Azərbaycanın enerji təhlükəsizliyi siyasəti yeni mərhələdə

Enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. Bu baxımdan bir sıra nüfuzlu ekspertlərin “müasir dünyanın siyasi mənzərəsi daha hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına malik olub-olmamaq bölgüsü ilə müəyyən ediləcək”, – fikri təsadüfi sayılmamalıdır.

Bu, bir həqiqətdir ki, hətta yüksək inkişaf etmiş ölkələrin də enerji təhlükəsizliyi sahəsində ciddi problemləri mövcuddur. Onların bir çoxunun, ümumiyyətlə, karbohidrogen resursları yoxdur (Yaponiya, Cənubi Koreya, Tayvan, bəzi Avropa ölkələri və s.) digərlərinin malik olduqları köhnə yataqlar isə tükənmək üzrədir (Böyük Britaniya, Norveç, Niderland). ABŞ isə dünya neft hasilatında 8 faizlik paya malik olmasına baxmayaraq, istehlakda payı 24 faizdən artıqdır. Bu fikirlərin təsdiqi kimi onu da qeyd edək ki, ABŞ Neft Şurasının statistik məlumatında qeyd olunur ki, 1996-cı ildə neftə olan sutkalıq tələbat 71 milyon barrel təşkil edirdisə, 2030-cu ildə bu göstəricinin 138 milyon barrelə yüksələcəyi proqnozlaşdırılır ki, onun da 30 milyon barreli təkcə ABŞ-ın payına düşəcəkdir.

Dünya neft-qaz bazarı istehlakçılarının strukturunda da dəyişiklik baş vermişdir. Əvvəllər yüksək inkişaf etmiş üç region neft və qazın əsas istehlakçıları hesab olunurdu: Şimali Amerika (ilk növbədə ABŞ), Avropa İttifaqı ( ilk növbədə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya) və Şimal-Şərqi Asiya (Yaponiya, Cənubi Koreya, Tayvan). Hazırda dinamik iqtisadi inkişaf tempi ilə bağlı olaraq Çin, Hindistan, Braziliya, Tailand və bir sıra digər dövlətlərin karbohidrogen ehtiyatlarına olan tələbatı xeyli dərəcədə artmışdır. Çin hətta Yaponiyanı bu sahədə ötərək dünya neft istehlakında 9 faizlik göstəriciyə malik olmuşdur və yalnız ABŞ-dan geri qalır.

Başqa bir məlumata əsasən, dünyada sənaye məhsulları istehsalında 80 faizlik paya malik olan böyük dövlətlər təxminən 20 faizə bərabər enerji ehtiyatlarına malikdirlər. Bir çox hallarda onlar bunu tarixi ədalətsizlik kimi dəyərləndirir və belə bölgünün aradan qaldırılmasının vacibliyini vurğulayırlar.

Bir sıra mütəxəssislərin fikrincə, gələcəkdə bu tələbə etiraz edən neft-qaz ölkələrinin “enerji millətçiliyi”ndə və hətta “enerji terrorizmi”ndə ittiham ediləcəkləri istisna deyildir.

Dünyanın müasir enerji xəritəsində mövcud vəziyyətin natamam təqdimatı belə deməyə əsas verir ki, enerji resurslarına olan tələbat ilbəil artmaqdadır və bu strateji məhsulların təkrar istehsalının olmaması reallığı fonunda tələb və təklif arasında qeyri-mütənasibliyin dinamik olaraq artacağını proqnozlaşdırmaq mümkündür. Bu reallıq əsas enerji istehlakçılarını, o cümlədən Avropa ölkələrini alternativ enerji hasilatçıları axtarmağa sövq edir. Belə enerji mənbələri içərisində Xəzər regionu dövlətlərinin, xüsusilə də Azərbaycanın müstəsna mövqeyi vardır.

Azərbaycan zəngin enerji ehtiyatlarına malik ölkədir. Hələ 1846-cı ildə, yəni Pensilvaniyada neft yataqlarının aşkar olunmasından (1859-cu il) 10 ildən də artıq bir müddətdə Azərbaycanda, Bibiheybət ərazisində ilk neft quyusu fontan vurmuşdur. Yeri gəlmişkən, dünyada sənaye üsulu ilə neft hasilatı ilk dəfə XIX əsrdə məhz Azərbaycanda həyata keçirilmişdir. Dünyada dəniz yataqlarından da ilk dəfə neft 1949-cu ildə Azərbaycanda çıxarılmışdır.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin enerji hasilatı tarixində keyfiyyətcə yeni mərhələ başlandı. Azərbaycan öz sərvətlərinin real sahibi olmaq hüququ əldə etdi. Təəssüf ki, 1993-cü ilədək hakimiyətdə olmuş iqtidarların səriştəsiz və bacarıqsız siyasəti nəticəsində faktiki olaraq Azərbaycanın müstəqil və səmərəli enerji siyasəti formalaşmadı. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın xahiş və tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan bütün sahələrdə, o cümlədən enerji sektorunda milli maraqlara söykənən siyasət həyata keçirməyə başladı.

Azərbaycanın yeni enerji strategiyasının memarı ümummilli lider Heydər Əliyevin ötən əsrin 90-cı illərində müəllifi olduğu iki siyasi qərar ölkəmizin neft-qaz siyasətinin formalaşmasında həlledici əhəmiyyətə malik olmuş, eyni zamanda, respublikamızın Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirmişdir. Daha dəqiq desək, 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 12 şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin yeni neft strategiyasının başlanğıcı olmuşdur. 1996-cı il iyunun 6-da regionun enerji təhlükəsizliyi sahəsində olduqca mühüm rol oynayan və nəticədə Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan “Şahdəniz” qaz yatağının işlənməsinə dair müqavilənin imzalanması ilə bu proses dönməz xarakter almışdır.

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında “hasilatın pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdıır. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) ən məşhur neft şirkətləri (“Amoko”, “BP”, “MakDermott”, “Yunokal”, “ARDNŞ”, “LUKoyl”, “Statoyl”, Eksson”, “Türkiyə Petrolları”, “Penzoyl”, “İtoçu”, “Remko”, “Delta”) iştirak etmişlər. Bununla da, “Yeni neft strategiyası” uğurla həyata keçirilməyə başlanmışdır. Yaponiyanın “İtoçu” və ABŞ-ın “Eksson” və “Amerada Hess” şirkətləri müqaviləyə sonradan qoşulmuşdur. “2007-ci ilin avqustunda Cənubi Koreyanın neft şirkəti də bu müqavilədə iştirak etməyə başlamışdır. “Əsrin müqaviləsi”nin imzalanması mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev təbrik nitqində demişdır: “Biz ötən dövrlərdə nə qədər neft çıxarsaq da, nə qədər böyük nailiyyətlər əldə etsək də, bir həqiqəti nəzərə çatdırmalıyıq ki, son vaxtlaradək, yəni Azərbaycanın müstəqilliyi əldə olunan dövrlərədək xalqımız heç vaxt öz təbii sərvətinin sahibi olmamışdır. İndi isə biz yeni bir mərhələdə yaşayırıq. Azərbaycan xalqı öz təbii sərvətlərinin sahibidir. Bu sərvətlərdən necə istifadə edilməsini xalqımızın özü sərbəst surətdə müəyyənləşdirir”.

Bu müqavilə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra onun müstəqil və sərbəst daxili və xarici siyasət yeritməsinin bariz nümunəsi olan və 30 illik müddətə bağladığı ilk beynəlxalq müqavilə idi. Müqavilənin imzalanmasından iki gün sonra, yəni 1994-cü il sentyabrın 22-də Azərbaycan televiziyası və radiosu ilə çıxışında bu müqavilənin böyük tarixi əhəmiyyətə malik olduğundan bəhs edən Heydər Əliyev demişdir: “O, ötən 150 ildə Azərbaycan neft sənayesinin tarixində ilk belə böyük müqavilədir. Xarici neft şirkətləri rəhbərlərinin fikrincə, ümumiyyətlə, öz xüsusiyyətlərinə görə bu, nadir bir müqavilədir, dünyada oxşarı olmayan bir müqavilədir. Bu da ondan ibarətdir ki, Azərbaycan Dövlət Neft Şirkəti dünyanın yeddi böyük neft şirkətinin daxil olduğu konsorsium ilə müqavilə bağlayıb. Həmin şirkətlər ABŞ, Böyük Britaniya, Rusiya, Norveç və Türkiyəyə mənsubdur, sonradan Səudiyyə Ərəbistanının “Delta” neft şirkəti də onlara qoşulub. Səkkiz neft şirkəti bir konsorsiuma daxil olub. Azərbaycan Dövlət Neft Şirkəti ilə 30 il müddətinə müqavilə imzalayıb. Demək, bu konsorsium həm səkkiz neft şirkəti, həm də Amerika Birləşmiş Ştatları, Rusiya, Böyük Britaniya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı kimi ölkələri təmsil edir. Biz həm neft şirkətləri ilə müqavilə bağlamışıq, həm də bu şirkətlər bizim həmin dövlətlərlə iqtisadi və digər əlaqələrimizin gələcək inkişafı üçün əsas yaratmışlar”.

“Əsrin müqaviləsi”nin imzalanması münasibətilə ABŞ Prezidenti B.Klinton 1994-cü il sentyabrın 20-də göndərdiyi teleqramda yazırdı: “Birləşmiş Ştatlar tarixdə bu növ sazişlər arasında ən böyüyü olan bu müqaviləni alqışlayır. O bütün tərəflər üçün mənfəətli olacaq və ölkələrimiz arasında artmaqda olan iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəkdir. Azərbaycan neftinin işlənməsi Dağlıq Qarabağ regionu daxilində və onun ətrafında uzun müddət sürən münaqişənin həll olunması ilə yanaşı, Azərbaycan xalqı üçün sabitlik, iqtisadi inkişaf və firavanlıq gətirilməsində mühüm rol oynaya bilər. Biz çox şadıq ki, siz qüdrətli iqtisadi gələcəyə doğru bu həlledici addımı atdınız”.

Müqavilənin imzalanmasından sonra Türkiyənin dövlət naziri Nəcməddin Cövdət Prezident Heydər Əliyev tərəfindən qəbul olunarkən o, böyük bir tarixi hadisənin şahidi olduğunu qeyd etmiş, heyrətamiz bir ifadə ilə öz fikrini açıqlayaraq demişdi: “Əgər istiqlaliyyətiniz əlinizdə olmasaydı, bu imza bu gün Bakıda atılmazdı… Neft müqaviləsinə atdığınız bugünkü imza, əslində, üçrəngli bayrağınızın təsdiqinə atılmış imzadır”.

Beləliklə, Heydər Əliyev “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu dünyaya bir daha nümayiş etdirdi. Bu müqavilənin imzalanması ilə Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaranırdı. Müqavilənin imzalanması xarici ölkələrin Azərbaycana investisiya qoyması üçün böyük yol açdı. Belə ki, bundan sonra Azərbaycanın neft sənayesinə xarici kapitalın axını başlandı. İlkin vaxtlarda Azərbaycanda neft sənayesini inkişaf etdirmək üçün pul vəsaitinin çatışmadığı günlərdə belə əlverişli şərtlərlə müqavilənin imzalanması Azərbaycan dövlətinin qələbəsi kimi qiymətləndirilirdi.

Müqavilə Azərbaycan Respublikasının Milli Məclisində 1994-cü il noyabrın 15-də ratifikasiya olunmuş və həmin il dekabrın 12-də Azərbaycan Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minmişdir.

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu “Yeni neft strategiyası”nın əsas istiqamətlərindən biri də Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılması ilə bağlıdır. Bakı-Supsa, Bakı-Novorossiysk neft kəmərləri tankerlə neftin daşınmasını nəzərdə tuturdusa, bu istiqamətdə əsas və həlledici daşınma funksiyasını həyata keçirən boru kəməri məhz Bakı-Tbilisi-Ceyhan istiqamətində müəyyən edildi. Başqa sözlə, dost və qardaş Türkiyə dövlətinin Aralıq dənizi sahilindəki Ceyhan limanı Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün son nöqtə kimi müəyyənləşdirildi.

Böyük Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və ümummilli lider Heydər Əliyevin “Azərbaycan–Türkiyə – bir millət, iki dövlət” fikirləri digər istiqamətlərdə olduğu kimi, enerji sahəsində də iki qardaş dövlətin münasibətlərinin səviyyəsinin göstəricisi oldu.

Bu kəmərin əsas ixrac kəməri kimi çəkiləcəyinin tam müəyyənləşməsi 26 aprel 1998-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Trabzon görüşündə məlum oldu. Bütün bunların nəticəsi olaraq 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısının gedişində Çırağan sarayında xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə – Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzalandı. Saziş H.Əliyev, E.Şevardnadze və S.Dəmirəl arasında imzalanmışdır. Bakı-Tbilisi-Ceyhan layihəsini dəstəkləmək, Qazaxıstan və Türkmənistan neftini bu layihəyə cəlb etmək üçün ABŞ-ın şahidliyi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan arasında “İstanbul bəyannaməsi” imzalandı. Bu prosesin məntiqi davamı kimi, 2002-ci il sentyabrın 18-də Səngəçalda Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasına başlanıldı. Mərasimdə 3 dövlət başçısı – Azərbaycan Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti E.Şevardnadze və Türkiyə Prezidenti Ə.N.Sezər və ABŞ-ın Xəzər məsələləri üzrə nümayəndəsi S.Mənn iştirak etmişlər. Bununla da ümummilli lider Heydər Əliyevin müəllifi olduğu “Yeni neft strategiyası”nın ən mühüm uğuru olan Bakı-Tbilisi-Ceyhan kəməri reallığa çevrilmiş oldu.

Boru kəmərinin tikintisi 2003-cü ildə, onun neftlə doldurulması isə 2005-ci il mayın 18-də başlanmışdır. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyunun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı və bir ay sonra, iyulun 4-də İtaliyaya çatdı. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Bu mərasimdə 650-yə yaxın yüksək səviyyəli qonaq iştirak etdi. Başqa sözlə, qonaqların sırasında 32 ölkənin dövlət və hökumət başçısı, xarici işlər və energetika nazirləri var idi. Ən çoxsaylı nümayəndə heyəti ilə Böyük Britaniyanın BP şirkəti iştirak etmişdir. Belə ki, kəmərin 30,1 faiz aksiyasına malik olan bu dövlət tədbirə 400 nəfərə qədər nümayəndə heyəti ilə tədbirə qatılmışdı.

Onu da xüsusi olaraq qeyd edək ki, BTC dünyada ən uzun kəmərlərdən biridir. Onu “XXI əsrin İpək yolu” adlandırırlar. Kəmərin ümumi uzunluğu 1768 kilometrdir. Onun ən uzun hissəsi Türkiyə ərazisinə düşür – 1076 kilometr. 443 kilometr Azərbaycan, 249 kilometr isə Gürcüstan ərazisinı əhatə edir. Türkiyə öz ərazisindən kəmərin çəkilməsinə 1,3 milyard dollar investisiya qoymuşdur və hər il təkcə tranzitə görə 250-300 milyon dollar gəlir götürəcəyi nəzərdə tutulmuşdur. Gürcüstan üçün anoloji göstərici 50 milyon dollardır. Bu layihənin ümumi dəyəri 4 milyard dollar təşkil edir. Kəmərin buraxılış imkanı ildə 50 milyon tona bərabərdir.

Enerji ehtiyatlarının dünya bazarlarına nəqlini təhlükəsiz və ən yüksək beynəlxalq standartlara uyğun gerçəkləşdirən Bakı-Tbilisi-Ceyhan (BTC) artıq neçə illərdir ölkəmizə və bütövlükdə regiona əlavə mənfəətlər gətirməkdə davam edir. Həmin vəsait Dövlət Neft Fonduna daxil olur, eləcə də ölkənin ən zəruri sosial-iqtisadi problemlərinin həllinə yönəldilir. Bunları daim vurğulayan Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, “neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı”.

Bəli, söhbət ilk növbədə “Cənub” qaz dəhlizindən gedir. Onun yaradılması istiqamətində ilk addım olaraq 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında Strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu, növbəti ildə isə TANAP-ın çəkilişinə dair Azərbaycan və Türkiyə arasında tarixi saziş imzalandı. Bu prosesdə ən əsas halqalardan biri sərmayə qoyuluşu ilə bağlı idi. 2013-cü ildə bu məsələ də öz müsbət həllini tapdı. “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşuna dair qərar qəbul edildi. 2014-cü ildə isə “Cənub” qaz dəhlizinin Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Qarsda TANAP-ın təməlqoyma mərasimi oldu. 2016-cı ildə anoloji addım TAP layihəsi ilə bağlı atıldı.

