Rusiya şirkətləri tərəfindən “Şəmkir Aqroparkı”na böyük maraq göstərilir

Son illər Azərbaycanın bütün bölgələrində nəzərə çarpan sosial-iqtisadi inkişaf göstərir ki, ölkə regionlarının tərəqqisinə yönəldilən dövlət proqramlarında qarşıya qoyulan vəzifələr hər yerdə ardıcıllıqla, müvəffəqiyyətlə yerinə yetirilir.

Qeyri-neft sektoru ölkə iqtisadiyyatında getdikcə özünə daha geniş yer alır. Azərbaycanın hər tərəfində çoxlu sayda yeni müəssisələr açılır ki, bu da həmin sektorun inkişafına böyük təkan verir. Dövlət başçısının rayonlara səfəri zamanı açılan yeni müəssisələr bunun daha bir təsdiqidir. Bir müddət bundan əvvəl Şəmkirdə “Şəmkir Aqroparkı”nın logistika mərkəzinin açılışı göstərir ki, qeyri-neft sektorunun özü də bir istiqamətdə deyil, çoxşaxəli şəkildə inkişaf edir.

Xatırladaq ki, təməli 2014-cü ildə cənab İlham Əliyevin iştirakı ilə qoyulan “Şəmkir Aqroparkı”nın logistika mərkəzinin açılışı bu il avqustun 20-də dövlətimizin başçısının iştirakı ilə reallaşıb.

Yeri gəlmişkən, logistika mərkəzinin ərazisi 12,3 hektar, uzunluğu 254, eni isə 141 metrdir. İstehsal sahəsi 3,9 hektar ərazini əhatə edir. Burada Fransanın tanınmış şirkətlərindən birinin meyvələri ölçüsünə, rənginə, zədəliyinə görə çeşidləyən və qablaşdıran avadanlıqları quraşdırılıb. İri ölçülü meyvələri çeşidləyən avadanlıqların gücü saatda 50 ton, kiçik ölçülü meyvələri çeşidləyən avadanlıqların gücü isə saatda 2 tondur. İstehsal sahəsində, eyni zamanda, 200 ton məhsul qəbul edə biləcək 2 terminal, 120 ton hazır məhsulu yola sala bilən 1 terminal mövcuddur.

“Şəmkir Aqroparkı”nın logistika mərkəzində müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya fəaliyyət göstərir. Burada meyvə və tərəvəzlərin keyfiyyəti, toksikliyi, bakterioloji və mikrobioloji göstəriciləri üzrə analizlər aparılır. Mərkəzdə meyvə və tərəvəzlərin çeşidlənməsi, qablaşdırılması və soyuducu kameralarda saxlanılması müasir standartlara uyğun olmaqla mühüm texnoloji proseslərdən keçirilərək aparılır. Bu zaman laboratoriya təhlilləri nəzərə alınır, sonra məhsul xüsusi hidroşoklama qurğusundan keçirilir. Nəticədə məhsulun çeşidlənməsi və qablaşdırılması zamanı, həmçinin soyuducu kamerada temperatur fərqində zədə alması minimuma endirilir.

Mərkəzdə regionda yetişdirilən xurmanın alıcılıq qabiliyyətini aşağı salan xüsusi dadın aradan qaldırılmasını təmin edən və gücü sutkada 1 ton olan “determing room” qurğusu da var. Burada, eyni zamanda, İtaliyanın aparıcı şirkətlərindən birinin tutumu 24 min ton olan 71 ULO tipli soyuducu saxlama kamerası quraşdırılıb. Soyuducu depolarda meyvə və tərəvəzin növlərinə görə 25 gündən 270 günə qədər minimum itki və keyfiyyətlə saxlanılması təmin olunur.

Aqroparkın yaradılması ölkənin ixrac həcminin artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, intensiv metodların geniş tətbiqində, kənd təsərrüfatı sahəsində əlaqələndirilən vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin yaradılmasında əhəmiyyətli rol oynayacaq.

Aqroparkda keçirilən “Logistika mərkəzinin təqdimatı və tanışlıq” adlı beynəlxalq konfrans fermerlərin və mütəxəssislərin məhz bu imkanlarla tanışlığı üçün gözəl bir fürsət olub.

“Şəmkir Aqroparkı”nın əsas tərəfdaşlarından biri “Eurochem Trading Rus” şirkəti dünyanın ən iri gübrə istehsalçılarından olan “Eurochem” şirkətinin törəmə müəssisəsidir. Qurumun baş direktoru Maksim Seryoginin sözlərinə görə, ən müasir standartlara cavab verən “Şəmkir Aqropark” MMC-nin nəinki regionda, eyni zamanda dünyda analoqu yoxdur.

M.Seryogin bildirib ki, “Eurochem” dünyanın bütün nöqtələrinə məhsul ixrac edir. “Biz dünyanın istənilən nöqtəsinə - Asiyadan Latın Amerikasına qədər məhsul ixrac edirik. Tam səmimi şəkildə bəyan edirəm ki, indiyədək heç bir yerdə “Şəmkir Aqropark” MMC-nin logistika mərkəzi kimi layihəyə rast gəlməmişəm. Siz də, biz də bu uğurla fəxr edə bilərik. Çünki bu, yalnız layihə müəlliflərinin uğuru deyil. İnanıram ki, belə bir mərkəz hər kəsə, sözün əsl mənasında, xidmət edəcək”, – deyə o vurğulayıb.

Baş direktor bu cür logistika mərkəzinin yaradılması və istismara verilməsini irəliyə atılan mühüm bir addım kimi dəyərləndirib: “Kimsə bu layihəyə sıradan bir logistika mərkəzi gözü ilə baxa bilər. Lakin bu mərkəzin yaradılması və onun sahibkarlara, fermerlərə xidmət etməsi sözügedən regionda, həmçinin ölkədə kənd təsərrüfatının inkişafına inanılmaz təkan verəcək”.

“Eurochem” şirkətinin illik istehsal gücü 12 milyon ton gübrə təşkil edir. Qurum Azərbaycana il ərzində 100 min ton gübrə ixrac edir. Ümumilikdə, şirkət istehsal gücünə görə dünyada 10-cu yerdə qərarlaşıb. Lakin yaxın perspektivdə “Eurochem” istehsal gücünü artıraraq qlobal sıralamada 3-cü yerə yüksəlmək niyyətindədir.

M. Seryogin əlavə edib ki, onun təmsil etdiyi şirkətin məhsullarının “Şəmkir Aqropark” MMC-də istehsalı sevindiricidir. “Biz azərbaycanlı fermerlərlə, sahibkarlarla əməkdaşlığımızı genişləndirmək niyyətindəyik. Heç kəsə sirr deyil ki, gübrəsiz bol məhsul əldə etmək mümkün deyil. Bu istiqamətdə biz “Şəmkir Aqropark” MMC-nin köməyinə də ehtiyac duyuruq. Bilirik ki, gələcəkdə aqropark sahibkar və fermerlər üçün konsaltinq xidmətlərini də təşkil edəcək. Bu, əladır! Bizim mütəxəssislər gübrənin müsbət tərəfləri barədə ətraflı izah verməyə hazırdır. Bir şeyi də dəqiq bilmək lazımdır ki, gübrə yalnız bol məhsulun deyil, eyni zamanda, keyfiyyətli məhsulun təməlidir. Sahibkarlar və fermerlər bu amilləri istehsal prosesində nəzərə almalıdırlar. Biz yalnız məhsul satışını həyata keçirmirik, eyni zamanda, alıcılara gübrənin düzgün tətbiqini, onların texnologiyasını izah edirik. İl ərzində yüzlərlə təcrübə-sınaq sahələrində əkin reallaşdıraraq, müxtəlif növ gübrələrin tətbiqi üsullarını araşdırırıq. Bu cür sınaqları Şəmkir rayonunda da təşkil edəcəyik. Beləliklə, biz regionun kənd təsərrüfatının inkişafına öz töhfəmizi verəcəyik”.

Rusiya idxalçılarının maraqlarını təmsil edən Qleb Berezski isə bildirib ki, Şəmkir rayonundan şimal qonşumuzun bazarına çıxarılan kənd təsərrüfatı məhsullarına olduqca böyük tələbat var. Q. Berezskinin sözlərinə görə, onun təmsil etdiyi şirkətlər və sahibkarlar yarandığı gündən “Şəmkir Aqropark” MMC ilə sıx əməkdaşlıq edirlər: “Aqroparkda logistika mərkəzinin yaradılması əməkdaşlığın daha da dərinləşməsinə şərait yaradacaq. İxracatçılar məhsullarını digər ölkələrə göndərdiyi zaman bir sıra itkilərə məruz qalırdılar. İndi isə onlar məhsullarını logistika mərkəzinə təhvil verəcək və beləliklə, məhsullar göndərilən ölkəyə təhvil verildiyi qaydada çatdırılacaq. Bununla da logistika mərkəzinin işə salınması onları xeyli itkidən sığortalamış olacaq”.

Aqroparkın, o cümlədən logistika mərkəzinin tikintisində ən son texnologiyaların istifadəsinə diqqətçəkən Q.Berezski əlavə edib ki, burada “bir pəncərə” sisteminin tətbiq olunması olduqca əhəmiyyətlidir: “Fermer və sahibkar üçün vaxt itkisinin olmaması da olduqca vacibdir. Bizim tərəfdaşlarımız cəmi bir neçə dəqiqə ərzində ixrac üçün nəzərdə tutulan məhsullarını təhvil verə, onları qablaşdıra, kalibrləşdirə bilirsə, bu, çox böyük uğurdur. Başqa sözlə, Rusiya bazarına göndərilən Azərbaycan məhsulları daha keyfiyyətli şəkildə istehsalçıya çatdırılacaq. Artıq biz daha yeni səviyyələrə çıxmaq barədə düşünməliyik. Azərbaycan məhsulları olduqca keyfiyyətlidir, lakin bəzi standartların olmaması problemi var idi. Aqroparkın yaradılması ilə qeyd etdiyim problem aradan qalxmış oldu”.

Rusiyanın ən iri ticarət şəbəkələri ilə işləyən yerli “Folkland” şirkətinin nümayəndəsi Kseniya Filatova da deyir ki, Azərbaycan istehsalı olan kənd təsərrüfatı məhsullarına tələbat yüksəkdir: “Bu məhsulların daha keyfiyyətli şəkildə Rusiya bazarına çıxarılması üçün ən müasir standartlara cavab verən “Şəmkir Aqropark” MMC kimi layihlər olduqca əhəmiyyətlidir. Biz bu aqroparkla uzunmüddətli əməkdaşlıq qurmaq niyyətindəyik”, - deyə o qeyd edib.

Xatırladaq ki, “Şəmkir Aqropark” MMC-də fəaliyyət göstərən logistika mərkəzi Rusiya, Belarus, Ukrayna, habelə Arvopa İttifaqı, Yaxın Şərq ölkələrinə ixrac olunan kənd təsərrüfatı məhsullarının qəbul nöqtəsidir.

Ümumiyyətlə, bu və ya digər aqroparkın fəaliyyəti ölkəmizdə kənd təsərrüfatının ümumi daxili məhsulda pay nisbətini artırmağa, əhalini yerli keyfiyyətli məhsullarla təmin etməyə yönəlib.

Sonda bir daha xatırladaq ki, kənd təsərrüfatı əhalini ərzaq məhsulları və emal sənayesini xammalla təmin etdiyindən aqrar sektor hər bir ölkə üçün sosial-iqtisadi, siyasi önəm daşıyır və iqtisadiyyatın prioritet sahəsi hesab olunur. Həm də aqrar sahə bir sistem olmaq etibarilə təkcə kənd təsərrüfatı məhsullarının deyil, eyni zamanda, məhsuldar qüvvələrin təkrar istehsalını, habelə yeni istehsal münasibətlərinin təşəkkülünü gerçəkləşdirir. Ölkəmizdə əhalinin 47 faizinin kənd yerlərində yaşaması və iqtisadi aktiv əhalinin 39 faizinin aqrar sektorda çalışması da bu sahənin respublikamız üçün necə mühüm əhəmiyyət kəsb etdiyini aydın göstərir.

Beləliklə, aqrar sektorun ixrac potensialının artırılmasında, ərzaq təhlükəsizliyinin təmin olunmasında, kənd təsərrüfatı məhsullarının milli brendlərinin yaradılmasında, sahənin innovasiyalı inkişafında, habelə aqrar elmin, təhsilin və istehsalın inteqrasiyasında aqroparklar mühüm rol oynayır. Bu müəssisələrin təşkili kənd təsərrüfatının müasir və perspektiv inkişaf şaxəsini təşkil edir. Bu layihələr qeyri-neft sənayesinin inkişafı baxımından da xüsusi əhəmiyyət daşıyır. Xüsusilə də, aqroparkların yaradılması müasir texnologiyaların tətbiqi nəticəsində istehsal güclərinin artırılması və yeni müəssisələrin istifadəyə verilməsinin əsas komponentlərindəndir. Belə parklar kənd təsərrüfatının, emal və aqrar sənayesinin tamamilə yenidən qurulmasını əhatə edir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında