Azərbaycan dünyanın lider dövlətləri sırasında

Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirildiyinə görə, beynəlxalq aləmin ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Qlobal rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci və Ermənistan 73-cü sırada yer alıb.

“2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi 12 indikatordan aşağıdakı doqquz indikator üzrə yaxşılaşıb: institutlar (15 pillə irəliləyərək 33-cü yer), infrastruktur (4 pillə irəliləyərək 51-ci yer), səhiyyə və ibtidai təhsil (1 pillə irəliləyərək 74-cü yer), ali təhsil və təlim (10 pillə irəliləyərək 68-ci yer), əmtəə bazarının səmərəliliyi (19 pillə irəliləyərək 31-ci yer), əmək bazarının səmərəliliyi (9 pillə irəliləyərək 17-ci yer), maliyyə bazarının inkişafı (18 pillə irəliləyərək 79-cu yer), biznesin mürəkkəbliyi (20 pillə irəliləyərək 40-cı yer) və innovasiya (11 pillə irəliləyərək 33-cü yer). Beləliklə, ölkəmiz ən böyük irəliləyişi biznesin mürəkkəbliyi kateqoriyası üzrə əldə edib – 20 pillə. Bu sahədə xüsusilə klaster inkişafı və rəqabət üstünlüyü meyarlarında daha çox irəliləyiş əldə edilib.

İnfrastruktur kateqoriyasında Azərbaycanın nəqliyyat sistemi 140 ölkə arasında 43-cü yerdə qərarlaşıb. Əmək bazarının səmərəliliyi kateqoriyasında “istedadların səmərəli istifadəsi” göstəricisinə görə, Azərbaycan dünyada 17-ci pillədə qərarlaşıb. Ölkəmiz bu göstəriciyə əsasən, İsrail, İrlandiya, Belçika, Avstriya və Estoniya kimi rəqibləri üstələyib. Əmtəə bazarının səmərəliliyi indikatorunda ölkəmiz rəqabət elementi üzrə 32-ci, tələbin keyfiyyət şərtinə görə isə 31-ci yerdə gəlir.

Yalnız iki indikator – makroiqtisadi mühit və texnoloji hazırlıq üzrə geriləmə olub. Xarici şokların təsirinə baxmayaraq, “makroiqtisadi mühit” kateqoriyası altında “hökumətin büdcə balansı” göstəricisinə əsasən, Azərbaycan 140 ölkə arasında 37-ci olub. Bu kateqoriyada “hökumətin borcu” göstəricisinə görə də Azərbaycanın mövqeləri güclüdür: 43-cü yer. Makroiqtisadi mühit kateqoriyasında Azərbaycanın geriləyən göstəricilərindən biri inflyasiya səviyyəsi olub.

Bazarın həcmi indikatoruna görə isə hesabatdakı mövqeyimizdə dəyişiklik baş verməyib.

“2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda struktur problemləri əsas qlobal çağırış olaraq qiymətləndirilsə də, Azərbaycan institutlar üzrə göstəriciyə görə dünyada 33-cü pillədədir. Hesabatda qeyd edilir ki, dünya ölkələri üçün dördüncü sənaye inqilabı innovasiya sahəsində çağırışlar ortaya qoysa da, Azərbaycan bu sahədə, əksinə, mövqelərini gücləndirib və 33-cü pilləyə yüksəlib. Xüsusilə, yüksək texnologiyalar sahəsində hökumət tədarükü elementi üzrə Azərbaycan 14-cü yerdə qərarlaşıb və Honq Konq, Niderland, Norveç və Böyük Britaniya kimi ölkələri geridə buraxıb. “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda dünyada əsas narahatedici trendlərdən biri kimi “dağıdıcı bərabərsizlik” qeyd edilsə də, Azərbaycan Cini əmsalının aşağı olmasına görə, sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi qiymətləndirilir.

 

Regionların iqtisadi  potensialı gücləndirilir

 

Sözügedən hesabatda Azərbaycanın yüksək yerdə qərarlaşmasına mühüm təsir göstərən bir neçə mühüm amilə nəzər salaq. Əvvəlcə xatırladaq ki,  “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 13 iyul tarixli sərəncamından sonra bu sahədə kompleks tədbirlər davam etdirilib. Keçən qısa müddət ərzində cənab İlham Əliyevin  uğurlu siyasəti nəticəsində Azərbaycanda siyasi və makroiqtisadi sabitlik təmin edilib, əlverişli biznes və investisiya mühiti yaradılıb.

Yeri gəlmişkən, görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, dünyadakı mürəkkəb siyasi və iqtisadi proseslərə, bir çox ölkələrin ciddi iqtisadi, maliyyə və sosial problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı hazırda həmin təsirlərə qarşı dayanıqlıq nümayiş etdirir, gəlirlərin azalması fonunda belə bütün sosial proqramlar icra olunur. İndiki mərhələdə qeyri-neft sektorunun inkişafı prioritetdir və bu baxımdan regionlar böyük potensiala malikdir. Son illərdə regionların iqtisadi potensialını gücləndirmək məqsədilə müasir tələblərə cavab verən infrastruktur layihələri icra olunub, dövlət dəstəyi tədbirləri nəticəsində qabaqcıl texnologiyalara əsaslanan müəssisələr yaradılıb, iş yerləri açılıb və digər əhəmiyyətli işlər görülüb.

Prezident İlham Əliyevin sahibkarlığın inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tapşırığı istiqamətində mühüm addımlar atılıb, dövlətin güzəştli kreditləri hesabına investisiya layihələrinin maliyyələşdirilməsi və eləcə də kiçik sahibkarlığın daha da inkişaf etdirilməsi üçün müvafiq tədbirlər görülüb. 

Dövlət tərəfindən ayrılan kreditlər və İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xəttilə görülən işlər də sahibkarlığın inkişafına böyük dəstəkdir. Belə ki, SKMF tərəfindən bu ilin ötən dövrü ərzində minə qədər sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 80 milyon manata yaxın güzəştli kredit verilib.

Azərbaycanda biznes mühitinin inkişafından danışarkən, qeyd edək ki, son illərdə sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən gələn gəlirlərin sürətlə artması bazar iqtisadiyyatı sisteminin formalaşdırılması, habelə özəl mülkiyyətin əsaslarının möhkəmləndirilməsi fonunda baş verib ki, buna da səbəb qanunvericilik bazasının təkmilləşdirilməsi, müxtəlif dövlət proqramları həyata keçirilərək iqtisadiyyatın ayrı-ayrı sahələrinə dövlət qayğısının artırılması,  iqtisadiyyatın idarə edilməsinə müasir yanaşmanın ortaya qoyulması olub. Gəlirlərin artımının inflyasiyanı ciddi faizlərlə üstələməsi həm son istehlaka,  həm də yığıma yönəldilən vəsaitlərin səmərəli artımına gətirib çıxarıb.  

Biznes mühitinin dinamik inkişafı ilə bağlı onu da xatırladaq ki, respublikada təkcə yerli sərmayədarlar üçün deyil, həm də xarici investisiyalara əlverişli vergi mühiti yaradılıb. Biznesə başlama prosedurları əsaslı şəkildə sadələşdirilib, vergi qanunvericiliyində çoxlu güzəştlər müəyyənləşdirilib, sahibkarlığın və ixracın təşviqinə yönələn bir sıra tədbirlər reallaşdırılıb.

Özəl sektor, kiçik və orta sahibkarlıq, sadəcə olaraq, biznes mühitini yaxşılaşdırmaq, yeni iş yerləri yaratmaq üçün deyildir. Sahibkarlığın inkişafı, əslində, çox böyük islahat deməkdir. Bu islahat ölkə başçısı İlham Əliyevin fərman və sərəncamlarına əsasən, respublikamızda uğurla aparılır. Ölkə başçısının “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq, son illərdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən, prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız yoxlamaların qarşısının alınması və digər istiqamətlər üzrə davam etdirilib. 

Ölkədə sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində hazırda sistemli tədbirlər davam etdirilir, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılır. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində keçirilən islahatların davamı olaraq, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilib.

Bununla yanaşı, ölkə Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda  onun tətbiq dairəsi, yoxlamaların məqsəd və prinsipləri, yoxlayıcı orqanların səlahiyyətləri ilə yanaşı, sahibkarlara məsləhətlərin verilməsi kimi çox əhəmiyyətli müddəalar nəzərdə tutulub. Hazırda ölkədə tətbiq edilən bu qanun vahid məlumat reyestrinin olmasına, sahibkarların işə məsuliyyətlə yanaşmalarına və nəticədə istehlakçıların hüquqlarının qorunmasına yönəldilib.  

Hazırda ölkədə biznesə başlama ilə bağlı prosedurlar 15-dən 2-yə, sərf olunan vaxt isə 30 gündən 2 günə endirilib. Fərdi sahibkarlar 2011-ci ildən, yerli investisiyalı müəssisələr isə 2012-ci ildən etibarən elektron qaydada qeydiyyata alınır. 

Biznesə başlanılması prosedurunun sadələşdirilməsi ilə bağlı digər faktlara da nəzər salaq. Hazırda ölkəmizin Vergi Məcəlləsində 104 azadolma və 25 güzəşt növü olmaqla cəmi 129 güzəşt və azadolma mövcuddur. Bununla yanaşı, Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında inzibatçılıq qaydaları sadələşdirilib. Eyni zamanda, elektron müraciət olunması, bütün gəlir növləri üzrə güzəştlərin əvvəlcədən tətbiq edilməsi, formanın təsdiqinin gəlir ödəyən şəxsə birbaşa onlayn göndərilməsi imkanı yaradılıb.

 

Vergi ödəyiciləri ilə münasibətlər partnyorluq səviyyəsində qurulur

 

“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd olunub ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun tətbiqindən sonrakı 20 ay ərzində vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində cəmi 96 yoxlama, o cümlədən 2017-ci ilin ilk 6 ayı ərzində 26 yoxlama keçirilib.

Yoxlamaların dayandırılmasından əvvəlki 20 ay ərzində isə vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində keçirilmiş yoxlamaların sayı 100 mindən çox olub.

Qeyd olunub ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının növbəti müddətə artırılması üçün qanunvericilik aktlarının layihələri hazırlanıb və baxılması üçün aidiyyəti qurumlara təqdim edilib. Yaxın vaxtlarda bu məsələ ilə bağlı yeni qərarların qəbul olunacağı gözlənilir.

 

İqtisadi islahatlar dərinləşir

 

Cari ilin martında BMT-nin, may ayında isə Dünya Bankının dərc etdirdiyi hesabatlarda əksini tapan innovativ insan potensialına əsaslanan davamlı inkişaf göstəricilərinə görə, Azərbaycan hazırda dünya liderləri sırasındadır. Bu gün ölkəmizin qazandığı hər bir uğurun təməlində ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın hərtərəfli inkişafına və tərəqqisinə hesablanan inkişaf strategiyası dayanır.

Respublikamızda iqtisadi islahatların yeni mərhələsinin başlanması ilə əlaqədar mühüm tədbirlər həyata keçirilir. Mütəxəssislərin fikrincə, bu gün artıq 2050-ci ili proqnozlaşdırarkən, neft sahəsi ilə yanaşı, aqrar sektorun, tikintinin, infrastruktur layihələrinin də həyata keçirilməsiplanlaşdırıla bilər. Azərbaycanda iqtisadi islahatların dərinləşməsi möhkəm təməl üzərində qurulur. Məşğulluğun dinamikasında artım, regionların inkişafı, digər strateji proqramların uğurla həyata keçirilməsi iqtisadi islahatların dərinləşməsi üçün möhkəm baza yaradır.

Azərbaycan iqtisadiyyatında islahatlar bəhrəsini verməkdədir. İslahatların bu il ən böyük uğurları kimi tədiyə balansında müsbət dəyişiklik, manatın sabitliyi, strateji valyuta ehtiyatlarının artması, həmçinin biznesin və ev təsərrüfatlarının gözləntilərinin müsbətə doğru dəyişməsi qeyd edilə bilər.

“Doing Business” indeksinin 9 alt indikatoru üzrə islahatlar davam edəcək. “Doing Business” hesabatı üzrə Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılması ilə bağlı 2017-2018-ci illər üzrə tədbirlər planı çərçivəsində atılacaq addımlar sırasında əsasən, tikintiyə icazələrin verilməsi, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı, kreditlərin alınması, kiçik investorların maraqlarının qorunması, vergilərin ödənişi, sərhəddə ticarət, müqavilələrin icrasının təmin edilməsi, müəssisələrin bağlanması istiqamətində islahat tədbirlərinə xüsusi yer verilib.

 

 Əsas vəzifə rəqabət qabiliyyətinin  təmin edilməsidir

 

2015-ci ildən etibarən dünyada neft qiymətlərinin aşağı düşməsi və dəyişən makroiqtisadi amillər iqtisadi islahatların keyfiyyətcə yeni mərhələyə yüksəlməsini labüd edib. Ölkə başçısı postneft dövrü kimi xarakterizə etdiyi bu yeni iqtisadi reallıqlara vaxtında adekvat reaksiya verib və bunun nəticəsində aparılan islahatlar daha ardıcıl və sistemli xarakter alıb. Bütövlükdə milli iqtisadiyyat və 11 sektor üzrə yaxın, orta və uzunmüddətli perspektivlərin əhatə olunduğu tam təfsilatlı strateji yol xəritələri qısa müddət ərzində hazırlanaraq təsdiqlənib. Maliyyə və makroiqtisadi koordinasiya təmin edilib, iqtisadi aktivliyi, investisiya cəlbini və qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi ilə bağlı mexanizmlər yaradılıb. Bunlarla yanaşı, gömrük əməliyyatlarının çevik və şəffaf həyata keçirilməsi məqsədilə malların və nəqliyyat vasitələrinin yoxlanmasında tətbiq edilən “bir pəncərə” prinsipinin daha da təkmilləşdirilməsi və beynəlxalq təcrübədə geniş tətbiq edilən "Yaşıl dəhliz" və digər buraxılış sistemlərinin yaradılması üzrə əsaslı tədbirlər görülüb.

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” Azərbaycanda islahatların Prezident İlham Əliyevin rəhbərliyi ilə təkcə qısamüddətli deyil, həm də orta və uzunmüddətli hədəflərə istiqamətlənməsini göstərir. Qeyri-neft ixracının bu ilin ötən dövründə dinamik artması, manatın sabitliyi ilə bağlı uğurlu nəticələr əldə edilməsi, sahibkarlığın inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması da məhz bunun nəticəsidir.

Bu gün iqtisadi islahatlar üzrə başlıca hədəf kimi ölkə iqtisadiyyatının dayanıqlılığının şaxələndirilməsinin və rəqabət qabiliyyətinin təmin edilməsi qarşıya qoyulub. Bu məqsədlə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional islahatların aparılması, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi, məşğulluğun və sosial məmnunluğun təmin edilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib. Bütün bunların sayəsində Azərbaycan son illər dünyanın ən sürətlə və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması da yuxarıda sadalanan tədbirlərin uğurla gerçəkləşdirilməsindən xəbər verir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında