Azərbaycan iqtisadiyyatını davamlı inkişafa aparan tarixi müqavilə

1994-cü il sentyabrın 20-də  Bakı şəhərində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə istismarı ilə bağlı dünyanın nəhəng neft şirkətləri arasında beynəlxalq müqavilə imzalandı. Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan və sonradan “Əsrin müqaviləsi” adlandırılan bu iri layihə üzrə ilkin neft 1997-ci ilin 12 noyabrında hasil edilməyə başlandı. Yataqlarda görüləcək işlərə təqribən 12-14 milyard ABŞ dolları investisiya qoyuluşu nəzərdə tutulurdu ki, bu da müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikası üçün çox vacib idi.

“Əsrin müqaviləsi”nin həyata keçirilməsi ilə Azərbaycan iqtisadiyyatında dönüş yarandı, böyük işlərə və iri layihələrə start verildi. Görülən operativ tədbirlər nəticəsində artıq 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarına çıxarıldı və  2005-ci ilin yanvarında  belə tankerlərin sayı 39-a, daşınılan neftin miqdarı isə 5,16 milyon tona çatdırıldı.

Heydər Əliyevin işləyib hazırladığı neft strategiyası bu gün böyük uğurla həyata keçirilir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkədə tarazlı inkişafın təmin edilməsi istiqamətində mühüm irəliləyişlər əldə olunur və dövlətimizin beynəlxalq nüfuzu artır. Artıq Azərbaycan inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Müasir Azərbaycan iqtisadiyyatı MDB məkanında ən sürətli və dinamik inkişaf edən iqtisadiyyatlardan biridir.  Azərbaycan Respublikasında əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində çoxşaxəli islahatlar həyata keçirilməkdədir.

Bu uğurlu islahatlar nəticəsində Azərbaycan dövlətinin əldə etdiyi inkişaf artıq qarşısıalınmaz bir prosesə çevrilmişdir. Dünyanın inkişaf etmiş dövlətlərini bürüyən maliyyə böhranı Azərbaycan iqtisadiyyatına elə də ciddi təsir göstərməmişdir. Bu isə o deməkdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən Azərbaycanın uzaq və parlaq gələcəyinə hesablanmış inkişaf strategiyası müasir dünya reallığından doğan tələblərə cavab verən bir formada uğurla davam etdirilir, eləcə də müstəqil dövlətimizin və xalqımızın maraqlarına tam cavab verir.

Bütün bunların davamı kimi, sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Yeni kontrakta görə ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılacaq və gələcəkdə Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bütün bunlar belə deməyə əsas verir ki, Azərbaycanın gələcək inkişafı və onun maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.

Məlumdur ki, indiki və gələcək uğurlarımızın bünövrəsi 23 il  əvvəl Gülüstan sarayında ulu öndər Heydər Əliyevin  gərgin əməyinin və qətiyyətinin təntənəsi olan “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulub. Məhz belə bir dövrdə ümummilli lider Heydər Əliyev müqavilənin müzakirəsi prosesinə ARDNŞ-ın vitse-prezidenti, millət vəkili İlham Əliyevi də cəlb etdi. Beləliklə də, cənab İlham Əliyev hələ o dövrlərdə  yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu.

Bütün bu işlərin əsas məqsədi SSRİ-nin süqutundan sonra iflic vəziyyətinə düşmüş Azərbaycan iqtisadiyyatını dirçəltmək, onu dünya iqtisadiyyatına daha geniş inteqrasiya etməklə beynəlxalq aləmdə ölkəmizin nüfuzunu artırmaq və gənc  Azərbaycan Respublikasını dünyəvi  dövlətə çevirməkdən ibarət idi. Təbii ki, qarşıda ölkənin sosial-iqtisadi inkişafı, xarici əlaqələrin genişləndirilməsi, istehsal sahələrinin bərpası və yenilərinin yaradılması, insanların maddi rifah halının yaxşılaşdırılması  və digər  mühüm vəzifələr dururdu. Ümummilli lider Heydər Əliyev deyirdi: “Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər - təkcə neft sahəsində deyil, Azərbaycan iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır”.

“Əsrin müqaviləsi” imzalanandan az sonra  Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlanıldı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə daha 26 sazişin  imzalanmasına şərait yaratdı. Nəticədə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard  dollar vəsaitin 57,6 milyard dolları dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda kəşfiyyat-axtarış işlərinin aparılmasına yönəldildi. Ümumiyyətlə,  “Əsrin müqaviləsi”nin həyata keçirilməsi ilə Azərbaycan iqtisadiyyatında çox ciddi dönüş yarandı, böyük işlərə və iri layihələrə start verildi. Başlıca məqsədi milli iqtisadiyyatın dirçəldilməsi olan neft strategiyasının reallaşdırılmasından əldə edilən valyuta isə ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış Dövlət Neft Fondunda toplanaraq ölkənin taleyüklü məsələlərinin  və sosial problemlərin həllinə  yönəldilirdi.  

“Əsrin müqaviləsi” üzrə hasil edilən Azərbaycan neftinin dünya bazarlarına ixracı üçün ilkin dövrlərdə buraxıcılıq qabiliyyətləri ildə 5 milyon ton olan Bakı-Novorossiysk və Bakı-Supsa neft boru kəmərlərindən istifadə edilirdi. Hər zaman olduğu kimi, balanslaşdırılmış siyasət yürüdən Azərbaycan Respublikasının təşəbbüsü ilə bu dövrdə Şimal istiqamətində uzunluğu 231 km olan neft kəməri bərpa və inşa edildi. 1997-ci ilin oktyabrında Azərbaycan nefti Novorossiysk limanına (Rusiya Federasiyasına) nəql olundu. Paralel olaraq Qərb istiqamətində uzunluğu 837 km olan Bakı-Supsa boru kəməri inşa edilərək, 1999-cu ilin  aprelində  istismara verildi. Statistik araşdırmalardan aydın olur ki, 2005-ci ilin yanvarına kimi qeyd edilən kəmərlərlə 48,7 milyon ton neft dünya bazarlarına çıxarılmışdı. Eyni zamanda, 1997-ci ildə respublikada neft hasilatı 9  milyon ton  olduğu halda,  2003-cü ildə bu göstərici 15,3 milyon tona yüksəldilmişdi.

Təbii ki, ölkədə neft hasilatının ilbəil artımı yeni ixrac boru kəmərinin çəkilişini zəruri  edirdi. Müqaviləyə daxil olan yataqlar üzrə illik hasilatın tezliklə 50 milyon tona çatdırılacağını nəzərə alan  ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə daha böyük nəqletmə imkanına malik ixrac marşrutları araşdırıldı və optimal variant kimi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri seçildi. Beləliklə,  1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində ATƏT Sammiti çərçivəsində keçirilən görüşdə ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) “Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası müqavilə imzalandı. 2002-ci il sentyabrın 18-də isə Bakıda, Səngəçal terminalında ümummilli lider Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyuldu və tikintisinə başlanıldı. 2004-cü ilin oktyabrında BTC-nin Azərbaycan hissəsi Gürcüstan hissəsi ilə birləşdirildi.

BTC layihəsinin həyata keçirilməsində fenomen siyasətçi Heydər Əliyevin xidmətləri əvəzsiz idi. Layihə iştirakçıları bütün bunları nəzərə alaraq 2004-cü ildə BTC əsas ixrac boru kəmərinə Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etdilər.

“Əsrin müqaviləsi”nin bağlandığı vaxtdan 23 il keçir. Bu illər ərzində Azərbaycan sürətlə inkişaf etmişdir. Bu gün ölkəmiz dünyada öz sözü, öz mövqeyi olan, müstəqil siyasət yeridən bir ölkə kimi tanınır. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox yüksək və müsbət imicə malik, mötəbər tribunalardan öz sözünü deməyə qadir olan dövlətdir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl 155 ölkə Azərbaycanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçmişdir və bu da beynəlxalq aləmin ölkəmizə olan rəğbətinin, hörmətinin əlaməti idi.

Nəhayət, görülən işlərin, yürüdülən siyasətin nəticəsidir ki, bu gün Azərbaycan öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığın azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır. Əldə edilən nailiyyətlər belə deməyə əsas verir ki, ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə də başqa bir ciddi problem yoxdur. Azərbaycan bundan sonra da uğurla inkişaf edəcək . Sentyabrın 14-də Heydər Əliyev Mərkəzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin 2050-ci ilə qədər  uzadılmasını nəzərdə tutan rəsmi sənədin imzalanması bu inamı daha da möhkəmləndirir.

Yazını yeni sazişin imzalanması mərasimində ölkə başçısı cənab İlham Əliyevin səsləndirdiyi bu sözlərlə bitirmək istəyirəm: “Bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı şəhəri, - dünyanın ən gözəl şəhərlərindən biridir, - tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır”.

Aqil ƏSƏDOV,
AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri,
iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında