“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Azərbaycanın dünyadakı mövqeyini möhkəmləndirəcək

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə (ŞCBND) qoşulması iqtisadi və siyasi baxımdan olduqca səmərəlidir.

Ötən ilin avqust ayında Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakı görüşündə ŞCBND formalaşdırılması məsələsinin xüsusi müzakirəsi də təsadüfi xarakter daşımır.

Mütəxəssislərin hesablamalarına görə bu gün Avropa ilə Asiya arasındakı ticarət dövriyyəsinin həcmi 200 milyard dollar həcmindədir. Dövlətlərarası ticarətdə yüklərin tez, sağlam və təhlükəsiz daşınması isə əsas amillərdən biridir. İstənilən şirkət yükünün təhlükəsiz və vaxtında mənzil başına çatdırılmasında maraqlıdır.

ŞCBND Şimal-Qərbi Avropa ölkələrini, Xəzər hövzəsi və Körfəz ölkələrini, Mərkəzi və Cənub Şərqi Asiya ölkələrini nəqliyyat vasitəsilə birləşdirən bir dəhlizdir.

Dünyanın iki böyük qitəsini Azərbaycandan keçməklə birləşdirən bu dəhliz çoxfunksiyalıdır (miltimodelyar). Hazırda əsas diqqət Qəzvin-Rəşt Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin çəkilişi üzərinə yönəldilib. Əlbəttə bu, çox mühüm layihədir. Lakin bu dəhliz yalnız dəmir yolundan ibarət deyil. ŞCBND-nin strukturuna avtomobil və dəniz yolları da daxildir ki, bunlar da Azərbaycandan keçməklə reallaşacaq və yüklərin tranzit keçidini təmin edəcək. Hər üç istiqamətdə Azərbaycan aparıcı rola malikdir.

Dəhliz 3 böyük su hövzəsini – Fars Körfəzi, Xəzər və Qara dənizləri birləşdirmək imkanına malikdir. Hindistanın Mumbai limanından Avropa istiqamətinə daşınan yüklər Fars Körfəzinə, buradan Xəzər dənizinə və Qara dənizin Rusiya və Gürcüstan limanlarına daşına bilər. Yəni yüklər yalnız Rusiyaya deyil Gürcüstana, oradan isə Türkiyə və Şərqi Avropaya daşına bilər. Bunun üçün İranın və Azərbaycanın Xəzər sahilində lazımi infrastruktur mövcuddur. İranın Ənzəli limanı ilə Bakının Beynəlxalq Ticarət Limanı arasında gəmilər sərbəst şəkildə üzə bilər. Bundan başqa, Ənzəlidən çıxan gəmilər Azərbaycanın ərazi sularından keçməklə Rusiyanın Həştərxan limanına rahat keçmək imkanına malikdir.

Avtomobil yolları da xüsusi əhəmiyyət kəsb edir. Asiyadan gələn yüklər İranın Bəndər-Abbas limanından dəmir yolu ilə Bakıya, buradan isə yük maşınları ilə Gürcüstanın Batumi limanına, oradan da gəmilərlə Şərqi Avropa ölkələrinin Qara dəniz sahillərindəki limanlarına çatdırılır.

Göründüyü kimi, hər 3 halda Azərbaycan ərazisindən istifadə olunur. Azərbaycanın yerləşdiyi coğrafi məkandan düzgün və uzaqgörənliklə istifadə edən Azərbaycan Prezidenti ölkəmizi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə qoşmaqla ölkə iqtisadiyyatının inkişafına nail olmaq planını reallaşdırır. Bu yolların tam formalaşacağı təqdirdə dövlət büdcəsinə tranzit gəlirlərinin daxil olması ilə yanaşı, iqtisadiyyatın qeyri-neft sektoru daha da inkişaf edəcək, bu da əhalinin məşğulluğunu təmin etməklə həyat şəraitinin yüksəlməsinə səbəb olacaq.

Digər tərəfdən, Azərbaycanın beynəlxalq siyasətin subyekti kimi nüfuzu artacaq və siyasi zəmanət qazanacaq. Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, davamlı iqtisadi inkişaf və demokratik vəziyyət ölkəmizi xarici sərmayədarlar üçün cəlbedici məkana çevirib. Dövlətlərlə yanaşı, iri transmilli şirkətlər də Azərbaycanda siyasi sabitliyin davamlı olmasına maraq göstərəcəklər. Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi daha da möhkəmlənəcək.

Rabil KƏTANOV,
AZƏRTAC-ın xüsusi müxbiri

Tehran


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında