Dərin iqtisadi islahatlar strategiyası uğurla həyata keçirilir

Azərbaycanda son illərdə qeyri-neft sektorunun yüksəlişinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılıb. Dövlət proqramları şəhər və rayonların simasını köklü şəkildə dəyişib, bölgələrin potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradıb. Dövlət investisiyaları hesabına rəqabətqabiliyyətli məhsul istehsalının əsas şərtləri olan etibarlı elektrik enerjisi, qaz, su, suvarma, yol-nəqliyyat və digər infrastruktur layihələri həyata keçirilib və hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir. Təkcə cari il 150 min hektardan çox torpağı əkin dövriyyəsinə cəlb etmək və burada yüksək məhsuldarlığa nail olmaq məqsədilə suvarma suyu və elektrik enerjisi ilə təminat layihələrinə 250 milyon manatdan çox dövlət vəsaiti yönəldilib.

 

Sosial-iqtisadi məsələlərin həlli diqqət mərkəzindədir

 

Regionlarda yüksək texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələr açılıb, yerli tələbatın ödənilməsi ilə bərabər, bir sıra istiqamətlər üzrə ixrac potensialı güclənib. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kreditlər hesabına 51 logistik mərkəzin, 23 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 20 iri fermer, 23 müasir heyvandarlıq, 56 istixana, 16 üzümçülük, 23 bağçılıq və 39 quşçuluq təsərrüfatının, 10 süd emalı, digər istehsal müəssisələrinin yaradılması, son illər istixanaların ərazisinin dəfələrlə genişləndirilməsi aqrar sektorda ixracın artırılmasına böyük töhfə verir.

Dövlət Statistika Komitəsinin yaydığı son göstəricilər də ölkəmizdə sosial-iqtisadi məsələlərin həllinin diqqət mərkəzində saxlanıldığından xəbər verir. Komitənin məlumatında bildirilir ki, 2017-ci ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9 milyard 868,5 milyon manat və ya əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 0,1 faiz çox vəsait yönəldilib. Həmin vəsaitin 5 milyard 969,9 milyon manatı neft sektorunun, 3 milyard 898,6 milyon manatı isə qeyri-neft sektorunun inkişafına xərclənib,  ümumi sərmayənin 72,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

İstifadə olunan vəsaitin 78,7 faizi məhsul istehsalı obyektlərinin, 16 faizi xidmət sahələri üzrə obyektlərin, 5,3 faizi isə ümumi sahəsi 1 milyon 117,2 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb.

Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsait ümumi sərmayənin 39 faizini təşkil edib.

Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 69,8 faiz, bank kreditləri 11,8 faiz, büdcə vəsaitləri 11,8 faiz, əhalinin şəxsi vəsaitləri 4,5 faiz, büdcədənkənar fondların vəsaitləri 1,4 faiz, sair vəsaitlər isə 0,7 faiz olub.

Sözügedən dövrdə bir sıra obyektlər istifadəyə verilib. Naxçıvan Muxtar Respublikasında 2136 şagird yerlik, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 96 şagird yerlik ümumtəhsil məktəb binalarının tikintisi başa çatdırılıb. Həmin müddətdə Yevlax şəhərində Varvara balıqartırma və balıqyetişdirmə zavodu, Balakən Su Elektrik Stansiyası, Gədəbəydə limonad zavodu, 35/10 kilovoltluq “Gədəbəy” elektrik yarımstansiyası, Göygöldə süni mayalanma mərkəzi, Qaxda 110/35/10 kilovoltluq elektrik yarımstansiyası, Saatlıda 110/35/10 kilovoltluq “Sarıcalar” elektrik yarımstansiyasının inşası yekunlaşdırılıb. Həmçinin Şəmkir rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin avtomat idarəetmə və nəzarət mərkəzi, “Şəmkir Aqroparkı”nın logistika mərkəzi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı, Zaqatala rayonunda “Bəhmətli” elektrik yarımstansiyası və digər obyektlər işə salınıb.

Paytaxtda da tikinti-quraşdırma işləri səngiməyib.  İlin ötən aylarında Pirşağı-Novxanı və Binəqədi-Novxanı avtomobil yolu,  Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, “Pirallahı” Günəş Elektrik stansiyası istifadəyə verilib. Həmin dövrdə şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 49,2 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox vəsait yönəldilib.

Ümumi sərmayənin 28,9 faizi dövlət, 71,1 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb, əsas kapitala yönəldilən vəsaitlərin 70,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

 

Xarici ticarət dövriyyəsi  artmaqda davam edir

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən dünyanın 176 ölkəsi ilə ticarət əməliyyatları aparılıb.   107 ölkəyə məhsul ixrac olunub, 169 ölkədən isə mal idxal edilib.

İlkin məlumatlara görə, ilin ilk 7 ayı ərzində xarici ticarət dövriyyəsi 12872,2 milyon dollar, o cümlədən ixracın dəyəri 8502,5 milyon dollar, idxalın dəyəri 4369,7 milyon dollar təşkil edib. Nəticədə müsbət ticarət saldosu yaranıb. 

Ticarət dövriyyəsinin 37,3 faizi Avropa İttifaqı ölkələri, 13,2 faizi MDB üzv dövlətləri, 49,5 faizi dünyanın digər ölkələrinin payına düşüb. 

 

İxrac potensialı getdikcə genişlənir

 

Bu ilin yanvar-iyul aylarında 855 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu, keçən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 29,7, real ifadədə 27 faiz çoxdur.

İxracın dəyərinin 22,6 faizi İtaliyaya, 12,5 faizi Türkiyəyə, 5,5 faizi Çinə, 5,3 faizi Rusiyaya, 4,6 faizi Gürcüstana, hər biri 4,3 faiz olmaqla Tayvan (Çinin əyaləti) və Portuqaliyaya, 4  faizi İsrailə, hər biri 3,7 faiz olmaqla Almaniya və Çexiyaya, 3,6 faizi Hindistana, 3,3 faizi Kanadaya, qalan 22,6 faizi isə digər ölkələrə göndərilən məhsullar əsasında formalaşıb.

İdxal olunmuş məhsulların dəyərinin 18 faizi Rusiyanın, 15,7 faizi Türkiyənin, 10 faizi Çinin, 8,7 faizi ABŞ-ın, 4,6 faizi Almaniyanın, 4,5 faizi Ukraynanın, 3,8 faizi İtaliyanın, 3,2 faizi İranın, 3 faizi Birləşmiş Krallığın, 1,7 faizi Fransanın, hər biri 1,6 faiz olmaqla Belarus və Qazaxıstanın, 23,6 faizi isə digər ölkələrin payına düşüb.

Bu günədək ixracla bağlı 300-ə qədər məktub-sərəncam ixracatçılara təqdim olunub. Bu məktub-sərəncamlar çərçivəsində Azərbaycan ixracatçılarına 2 milyonadək vəsait ödənilib.

Bu, dövlətin ixraca və ixracatçılara verdiyi dəstəyin və önəmin bariz ifadəsidir. Çünki bu çərçivədə ixracatçıların məhsullarının rəqabət qabiliyyəti daha da artır, 6 faizədək ödənilən bu geri ödəmə dəstəyi onlara öz məhsullarını xarici bazarlarda satmaq üçün yeni imkanlar yaradır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən ixracatçılara geniş dəstək göstərilir. AZPROMO tərəfindən cari ildə 150-dək biznes-forum, “dəyirmi masa”, görüşlər, müxtəlif tədbirlər həyata keçirilib. Bu tədbirlər çərçivəsində Azərbaycanda yaradılan əlverişli biznes mühiti təqdim olunur, eyni zamanda, yerli şirkətlərə xarici bazarlarda öz məhsullarını satmaq üçün birbaşa olaraq qarşı şirkət və dövlətlərlə əlaqə qurmağa imkan yaranır.

Azərbaycan ixracatçılarının fəaliyyət dairəsini genişləndirmək məqsədilə oktyabrdan etibarən məhsulların xarici televiziyalarda reklam olunacağı nəzərdə tutulub. Bundan başqa, gələn ildən Azərbaycan məhsullarının xarici ölkələrin aeroportlarında olan “Duty Free”lərdə təbliğinə başlanılacaq. Həmçinin “Azərbaycan Hava Yolları” QSC (AZAL) və SOCAR-la aparılan danışıqlar nəticəsində “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulların bu şirkətlərin xaricdə olan filiallarında təbliğ olunacaq. Respublika aeroportlarında və SOCAR-ın xarici yanacaqdoldurma stansiyalarında “Made in Azerbaijan” rəfləri yaradılacaq, yerli məhsulların satışı təşkil olunacaq.

Ümumiyyətlə, neft-qaz kəmərlərinin işə düşməsindən sonra Azərbaycanın maliyyə imkanlarının artması iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olan qeyri-neft sektorunun da inkişafına mühüm təsir göstərib. Bu sahənin ümumi daxili məhsulda xüsusi çəkisi ildən-ilə artıb, rəqabətqabiliyyətli və ixrac potensialı yüksək olan məhsulların istehsalı genişlənib. Şübhəsiz ki, bu məsələdə həyata keçirilən dərin islahatların da rolu mühüm önəm daşıyıb. Başqa sözlə, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, eləcə də mövcud çağırışların tələblərinə uyğun digər çevik iqtisadi islahatlar sayəsində milli iqtisadiyyatımız yeni inkişaf yoluna çıxıb. 

Hesabat dövründə dövlət büdcəsinin gəlirlərində də müsbət nəticələr qeydə alınıb. Dövlət Statistika Komitəsindən bildirildiyinə görə, yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,3 faiz artaraq 9410,1 milyon manata, xərcləri isə 19,2 faiz artaraq 9765,6 milyon manata çatıb. Büdcənin icrasında yaranan 355,5 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,9 faizini təşkil edib.

Daxilolmaların 20,2 faizi əlavə dəyər vergisi, 15,9 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 6,5 faizi fiziki şəxslərin gəlir vergisi, 3,5 faizi aksizlər, 11 faizi digər vergilər, 42,9 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 28,9 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 13,3 faizi sosial müdafiə və sosial təminat, 15 faizi ümumi dövlət xidmətləri, 13,9 faizi təhsil və səhiyyə sahələrinin, 28,9 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

 

Məqsəd əhalinin sosial rifahının yaxşılaşdırılmasıdır

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilib və mühüm uğurlar əldə olunub. Belə ki, sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları, böyük layihələr reallaşdırılıb. Regionların sosial-iqtisadi inkişafına dair 3 dövlət proqramı, həmin sənədlərə çoxsaylı əlavələr qəbul olunub.

Vətəndaşların işsizlik probleminin həll edilməsi isə dövlətin sosial siyasətinin əsas prioritetlərindəndir. Bu sahədə görülən tədbirlər nəticəsində ölkəmizdə işsizlik və yoxsulluq 5 faizə düşüb. Azərbaycanda son 14 ildə minlərlə yeni müəssisə yaradılıb, 1,6 milyon yeni iş yeri açılıb. Bu illər ərzində üç mindən çox məktəb, altı yüzdən çox tibb ocağı tikilib və ya əsaslı şəkildə təmir edilib. Bölgələrdə 40-dan çox olimpiya idman kompleksi, sosial və mədəniyyət obyektləri inşa edilib. Ölkə ərazisində 6 hava limanı tikilib, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı istifadəyə verilib. 

Həyata keçirilən iqtisadi siyasətin son məqsədi əhalinin sosial rifahının yaxşılaşdırılmasıdır. Bu məqsədlə regionların sosial-iqtisadi inkişafına istiqamətlənən üçüncü Dövlət Proqramının icrasını əhatə edən 2014-2017-ci illər arasındakı dövrdə ümumilikdə 613,7 min olmaqla 470,4 min daimi iş yeri yaradılıb. Cari ilin birinci yarısında isə ölkədə 174 min yeni, o cümlədən 119,3 min daimi iş yeri açılıb. Bu dövrdə yaradılan iş yerlərinin 65,1 faizi qeyri-dövlət sektoruna aid olub. Yeni iş yerləri bütün şəhər və bölgələrdə yaradılıb.