Bir sözlə, XXI əsrin meqalayihəsi olan və dəyəri 40 milyard dollar səviyyəsində müəyyən edilən “Cənub” qaz dəhlizinin reallaşdırılması istiqamətində həlledici addımlar atılmışdır. “Şahdəniz” yatağından hasil edilən qaz 3500 kilometr uzunluğunda 3 qaz kəməri vasitəsilə Bakını İtaliyanın limanları ilə birləşdirəcəkdir.

Prezident İlham Əliyev “Cənub” qaz dəhlizi layihəsinin uğurunu təmin edən səbəblərdən bəhs edərkən xüsusi olaraq aşağıdakı amilləri ön plana çəkmişdir: “Birincisi, bu layihə enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabəti özündə ehtiva edir. İkincisi, bu layihədə istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa nail olmuşuq. Yəni burada uduzan tərəf yoxdur. Üçüncüsü, siyasət və enerji bir-birindən ayrı olmalıdır. Enerji siyasi alət kimi istifadə edilməməlidir. Hesab edirəm ki, “Cənub” qaz dəhlizi sazişində göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji ilə siyasət ayrılanda uğur əldə edilə bilər.”

Məhz Prezident İlham Əliyevin enerji təhlükəsizliyi sahəsində də həyata keçirdiyi uğurlu balans siyasəti nəticəsində 2016-cı il fevralın 29-da “Cənub” qaz dəhlizi Məşvərət Şurasının 2-ci iclasında 11 dövlət və Avropa Komissiyasının iştirakı ilə bəyannamə imzalandı. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya bu layihənin üzvləridir. Daha iki dövlət – Xorvatiya və Monteneqro da bəyannaməni imzalamışlar. Eyni zamanda, ABŞ və Böyük Britaniyanın yüksək səviyyəli nümayəndələri, habelə Avropa Komissiyasının vitse-prezidenti də sənədə imza atmışlar. Deməli, “Cənub” qaz dəhlizi layihəsinin lehinə atılmış 12 imza bütün dünyaya nümayiş etdirdi ki, bu dəhliz artıq tarixi reallıqdır.

Sentyabrın 14-də beynəlxalq ictimaiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni və tarixi bir səhifə yazdığına şahidlik etdi. Həmin gün Azərbaycanın unikal enerji strategiyasının memarı olan Heydər Əliyevin adını daşıyan mərkəzdə “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması mərasimi oldu. İmzalanmış kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev onun bir sıra əsas parametrlərinə diqqəti cəlb etmişdir: “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.”

Ölkəmizin uğurlarını gözü götürməyən, qarayaxma və iftiralarla dövlətimizin müsbət beynəlxalq imicinə kölgə salmaq istəyən ermənipərəst qüvvələr və onlarla əlbir olan bəzi siyasi dairələr iddialar irəli sürürdülər ki, Azərbaycanın nefti tükənmişdir və xarici neft şirkətləri tezliklə öz ölkələrinə qayıdacaqlar. Cənab Prezidentin çıxışında səslənən təkzibedilməz arqumentlər və yeni kontraktin imzalanması faktı əleyhdarlarımızın yuxusuna haram qatmış oldu.

Dövlət başçısı dedi ki, “Bu illər ərzində “Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilmişdir. Yaxşı xatırlayıram ki, 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Ancaq bugünkü məlumat, – əminəm ki, bu, son məlumat deyil, ehtiyatlar daha da artacaq, - onu göstərir ki, hələ də “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Yenə də qeyd etmək istəyirəm ki, bu, ilkin hesablamalardır. Əminəm ki, kontraktın icrası müddətində bu rəqəm daha da artacaq.”

Şübhəsiz, “Əsrin müqaviləsi”nin imzalanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xaos və anarxiyanın hökm sürduyü, hakimiyyətdə “Xalq cəbhəsi-Müsavat” kimi antimilli, hakimiyyəti zəbt etmiş, ölkəni vətəndaş müharibəsi həddinə çatdırmış, səriştəsiz və bacarıqsız cütlüyün olduğu bir reallıqda heç bir transmilli neft şirkəti Azərbaycana investisiya qoymazdı. “Təhlükənin olduğunu hiss etməməyin özü ən böyük təhlükədir” məntiqindən çıxış edən iri xarici neft kompaniyaları üçün qoyacaqları sərmayənin təhlükəsizliyinə və gəlirli olmasına təminat əsas məsələ idi. Bu təminatı verə biləcək yeganə şəxs məhz zəmanəmizin dühası Heydər Əliyev idi.

Tariximizin həmin mürəkkəb dövrü və onun reallıqlarına toxunan Prezident İlham Əliyev haqlı olaraq qeyd edir ki, “Azərbaycan 1991-ci ildə müstəqilliyə qovuşanda çox ağır problemlərlə üzləşmişdi. Xüsusilə 1992-ci ildə dövlət çevrilişindən sonra hakimiyyəti qanunsuz zəbt etmiş AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz uçurum kənarına qoyulmuşdu. İqtisadi tənəzzül, sənaye potensialının azalması, inflyasiya min faizlərlə ölçülürdü, ölkəmizdə iqtisadi perspektivlər demək olar ki, yox idi, siyasi, hərbi, iqtisadi böhran, anarxiya, xaos yaşanırdı. Laxlayan hakimiyyəti saxlamaq üçün o vaxtkı hakimiyyəti qanunsuz zəbt etmiş hakimiyyət silaha əl atdı, Azərbaycanda vətəndaş müharibəsinə start verdi, qardaş qanı axıdıldı. Ölkəmizin ikinci böyük şəhəri – Gəncə AXC-Müsavat hakimiyyəti tərəfindən bombalandı. Azərbaycan böyük faciə ilə üz-üzə idi. Bununla paralel olaraq, Ermənistan ölkəmizə qarşı işğalçılıq siyasəti aparırdı və bu siyasət nəticəsində torpaqlarımızın böyük hissəsi işğal altına düşmüşdür, bir milyondan çox qaçqın-köçkünümüz var idi. Bax, belə bir ağır vəziyyətdə xalq yeganə düzgün seçim etdi, Heydər Əliyevə müraciət etdi, onu hakimiyyətə dəvət etdi və onun 1993-cü ildə prezident vəzifəsinə seçilməsindən sonra vəziyyət yavaş-yavaş düzəlməyə başlamışdır. İqtisadi, siyasi islahatlar aparılmağa başlanılmışdır, bütün qanunsuz silahlı birləşmələr tərksilah edilmişdir, ölkəmiz demokratiya yoluna qədəm qoymuşdur, Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir.”

Beləliklə, yuxarıda apardığımız təhlillər belə bir qənaətə gəlməyə əsas verir ki, 23 il bundan əvvəl ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqı qarşısında misilsiz xidmətlərindən biri olan “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin bügünkü inkişafı və tərəqqisi üçün mühüm baza yaradıldı və Prezident İlham Əliyevin rəhbərliyi ilə ulu öndərin şah əsəri olan müasir Azərbaycanın daha da çiçəklənməsi və dünya dövlətləri sırasında ləyaqətli mövqe qazanması üçün mühüm addımlar atıldı. Möhtərəm Prezident İlham Əliyevin vurğuladığı kimi, “Əsrin kontraktı” bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək: “Hesab edirəm ki, bu sahədə də bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi. Çünki neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün. Bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı şəhəri, - dünyanın ən gözəl şəhərlərindən biridir, - tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır.”

Böyük fransız mütəfəkkiri Volter insana xas olan ən pis xüsusiyyət kimi, biganəlik və laqeyidliyi, insana hörmət və şərəf gətirən xarakter kimi isə minnətdarlıq hissini qeyd etmişdir. Elə bu məntiqlə də xalqımız özünün və dövlətinin taleyində Xilaskarlıq missiyasını həyata keçirən ulu öndər Heydər Əiyevə qəlbində əbədi heykəl qoymuşdur və onun misilsiz xidmətlərini hər zaman dərin minnətdarlıq hissi ilə yad edir. Eyni zamanda, xalqımız ulu öndərin Azərbaycana sabitlik və inkişaf gətirmiş siyasi kursunu çox sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirən, ona çeviklik, novatorluq və hücum taktikası əlavə edən Prezident İlham Əliyevə eyni hisslərini ifadə edir.

 

Elman Nəsirov,
Milli Məclisin deputatı, Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
Siyasi Araşdırmalar İnstitutunun direktoru,
siyasi elmlər doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında