəmizdə və xaricdə təbliği prioritet fəaliyyət istiqamətidir. Bu sırada beynəlxalq turizm sərgilərində iştirak xüsusilə qeyd edilməlidir. Son dövrlər İstanbul, Dubay, Tokio, Berlin, Madrid, Nyu-York, London, Moskva, Paris və digər şəhərlərdə – ümumilikdə 18 beynəlxalq turizm sərgisində ölkəmizin milli stendi qurulub. Müvafiq dövlət qurumları ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri də bu sərgilərdə iştirak ediblər. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə “Azərbaycan şəhərciyi” adlı sərgi və digər silsilə tədbirlər keçirilib. Ölkəmizin turizm imkanlarına dair reklam çarxları CNN, “Euronews” və Rusiyanın dörd telekanalında nümayiş olunub.
2016-cı il martın 5-6-da Bakı ilk dəfə Lüsern Dünya Turizm Forumu Beyin Mərkəzinin toplantısına ev sahibliyi etdi. Tədbirdə 30-a yaxın transmilli korporasiyanın, qlobal qeyri-hökumət təşkilatlarının rəhbərləri təmsil olunurdular. Aprel ayında isə paytaxtımızda ənənəvi Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AİTF) keçirildi. Bu il 15 yaşını qeyd edən AİTF Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (UNWTO) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) tərəfindən də dəstəklənir. 29 ölkədən 300-dən çox şirkət və təşkilatın qatıldığı sərgidə Azərbaycanın şəhər və rayonlarının da stendləri yer almışdı. Bütün bunlar ölkəmizdə turizmin, xüsusilə də mədəni turizmin inkişafı üçün ciddi zəmin yaradır.
Mədəni turizm şəhərlərdə, həmçinin kənd yerlərində tarixi məkanlara, mədəniyyət obyektləri olan qoruqlara, abidələrə, muzeylərə, teatrlara, köhnə və yeni memarlıq nümunələrini, eləcə də yerli əhalinin həyat tərzini və milli dəyərlərini əks etdirən festivallara və bayramlara ziyarəti nəzərdə tutan turizm növüdür. Məlum olduğu kimi, mədəni turizm məqsədilə ölkəyə gələn şəxslər adi turistlərlə müqayisədə öz pullarının çox hissəsini xidmətlərə xərcləyirlər. Turizmin bu növü bütün dünyada artıq kifayət qədər məşhurlaşmışdır. Ölkənin mədəni turizm potensialına Bakıda incəsənət qalereyaları, milli musiqi növü – muğam, dünya caz musiqisi, milli və xarici rəqslər, ləziz və çeşidli milli mətbəx və s. daxildir. O cümlədən, Böyük İpək yolu, məşhur hərbi yürüşlər, tarixi döyüş yerləri, qədim tarixə malik abidələr və s. mədəni turizmin bir hissəsi olmaqla müxtəlif əraziləri əhatə edir. Turistlərin zövqünə uyğun tarixi və mədəni xarakterli turizm marşrutları dünyada daha yaxşı qəbul olunur və bu səbəbdən Azərbaycan Respublikası üçün də potensial turizm məhsulu kimi qəbul edilə bilər.
Ölkəmizin zəngin imkanlara malik olduğu turizm növlərindən biri də sağlamlıq turizmidir. Azərbaycan Respublikası həm ənənəvi, həm də müasir müalicə imkanlarına malikdir. Ölkədə isti və mineral bulaqların sayı minlərlədir və bunlardan İstisu, Turşsu, Badamlı, Qalaaltı, Şıxburnu, Suraxanı suları ən tanınmış müalicəvi su mənbələrindəndir. Eləcə də Azərbaycanın ən mühüm kurort resurslarından biri Naftalan neftidir. Naftalan neftindən yel xəstəliyinin, damarlarda və hərəkət orqanlarında olan xəstəliklərin, həmçinin maddələr mübadiləsinin pozulması, dəri və ginekoloji xəstəliklərin müalicəsi zamanı istifadə olunur. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası nadir Duz dağı ilə çox məşhurdur ki, bu da sağlamlıq turizminin inkişafı üçün geniş imkanlar açır.
Azərbaycan Respublikasında dağ və qış turizm növləri də perspektivli sahələrdəndir. Ölkəmizdə bu turizm növündən istifadə imkanları genişdir. Bu turizm növü əsasən təbiəti sevən, quşları və vəhşi heyvanları müşahidə etməyi, fiziki gərginliyi və həyəcanlı idman növlərini xoşlayan şəxslərin daxil olduğu xüsusi turist qruplarını cəlb edir. Ölkə ərazisində dağ və qış turizminin inkişafı istiqamətində atılmış məqsədyönlü addımlar nəticəsində dağların yamacları turizm məkanı kimi inkişaf etdirilmişdir. Belə ki, bu gün “Şahdağ” Turizm Mərkəzi QSC və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi dünyanın məşhur istirahət mərkəzlərinə çevrilmişdir.
Son illər ölkəmizin ciddi uğurlar qazandığı, ev sahibliyi etdiyi istiqamətlərdən biri də idman yarışlarıdır. Bütün bunlar ölkəmizdə idman turizminin də inkişafı üçün zəngin imkanlar açır. Ümumiyyətlə, idman Azərbaycanda ən sürətlə inkişaf edən sahələrdəndir. Son illərdə idman infrastrukturunun inkişafına böyükhəcmli maliyyə vəsaiti qoyulmuşdur. Bakı, Masallı, Şəki, Quba, Qazax, Gəncə, Naxçıvan və s. digər şəhər və rayonlarda Olimpiya komplekslərinin istifadəyə verilməsi ölkədə müvafiq idman növləri üzrə nüfuzlu idman yarışlarının təşkilinə imkan verir. Bütün bunlarla yanaşı, dənizə çıxışın olması, flora və fauna imkanları da müxtəlif turizm növlərinin inkişafına şərait yaradır. Məhz bu baxımdan da turizmin müxtəlif növlərinin ixtisaslaşdırılmasını nəzərdə tutan Strateji Yol Xəritəsi olduqca mühüm əhəmiyyətli bir proqram sənədidir və bu sənəd neft ölkəsi kimi tanınan Azərbaycanın tezliklə turizm ölkəsi kimi də məşhurlaşmasına imkan yaradacaqdır.
Aqil ƏSƏDOV,
AMEA İqtisadiyyat İnstitutunun
şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.