Açılan iş yerlərinin 22 faizi Bakı şəhərinin, 0,8 faizi Naxçıvan Muxtar Respublikasının payına düşüb. 77,2 faizi regionlarda, o cümlədən 34,5 faizi Aran, 10,8 faizi Lənkəran, 9,8 faizi Gəncə-Qazax, 5,9 faizi Yuxarı Qarabağ, 5,1 faizi Abşeron, 4 faizi Şəki-Zaqatala, 3,6 faizi Dağlıq Şirvan, 3,2 faizi Quba-Xaçmaz, 0,3 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarındadır.

Yeni iş yerlərinin çox hissəsi bölgələrdə açılıb. Bu da regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarında qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə həll olunduğunun bariz nümunələrindəndir. Daimi iş yerlərinin 8,2 faizi yeni, 14,4 faizi mövcud, 1,1 faizi isə fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda açılıb. Qalan 76,3 faizi fərdi sahibkarlar tərəfindən yaradılıb.

 

Aqrar-sənaye kompleksinin inkişafında yeni mərhələ

 

Prezident İlham Əliyev aqrar sektorun ölkə üçün əhəmiyyətini vurğulayaraq deyib: “Əlbəttə, bütün bu işləri görərkən, bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq. Beləliklə, ölkəmizə daha çox valyuta gələcək, manat öz sabitliyini qoruyacaq, neftdən asılılıq azalacaq və iş yerləri açılacaq, sahibkarlıq inkişaf edəcək”.

Göründüyü kimi, dövlət başçısının idxaldan asılılığın azaldılmasına və qeyri-neft məhsullarının ixracının genişləndirilməsinə dair tapşırıqları uğurla yerinə yetirilir. O cümlədən, aqrar sektorun istər ixrac, istərsə də məşğulluq sahəsində böyük potensialından getdikcə daha səmərəli istifadə olunur. Bu sıraya torpaqlardan səmərəli istifadə, ekoloji təmiz məhsulların istehsalı, ixracın şaxələndirilməsi, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxış kimi amilləri əlavə etsək, göz önündə müasir aqrar-sənaye kompleksinin aydın mənzərəsi yaranacaq.

Burada bir məqamı da unutmamalıyıq. Belə ki, keçmiş SSRİ dağıldıqdan sonra bir çox respublikalar kimi, Azərbaycanda da aqrar sektorun inkişafı diqqətdən kənarda qaldı. Amma son bir neçə ildə bu sahəyə göstərilən dövlət dəstəyi nəticəsində cəmi iki il ərzində ciddi dönüş yarandı. Məsələn, 2015-ci ildə cəmi 17 min hektarda pambıq əkilirdisə, bu il əkin sahələri 136 min hektara çatdı. İstehsal da buna uyğun şəkildə artır və artacaq. Nəinki xam pambıq, mahlıc, eyni zamanda, Mingəçevirdə yaranmaqda olan böyük yüngül sənaye kompleksinin fəaliyyətə başlaması nəticəsində Azərbaycan hazır məhsul ixrac edəcək.

Yeri gəlmişkən, hazırda respublikamızda pambıq tədarükünün qızğın çağıdır. Dövlət Statistika Komitəsinin   operativ məlumatında bildirilir ki, respublika üzrə bu il 136413,2 hektarda çiyid səpini keçirilib.  Sentyabrın 23-dək isə ölkə üzrə qəbul məntəqələrinə 24808.40 ton pambıq təhvil verilib.

Ölkəmizdə böyük potensialı olan fındıqçılıq da çox gəlirli bir sahədir. Ona görə bu sahədə də artıq müsbət nəticələr əldə edilir. Son iki ildə ölkədə 18 min hektarda yeni fındıq bağları salınıb. Ötən il respublika üzrə fındıq istehsalı 34,3 min ton olub. İstehsalçılar 25 minə yaxın ev təsərrüfatını və 22 fındıq emalı müəssisəsini əhatə edir. 80 min hektar sahədə fındıq bağlarının salınması qarşıdakı dövrdə əsas hədəfdir. Bundan başqa, çay, çəltik və sitrus meyvələrin də Azərbaycan üçün prioritet sahə olduğu Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda keçirilən müşavirədə təsdiq olundu.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında